Dövlətin yurisdiksiyası

Dövlətin yurisdiksiyası

Beynəlxalq hüquqa görə, dövlət öz daxili qanunlarını ərazisi çərçivəsində və onun hüdudlarından kənarda baş verən məsələlri – yurisdiksiya obyektinin dövlət mənsubiyyətindən asılı olmayaraq, — tətbiq edə bilər (buna preskriptiv yurisdiksiya, yəni müəyyən etmə və ya nizamasalma yurisdiksiyası deyilir).
Lakin bu yurisdiksiyanın (preskriptiv yurisdiksiya) həyata keçirilməsi dövlətin öz ərazisi ilə məhdudlaşır və xüsusi razılaşma olmasa,başqa bir dövlətin ərazisində hər hansı bir formada mümkün deyildir. Başqa sözlə, dövlət öz hüquq mühafizə orqanlarını başqa bir dövlətin ərazisində fəaliyyətə gətirə bilməz (buna həyata keçirmə yurisdiksiyası deyilir).
Dövlətin öz ərazisi çərçivəsindəki  yurisdiksiyası mütləq və müstəsna xarakter daşıyır. Dövlət öz ərazisində yerləşən bütün şəxsər, mülkiyyət və baş verən bütün hadisələr üzərində, ümumi və konkret beynəlxalq hüquq norması ilə başqa cür nəzərdə tutulmayıbsa, hakimiyyət səlahiyyətləri həyata keçirir. Başqa sözlə, heç bir başqa dövlət və ya beynəlxalq qurum bir dövlətin “daxili yurisdiksiyasına” müdaxilə edə bilməz.

Dövlətin mülki-hüquqi və cinayət yurisdiksiyası   

Hər bir dövlət müxtəlif prinsiplər əsasında şəxslər üzərində öz mülki-hüquqi və cinayət-hüquqi yurisdiksiyasını həyata keçirir. Bu prinsiplər dövlətin öz qanunvericiliyində müəyyən olunur və beynəlxalq hüquqla ziddiyyət təşkil etmir. Bunlar aşağıdakılardır:

Ərazi yurisdiksiyası. Yuxarıda qeyd edildiyi kimi, dövlət öz ərazisində baş verən bütün məsələlər üzərində yurisdiksiyaya malikdir. Müvafiq şəxslərin dövlətin öz vətəndaşları, əcnəbi vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər olmasının məsələyə dəxli yoxdur. Mülki və cinayət hüquq qaydasında yurisdiksiyanın əksər hissəsi dövlətlər tərəfindən məhz bu prinsipə əsasən həyata keçirilir. Onun iki növü vardır:
a) obyektiv ərazi yurisdiksiyası. Dövlət öz ərazisində başa çatmış hüquq pozuntuları üzərində yurisdiksiyaya malikdir; bu zaman cinayətin və mülki hüquq pozuntusunun hər hansı bir ünsürü xaricdə baş verə bilər.
Daimi Beynəlxalq ədalət məhkəməsinin Lotus işi üzrə çıxardığı qərarı misal göstərmək olar. Fransa gəmisi (“Lotus”) ilə Türkiyə gəmisinin toqquşması nəticəsində Türkiyə gəmisində səkkiz adam həlak olmuşdu. Türkiyənin fransız gəmi kapitanı üzrində yurisdiksiya həyata keçirməsinə Fransa etiraz etmişdi. Lakin Məhkəmə, əvvəla, qeyd etdi ki, Türkiyənin gəmisi Türkiyənin ərazisi kimi qəbul olunmalıdır. Daha sonra Məhkəmə göstərdi ki, Türkiyənin öz yurisdiksiyasını həyata keçirmək hüququ vardır, çünki baş vermiş cinayətin tərkib ünsürü – adamların həlak olması – Türkiyə ərazisində baş vermişdir.
b) subyektiv ərazi yurisdiksiyası. İndicə şərh etdiyimiz prinsip əks variantdır. Belə ki, dövlət öz ölkəsində başlanmış bütün hüquq pozuntuları üzərində yurisdiksiyaya malikdir, bu zaman hüquq pozuntusunun hər hansı bir ünsürü və ya onun başa çatması hər hənsı digər ölkədə ola bilər. 

Vətəndaşlıq yurisdiksiyası. Beynəlxalq hüquq dövlətə icazə verir ki, bütün öz vətəndaşları ilə bağlı cinayətin və ya mülki hüquq pozuntusunun harada baş verməsindən asılı olmayaraq, yurisdiksiya həyata keçirsin. Əlbəttə, vətəndaş yalnız öz dövlətinə qayıtdıqdan sonra dövlət yurisdiksiyasını həyata keçirə bilər və ola bilər ki, müvafiq ölkədə məsələyə artıq baxıldığına görə həmin dövlət heç bir tədbirə əl atmasın.
Bir dəfə Böyük Britaniya vətəndaşı ikinci dəfə evlənməyə görə, ikinci nigahın Böyük Britaniyadan
kənarda bağlanmasına baxmayaraq, mühakimə olunmuşdu.

Universal yurisdiksiyası. Beynəlxalq hüquqa görə elə cinayətlər vardır ki, (məsələn, təcəvüz, genosid, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və s.) onlar bütün dövlətlərin marağına toxunur və beynəlxalq hüquq qaydası üçün təhlükəlidər; buna görə də dünyanın istənilən dövləti bu cür cinayətlərlə bağlı yurisdiksiya həyata keçirə bilər.Universal yurisdiksiya cinayət əməlinin harada baş verməsindən və əməli törədən şəxsin vətəndaşlığından asılı olmayaraq həyata keçirilir. Beləliklə, bu yurisdiksiya üçün əsas, ərazi və ya vətəndaşlıq yox, törədilmiş əməlin xarakteridir.
1996-cı ildə İspaniya məhkəmələrinin birində bir sıra Argentina zabitlərinə qarşı proses başlandı. Zabitlər 1976-1983- cü illərdə Argentinada hərbi xuntanın hökmranlığı zamanı ispan vətəndaşlrının oğurlanması və öldürülməsində ittiham edilirdlər. Argentina qəti surətdə əməkdaşlıqdan imtina etdi; bu zaman o, belə dəlillər gətirdi ki, ispan məhkəməsi Argentinada törədilmiş əməllərlə bağlı yurisdiksiyaya malik deyildir və bundan əlavə, həmin zabitlər artıq Argentina məhkəməsi tərəfindən məhkum edilmişlər və sonralar Argentinanın prezidenti tərəfindən əfv olunmuşlar. Lakin ispan məhkəməsi bu əməllər üzərində yurisdiksiyaya malik olduğunu bəyan edərək qeyd etdi ki, insanlığa qarşı cinayətlər istənilən yerdə təqib oluna bilər. İşin hallarını təhqiq edərək, ispan orqanları müttəhimlərin hər hansı birinə məxsus olan gizli bank hesablarını tapmaq üahişi ilə İsveçrənin müvafiq orqanlarına müraciət etdilər; məqsəd bu puldan, törədilmiş cinayət əməllərinin qurbanlarına kompensasiya üçün istifadə etmək idi. İsveçrə hökuməti həmin xahişi yerinə yetirdi və tapılmış bank hesablarrının dondurulması barədə srəncam verdi.
Universal yurisdiksiya prinsipi BMT Beynəlxalq hüquq komissiyası tərəfindən
işlənib hazırlanan Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə Cinayətlər Məcəlləsinin Layihəsində birbaşa ifadə olunmuşdur. Universal xarakteri, daimi əsasda fəaliyyət göstərən effektiv beynəlxalq cinayət məhkəməsi hələ öz işinə başlamadığına görə, universal yurisdiksiya prinsipi böyük əhəmiyyət kəsb edir.

Qoruyucu (mühafizəedici) yurisdiksiya. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, dövlət onun üçün mənfi nəticələr törədən əməllər üzərində, bu əməllərin harada baş verməsindən və kim tərəfindən törədilməsindən asılı olmayaraq, öz hakimiyyət səlahiyyətini həyata keçirə bilər. Bu prinsipə əsaslanan milli qanunlar eksterritoriallığa malik olur, yəni dövlət ərazisindən kənarda baş verən əməllərə şamil olunur. Universal yurisdiksiya prinsipindən qoruyucu yurisdiksiya onunla fərqlənir ki, birincisi yalnız müəyyən beynəlxalq cinayətlərə tətbiq edilir, ikincisi isə, müvafiq dövlətin maraqları üçün təhlükəli olanistənilən əmələ şmil edilir. Məsələn, ABŞ-da 1988-ci ildə qəbul olunmuş Apardeid əleyhinə Akt, İngiltərənin Radio verlişləri haqqında 1990-cı il Aktı bu prinsipə əsaslanır.

Passiv vətəndaşlıq yurisdiksiyası. Vətəndaşlıq yurisdiksiyası kimi, passiv vətəndaşlıq prinsipi də cinayət əməlinə cəlb olunmuş fərdin şəxsiyyəyinə söykənir. Bununla belə, əgər birinci prinsip cinayətkarın şəxsiyyəti ilə bağlıdırsa, ikinci prinsip cinayətin qurbanı ilə bağlıdır. Belə ki, bu prinsipə görə, dövlət öz vətəndaşlarının cinayətin qurbanı olduğu bütün cinayət əməlləri üzərində yurisdiksiya həyata keçirə bilər; bu zaman cinayətin törədildiyi yer və ya cinayəti törədən şəxsin vətəndaşlığı əhəmiyyət kəsb etmir.
Yuxarıda qeyd edilmiş Lotus işində Türkiyə öz yurisdiksiyasının həm də onunla əsaslsndırırdı ki, həlak olmuş şəxslər Türkiyə vətəndaşları idilər. Doğrudur, məhkəmə bu işdə passiv vətəndaşlıq prinsipinin beynəlxalq hüquqa görə məqbul prinsip olması məsələsinə baxmağı zəruri hesab etməmişdi.
Qeyd etmək lazımdır ki, passiv vətəndaşlıq yurisdiksiyasının həyata keçirilməsi praktikada çoxlu problemlər doğura bilər və yuxarıda şərh etdiyimiz digər prinsiplərlə kolliziyaya girə bilər. Məsələn, hər hansı əməl bu əməlin qurbanı olan şəxsin vətəndaşı olduğu ölkənin qanunvericiliyinə görə cinayət olduğu halda, əməlin baş verdiyi ölkənin (ərazi yurisdiksiyası) və ya əməli törədən şəxsin vətəndaşı olduğu ölkənin (vətəndaşlıq yurisdiksiyası) qanunvericiliyinə görə cinayət olmaya da bilər. Bu cür hallarda, yəni üst-üstə düşən yurisdiksiya hallarında passiv vətəndaşlıq prinsipi, əsasən arxa plana keçir.

Top