Beynəlxalq dəniz hüququ

Beynəlxalq dəniz hüququ

Dəniz məkanlarının hüquqi statusunu müəyyən edən və onların tədqiq edilməsi və istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna beynəlxalq dəniz hüququ deyilir.
Uzun dövr ərzində beynəlxalq dəniz hüququ beynəlxalq adət normalarına söykənirdi.
1958-ci ildə bu sahədə ilk dəfə məcəllələşdirilmə aparıldı və nəticədə dəniz hüququ üzrə dörd mühüm saziş (Cenevrə Konvensiyaları) meydana gəldi – Ərazi dənizi və bitişik zona haqqında; açıq dəniz haqqında; kontinental şelf haqqında; balıqçılıq və açıq dənizin canlı ehtiyatlarının mühafizəsi haqqında. Lakin bu konvensiyalar dəniz hüququnun bütün məsələlərini həll etmirdi və xüsusilə də 1960-70-ci illərdə meydana gəlmiş yeni müstəqil dövlətlərinmənafelərini əks etdirmirdi. Buna görə də yeni kompleks aktın işlənib hazırlanması zərurəti ortaya çıxdı: 1982-ci il oktyabrın 10-da Dəniz hüququ üzrə BMT Konvensiyası qəbul edildi. Beynəlxalq dəniz hüququnun əsas mənbəyi olan bu Konvensiya 16 noyabr 1994-cü ildə qüvvəyə minmişdir.
Bundan əlavə, dəniz hüququ sahəsində dövlətlərarası  əməkdaşlığın xüsusi məsələlərinə həsr olunmuş aşağıdakı beynəlxalq sazişləri göstərmək olar: Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasının beynəlxalq qaydaları haqqında 1972-ci il Konvensiyası; Dənizdə insan həyatının qorunmasına dair 1974-cü il Beynəlxalq Konvensiyası; Dənizdə axtarış və xilasetməyə dair 1979-cu il Beynəlxalq Konvensiyası; Neftlə çirklənməyə gətirb çıxaran qəzalar zamanı açıq dənizdə müdaxiləyə dair 1969-cu il Konvensiyası; Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyası və s.
Beynəlxalq dəniz hüququnun müqavilə mənbələri sırasında ayrı-ayrı dənizlərin hüquqi rejimini müəyyən edən lokal sazişlərin də adını çəkmək lazımdır: Baltik dənizində balıqçılıq və canlı ehtiyatların mühafizəsi haqqında 1973-cü il Konvensiyası; Qara dənizin çirklənməsində qorunması haqqında 1972-ci il Konvensiyası və s.

2. Dəniz məkanlarının təsnifatı

Beynəlxalq-hüquqi baxımdan bütün dəniz və okeanlar aşağıdakı iki növə ayrılır: 1) ayrı-ayrı dövlətlərin suverenliyi altında olan və onların ərazisini təşkil edən məkanlar; 2) heç bir dövlətin suverenliyi altında olamayan məkanlar.
Dəniz sahili olan dövlətin suveren ərazisinin tərkibinə a) daxili sular və b) ərazi suları (ərazi dənizi) daxildir. Tamamilə bir və ya bir neçə arxipelaqdan ibarət olan dövlətlərin ərazisinə arxipelaqın içindəki adaların arasında yerləşən arxipelaq suları da aiddir.
Dünya okeanının əsas hissəsi heç bir dövlətin suverenliyi altında olamayan ərazisidir. Burada öz hüquqi rejiminə görə bir-birindən fərqlənən dəniz məkanları mövcuddur; məsələn, müstəsna iqtisadi zona, kontinental şelf, açıq dəniz və s. Eyni zamanda nəzərə almaq lazımdır ki, dövlətin ərazisinə daxil olan daxili suların və ərazi sularının beynəlxalq-hüquqi rejimi heç də eyni deyildir. Arxipelaq sularının hüquqi rejimində də müəyyən spesifik cəhətlər vardır.
maritime (deniz) qanunlari

3. Daxili dəniz suları

Daxili dəniz suları dedikdə, sahil xətti ilə, ərazi dənizinin eyni hesablamaq üçün götürülən başlanğıc xətlər arasında yerləşən su məkanı başa düşülür.
Daxili dəniz suları dövlətin tam suverenliyi altında olur və onun ərazisinin bir hissəsini təşkil edir. Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasına görə, daxili dəniz sularına habelə aşağıdakılar aiddir: a) liman suları (ən qabağa çıxan daimi liman qurğularını birləşdirən xəttə qədər); b) eyni dövlətin quru ərazisi ilə tam əhatə olunmuş dəniz, habelə bütün sahil bir dövlətə məxsus olan dəniz; c) sahilləri eyni dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan buxtalar, liman və körfəzlər; ç) tarixi körfəzlər (məsələn, Rusiyada Böyük Pyotr körfəzi, Kanadada Hudzon körfəzi, Norveçdə Varanğerford körfəzi və s.).
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” 9 dekabr 1991-ci il tarixli Qanuna əsasən (20 iyun 1995-ci il tarixli dəyişikliklər və əlavələrlə), Azərbaycan Respublikasının daxili dəniz sularına aşağıdakılar aiddir: 1) Azərbaycan Respublikası limanlarının hidrotexniki və başqa qurğularının dənizə doğru ən uzaq nöqtələrindən keçən xətlə məhdudlaşmış liman suları; 2) sahilləri tamamilə Azərbaycan Respublikasına məxsus olan körfəzlərin, buxtaların suları (maddə 6).
Daxili dəniz sularının hüquqi rejimi, əsas etibarilə, müvafiq dövlət tərəfindən daxili
qanunvericilik vasitəsilə müəyyən olunur. Bu sularda dövlətin icazəsi olmadan hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olmaq və tədqiqatlar aparmaq əcnəbilərə qadağandır.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 16-cı maddəsində deyilir ki, Azərbaycan Respublikasının ərazi və daxili sularında xarici-qeyri hərbi və hərbi gəmilərin ovçuluq, tədqiqat və axtarış fəaliyyəti qadağan edilir; bu fəaliyyətin Azərbaycan Respublikası səlahiyyətli orqanlarının icazəsi ilə, yaxud Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri əsasında həyata keçirdiyi hallar istisna təşkil edir.
Əcnəbi gəmiləri daxili dəniz sularına müvafiq icazədən sonra daxil ola bilər.
Dövlətin açıq elan etdiyi limanlarına əcnəbi qeyri-hərbi gəmiləri sərbəst surətdə girə bilər. Hərbi gəmilər isə yalnız sahilyanı dövlətin qabaqcadan icazəsi və ya dəvəti ilə girə bilər. Lakin fövqəlada hallarda (bədbəxt hadisə, qəza, kortəbii hadisə, təcili tibbi yardım göstərmək zərurəti və s.) gəmilərin icazəsiz yol verilir.
Limana girmiş bütün gəmilər sərhəd, sanitar və gömrük yoxlamasını keçməlidir. Daxili sularda və limanlarda olan əcnəbi qeyri-hərbi gəmiləri sahilyanı dövlətin yurisdiksiyası altına düşür. Sahilyanı dövlətin səlahiyyətli orqanları bu gəmilərdə baş vermiş cinatət işlərinin istintaqını apara bilər və həmin işlərə məhkəmədə baxa bilərlər, bu şərtlə ki, a) baş vermiş cinayət ağır xaraqterli olur, sahilyanı dövlətin və onun vətəndaşlarının mənafeyinə toxunur; b) sahilyanı dövlətdə ictimai asayişi və ictimai qaydanı pozur və onun təhlükəsizliyinə ziyan vurur; c) gəminin ekipajına daxil olmayan şəxslərin maraqlarına toxunur.
Mülki-hüquqi yurisdiksiya öz ifadəsini onda tapır ki, sahilyanı dövlətin məhkəmə orqanları əcnəbi gəmilərinə qarşı, o cümlədən daxili suların çirklənməsi ilə bağlı irəli sürülmüş iddialara baxa bilər və qərar çıxara bilər. Mülki iddianı təmin etmək üçün gəminin üzərinə həbs qoyula bilər. Gəminin kapitanı və ekipajın üzvləri məsuliyyətə cəlb edilə bilərlər.
Limanda yerləşən əcnəbi hərbi gəmiləri sahilyanı dövlətin yurisdiksiyasına tabe olmur. Onlara qarşı heç bir məcburiyyət tədbiri görülə bilməz. Bununla belə, bu gəmilər sahilyanı dövlətin qanun və qaydalarına riayət etməyə borcludur. Dövlətin qanun və qaydalarını pozduğuna görə əcnəbi hərbi gəmisinə qarşı daxili suları tərk etmək tələbi irəli sürülə bilər.

4. Ərazi dənizi

     Ərazi dənizi (və ya ərazi suları) – sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağına deyilir.
Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasına görə, ərazi dənizinin eni 12 dəniz milindən artıq olmamalıdır (1 dəniz mili 1,8 km-dir).
Sahilyanı dövlətin suverenliyi ərazi dənizinin səhətinə və dibinə, habelə onun üzərindəki hava məkanına şamil edilir. Buna görə də hər bir sahilyanı dövlət öz ərazi dənizinin hüquqi rejimini öz qanunvericiliyi ilə müəyyən edir. Bununla belə, ərazi dənizini daxili dəniz sularından ayıran çox mühüm bir xüsusiyyət mövcuddur: ərazi dənizindən əcnəbi gəmilərinin dinc üzüb getmək hüququ var (Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasının 17-ci maddəsi). Bu zaman sahilyanı dövlətin qabaqcadan icazəsini almaq tələb olunur.
Əcnəbi gəmiləri ərazi dənizindən: 1) daxili sulara daxil olmadan ərazi dənizini üzüb keçmək; 2) daxili sulara daxil olmamaq və ya oradan çıxmaq məqsədləri ilə keçə bilər. Üzüb keçmə fasiləsiz və tez olmalıdır. Sualtı nəqliyyat vasitələri suyun üzü ilə getməlidir. Dinc üzüb keçmə o deməkdir ki, sahilyanı dövlətin əmin-amanlığı və təhlükəsizliyi pozulmasın. 1982-ci il Konvensiyasına görə, üzüb keçmə aşağıdakı hallarda dinc sayılmır: a) sahilyanı dövlətə qarşı güc tətbiqi və ya güclə hədələmək; b) istənilən növ silahla manevrlər və ya təlimlər həyata keçirmək; c) sahilyanı dövlətin müdafiəsi və təhlükəsizliyinin zərərinə informasiya toplamaq və ya təbliğat aparmaq; ç) hər hansı uçuş aparatını havaya qaldırmaq və ya gəminin üzərinə qəbul etmək; d) malların və ya vlyuta yükləmək və yaxud boşaltmaq; e) sahilyanı dövlətin müəyyən etdiyi qaydalara zidd olaraq, hər hansı bir şəxsi gəmiyə mindirmək və ya düşürtmək; ə) dinc üzüb keçməklə əlaqəsi olmayan balıqçılıq, tədqiqat və digər fəaliyyət; f) rabitə sisteminə maneələr yaratmaq.
Dinc üzüb keçmə prinsipini pozan əcnəbi gəmilərinə qarşı sahilyanı dövlət zəruri tədbirlər görə bilər. Öz təhlükəsizlik maraqlarından çıxış edərək, o, dinc üzüb keçmə hüququnun  həyata keçirilməsini müvəqqəti dayandıra bilər.
Sahilyanı dövlət öz ərazi dənizində gəmiçiliyin təhlükəsizliyinə və gəmilərin hərəkətinin tənzimlənməsinə aid olan qanunlar və inzibati qaydalar verə bilər. Dövlət habelə ərazi dənizində dəniz dəhlizləri müəyyən edə bilər.
Ərazi dənizindən üzüb keçən əcnəbi gəmilərdə olan şəxslərə qarşı sahilyanı dövlət müəyyən hallarda öz cinayət yurisdiksiyasını həyata keçirə bilər. Üzüb keçmə zamanı gəmidə törədilmiş hər hansı bir cinayətlə bağlı istənilən şəxs yalız aşağıdakı hallarda həbs edilə bilər və ya istintaq aparıla bilər: a) cinayətin nəyicələri sahilyanı dövlətin ərazisinə yayılarsa; b) törədilmiş cinayət həmin ölkədə əmin-amanlığa və ya ərazi dənizində müəyyən olunmuş qaydanı pozarsa; c) gəminin kapitanı, gəminin, bayrağı altında üzdüyü  dövlətin diplomatik agenti və ya konsulu kömək göstərmək xahişilə yerli orqanlara müraciət edirsə; ç) bu tədbirlər narkotik vasitələrlə qeyri-qanuni ticarətin qarşısını almaq üçün zəruridirsə.
Sahilyanı dövlət mülki-hüquqi yurisdiksiyanı həyata keçirmək üçün öz ərazi dənizindən üzüb keçən əcnəbi gəmini dayandıra bilməz. Hər hansı mülki iş üzrə məsuliyyət tədbirləri və ya həbs yalnız üzüb keşmə zamanı ortaya çıxmış konkret öhdəliklərə görə həyata keçirilə bilər.
Xarici dövlətlərin hərbi gəmiləri ərazidənizindən üzüb keçərkən sahilyanı dövlətin yurisdiksiyasına tabe olmur. Bununla belə, əgər hərbi gəmi sahilyanı dövlətin, əcnəbi gəmilərinin dinc üzüb keçməsi ilə bağlı müəyyən etdiyi qaydaları pozursa və bu qaydalara riayət etmək tələbinə məhəl qoymursa, o halda sahilyanı dövlət həmin gəmidən ərazi dənizini dərhal tərk etməyi tələb edə bilər.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 13-cü maddəsi Azərbaycan Respublikasının ərazi sularından dinc məqsədlə keçid məsələlərinə həsr olunmuşdur. Həmin maddədə deyilir:

“Azərbaycan Respublikasının ərazi sularından dinc məramlı keçid Azərbaycan Respublikasının daxili sularına girmədən ərazi sularından keçmək və ya Azərbaycan Respublikasının daxili sularına və limanlarına girmək, yaxud bunlardan açıq dənizə çıxmaq məqsədi daşıyır.

Xarici qeyri-hərbi gəmilər Azərbaycan Respublikasının ərazi sularından dinc məqsədlə keçmək hüququndan Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə müvafiq surətdə istifadə edirlər.

Xarici qeyri-hərbi gəmilər dinc məqsədlə keçid zamanı adi naviqasiya səmtində və ya Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən tövsiyə edilən səmtdə, habelə dəniz dəhlizləri ilə, yaxud hərəkətin ayrılması sxemlərinə uyğun səmtdə üzməlidirlər.

Dinc keçid paydalarını pozan xarici qeyri-hərbi gəminin kapitanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyöun olaraq məsuiyyət daşıyır.

Xarici qeyri-hərbi gəmilər, habelə sualtı qayıqlar dinc məqsədilə Azərbaycan Respublikasının ərazi sularından Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada keçirlər. Bu zaman sualtı qayıqlar, digər sualtı nəqliyyat vasitələri suyun üstü ilə öz bayraqları altında üzməlidirlər”.

5. Bitişik zona

Bitişik zona — əcnəbi gəmiləri tərəfindən gömrük, vergi, sanitar və immiqrasiya qaydalarına əməl olunmasına nəzarət həyata keçirmək məqsədilə sahilyanı dövlətin müəyyən etdiyi, onun ərazi dənizinə bitişik açıq dəniz rayonudur.
Bitişik zona açıq dənizin bir hissəsidir və sahiyani dövlətin suverenliyi altında deyildir. Onun eni 12 dəniz milindən artıq olmamalıdır.
Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasının 33-cü maddəsinə görə, bitişik zona aşağıdakı məqsədlər üçün  zəruri ola bilər: 1) sahiyani dövlətin ərazisi və ya ərazi dənizi hədlərində gömrük, fiskal, immiqrasiya və ya sanitar qaydalarının pozulmasının qarşısını almaq üçün; 2) bu qaydaların pozulmasına görə cəzalandırmaq üçün.
Bitişik zonanın aşağıdakı əsas növləri ola bilər: gömrük zonası; fiskal zonası; immiqrasiya zonası və sanitar zonası.

6. Müstəsna iqtisadi zona

Müstəsna iqtisadi zona — ərazi dənizinin hüdudlarından kənarda yerləşən və ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonudur.
Müstəsna iqtisadi zonanın eni ərazi dənizinin enini ölçmək üçün qəbul olunmuş düzünə başlanğıc xətlərdən hesablanır.
Müstəsna iqtisadi zonan, ilk dəfə olaraq dəniz hüququ üzrə 1982-ci il Konvensiyası ilə nəzərdə tutulmuş xüsusi hüquqi rejimə malikdir. Bir tərəfdən, o, açıq dənizin bir hissəsidir, digər tərəfdən isə, sahiyani dövlət bu zonada bir sıra iqtisadi xaraqtərli suveren hüquqlar həyata keçirir: 1) burada olan bütün təbii ehtiyatların kəşfiyyatı və istismarı sahiyani dövlətin müstəsna hüququdur: xarici dövlətlərin bu fəaliyyətdə iştirakı yalnız sahiyani dövlətlə razılaşma əsasında olabilər; 2) sahiyani dövlət burada iqtisadi məqsədlərlə süni adalar və qurğular yarada bilər, elmi tədqiqatlar apara bilər; 3) dəniz mühitinin qorunub saxlanması da sahiyani dövlətin yurisdiksiyasına aiddir.
Müstəsna iqtisadi zona açıq dənizin bir hissəsi olduğu üçün bütün dövlətlər burada açıq dənizin məlum azadlıqlarından (gəmiçilik, uçuş, kabel və boru çəkmək) istifadə edirlər. Bu zaman onlar sahiyani dövlətin hüquq və qanuni mənafelərini nəzərə almalıdırlar.

7. Kontinental şelf

     Kontinental şelf dedikdə, sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru, beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki başa düşülür.
Kontinental şelf sahiyani dövlətin quru ərazisinin dənizin dibi ilə uzanan təbii davamıdır. O, daətən, 200 dəniz mili həddində olur. İstənilən halda, 1982-ci il Konvensiyasına görə, kontinental şelfin xarici sərhədi ərazi dənizinin enini ölçmək üçün qəbul olunmuş başlanğıc xətlərdən hesablanmaqla, 350 dəniz milindən artiq olmamamlıdır.
Sahiyani dövlət təbii sərvətlərin kəşfiyatı və istismarı məqsədilə kontinental şelf üzərində suveren hüquqlar həyata keçirir. O, bu məqsədlə şelf üzərində quğular düzəldə bilər və onların ətrafinda radisu 500 m olan təhlükəsizlik zonaları yarada bilər. Bu qurğular sahiyani dövlətin yurisdiksiyası aıtında olur.
Kontinental şelfin kəşfiyyatı və istismarı bu ərazilərin başqa dövlətlər tərəfindən gəmiçilik və uçuşların həyata keçirilməsi məqsədləri ilə istifadəsi üçün maneələr yaratmamalıdır. İstənilən dövlət kontinental şelf üzərində kabel və boru kəmərləri çəkə bilər. Lakin bu zonada tədqiqatların aparılması yalız sahiyani dövlətin razılığı ilə mümkündür.
ərazi sularının qorunması

8. Açıq dəniz

     Açıq dəniz – Dünya okeanının, heç bir dövlətin yurisdiksiyasına aid olmayan və bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsinə deyilir.
Tərifdən göründüyü kimi, dəniz və okeanların dibi xüsusi hüquqi statusa malik olduğuna görə açıq dəniz anlayışına daxil deyildir.
Heç bir dövlət açıq dənizin hər hansı bir hissəsini öz suverenliyinə tabe etdirə bilməz.
Açıq dəniz həm sahilyanı dövlətlər, həm də dənizə heç bir çıxışı olmayan dövlətlər üçün azaddır. Açıq dənizin hüquqi rejiminə aşağıdakı azadlıqlar daxildir: 1) gəmiçilik azadlığı; 2) uçuş azadllığı; 3) balıqçılıq azadlığı; 4) sualtı kabel və boru kəmərləri çəkilişi azadlığı; 5) elmi tədqiqatlar azadlığı; 6) süni adalar və qurğular yaratmaq  azadlığı. Bu azadlıqlar beynəlxalq hüquq normalarının tələblərini və başqa dövlətlərin maraqlarını nəzərə almaqla həyata keçirilməlidir.
Gəmiçilik azadlığı o deməkdir ki, hər bir dövlətin gəmiləri, daha doğrusu, onun bayrağı altında olan gəmilər açıq dənizdə sərbəst üzə bilər. Açıq dnizdə gəmi həmin dövlətin müstəsna yurisdiksiyasına tabe olur. Dövlət gəminin və onun ekipajının üzərində inzibati, texniki və sosial məsələlərdə öz yurisdiksiyasını və nəzarətini həyata keçirir. Gəminin kapitanına və ya ekipajın hər hansı digər üzvünə qarşı cinayət və ya inzibati  məsuliyyət yalnız həmin gəminin, bayrağı altında üzdüyü dövlətin müvafiq orqanları tərəfindən qaldırıla bilər. Lakin bu prinsipdən bir sıra istisnalar mövcuddur; belə ki, hər hansı dövlətin hərbi dəniz və ya hava gəmisi əcnəbi gəmini aşağıdakı hallarda (daha doğrusu, əgər bu əməllərin törədilməsi barədə şübhələnməyə kifayət qədər əsas vardırsa) saxlaya və yoxlaya bilər: a) əcnəbi gəmisi dəniz quldurluğu ilə məşğul olursa; b) qul alveri ilə məşğul olursa; c) narkotik maddələrlə qeyri-qanuni ticarətlə məşğul olursa; ç) sualtı teleqraf kabellərini və boru kəmərlərini zədələmişsə; d) açıq dənizdən icazə verilməmiş radio və ya televiziya proqramları ötürürsə; e) sahilyanı dövlətin yurisdiksiyası altında olan sulard mövcud qaydaları pozmuşsa (“qaynar izlər” üzrə təqib)və s.
Uçuş azadlığı o deməkdir ki,bütün dövlətlərin hava gəmiləri açıq dəniz üzərindəki hava məkanına uçuşlar həyata keçirə bilər. Dövlətlər öz hava gəmilərinin açıq dəniz üzərində uçuşlarının təhlükəsizliyini təmin etməlidirlər. Bu uçuşlar dəniz gəmiçiliyinə və dənizin digər məqsədlərlə istifadəsinə maneə törətməməlidir.
Balıqçılıq azadlığı təkcə bilavasitə balqçılıq fəaliyyətini deyil, habelə digər canlı ehtiyatların da istismarını əhatə edir.  Lakin bu azadlıq dövlətlərin öz beynəlxalq öhdəliklərini və sahilyanı dövlətlərin maraqlarını nəzərə almaqla həyata keçirilməlidir. Hər şeydən əvvəl, dənizin canlı ehtiyatları müəyyən səviyyədə qorunub saxlanmalıdır və bunun üçün dövlətlər əməkdaşlıq etməlidirlər.
Sualtı kabel və boru kəmərləri çəkmək azadlığı koninental şelfin hüdudlarından kənarda açıq dənizin dibinə şamil olunur. Kabellər və boru kəmərləri çəkərkən dövlətlər açıq dənizin sərbəst istifadəsinə mane olmamalıdırlar.
Elmi tədqiqatlar azadlığı coğrafi vəziyyətindən asılı olmayaraq bütün dövlətlərə və habelə səlahiyyətli beynəlxlq təşkilatlara məxsusdur. Dəniz elmi tədqiqatları müstəsna olaraq dinc məqsədlərlə həyata keçirilməlidir və dənizin başqa formalarda istifadəsinə maneə yaratmamalıdır.
Süni adalar və qurğular yaratmaq azadlığı həm açıq dənizin su hissəsində, həm də onun dibində (faydalı qazıntılar hasil etmək üçün) həyata küçirilir.

9. Beynəlxalq dəniz dibi rayonu

Beynəlxalq dəniz dibi rayonu (“Rayon”)dedikdə, dəniz və okeanların dövlətlərin yurisdiksiyasından kənarda yerləşən dibi və onun təki başa düşülür.
1982-ci il Konvensiyasında Rayon və burada yerləşən ehtiyatlar bəşəriyyətin ümumi irsi elan olunmuşdur. Bu o deməkdir ki: a) heç bir dövlət Rayonun hər hansı bir hissəsi və onun ehtiyatları üzərində suverenliyə və ya suveren hüquqların  həyata keçirilməsinə iddia edə bilməz; b) heç bir dövlət, fiziki və ya hüquqi şəxs onların hər hansı  bir hissəsini mənimsəyə bilməz; c) Rayonun ehtiyatları üzərində hüquqlar bütün bəşəriyyətə məxsusdur: bəşəriyyətin adından 1982-ci il Konvensiyasının bütün iştirakçı dövlətlərin üzv olduğu Dəniz dibi üzrə Beynəlxalq Orqan (“Orqan”) çıxış edir; ç) Rayonda fəaliyyət bütün bəşəriyyətin rifahı naminə həyata keçirilir; d) Rayon ayrı-seçkilik olmadan bütün dövlətlərin müstəsna olaraq dinc məqsədlərlə ietifadəsi üçün açıqdır.
Rayonda bütün fəaliyyət Orqan tərəfindən, dünya iqtisadiyyatının və beynəlxalq ticarətin sağlam inkişafına dəstək vermək məqsədilə təşkil edilir, həyata keçirilir və nəzarət olunur. Orqan Rayondakı fəaliyyətdən əldə olunmuş maliyyə və digər iqtisadi mənfəətin ədalətli bölünməsini təmin edir; bu zaman, hələ tam müstəqilliyə və ya digər özünüidarə sttusuna çatmamış inkişaf etməkdə olan dəvlət və xalqların maraq və ehtiyacları xüsusilə nəzərə alınmalıdır.
Rayonun bilavasitə isrismarı və burada hasil olunmuş faydalı qazıntıların nəql edilməsi, emalı və realizəsi məqsədilə Dəniz dibi üzrə Beynəlxalq orqan Müəssisə yaradır. Müəssisə öz funksiyalarını yerinə yetirmək üçün tələb olunan bütün vasitə və texnologiya ilə təmin olunur.
Dövlətlər, fiziki və hüquqi şəxslər Rayonda Orqanla bağlanmış kontrakt əsasında fəaliyyət göstərirlər.
1982-ci il Konvensiyasına görə, Orqan aşağıdakı struktura malikdir: Orqanın bürün üzvlərindən ibarət olan Assambleya, Orqanın 36 üzvündən ibarət olan Şura, Katiblik. Şura Orqanın fəaliyyət dairəsində olan istənilən məsələ üzrə konkret siyasəti müəyyən etmək və həyata keçirmək səlahiyyətinə malikdir. Onun üzvlərindən yarısı ədalətli coğrafi nümayəndəlik prinsipi əsasında, qalan yarısı isə digər əsaslar üzrə: xüsusi maraqları olan inkişaf etməkdə olan ölkələrdən; idxalçı ölkələrdən; quruda analoji resuslar hasil edən ölkələrdən və s. seçilir.
İnkişaf etmiş ölkələrin maraqlarına cavab vermədiyinə görə 1982-ci il Konvensiyasının Rayona həsr olunmuş XI hissəsinə 1994-cü ildə qəbul olunmuş və Konvensiya ilə bir vaxtda qüvvəyə minmiş ayrıca müqavilə ilə — “Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasının XI hissəsinin həyata keçirilməsi haqqında Saziş” ilə bir sıra mühüm dəyişikliklr edilmişdir. Saziş müəyyən edir ki, Rayondakı resusların hasil olunması həm də kommersiya prinsipləri əsasında həyata keçiriləcəkdir. Bundan əlavə, göstərilən sahədə inhisarlaşdırmaya yol verilməməsi ilə bağlı Konvensiyanın məlum müddəaları artıq tətbiq olunmur.

 

10. Qapalı və ya yarımqapalı dəniz

     Qapalı dəniz dedikdə, bir neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz kimi başa düşülür.
Açıq dənizin azadlığı prinsipi tam həcmdə qapalı dənizlərə şamil olunmur. Sahilyanı olmayan dövlətlərin hərbi gəmilərinin bu dənizlərə buraxılışı məhduddur. 1982-ci il Konvensiyasında göstərilir ki, sahilyanı dövlətlər qapalı və yarımqapalı dənizlərin canlı ehtiyatların idarə olumasında, dəniz mühitinin mühafizəsində və elmi tədqiqatların aparılmasında üstün hüquqlara malikdirlər. Bir qayda olaraq, sahilyanı dövlətlər öz aralarında müqavilələr bağlamaqla, bu dənizlərin ekologiyası, balıqçılıq rejimi və s.məsələləri nizama salırlar.
Qapalı dənizlərə misal olaraq, Qara dənizi və Baltik dənizini göstərmək olar.

11. Xəzər gölünün beynəlxalq-hüquqi statusu

     Sovet İttifaqı dağıldıqdan sonra Xəzər dənizinin statusu, habelə onun dibi və orada olan təbii ehtiyatlar ilə bağlı mürəkkəb suallar ortaya çıxdı: bu ehtiyatlara bütün sahilyanı dövlətlər sahibdir, yoxsa onların arasında bərabər bölünməlidir, əgər bölünməlidirsə, onda bu, hansı əsasda həyata keçirilməlidir?
Azərbaycan Respublikasının mövqeyi onun Konstitusiyasında birmənalı şəkildə elan olunmuşdur. Konstitusiyasının 11-ci maddəsinə görə, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
Qeyd edək ki, Xəzər heç bir dənizə və ya okeana çıxışı olmayan qapalı daxili dəniz, daha doğrusu, göldür. SSRİ-nin dağılmasına qədər, yalız iki Xəzəryani dövlət var idi: İran və SSRİ. Problem burasındadır ki, Xəzərdə Sovet-İran sərhədləri heç bir vaxt müəyyən olunmamışdı. Məsələn, bu iki dövlət arasında 1954-cü ildə bağlanmış Sərhədlərin nizamlanması haqqında Müqavilə Xəzərin hər iki tərəfdən sərhədi müəyyən edilir, lakin dənizin özündəki sərhədlə bağlı isə heç nə demirdi. Bundan əvvəl bağlanmış müqavilələrdə də dəniz sərhədi haqqında bir göstəriş yoxdur. 1940-cı il Sovet İran müqaviləsi (Ticarət və Gəmiçilik haqqında Müqavilə) hər iki tərəf üçün “10 dəniz milli həddində öz sahil sularında müstəsna balıqtutma azadlığı” nəzərdə tuturdu. 1935-ci il və 1940-ci il Sovet-İran müqavilələrinə əlavə olunmuş nota mübadilələrində bəyan olunurdu ki, Xəzər “hər iki Hökumət tərəfindən Sovet və İran dənizi sayılır” (1035-ci il) və “tərəflər hesab edir ki, Xəzər İrana və Sovet İttifaqına məxsusdur” (1940-cı il). Bu və digər müqavilələr İran və SSRİ gəmilərinin Xəzər dənizinin hər bir yerində sərbəst və bərabər naviqasiya hüququnu nəzərdə tuturdu. Xəzərin “Sovet İttifaqına və İrana məxsus olması” haqqında yuxarıda göstərdiyimiz müddəaların mənası ondan ibarət idi ki, heç bir üçüncü dövlət bura hər hansı bir hüquqa, o cümlədən naviqasiya hüququna malik deyildi. Qeyd edək ki, Sovet İttifaqı “qapalı dəniz” dotirinasının qızğın tərəfdari idi və o, bu doktirinanı Qara dənizə də şamil etməyə san atmışdı. İran Xəzərin qapalı dəniz olması ilə razılaşmışdı. Belə ki, Kontinental şelfin tədqiqi və istismarı haqqında 19 iyun 1953-cü il tarıxlı İran qanununda deyilirdi: “Xəzər dənizinə gəlincə, buraya beynəlxalq hüququn qapalı dənizlərə aid olan normaları şamil olunur”.
Uzun illər ərzində Sovet İttifaqı Xəzər dənizində, əsas etibarilə, Azərbaycana yaxın sahədə tədqiqat və istismar işləri aparırdı və bu fəaliyyət əslində 10 mildən artıq ərazini də əhatə edirdi. SSRİ heç vaxt bundan əldə etdiyi gəlirin yarısını İrana ödəməmişdi və heç təklif də etməmişdi və onu heç vaxt bu fəaliyyətə hər hansı bir formada cəlb etməmişdi. Sovet İttifaqında belə bir mövqe mövcud idi ki, Xəzərin dibi və buradakı ehtiyatlar dənizin müvafiq sahələrində SSRİ-yə və İrana məxsusdur. İran SSRİ-nin Xəzərdəki neft fəaliyyətinə heç bir vaxt etiraz etməmişdi və bu fəaliyyətdən gələn gəlirin bölünməsinə idiia etməmişdi; İran da özünə yaxın sahədə birtərəfli fəaliyyət aparırdı.
SSRİ dövründə respublikalar arasında Xəzər dənizində formal sərhədəlr müəyyən olunmamışdı, praktikada isə neftçıxarma əməliyyatları bu və ya digər respublikanın müvafiq müəssisəsinə — həmin respublikanın dəniz zonasına yaxınlıq əsasında – həvalə olunmuşdu. Belə ki, bu günki “Günəşli”, “Çıraq”, “Azəri” və “Kəpəz” yataqlarının daxil olduğu zona Azərbaycanda yerləşən Kaspmor Neftqaz-a həvalə olunmuşdu. Ürkmənistanın oxşar müəssisəsi “Kəpəz”dən şərqə olan zona üçün məsul idi. Göstərilən dörd yataq  Kaspmor Neftqaz trəfindən təşkil olunmuşdu və “Günəşli” artıq sovet dövründə istismar olunurdu.
“Azəri” yatağının yerləşdiyi zona 1991-ci ilin yanvarında SSRİ Neft və qaz sənayesi nazirliyi və Azərbaycan SSR-in Nazirlər Soveti tərəfindən birgə tenderə qoyulmuşdu. Tenderə icazə verən qərarda deyilirdi ki, “Xəzər dənizinin Azərbaycan sektorunda dörd nəhəng neft və qaz yatağı kəşf edilmişdir”. SSRİ parçalandıqdan sonra “Günəşli”, “Çıraq” və “Kəpəz” yataqları üçün kontraktlar üzrə danışıqlar yalız Azərbaycan hökuməti tərəfindən aparılırdı. Eynilə, Xəzər dənizinin Qazxıstana bitişik sektorunda təbii ehtiyatlarla bağlı “Kaspişel Konsorsiumu” ilə danışıqlar yalnız Qazxıstan hökuməti ilə aparılırdı.
Beləliklə, Sovet dövründəki praktika və adət hüququ Xəzərdə respublikalar arasında daxili inzibati sərhədlərin olmasını de facto tanıyırdı. Sovet İttifaqının dağıdılmasından sonra de facto sərhədlər varis dövlətlər tərəfindən qəbul edildi; bu zaman onlardan hər biri öz de facto dəniz ərazisi hüdudlarında dəniz ehtiyatlarını istismar etməkdə davam etdilər. Azərbaycan belə bir konkret təklif vermişdi: “sahil xəttinin davamı kimi orta xətt çəkilir; bu xəttin hər bir nöqtəsi Xəzərin bitişik və ya əks tərəfində yerləşən dövlətlərin ilkin sahil xəttindən bərabər məsafədə olur”.
Bəs beynəlxalq hüququn mövqeyi necədir?

Məlumdur ki, okean sularına aid olan geniş normalar sistemi daxili dənizlərə tam və birbaşa tətbiq olunmur. Məsələn, Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası prembulasında yalnız “dəniz və okeanlar”dan danışır; Konvensiyanın IX hissəsi “qapalı və yarımqapalı dənizlər” adlanır, lakin 122-ci maddəyə görə, həmin dənizlərə “başqa dəniz və ya okeana çıxışı olmayan” dənizlər aid deyildir.
Lakin dəniz hüququnun bütövlükdə daxili dənizlərə birbaşa şamil olunmamasının səbəbi ondadır ki, dəniz hüququnun fundamental prinsipi olan gəmiçilik azadlığı daxili dənizlərə tətbiq olunmur. Daxili dənizlərin və göllərin sərhədyanı dövlətləri həmişə belə bir mövqedən çıxış stmişlər ki, (SSRİ və İranın Xəzər dənizi ilə bağlı mövqeyi məhz belə olmuşdur), onlar başqa dövlətlərin gəmiçiliyinə icazə verməyə də bilərlər və bu mövqelər hamılıqla qəbul olunmuşdur. Lakin məlum deyildir ki, nəyə görə dəniz hüququnun digər normaları daxili dənizlərə tətbiq oluna bilməz. Məsələn, dəniz dibinin və buradakı ehtiyatların sahilyanı dövlətlərin arasında, bərabərlik və proporsionallığı təmin etməklə, bölünməli olması haqqında norma bütünlüklə daxili dənizlər üçün uyğundur. Müasir beynəlxalq hüquq dəniz dibi və buradakı ehtiyatlar üzərində müstəsna hüquqları artəq tanımışdır, çünki bu ehtiyatları texnoloji baxımdan istismar etmək mümkün olmuşdur. Bu texnoloji inkişaf eyniylə daxili dənizlərə və göllərə də aid edilməlidir.
Əslində, əksər çaylar və göllər sahilyanı dövlətlər arasında, hələ beynəlxalq məhkəmələr mövcud olmamışdan qabaq, razılaşmalar yolu ilə bölünürdü. Çaylar üçün, adətən müəyyən olunan sərhəd talveqdir, yəni ən dərin kanalın orta xəttidir. Göllər üçün, adətən, sərhəd kimi orta və ya ekvidstansiya xətti götürülür (bəzən xüsusi hallarla bağlı bu dəyişdirilə bilər). Qeyd etmək lazımdır ki, indiyə qədər daxili dənizə və ya gölə sahib olma məsələsi ilə bağlı heç bir iş beynəlxalq məhkəməyə və ya arbitraja verilməmişdir. Əgər belə bir iş verilsəydi, beynəlxalq məhkəmə Alman federal məhkəməsinin 1920-ci ildə gəldiyi nəticəyə gələrdi. Beynəlxalq hüquq prinsiplərini tətbiq etməklə, federal məhkəmə vurğulamışdı ki, Konstansa gölü ekvidstansiya sərhədləri ilə bölünmüşdür. Məhkəmə belə bir nəticəyə gəlmişdir: “Belə bir nöqteyi-nəzərə üstünlük verilməlidir ki, orta xətt sərhəd təşkil edir. Beynəlxalq hüququn ümumi normaları kondominium (birgə sahibkarlıq) nəzəriyyəsinə ziddir”.
Sahilyanı dövlətlərin müstəsna hüquqlarını ayıran sərhəd xəttləri anlamı o qədər inandırıcıdır və geniş qəbul olunmuşdur ki, məhkəmə bu qaydanın, əgər xüsusi coğrafi və tatixi faktlar başqa bir nəticəni şərtləndirmirsə, beynəlxalq adət hüquq norması olması nəticəsinə gələ bilər.
Nəhayət, belə bir suala cavb verək: Xəzərin dənizaltı ehtiyatları hamıya məxsus olmalıdırmı? Belə bir arqument irəli sürülür ki, Xəzərin dibi və yeraltı ehtiyatları sahilyanı dövlətlər arasında bölünməməlidir və onların hamısına və ya hər halda dörd keçmiş sovet respublikasına məxsus olmalıdır. Bu arqumen üç faktora söykənir: 1) 1935-ci və 1940-cı il Sovet-iran müqavilələri; 2) Xəzər dənizi ümumi ekoloji müdafiə tələb edən vahid ekosistemdir; 3) Beynəlxalq Məhkəmənin (daha doğtusu, beş hakimdən ibarət palatanın) Quru, Ada və dəniz sərhədləri mübahisəsinə aid iş (Salvador/ Honduras, Nikaraquanın müdaxiləsi ilə) üzrə 1992-ci ildə çıxartdığı qərar.
Əvvala, qeyd edək ki, tarixdə heç vaxt göl və ya daxili dənizlərin kondominiumu olmamışdır.
1-ci arqumentin əsasız olmasını belə sübut etmək olar. 1940-cı il müqaviləsi müstəsna balıqçılıq hüquqlarını sahildən 10 mil həddində məhdudlaşdırmışdı və bununla güman olunurdu ki, Xəzərin qalan hissəsində bu hüquqlar ümumidir. Lakin balıqçılığı tənzimləyən rejimin dəniz dibi və yeraltı ehtiyatları nizama salan rejimə heç bir aidiyyəti yoxdur. Müəyyən olunmuş 10 millik limit dəniz dibi və yeraltı ehtiyatlar üzərində müstəsna nəzarət üçün limit demək deyildir. Göstərilən müqavilələrin dili açıq-aşkar bunu nəzərdə tutur ki, üçüncü dövlətlərin Xəzərdə heç bir hüququ (hər şeydən öncə, gəmiçilik hüququ) yoxdur və dəniz dibinin ümumi mülkiyyətdə qalıb-qalmamasını nəzərdə tutmurdu. Əgər hətta bu müqavilələr belə təfsir olunsa ki, dəniz dibi və yeraltı ehtiyatlar ümumi mülkiyyətdə olmalıdır, onda “ümumi mülkiyyətçilər” İran və SSRİ olur. Əlbəttə ki, heç bir varis dövlət belə bir təfsirlə razılaşmaz ki, güya Xəzərin bütün ehtiyatlarının 50%-i İrana verilir və qalan 50%-in necə bölünməsi ilə bağlı isə heç bir göstəriş yoxdur.
Ekoloji mülahizələr, doğrudan da, çox vacibdir, lakin onlar belə bir nəticə çıxarmağa əsas vermir ki, Xəzərin dibi və yeraltı ehtiyatları ümumi olmalıdır. Sahilyanı dövlətlər çirkləndirmə problemləri ilə mübarizə məqsədilə müqavilə bağlaya bilər: belə bir müqavilədə, məsələn, ekoloji standartların müəyyən olunması prosedurları, çirkləndirmə halları haqqında xəbərvermə və s. məsələlər nizama salına bilər. Bu müqavilə hər bir sahilyanı dövlətin öz sektorunda dəniz dibinə və yeraltı ehtiyatlara sahibli hüququna zidd olmazdı. Belə müqavilələrə ABŞ və Kanada arasındakı; Trinidad Və Tobaqo və digər Karib ölkələri arasındakı müvafiq sazişləri və Dəniz mühitinin çirklənmədən qorunması haqqında 1978-ci il Küveyt regional Konvensiyasını misal göstərmək olar.
Beynəlxalq Məhkəmənin yuxarıda göstərdiyimiz qərarına gəldikdə isə, qetd edək ki, həmin işin bir aspekti Salvador, Honduras və Nikaraquanın sahilyanı dövlət olduğu Fonseka körfəzi üzərində suverenliyə aid idi. Məhkəmə qərar çıxarmışdi ki, körfəzin tarixi boğaz statusu vardır və onun suları (sahildən üç mildən kənarda olan) göstərilən üç dövlətin kondominiumuna məxsusdur. Lakin Xəzər Fonseka körfəzindən köklü surətdə fərqlidir. Beynəlxalq məhkəmə sözü gedən işdə belə bir fakta əsaslamışdı ki, Fonseka körfəzinə, — Xəzərdən fərqli olaraq, — uzun müddət ərzində bir dövlət sahiblik etmişdir və hətta üç sahilyanı dövlət müstəqil olandan sonra körfəzi onlar ümumi mülkiyyət kimi nəzərdən keçirməmişdilər. Bundan əlavə, müstəsna olaraq gəmiçilik məsələsinə toxunan Məhkəmə aşkara çıxarmışdi ki, körfəzin coğrafiyası elədir ki, onun hər hansı formada bölünməsi həll olunmaz praktik çətinliklər yaradardı və ən azı, göstərilən dövlətlərdən birini açıq dənizə çıxışsız qoyardı. Xəzərdə situasiya tamamilə başqa cürdür. Xəzəri heç vaxt bir dövlət əhatə etməyib və o, bir dövlətə məxsus olmayıb. Sərhədlər bölünsə, hər halda dəniz dibi və yeraltı ehtiyatlara müstəsna hüquqlar baxımından, heç bir praktik çətinlik ortaya çıxmazdı.
Beləliklə, beynəlxalq hüquq Xəzər dənizində sərhədlərin delimintasiyasını tələb edir və burada sərhədlər, əsas etibarilə, ekvidstansiya prinsipi, yəni bərabərdayanma prinsipi əsasında ayır edilə bilər. Azərbaycan hökumətinin istinad etdiyi bu prinsip Qazaxıstan və Rusiya tərəfindən də dəstəklənir və müvafiq ikitərəfli müqavilələrdə (Rusiya – Qazaxıstan – 1998, Rusiya — Azərbaycan – (2002) öz əksini tapmışdır.

12. Dənizə çıxışı olmayan dövlətlərin hüquqları

     Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası dənizə heç bir təbii çıxışı olmayan dövlətlərin (qitədaxili dövlətlərin – məsələn, Avstriya, Əfqanıstan və b.) bir sıra hüquqlarını müəyyən etmişdir:
a) dənizə çıxış hüququ (bu məsələ qitədaxili dövlət ilə dəniz sahilində yerləşən müvafiq dövlət arasında müqavilə əsasında həll olunur);
b) müstəsna iqtisadi zonaların canlı ehtiyatların bu və ya digər səbəbə görə sahilyanı dövlətlər tərəfindən istifadə olunmayan hissəsinin istismarında ədalətli əsasda iştirak etmək hüququ;
c) “bəşəriyyətin ümumi irsi”ndən, o cümlədən Beynəlxlq dəniz dibi rayonunun ehtiyatlarından faydalanmaq hüququ.

13. Beynəlxalq boğazlar

Beynəlxalq boğazlar – hər hansı bir dənizin hissələrini və ya ayrı-ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabər əsasda beynəlxalq gəmiçilik və hava naviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləridir.
Beynəlxalq boğazlara misal olaraq, Pa-de-Kale, La-Manş, Cəbəllütariq, Sinqapur,
Ormuz və başqa boğazları göstərmək olar.
Açıq dənizin hissələrini birləşdirən boğazlarda gəmiçilik və uçuş azadlıqları mövcuddur.        
Hər hansı dövlətin (və ya dövlətlərin) ərazi dənizindən keçən beynəlxalq boğazlarda isə tranzid keçid hüququ əsas görürülür: bu halda gəmiçilik və uçuş azadlığı yalnız boğazdan fasiləsiz və tez tranzit məqsədi üçün həyata keçirilir; tranzit keçid hüququndan istifadə edən gəmilərə və uçuş aparatlarına maneə törədilməməlidir. Lakin onlar beynəlxalq hüquq prinsiplərinə, habelə fasiləsiz və tez keçid rejiminə zidd olan fəaliyyətə yol verməməlidir.
1982-ci il Konvensiyası, hüquqi rejimi artıq qüvvədə olan müqavilələrlə müəyyən olunmuş beynəlxalq boğazlara şamil olunmur. Bu, Qara dəniz (Mərmərə və Dardanel), Baltik (Böyük və kiçik Belt, Zund) və Maqellan boğazlaradır.
Qara dəniz boğazlararının hüquqi rejimi 1936-cı ildə bağlanmış çoxtərəfli Konvensiyası ilə müəyyən edilmişdir. Həmin Konvensiyaya görə, bu boğazlar bürün dövltlərin ticarət gəmiləri üçün açıqdır. Yalnız Türkiyə müharibədə iştirak etdikdə, düşmən tərəfin gəmiləri keçid hüququndan məhrum olunur. Qara dəniz sahilində yerləşməyən dövlətlərin hərbi gəmilərinin dinc vaxtı üzüb keçməsi üçün bir sıra məhdudiyyətlər nəzərdə tutulmuşdur. Müharibə zamanı bütün vuruşan tərəflərin hərbi gəmilərinin boğazlardan üzüb keçməsi qadağan olunur.

14. Beynəlxalq kanallar

Beynəlxalq kanallar – dəniz və okeanları birləşdirə və beynəlxalq gəmiçilik üçün istifadə olunan hidrotexniki qurğulardır.
Beynəlxalq kanal hər hansı suveren dövlətin razılığı ilə onun ərazisində çəkilir. Bu
zaman həmin dövlət razılaşır ki, onun ərazisinin bir hissəsinin həm fiziki coğrafi statusu, həm də hüquqi statusu dəyişdirilsin (müvafiq olaraq, quru ərazisi su ərazisinə çevrilir və bu ərazidən dəniz gəmiçiliyini həyata keçirmək üçün istifadə hüququ tam bərabərlik əsasında və ayrı-seçkilik olmadan digər dövlətlərə verilir). Hmin dövlət, kanalın sahbi kimi, sərbəst gəmiçiliyi təmin etməyə borcludur. Digər ölkələr isə göstərilən dövlətin qanunlarına və inzibati qaydalarına hörmət etməlidir. Bütün bu məsələlər, adətən, xüsusi beynəlxalq sazişlərdə öz hüquqi həllini tapır (məsələn, Şüveyş kanalında sərbəst üzmənin təmin edilməsinə dair 1988-ci il Konvensiyası; 1977-ci ildə ABŞ və Panama arasında bağlanmış Panama kanalı haqqında və Panama kanalının daimi neytirallığı və istismarı haqqında müqavilələr). Lakin bütün dövlətlərin ticarəy gəmiləri üçün açıq olan Kill kanalının hüquqi rejimi AFR tərəfindən birtərəfli qaydada müəyyən olunmuşdur.

15. Beynəlxalq dəniz təşkilatları

Dünya okeanının müxtəlif məqsədlərlə istifadəsində dövlətlərin səylərini birləşdirmək və onların əməkdaşlığını inkişaf etdirmək üçün bir sıra beynəlxalq təşkilatlar yaradılmışdır. Onlardan ən əsası 1958-ci ildə təsis olunmuş Beynəlxalq Dəniz Təşkilatıdır (BDT). BDT-nin əsas məqsədləri aşağıdakılardır: beynəlxalq ticarət gəmiçiliyinin texniki məslələrinə dair dövlətlərin əməkdaşlığına şərait yaratmaq; bu sahədə yol verilən ayrı-seçkilik tədbirlərinin və məhdudiyyətlərin aradan qaldırılmasına dəstək vermək. BDT insan həyatının dənizdə mühafizəsi, dənizin gəmilərdən çirklənməsinin qarşısının alınması, balıqtutan gəmilərin təhlükəsizliyi və digər bu kimi məsələlər üzrə konvensiya layihələri işləyib hazırlayır.
1897-ci ildə Belçikada təsis olunmuşBeynəlxalq dəniz komitəsinin başlıca məqsədi müvafiq hüquq normalarının işləyib hazırlanmasından və dəniz hüququnun unifikasiyasından ibarətdir.
Dəniz və okeanların öyrənilməsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilmsi üçün YUNESKO yanında fəaliyyət göstərən Hökumətlərarası okeanoqrafiya komissiyası və Dənizin tədqiq edilməsi üzrə Beynəlxalq Şura böyük əhəmiyyət kəsb edir.
1979-cu uldə fəaliyyət göstərən Beynəlxalq dəniz peyk rabitəsi təşkilatının (İNMARSAT) məqsədi Yerin süni peykləri vasitəsilə dənizin gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəsini gecə-gündüz və tez təmin etməkdən ibarətdir.

 

Top