Ərazi sularından istifadənin Beynəlxalq hüquqi əsasları

Ərazi sularından istifadənin Beynəlxalq hüquqi əsasları

Hər bir dövlətin ərazisi daxilində yerləşən bütün çaylar, göllər, boğazlar, kanallar, daxili dənizlər, limanlar, daxili körfəzlər, buxtalar aidiyyatlı dövlətin daxili, yaxud milli sularının tərkib hissələridir. Hazırda bütün dünya dövlətləri bu qaydanı beynəlxalq qanun kimi qəbul ediblər. Bununla yanaşı dövlət ərazisi tərkibində olub, onun hakimiyyətinə tabe olan daxili suların hüquqi rejimi bəzi hallarda, həm də beynəlxalq hüquqa əsaslana bilər.
Daxili sular məhəlli sulardan fərqli olaraq heç bir müstəsnalıq olmadan tamamilə sahil dövlətlərinin mühakimə hüququna tabedir. Bu suların hüquqi rejimi dövlətin qanunları, qaydaları və onun bağladığı beynəlxalq müqavilələrinə əsaslanaraq nizama salınmalıdır.
SSRİ dövründə bu rejimlə bağlı 1960-cı il Dövlət Sərhəddini Mühafizə haqqında əsasnamə, 1968-ci il ticarət üzgüçülüyü məcəlləsi, 1964-cü il Gömrük məcəlləsi, 1990-cı il SSRİ və müttəfiq respublikaların Su, 1970-ci il SSRİ və müttəfiq respublikaların su qanunvericiliyinin əsasları sənədini, 1958-ci il SSRİ su anbarlarında balıq ehtiyatlarının qorunması haqqında əsasnamə və s. sənədləri göstərmək olar ki, Azərbaycan Respublikası hazırda da bu normativ aktlarla işləyir. Deməliyik ki, dövlət öz daxili sularında hər hansı bir xarici gəmiçiliyi və balıqçılığı qadağan etmək hüququna da malikdir. Digər tərəfdən dövlət öz daxili su yolları ilə xarici gəmilərin hərəkət etməsini bütün ölkələr üçün eyni qaydada, ayrı-seçkilik olmadan icazə verə bilər. Lakin, belə hallarda xarici gəmilər sahil dövlətinin qanun və qaydalarını gözləməli, verilmiş xüsusi icazəyə uyğun hərəkət etməlidir. Bu qaydaların özləri belə, daxili suların rejiminin müəyyən dərəcədə beynəlxalq hüquqi xarakterli olmasını bir daha təsdiq edir.
Bir dövlətin digəri ilə həmsərhəd çay, göl və kanallarının suları üzərində sahil dövlətlərinin hakimiyyəti, onlar arasında bağlanmış saziş ilə müəyyən olunmuş sərhəd xətti üzrə ayrılmalıdır. Bu sularda gəmi hərəkəti, balıqçılıq və s. məsələlər də müvafiq sazişlər əsasında nizamlanır, saziş olmadıqda hər bir sahil dövləti öz hissəsində öz qaydalarını tətbiq edir.
Daxili körfəzlər, boğaz, liman suları və s. sahil dövlətinin daxili suları hesab olunur.
1958-ci ilin Məhəlli dəniz və bitişik zolaq haqqında Cenevrə sazişinə görə, sahilə doğru quruya girən və dövlətin quru ərazisinin əhatəsində olan dəniz suları körfəz, kiçik körfəz (buxta) adlanır.
Sahilləri bir dövlətə məxsus olub, eni isə həmin dövlətin məhəlli sularının enindən ikiqat artıq olmayan, yaxud artıq olanda da həmin dövlət üçün mühüm iqtisadi,hərbi əhəmiyyəti olan körfəz və buxtaların suları da dövlətin daxili suları hesab olunur. Dövlət ərazisinin tərkib hissəsi olan bütün bu suların hüquqi vəziyyəti də həmin dövlətin qanunları ilə müəyyən olunur.
Sahil dövlətinin limanları hərbi gəmilərinə, ticarət gəmilərinə məxsus limanlara ayrılır. Bunlardan hərbi limanlar və sahil boyu gəmiçilik limanları xarici gəmiçilik üçün qapalı, qalanları isə açıq ola bilər. Digər dövlətin limanında olan xarici gəmilərin daxili qaydaları, əsasən, gəmi bayrağı ölkəsinin qanunları ilə tənzimlənir.
Xarici limanda həmin gəmilərin hüquqi vəziyyəti isə beynəlxalq hüquqi normalarla, habelə ticarət və dəniz üzgüçülüyü haqqında müvafiq müqavilələr əsasında fəaliyyət göstərir. Hazırda bu gəmilər üçün ya milli rejim, ya da daha çox əlverişli rejim müəyyən edilir. Bütün gəmilər dövlət bayrağını daşıdığı ölkənin mülkiyyəti olmaqla, toxunulmazlıq hüququna malikdirlər. Belə hüquqi qaydalar dövlətlərin suveren bərabərliyi prinsipindən irəli gəlir.
Beynəlxalq hüquqda bir dövlətin hərbi gəmilərinin digər dövlətin limanına daxil olması sahil dövlətinin xüsusi razılığı ilə və ya həmin dövlətin qanunlarına uyğun olaraq əvvəlcədən lazımi xəbərdarlıq verməklə icarə edilir. Adətən, bu müddət 7 gün qabaqcadan olmalıdır. Elə hal da ola bilər ki, hərbi gəmidə dövlət başçısı və ya həmin dövlətə göndərilən diplomat olsun, yaxud fəlakət baş verdikdə xarici gəmilər ən yaxın limana girə bilsinlər. Bu halda da hərbi gəmi yerli qayda-qanunlara riayət etməlidir. Əks təqdirdə yerli hakimiyyət orqanları gəmi kapitanına ciddi xəbərdarlıq vermə hüququna malikdirlər.
Limanlarda ticarət gəmilərinin hüquqi vəziyyəti ya milli rejim ilə, yada qarışıq rejim ilə tənzimlənir. Ən çox isə bu məsələ, konkret saziş üzrə tərəflərin qarşılıqlı bərabərliyi prinsipinə əsaslanır.
İstənilən gəmi, bayrağını daşıdığı ölkənin qanunlarına əsasən müvafiq sənədlərə malik olmalıdır. Bu sənədlərə ölkənin bayrağını daşımaq hüququnu təsdiq edən gəmi potenti, gəmi şəhadətnaməsi, gəminin ölçü şəhadətnaməsi, üzmək üçün yararlı olmasını təsdiq edən sənəd, gəmi heyətinin siyahısı, gəmi yolu, səhiyyə jurnalı, maşın şöbəsinin sənədi və s. daxildir.
Məhəlli suları, onun təki, habelə onların üzərindəki hava sahilləri də həmin dövlətin suverinliyinə tabedir. Məhəlli suların başladığı xətt, onun eni sahil dövlətləri tərəfindən müəyyən oluna bilər.

Məhəlli suların enini hazırda ABŞ, İngiltərə, Fransa və s. üç mil, Skandinaviya ölkələri, Finlandiya dörd mil, İtaliya, Misir, Yunanıstan, Türkiyə, İran və s. altı mil, bəzi dövlətlər — Konqo, Qana, Nigeriya 12 mildən çox, 30 mil müəyyən ediblər. Keçmiş SSRİ və hazırki Rusiya Federasiyası bu məsafəni 12 mil qəbul etmişlər. BMT isə bu məsafəni 3-12 mil arasında müəyyənləşdirmişdir.
Bütün bunlarla yanaşı dövlətlərin ərazi sularında xarici hərbi gəmilərdə hidroqrafik tədqiqat aparmaq, xəritə çəkmək, manevr etmək, atəş açmaq, mina düzmək, təyyarə ilə bu sular üzərində uçuş etmək və s. beynəlxalq hüquqla qadağandır.
Təəssüflər ki, təcavüzkar bəlli olduğu halda, hələ də beynəlxalq hüquqla təcavüzkar kimi təsdiqlənməyən Ermənistan ərazilərimizin dörddə biri üzərində, xüsusən Araz çayı üzərində uçuşlar edir, Azərbaycanın hüquqi rejmini və beynəlxalq hüququnu hələ də pozmaqda davam edir.

Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT

Top