Beynəlxalq kosmos hüququ səma cisimiləri də daxil olmaqla, kosmik fəzanın hüquqi rejimini müəyyən edən və kosmik fəaliyyətin iştirakçılarının hüquq və vəzifələrini nizama salan normaların məcmusuna deyilir.
Beynəlxalq kosmos hüququnun obyektini kosmik fəzanın, planetlərin, Ayın və süni kosmik obyekt lərin istifadəsi ilə bağlı ortaya çıxan hüquq münasibətləri, kosmik ekipajların hüquqi statusu və kosmik fəaliyyətin nəticələrindən istifadənin hüquqi rejimi təşkil edir.
Beynəlxalq kosmos hüququ, əsas etibarilə, benəlxalq müqavilələrə söykənir. Bu sahədə əsas beynəlxalq müqavilə Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istismarı üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsidir. Bundan əlavə,aşağıdakı müqavilələri göstərmk olar: Kosmonavtların xilas edilməsi, kosmonavtların qaytarılması və kosmik fəzaya buraxılmış obyektlərin qaytarılması haqqında 1968- ci il Sazişi (Kosmonavtların xilas edilməsi haqqında Saziş); Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyası; Kosmik fəzaya buraxəlan obyektlərin qeydiyyatı haqqında 1975- il Konvensiyası; Ayda və digər səma cisimlərində dövlətlərin fəaliyyəti haqqında 1979-cu il sazişi (Ay haqqında Saziş). Bu və ya digər dərəcədə kosmik fəaliyyətə aid olan müddəaları başqa müqavilələrdə də tapmaq olar: məsələn, Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında1963-cü il Müqaviləsi; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası; “İntersputnik” Beynəlxalq rabitə sisteminin yaradılması və kosmik rabitənin təşkili haqqında 1971-ci il Sazişi; Nüvə qəzası barədə operativ xəbərvermə haqqında 1986-cı il konvensiyası və s.
Yeni sahə olan beynəlxalq kosmos hüququnda adət normaları mühhüm rol oynayır. Bir sıra məsələlər bu günə kimi adət hüququ ilə nizama salınır; məsələn, kosmik obyektlərin xarici dövlətlərin hava məkanına azad girmək və çıxmaq hüququ; kosmik fəzanın aşağı sərhədinin (hava fəzası ilə kosmik fəzanı ayıran xəttin dəniz səviyyəsindən təxminən 100 km hündürlükdə müəyyən olunması; sputniklər vasitəsilə televerilişlər həyata leçirilməsi hüququ və s.).
Beynəlxalq kosmos hüququnun prinsipləri Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında Müqavilədə təsbit olunmuşdur. Bu prinsiplər aşağıdakılardır:
Kosmos iki ərazidən – kosmik fəzadan və səma cisimlərindən ibarətdir. “Kosmik fəza” anlayışı hava fəzasının xarici sərhədindən ay orbitinin hüdudlarına qədər uzanan geniş ərazini (yaxın kosmos) və bu hüdudlardan kənarda yəni, 384 km-dən o tərəfə yerləşən ərazini (uzaq kosmos) bildirir. Təbii səma cisimləri öz daimi orbiti üzrə hərəkət edən, istifadə üçün yararlı olan, üzərində insan yaşamayan kosmik cisimlərdir. Ay haqqında Sazişə görə, Yer səthinə təbii yolla çatan asteroid, metoroid və s. kimi materiallar bu anlayışa daxil deyildir; təbii səma cisimləri bəşəriyyətin ümumi irsi olduğu halda, bu materiallar, hansı dövlətin ərazisinə düşərsə, həmin dövlətin mülkiyyəti hesab edilir.
Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimi, əsas etibarilə, 1967-ci il Müqaviləsi ilə və Ay haqqında Sazişlə müəyyən olunmuşdur. Bu müqavilələrə görə, kosmik fəza və səma cisimləri bütün dövlətlər tərəfindən bərabər əsasda, ayrı-seçkilik olmadan tədqiq edilə və istifadə oluna bilər. Heç bir dövlət öz suverenliyini bu və ya digər şəkildə bu ərazilərə şamil edə bilməz. Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimində müəyyən fərqlər mövcuddur. Kosmosdan fərqli olaraq, Ay və digər səma cisimləri müstəsna olaraq dinc məqsədlərlə istifadə olunmalıdır; onların üzərində hərbi bazalar və qurğular yaratmaq, istənilən tip silahlı sınaqdan çıxmaq, hərbi manevrlər həyata keçirmək, güclə hədələmək və ya güc tətbiq etmək, istənilən digər düşmən hərəkətləri törətmək və ya belə hərəkətlərin törədilməsi ilə hədələmək qadağan olunmuşdur.
Ay və onun təbii ehtiyatları bəşəriyyətin ümumi irsi elan olunmuşdur.
Kosmik obyektlər dedikdə, süni səma cismi (Yerin sputnikləri), onun kosmik fəzaya çıxarılması vasitələri, kosmik fəzaya buraxılmış və ya kosmik fəzada və yaxud səma cisimlərində quraşdırılmış digər hissələri başa düşülür.
Kosmik obyektlər üzərində mülkiyyət hüququ onların kosmik fəzada və səma cisimlərində olduğu və ya yerə qayıtdığı zaman toxunulmamış qalır. Kosmik obyektlər, onları kosmosa buraxan dövlətin ərazisindən kənarda aşkar edildikdə, həmin dövlətin xahişi ilə və bütün müvafiq xərclərin həmin dövlət tərəfindən ödənilməsi ilə ona qaytarılmalıdır.
Kosmik fəzaya buraxılan obyektlərin qeydiyyatı haqqında 1975-ci il Konvensiyasına müvafiq olaraq, kosmosa buraxılan hər bir obyekt qeydiyyatdan keçirilməlidir və milli reyesrerə daxil edilməlidir. Kosmik obyektin qeydiyyatdan keçdiyi dövlət həmin obyekt üzərində yurisdiksiyaya malik olur. 1961-ci ildən etibarən BMT Baş Katibi kosmik obyektlərin Reyestini aparır; buraya hər bir kosmik obyektlə bağlı məlumatlar daxil edilir.
1967-ci il Müqaviləsinə, habelə Kosmonavtların xilas edilməsi haqqında Sazişə və Ay haqqında Sazişə əsasən, kosmonavtlar “bəşəriyyətin elçiləri” kimi nəzərdən keçirilir. Bununla bütün dövlətlərin üzərinə aşağıdakı hüquq və vəzifələr qoyulmuşdur: qəza, fəlakət və ya məcburi enmə halında kosmonavtlara istənilən ərazidə hərtərəfli kömək göstərmək; səma cisimləri üzərində qəzaya uğrayan şəxsləri öz stansiyalarında, qurğularında və aparatlarında sığınacaq vermək; BMT Baş Katibinə və obyektin qeydiyyatdan keçdiyi dövlətə kosmonavtların aşkar edilməsi və onların xilas edilməsi üçün görülən tədbirlər barədə məlumat vermək; kosmonavtları dərhal müvafiq dövlətə qaytarmaq; kosmonavtların həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməsində başqa dövlətlərə, birinci növbədə, obyektin qeydiyyatdan keçdiyi dövlətlə əməkdaşlıq etmək və s.
Kosmonavt və ya kosmos gəminin ekipajı kosmik fəzada, o cümlədən səma cismi üzərində olduğu müddətdə, vətəndaşlığından asılı olmayaraq, gəminin qeydiyyatdan keçdiyi dövlətin yurisdiksiyası və nəzarəti altında olur.
Dövlətin bütün milli kosmik fəaliyyətə görə beynəlxalq məsuliyyəti prinsipi, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq kosmos hüququnun əsas prinsiplərindən biridir; kosmik fəaliyyətin hökumət orqanları və ya xüsusi şəxslər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, məsuliyyəti dövlət daşıyır. Bu fəaliyyətdə beynəlxalq təşkilatın iştirak etdiyi halda isə, təşkilat və onun üzv-dövlətləri birgə məsuliyyət daşıyır.
Hüquqauyğun kosmik fəaliyyət nəticəsində xarici dövlətə və ya onun fiziki və hüquqi şəxslərinə zərər dəymişsə, bu zərərin ödənilməsi vəzifəsi kosmik obyektin buraxılmasını həyata keçirmiş və ya təşkil etmiş dövlətin, habelə ərazisindən və ya qurğusundan həmin obyek buraxılmış dövlətin üzərinə qoyulur. Dövlətin bu hallarda daşıdığı maddi məsuliyyətin həyata keçirilməsi əsasları və qaydası Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqında 1972-ci il Konvensiyasında müəyyən olunmuşdur. Konvensiyaya görə, kosmik obyektin vurduğu zərərə dedikdə, insan ölümü, bədən xəsarəti, səhhətə dəyən digər zərər, dövlətlərin, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların əmlakına vurulan zərər başa düşülür.
Kosmik fəaliyyətin həyata keçirilməsi nəticəsində Yerdəki və ya hava məkanındakı obyektlərə zərər dəymişsə, ortaya çıxan məsuliyyət mütləq (obyektiv) məsuliyyətdir; heç bir beynəlxalq hüquq norması pozulmasa da, dövlət bu zərəri ödəməlidir. Kosmik fəaliyyət bu halda yüksək təhlükə mənbəyi kimi nəzərdən keçirilir; Kosmik obyekt tərəfindən başqa bir dövlətin obyektinə kosmik fəzada və ya səma cismi üzərində vurulan zərərə görə isə məsuliyyət yalnız təqsir olduqda ortaya çıxır.
Kosmosun tədqiqi və istifadəsi həm fundamental elmin inkişafı, həm də bir sıra praktik-tətbiqi məsələlərin həlli baxımından prinsipial əhəmiyyət daşıyır. Kosmosun hərtərəfli tədqiqi və onun nadir imkanlarından istifadə nəticəsində yeni elm və fəaliyyət sahələri meydana gəlmişdir: kosmik meteorologiya, astronomiya, kosmik rabitə, naviqasiya və s.
Kosmik meteorologiya sahəsində əməkdaşlıq Kosmos üzrə BMT Komitəsi, Ümumdünya meteorologiya təşkilatı, İNTELAST və b. vasitəsilə həyata keçirilir. Yeni süni peykləri havanın proqnozlaşdırılmasının, iqlim inkişafının, dənizin temperaturunun, küləyin surətinin və s.öyrənilməsi üçün istifadə olunur.
Yerin məsafədən zondla tədqiq edilməsi (YMZT) geologiya, coğrafiya, geodeziya və kənd təsərrüfatı sahəsində uğurla isrifadə olunur. YMZT vasitəsilə quru, okezn və Yer atmosferinin vəziyyəti təyin olunur, ətraf mühit üzərində nəzarət həyata keçirilir, Yerin təbii ehtiyatları öyrənilir, faydalı qazıntıların yataqları aşkara çıxarılır və s. 1986-cı ildə BMT Baş Assambleyası Yerin kosmik fəzadan məsafə zondlamasına dair Prinsiplər qəbul etmişdir. Bu prinsiplərə görə, xarici dövlətlərin ərazisinin kosmosdan zondlaması hüquqauygundur və dövlətlər bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verməlidir.
Kosmik rabitə sahəsində dövlətlərin əməkdaşlığı son illər xeyli genişlənmişdir. Bu, bir tərəfdən, Yerdə kommunikasiya vasitələrinə artan tələbatla, digər tərəfdən isə kosmosda yerüstü stansiyalar, Yerin süni peykləri, orbital stansiyalar və s. arasında əlaqə qurulması zərurəti ilə bağlıdır. Hazırda radio və televiziya peyk xidməti, Yerin süni peykləri vasitəsilə proqramların birbaşa ötürülməsi sistemi intensiv inkişaf edir. Kosmik rabitənin tətbiqi dəniz əlaqəsinin və dənizdə xilasetmə işlərinin səmərəliliyini xeyli artırmışdır. Dövlətlər göstərilən sahədə Beynəlxalq Elektron Rabitəsi İttifaqı, İNTELSAT, ARABSAT və s. kimi beynəlxalq hökumətlərarası təşkilatlar vasitəsilə əməkdaşlıq edirlər. Kosmik rabitənin hüquqauyğun və səmərəli istiqamətini təmin etmək üçün BMT Baş Assambleyası 1982-ci ildə “Dövlətlər tərəfindən Yerin süni peyklərinin beynəlxalq birbaşa televiziya verlişləri üçün istifadə olunması Prinsipləri” adlı qətnamə qəbul etmişdir.
Kosmik naviqasiya hər hansı bir yerdə qəzaya uğrayan dəniz və hava gəmilərinə kömək göstərilməsi üçün müstəsna əhəmiyyət daşıyan bir sahədir. Statisdikaya görə, il ərzində qəzaya uğrayan gəmilərin, demək olar ki, yarısı meteopeyklər vasitəsilə xilas olunur. Bu sahədə, 1976-cı ildə yaradılmış Beynəlxalq dəniz peyk rabitəsi təşkilatı – İNMARSAT mühüm rol oynayır. İNMARSAT-ın təşkili və fəaliyyətinin, habelə dövlətlərin sözü gedən sahədə əməkdaşlığının hüquqi əsasları Beynəlxalq dəniz peyk rabitəsi təşkilatı haqqında 1976-cı il Konvensiyası ilə müəyyən olunur.
Göstərilənlərdən əlavə, kosmik geologiya, kosmik texnika və texnologiya da böyük praktiki əhəmiyyət kəsb edən sahələrdir.
Yekun olaraq qeyd edilməlidir ki, bütün yuxarıda sadalanmış və habelə kosmosun tədqiqi və istifadəsi ilə bağlı gələcəkdə ortaya çıxacaq yeni fəaliyyət növləri beynəlxalq hüququn və beynəlxalq kosmos hüququnun prinsiplərinə söykənməli və bütün bəşəriyyətin rifahı naminə həyata keçirilməlidir.