Beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır.Tərifdən göründüyü kimi, beynəlxalq hüquqi adətin iki ünsürü vardır: 1) dövlətlərin praktikası və 2) bu praktikanın məcburi norma kimi tanınması (opinio yuris). Bu fikir BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən bir neçə dəfə, o cümlədən Şimal dənizinin kontinental şelfi haqqında iş üzrə (1969-cu il) və Nikaraqua işi üzrə (1986-cı il) çıxardığı qərarlarında qeyd olunmuşdur.
Beynəlxalq hüququi adətin maddi əsasını təşkil edən dövlətlərin praktikasına aşağıdakılar daxildir: a) dövlətlərin “faktik” fəaliyyəti (hərəkət və ya hərəkətsizlik); b) konkret situasiya və ya mübahisələrlə bağlı onların verdikləri bəyanatlar; c) dövlətdaxili qanunvericilik; ç) milli məhkəmələrin qərarları; d) beynəlxalq təşkilatların praktikası.
Müəyyən adət normasının təşəkkül tapması üçün, bir qayda olaraq, dövlətlərin praktikası aşağıdakı tələblərə cavab verməlidir:
a) ardıcıl, səbatlı və eyni cür olmalıdır;
b) ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu praktikada “payı” olmalıdır; burada üç cəhəti nəzərə almaq lazımdır: 1) bu və ya digər beynəlxalq adət normasının mövcud olması haqqında məsələni həll edərək, nizama salmanın münasıbətdə maraqları xüsusilə toxunulan dövlətlərin praktikası ön plana çəkilməlidir. Məsələn, dəniz hüququ ilə bağlı adət normalarının təşəkkül tapmasında dənizyanı dövlətlərin praktikası dənizə heç bir çıxışı olmayan Əfqanıstanın və ya Avstriyanın praktikasından daha önəmli əhəmiyyət kəsb edəcəkdir; 2) əgər bir dövlət lap əvvəldən və ardıcıl olaraq digər dövlətlərin hər hansı bir praktikasına etiraz edirsə, o, yaranmaqda olan adət norması ilə bağlı olmayacaqdır. Bu, beynəlxalq hüquqda qəbul olunmuş “təkidlə etiraz edən dövlət” prinsipindən irəli gəlir. Lakin bu prinsip yuxarıda sözü getmiş jus cogens normalarına şamil olumur; 3) beynəlxalq hüquqda ümumi beynəlxalq adət normalarından başqa, iki və daha artıq dövləti əhatə edən partikulyar (lokal) adətlər də mövcud ola bilər.
Partikulyar adət normalarının mövcudluğu haqqında fikri BTM-nin Beynəlxalq Məhkəməsi Sığınacaq işində (1950-ci il) və Hindistan ərazisindən keçmək hüququ haqqında işdə (1960-cı il) təsdiq edilmişdir.
Nəhayət, ümumi qayda bundan ibarətdir ki, beynəlxalq adət normasının formalaşması üçün dövlətlərin praktikası uzunmüddətli olmalıdır. Məhz dövlətlərin uzun tarixi vaxt ərzində təkrarlanan və üst-üstə düşən praktikası beynəlxalq hüquqi adətin əsasını təşkil edir. Doğrudur, beynəlxalq hüquqda bu müddətin nə qədər olması müəyyən edilməmişdir və bu, hər bir halda nizama salınan məsələnin xarakterindən aıslıdır. Bunula belə, müasır beynəlxalq hüquqda müstəsna hallarda “ani adət” də yarana bilər. Məsələn, kosmiq fəzadan istifadə ilə bağlı hazırda mövcud olan bir sıra beynəlxalq hüquqi adətlər bu qəbildəndir.
Beynəlxalq hüquqi adətin yaranması üçün dövlətlərin ardıcıl, ümumi, eyni cür və uzunmüddətli praktikasının olması kifayət deyildir. Bu praktikanın hüquqa çevrilməsi üçün dövlətlər həmin praktikanı məcburi norma kimi qəbul etməlidirlər. Başqa sözlə, praktikanın sadəcə adət yox, məhz məcburi yerinə yetirilməli norma olmasına dövlətlərdə inam, yəni opinio yuris olmalıdır.
Lotus işində (1927-ci il) Daimi Beynəlxalq Ədalət Məhkəməsi, Şimal dənizinin kontinental şelfi haqqında işdə və Nikaraqua işində BMT-nin Beynəlxalq Məhkəməsi opinio yuris-in zəruri ünsür olduğunu, bunsuz adətin harada qurtardığını və hüququn harada bağlandığını müəyyən etməyin mümkün olmadığını vurğulamışdır.
Qeyd etmək istərdik ki, əslində beynəlxalq hüquq öz mənşəyini beynəlxalq
adətlərdən götürmüşdür. Lakin beynəlxalq hüquq inkişaf etdikcə və məcəllələşdirildikcə, beynəlxalq adət normaları öz əvvəlki, əhəmiyyətini və nizamasalma dairəsini itirmişdir. Bununla belə, müasir beynəlxalq hüquqda müqavilələr aparıcı rol oynasa da, beynəlxalq hüquqi adətin təsiri də az deyildir.
BMT-nin Beynəlxalq Məhkəməsi Men körfəzi haqqında işdə (1984-cü il) qeyd etmişdir ki, beynəlxalq adət ümumi prinsiplərin inkişafı üçün ideal dərəcədə əlverişlidir və universal səviyyədə qəbul olunmamış müqavilə rejimindəki boşluqları doldurmaq üçün zəruri bir mənbədir.
Doğrudan da, hazıda faktik olaraq elə bir müqabilə yoxdur ki, dünyanın bütün dövlətləri onun iştirakçısı olsun. Bir misal göstərək. Genosid cinayətinin alınması və cəzalandırıkması haqqında 1948-ci il Konvensiyasının hazırda 133 iştirakçısı vardır. Bu o deməkdirmiki, dünyanın, demək olar ki, 60-a qədər dövləti genosid cinayəti törətməmək, genosid aktları törətmiş şəxslərin cəzalandırılması təmin etmək və s. kimi beynəlxalq hüquqi öhdəliklərdən azaddırlar? Əlbəttə ki, yox. Sadalanmış öhdəliklər ümumi beynəlxalq hüquqn bir hissəsidir və dünyanın bütün dövlətləri tərəfinədən məhz beynəlxalq hüquqi adət kimi tanənmışdır.
Genoid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya qeyd-şərtlər haqqında iş üzrə öz məsləhət xarakterli rəyində (1951-ci il) və Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiq olunması haqqında iş üzrə(ilkin etirazlar mərhələsındə- 1996-cı il) qərarında BMT-nin Beynəlxalq Məhkəməsi birmənalı şəkildə qeyd etmişdir ki, bu Konvensiyanın əsas müddəları beynəlxalq adət hüququ kimi hamılıqla tanınmışdır.
Beləliklə, beynəlxalq hüquqi adətin indiki dövrdə başlıca əhəmiyyəti ondan ibarətdir ki, o, hər hansı bir universal müqavilə iştirakçıları ilə bu müqavilənin iştirakçısı olmayan dövlətlər drasıdakı və sonuncuların özlərı arasındakı müvafiq münasibətləri nizama salır.