Beynəlxalq ekologiya hüququ

Beynəlxalq ekologiya hüququ

Beynəlxalq ekologiya hüququ — ətraf mühitin çirklənmədən qorunması və təbii ehtiyatların rasional istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna deyilir.
     Təbiətin qorunması və onun ehtiyatlarından məqsədəuyğun istifadə olunması – müasir dövrün qlobal problemlərindən biridir. Bu problemin həllində bütün dövlətlər maraqlı olmalıdırlar.
Bu ideya mühüm beynəlxalq sənədlər olan Ətraf mühitin problemlərinə dair 1972-ci il Slokholm Bəyannaməsində və ətraf mühit və inkişafa dair 1992-ci il Janeyro Bəyannaməsində, habelə bir sıra beynəlxalq müqavilələrdə  birbaşa təsbit olunmuşdur; məsələn:  Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyasında (preambulada) bəyan edilir ki, insan üçün həyati əhəmiyyətə malik olan dənizin və onun canlı orqanizmlərinin qorunmasında bütün insanlar maraqlıdırlar; Təbiətin və təbii ehtiyatların qorunub saxlanması haqqında 1968-ci il Afrika Konvensiyasında (preambulada) deyilir ki, torpaq, su, flora və fauna bəşəriyyət üçün həyati əhəmiyyətə malikdir. Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyasının preambulasında göstərilir ki, bioloji müxtəlifliyin  qorunub saxlanması bütün bəşəriyyətin  ümumi vəzifəsidir.
Müasir dövrdə ayrılıqda bir dövlət üçün ekoloji təhlükəsizlik sistemi yaradılması, demək olar ki, qeyri-mümkündür. Yalnız birgə səylərlə, müvafiq hüquqi rejim yaratmaqla, bu günkü və gələcək nəsillərin sağlam yaşayışını və inkişafını təmin etmək olar. Buradan belə bir məntiqi nəticə alınır ki, ətraf mühitin qorunub saxlanmasında və ekoloji ehtiyatların adekvat mühafizəsində beynəlxalq ekologiya hüququ həlledici rol oynaya bilər və oynamalıdır.
Beynəlxalq ekologiya hüququnun predmetinə aşağıdakı məsələlər daxildir: 1) ətraf mühitə müxtəlif mənbələrdən dəyən zərərin qarşısının alınması, azaldılması və aradan qaldırılması; 2) təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi rejiminin  təmin edilməsi; 3) ətraf mühitin  mühafizəsi ilə bağlı dövlətin elmi-texniki əməkdaşlığı.
Ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin aşağıdakı obyektləri vardır:

  1. milli təbii ehtiyatlar; dövlətin yurisdiksiyası altında yerləşən bu ehtiyatların hüquqi rejiminin müəyyən edilməsində daxili hüquq normaları başlıca rol oynasa da, onların mühafizəsinə dair beynəlxalq müqavilələr də mövcuddur;
  1. beynəlxalq təbii ehtiyatlar; milli yurisdiksiyanın hüdudlarından kənarda və ya özünün təbii dövretmə prosesində müxtəlif dövlətlərin ərazisində olur. Bu ehtiyatların mühafizəsi və onlardan istifadə rejimi beynəlxalq hüquq normaları ilə müəyyən edilir; iki növü vardır: a) universal ehtiyatlar; bütün dövlətlərin  ümumi istifadəsində olur (açıq dəniz, kosmos, Antarktida, beynəlxalq dəniz dibi rayonu); b) bölünə bilən təbii ehtiyatlar; iki və ya daha çox ölkəyə məxsus olur və ya onlar tərəfindən istifadə edilir (məsələn, beynəlxalq çaylarda olan ehtiyatlar, sərhədyanı təbii komplekslər və s.).

2. Beynəlxalq ekologiya hüququnun prinsipləri

     Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi – beynəlxalq  ekologiya hüququnun mərkəzi prinsipidir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, dövlətlər indiki və gələcək nəsillər naminə ətraf mühitin keyfiyyətinin qorunub saxlanması və yaxşılaşdırılması və təbii ehtiyatların rasional idarə olunması istiqamətində bütün zəruri tədbirləri görməlidirlər.
Beynəlxalq ekologiya hüququnun aşağıdakı digər xüsusi prinsipləri vardır:

  1. transsərhəd ekoloji zərərin yolverilməzliyi. Öz yurisdiksiyasi çərçivəsində dövlətlər digər dövlətlərin və beynəlxalq rejimli ərazilərin təbii mühitinə zərər yetirə bilən hərəkətlərdən çəkinməli, habelə belə zərər  yetirə bilən fəaliyyətin qarşısını almalıdırlar. İlk dəfə 1972-ci il Stokholm Bəyannaməsində təsbit olunmuş  bu prinsip hazırda beynəlxalq praktikada hamılıqla tanınmışdır.
  2. təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi. Hələ tam dəqiq normativ məzmuna malik olmayan bu prinsipin mahiyyəti aşağıdakılardan ibarətdir:indiki və gələcək nəsillərin mənafeyi naminə Yerin bərpa oluna bilən və bərpa olunmayan ehtiyatlarının rasional planlaşdırılması və idarə olunması; ekoloji fəaliyyətin uzun müddətə planlaşdırılması; dövlətlərin öz yurisdiksiyası çərçivəsində fəaliyyətinin bu hüdudlardan kənarda yerləşən təbii mühitə göstərə biləcəyi nəticələrin qiymətləndirilməsi.
  3. ətraf mühitin radioktiv çirklənməsinin yolverilməzliyi;
  4. dəniz mühitinin mühafizəsi;
  5. ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən
    məqsədlərlə istifadə olunmasınınqadağan edilməsi;
  6. milli yurisdiksiya hüdudlarından kənarda yerləşən ekoloji sistemlərə vurulmuş zərərə görə dövlətlərin beynəlxalq məsuliyyəti və s.

3. Beynəlxalq ekologiya hüququnun mənbələri

     Beynəlxalq ekoloji standartların ən yaxşı və ən səmərəli ifadə forması beynəlxalq müqavilələrdir. Hal-hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Onların içərisində ikitərəfli regional və universal sazişlər, ətraf mühitin qorunmasının ümumi məsələlərinə və ya ayrı-ayrı ekoloji sistemlərin – dəniz mühitinin, atmosferin, yerətrafı kosmik fəzanın mühafizəsinə həsr olunmuş müqavilələr vardır. Lakin bu sahədə bu günə qədər vahid məcəllələşdirilmiş akt işlənib hazırlanmamışdır. Universal müqavilələrə misal olaraq aşağıdakı aktları göstərmək olar: Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyası; Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1973-cü il Beynəlxalq Konvensiyası; Vəhşi fauna və floranın yox olmaq təhlükəsində olan növlərinin beynəlxalq ticarəti haqqında 1973-cü il Konvensiyası; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-ci il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il BMT  Konvensiyası; ozon qatının mühafizəsi haqqında 1985-ci il Vyana Konvensiyası və bu Konvensiyaya əlavə olunmuş 1987-ci il Monreal Protokolu; Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyası və s. Lakin sözü gedən sahədə beynəlxalq-hüquqi tənzimləmənin əsas “yükü” regional müqavlələrin üzərinə düşür. Bu müqavilələr, demək olar ki bütün regionları və bütün ekoloji sistemləri əhatə edir. Onlara misal olaraq aşağıdakıları göstərmək olar: Yuyucu və təmizləyici vasitələrdə bəzi bəzi maddələrin istifadəsinin qadağan olunması haqqında 1968-ci il Avropa sazişi: Təbiətin və təbii ehtiyatların qorunub saxlanması haqqında 1968-ci il Afrika Konvensiyası; Avropada vəhşi fauna və floranın mühafizəsi haqqında 1979-cu il Konvensiyası; Havanın uzaq məsafələrə transsərhəd çirkləndirməsi haqqında 1979-ui il Konvensiyası; Sənaye qəzalarının transsərhəd təsiri haqqında 1992-ci il Konvensiyası; Aralıq dənizinin çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası; Sakit okeanın cənubi-şərqi hissəsinin dəniz mühiti və bitişik zonalarının mühafizəsi haqqında 1981-ci il Konvensiyası; Şimal dənizinin neftlə və digər zərərli maddələrlə çirkləndirilməsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında 1983-cü il Sazişi; Baltik dənizi rayonunun dəniz mühitinin çirklənmədən qorunması haqında 1992-ci il Konvensiyası; Qara dəniz çirklənmədən qorunması haqında 1992-ci il Konvensiyası; Şimali Atlantikanın dəniz mühitinin mühafizəsi haqqında 1992-ci il Konvensiyası və s.
Ətraf mühitin mühafizəsi və ətraf mühitə vurulan zərərin ödənilməsi ilə bağlı bir sıra mühüm normalar beynəlxalq adət hüququna daxildir.
Beynəlxalq ekologiya hüququnda tövsiyə xaraqterli aktlar əhəmiyyətli rol oynayır. Müxtəlif xaraqterli ekoloji tələblər ilk əvvəl tövsiyə kimi qətnamələrdə, bəyannamələrdə, proqramlarda və s. əks olunur (belə normalara beynəlxalq hüquq elmində “yumşaq hüquq” da deyirlər), müəyyən müddət keçdikdən sonra isə bu standartların bəziləri ya müqavilə qaydasında, ya da beynəlxalq adət şəklində məcburi hüquq normaları kimi tanınır. Tövsiyə xaraqterli aktlara misal olaraq, yuxarıda adları çəkilmiş Stokholm və Rio-de-Janeyro Bəyannamələrini, 1982-ci Ümumdünya təbiəti mühafizə Xartiyasını göstərmək olar. Məsələn, Rio Bəyannaməsində dövlətlərin aşağıdakı vəzifələri müəyyən edilmişdir: ətraf mühitin mühafizəsi sahəsində hər bir dövlət tərəfindən effektiv qanunların qəbul edilməsi; ətraf mühitin çirkləndirilməsinə görə dövlətlərin məsuliyyəti; ətraf mühitə və insana zərər vuran çirkləndiricilərin digər dövlətlərdə yerləşdirilməsinə yol verilməməsi; ətraf mühit üçün neqativ nəticələr verə biləcək tədbirlər haqqında dövlətlərin bir-birinə məlumat verməsi; Yerin ekosistemlərini qorumaq məqsədilə dövlətlərin qlobal əməkdaşlığı; planlaşdırılan fəaliyyətin ekoloji nəticələrinin qabaqcadan qiymətləndirilməsi; ətraf mühitin vəziyyətinin pisləşməsi hallarının qarşısının alınması üzrə bürün zəruri tədbirlərin görülməsi; hərbi münaqişələr dövründə ətraf mühitin mühafizəsinin təmin edilməsi və s.

4. Dəniz mühitinin mühafizəsi

     Dünya okeanının mühafizəsi məqsədilə bir sıra universal və regional müqavilələr qəbul edilmişdir.
Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası bu sahədə əsas beynəlxalq-hüquqi akt hesab edilə bilər. Konvensiyada birbaşa bəyan edilir ki, iştirakçı dövlətlər dəniz mühitini mühafizə etməli və qoruyub saxlamalıdırlar. Dövlətlər bütün zəruri tədbirləri görməlidirlər ki, onların yurisdiksiyası və nəzarəti altında həyata keçirilən fəaliyyət digər dövlətlərə və onların dəniz mühitinə zərər yetirməsin. Bu tədbirlərə aşağıdakılar daxildir: quruda yerləşən mənbələrdən, atmosferdən, gəmilərdən və dəniz dibinin və onun təkinin təbii ehtiyyatlaranın kəşfiyyatı və çıxarılması üçün istifadə olunan qurğulardan, zərərli və ya zəhərli maddələrin dənizə atılmamasına mümkün dərəcədə yol verilməməsi; dənizdə aparılan bütün işlərin təhlükəsizliyinin təmin edilməsi, qəzaların qarşısının alınması və fövqəladə situasiyaların aradan  qaldırılması və s. Müxtəlif mənbələrdən dəniz mühitinin çirklənməsinin qarşısını almaq, bu çirklənməni azaltmaq və nəzarətdə saxlamaq üçün dövlətlər müvafiq qanun və qaydalar qəbul etməlidirlər. Konvensiyada göstərilir ki, dəniz mühitinin qorunub saxlanması ilə bağlı öz beynəlxalq öhdəliklərini yerinə yetirməyən dövlət beynəlxalq hüquqa uyğun məsuliyyət daşıyır.
Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1973-cü il Beynəlxalq Konvensiyasında dənizin neftlə və gəmilərdə daşınan və ya onların istismarı prosesində yaranan digər maddələrlə çirklənməsinin qarşısının alınmasına dair texniki-hüquqi normalar təsbit olunmuşdur. Konvensiyanın qüvvəsi altına düşən gəmilər beynəlxalq şəhadətnaməyə malik olmalıdır. Konvensiya gəmilərin istismarı nəticəsində yaranan bütün növ zərərli maddələrlə dənizin çirklənməsinin qarşısının alınmasına dair vahid beynəlxalq standartlar müəyyən edir və bu bu standartları nəinki Konvensiya iştirakçılarına, habelə onu imzalamamış dövlətlərə şamil edir.
Neftlə çirklənməyə gətirib çıxaran qəzalar zamanı açıq dənizdə müdaxiləyə dair 1969-cu il Konvensiyasında bu cür qəzaların ardan qaldırılması üzrə zəruri tədbirlər müəyyən edilmişdir. Konvensiyaya müvafiq olaraq, sahilyanı  dövlət qəzanı aradan qaldırmaq məqsədilə məcburiyyət tədbirlərinə əl ata bilər və sahilboyunun çirklənmə təhlükəsi olduqda, həmin gəmini batıra bilər.
Neftlə çirklənmədən dəyən zərərə görə mülki məsuliyyət haqqında 1992-ci il Beynəlxalq Konvensiyasında nəzərdə tutulmuşdur ki, gəminin sahibi çirklənmədən dəyən istənilən zərərə görə məsuliyyət daşıyır.
Neftlə çirklənmə hallarına hazırlığın təmin edilməsi, onunla mübarizə və əməkdaşlıq haqqında 1990-cı il Beynəlxalq Konvensiyası xəbərdaredici və preventiv tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Hər bir iştirakçı dövlət, onun bayrağı altında üzən gəmilərdə neftlə çırklənmə ilə mübarizə üzrə fövqəladə  tədbirlər planının olmasını təmin etməlidir.
Dənizin tullantılarla və digər materiallarla çırklənməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyası gəmilərdən, təyyarələrdən, platformalardan və digər konstruksiyalardan dənizə tullantıların və digər materialların atılmasını, bu materialların ayrılıqda və yə daşınma vasitələri ilə bir yerdə batırılmasını qadağan edir. Bu qadağandan istisnaya yalnız  “insanların həyatının və ya gəmilərin, təyyarələrin, platformaların təhlükəsizliyini təmin etmək üçün və yaxud fors-major hallarda” yol verilir. Konvensiyada dənizə atılması tamamilə qadağan edilmiş maddələrin siyahısı (xlor üzvi birləşmələr; civə; neft və onun qarışıqları; radioaktiv tullantılar və s.) verilmişdir.

 

5. Dənizin canlı ehtiyatlarının mühafizəsi

     Hazırda canlı dəniz ehtiyatlarının mühafizəsinə və balıqçılığın tənzimlənməsinə həsr olunmuş yüzdən artıq universal və regional müqavilə mövcuddur. Bu məsələ ilə bağlı əsas prinsip və mexanizmlər Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında təsbit olunmuşdur. Konvensiya iştirakçı dövlətlərdən canlı ehtiyatların qorunub saxlanması üçün bütün zəruri tədbirlərin görülməsini tələb edir. Dövlətlər bu sahədə bir-biri ilə əməkdaşlıq etməli, müvafiq subregional və regional təşkilatlar vasitəsilə müəyyən ehtiyatların qorunub saxlanması və sayının artırılması üçün səy göstərməlidirlər.
Bir çox konkret balıq növlərinin qorunub saxlanması və rasional istifadəsi məsələlərini nizama salmaq məqsədilə 1995-ci ildə Dəniz hüququ üzrə BMT Konvensiyasının müvafiq müddəalarının həyata keçirilməsi haqqında xüsusi Saziş bağlamışdır. Maddi normalardan başqa, Saziş beynəlxalq əməkdaşlıq mexanizmləri də nəzərdə tutulur.
Dünya okeanının canlı ehtiyyatlarının mühafizəsi sahəsində bağlanmış digər müqavilələrə misal olaraq aşağıdakıları göstərmək olar: Atlantik okeanın şimal-qərb hissəsində balıqçılıq üzrə gələcək çoxtərəfli əməkdaşlıq haqqında 1978-ci il Konvensiyası; Antraktikanın canlı dəniz ehtiyyatlarının mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s. Bu və digər müqavilələrdə Dünya okeanının müvafiq akvotoriyasında canlı ehtiyyatların qorunub saxlanması ilə bağlı dövlətlərin öhdəlikləri müəyyən edilmiş, bu öhdəliklərin yerinə yetirilməsi üzərində milli və beynəlxalq nəzarət nəzərdə tutulmuşdur.

6. Beynəlxalq çay və göllərin mühafizəsi

 Beynəlxalq çay və göllərin çirklənməsinə yol verilməməsi və onların canlı ehtiyyatlarının mühafizəsi müvafiq sahilyanı dövlətlərin üzərinə düşən vəzifədir. Bu vəzifələrin həyata keçirilməsi üçün sahilyanı dövlətlər regional və ikitərəfli müqavilələr bağlayırlar. Müqavilələrin başlıca məzmunu ondan ibarət olur ki, sahilyanı dövlətlər beynəlxalq çayın və gölün mövcud çirklənməsinin azaldılması üçün bütün zəruri tədbirlər görməlidirlər. Belə tədbirlərin məqsədi digər dövlətə (dövlətlərə) və Dünya okeanı sularına dəyə bilən zərərin qarşısını almaqdan ibarətdir. Bu müqavilələrdə göstərilir ki, suların çirklənməsində təqsirli olan dövlət bütün dəymiş zərəri ödəməlidir.
Hazırda beynəlxalq çayların çirklənmədən qorunmasına dair 100-dən artıq beynəlxalq müqavilə mövcuddur. Bu müqavilələrdə, əsas etibarilə, neft, kimyəvi və üzvi maddələrin çay mühitinə atılmasını qadağan edən müddəalar təsbit olunmuşdur (məsələn, Reynin xloridlərlə çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası; Reynin kimyəvi maddələrlə çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası və s.).
Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair 1992-ci il Konvensiyası isə nisbətən ümumi xaraqter daşıyır. Konvensiyanın iştirakçıları transsərhəd təsir göstərən və ya göstərə bilən çirklənmənin qarşısını almaq və azaldtmaq üçün bütün müvafiq tədbirləri görməlidirlər. Bu tədbirlərin görülməsi ilə bağlı bütün xərclər çirklənməyə yol vermiş dövlətin üzərinə düşür. Konvensiya iştirakçı dövlətlərdən, habelə müvafiq hüquqi, inzibati, iqtisadi və maliyyə tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini tələb edir.

7. Ətraf mühitin radioaktiv yoluxmadan mühafizəsi

     Ətraf təbii mühitin radioaktiv maddələrlə çirklənmədən beynəlxalq-hüquqi mühafizəsi iki istiqamətdə həyata keçirilir: 1) nüvə, radioloji və neytron silahlarının sınağı və ya tətbiqinin qadağan edilməsi və ya məhdudlaşdırılması; 2) “dinc atom”un istifadəsi prosesində ortaya çıxan neqativ nəticələrin qaşısının alınması və ya aradan qaldırılması.
Birinci istiqamətdə aşağıdakı mühüm tədbirlər həyata keçirilmişdir: üç mühitdə — atmosferdə, kosmik fəzada və su altında nüvə silahının sınağı qadağan edilmişdir (Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında 1963-cü il Müqaviləsi); nüvə silahının yayılması qadağan edilmişdir (Nüvə silahının yayılması haqqında 1968-ci il Müqaviləsi); nüvə silahının dəniz və okeanların dibində, Antarktikada və kosmosda yerləşdirilməsi qadağan edilmişdir (müvafiq olaraq, Nüvə silahının və kütləvi qırğın silahlarının digər növlərinin dəniz və okeanların dibində və onun təkində yerləşdirilməsinin qadağan edilməsi haqqında 1971-ci il Konvensiyası; Antarktikada haqqında 1959-cu il Müqaviləsi və Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsi); Afrikada, Antarktikada, Latın Amerikasında, Sakit okeanın cənub hissəsində və digər regionlarda nüvəsiz zonalar yaradılmışdır.
İkinci istiqamət üzrə qəbul olunmuş beynəlxalq sazişlərə misal olaraq aşağıdakıları göstərmək olar: Nüvə gəmilərinin məsuliyyəti haqqında 1962-ci il Beynəlxalq Konvensiyası; Nüvə materiallarının dəniz daşımaları sahəsində mülki məsuliyyət haqqında 1971-ci il Konvensiyası; Nüvə materiallarının fiziki müdafiəsi haqqında 1980-cı il Konvensiyası; Nüvə qəzası haqqında operativ xəbərvermə haqqında 1986-cı il Konvensiyası; Nüvə qəzası zamanı və ya radiasiya qəza vəziyyətində kömək haqqında 1986-cı il Konvensiyas.

8. Heyvan və bitki aləminin müdafiəsi

     Flora və faunanın beynəlxalq-hüquqi mühafizəsi bir neçə istiqamətdə aparılır:
a) bütövlükdə flora və faunanın mühafizəsi (məsələn, Fauna və floranın, onların təbii vəziyyətində qorunub saxlanması haqqında 1933-cü il Konvensiyası; Quşların mühafizəsi haqqında 1950-ci il Beynəlxalq Konvensiyası; Bitkilərin mühafizəsi haqqında 1951-ci il Beynəlxalq Konvensiyası);
b) balıqçılığın və dənizin digər canlı ehtiyatlarının ovunun nizama salınması (məsələn, Balina ovunun nizama salınmasına dair 1946-ci il Beynəlxalq Konvensiyası; Dünya sularında balıqçılıq haqqında 1958-ci il  Konvensiyası; Antarktikanın canlı dəniz  ehtiyatlarının mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s.);
c) konkret növlərin mühafizəsi (məsələn, Atlantik suitilərinin mühafizəsi haqqında 1972-cı il Konvensiyası; Ağ ayıların qorunub saxlanması haqqında 1973-cü il Sazişi və s.)
ç) yox olmaqda olan və ya nadir növlərin qorunması (məsələn, Vəhşi fauna və floranın yox olmaq təhlükəsi altında olan növləri ilə beynəlxalq ticarət haqqında 1973-cü il  Konvensiyası; Vəhşi heyvanların köçəri növlərinin mühafizəsi haqqında 1979-cu il Konvensiyası və s.).

9. Ətraf mühitin müharibə dövründə qorunması

     Özündə müharibə dövründə təbii mühitin qorunması ilə bağlı normalar ehtiva edən bir sıra beynəlxalq-hüquqi aktlar mövcuddur. Onlardan Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasını; Müharibə qurbanlarınınmüdafiəsinə dair 1949-cu il CenevrəKonvensiyalarını; CenevrəKonvensiyalarına I Əlavə Protokolu; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyasını, Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında 1980-cı il Konvensiyasını göstərmək olar.
Məsələn, I Əlavə Protokolun 35-ci maddəsi ətraf mühitin mühafizəsi prinsipini təsbit edir və təbii mühitə genişmiqyaslı, uzunmuddətli və ciddi zərər yetirmək məqsədi düdən hərbi əməliyyatların aparılmasının metod və vasitəlrini qadağan edir. Ətraf mühitin hucum obyektinə çevrilməsi qadağan olunmuşdur.    
Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası iştirakçı dövlətlərin üzərinə aşağıdakı əsas öhdəlikləri qoyur: a) Yerin dinamika və sturukturunu, onun canlı aləmini, litosferi, hidrosferi, atmosferi və ya kosmosu qəsdən dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadəsinə yol verməmək; b) təbii mühiti dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə edilməsində digər dövlətlərə və ya qurumlara yardım etməmək; c) təbii mühiti dəyişikliyə uğradan vasitələrdın yalnız dinc məqsədlər üçün istifadə etmək; ç) bu Konvensiyaya zidd olan hər hansı fəaliyyətin qadağan olunması və qarşısının alınması istiqamətində istənilən qanuni tədbirləri görmək və s.
Adi silah növləri haqqında 1980-cı il Konvensiyasına əlavə olunmuş Yandırıcı silahların tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokolda (III Protokol) meşələrin və bitki örtüyünün digər növlərinin yandırıcı silahların tətbiqi ilə hücum obyektinə çevrilməsi qadağan olunmuşdur.

10. Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlar

     Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi, əsas etibarilə, BMT sistemində — həm BMT orqanları, həm də BMT-nin ixtisaslaşdırılmış təsisatları çərçivəsində həyata keçirilir.
Baş Assambleya yanında Atom radiasiyasının təsiri üzrə Elmi Komitə, Kosmik fəzanın dinc məqsədlərlə istifadəsi üzrə Komitə kimi köməkçi orqanlar fəaliyyət göstərir.
EKOSOK təbiətin qorunmasının beynəlxalq məsələlərinə dair tədqiqatlar aparır, məruzələr tərtib edir və bu məsələlər üzrə Baş Assambleyaya, BMT üzvlərinə və müvafiq  ixtisaslaşdırılmış təsisatlara tövsiyələr verir. EKOSOK yanında Təbii ehtiyatlar üzrə Komitə fəaliyyət göstərir.
YUNESKO “İnsan və biosfer” beynəlxalq proqramı işləyib hazırlamışdır və onun yerinə yetirilməsini əlaqələndirir. Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında 1972-ci il Konvensiyası bu təşkilat çərçivəsində işlənib hazırlanmışdır. YUNESKO-nun Hökumətlərarası okeanoqrafiya komissiyası dəniz mühitinin mühafizəsi ilə bağlı tədqiqatlar aparır və tövsiyələr hazırlayır.
Ümumdünya səhiyyə təşkilatı atmosfer havasının çirklənməsi problemi ilə məşğul olur və dövlətlərin müvafiq qanunvericiliyini təhlil edir.
Beynəlxalq dəniz təşkilatı dəniz mühitinin mühafizəsi məsələləri ilə məşğul olur, müvafiq konvensiyalar işləyib hazırlayır.
Ərzaq və kənd təsərrufatı təşkilatı torpaqların, meşələri, suların, flora və faunanın mühafizəsi məsələləri ilə məşğul olur və bununla bağlı müvafiq konvensiya layihələri hazırlayır.
Beynəlxalq mülki aviasiya təşkilatı ətraf mühitin aviasiya səs-küyündən mühafizəsi ilə bağlı texniki-hüquqi qaydalar işləyib hazırlayır.
Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) insanı və ətraf mühitin radiasiyadan mühafizəsi proqramını həyata keçirir.
Lakin BMT sistemində başlıca funksiyası ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı əlaqələndirmək olan xüsusi mexanizm mövcuddur: bu, 1972-ci ildə yaradılmış Ətraf mühit üzrə BMT Proqramıdır (YUNEP). YUNEP-in fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: a) ayrı-ayrı təbii obyeklərin mühafizəsi; b) təbiətə zərərli təsirin müxtəlif növləri ilə (məsələn, səhralaşma, çirklənmə və s. ilə) mübarizə; c) təbii ehtiyatların rasional istifadəsi; ç) beynəlxalq ekoloji standartların işlənib hazırlanması və s. YÜNEP-in dəstəyi ilə Aralıq dənizinin çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası, Dəniz mühitinin çirklənmədən qorunması haqqında 1978-ci il Küveyt regional Konvensiyası, Havanın uzaq məsafələrə transsərhəd çirklənməsi haqqında 1979-cu il Konvensiyası və digər mühüm beynəlxalq müqavilələr işlənib hazırlanmış və qəbul edilmişdir.
YUNEP-in əsas orqanları bunlardır. İdarəetmə şurası (ali rəhbər orqan); başında İcraçı direktor dayanan Katiblik və Ətraf mühit fondu.

Top