Dövlətdaxili hüquq qaydasını cinayətkər əməllərdən qorumaq məqsədi daşıyan milli cinayət hüququ kimi, beynəlxalq cinayət hüququ da beynəlxalq hüququn müxtəlif sahələrinin xüsusilə təhlükəli pozuntularına, bir neçə dövlətin və yaxud bütün beynəlxalq birliyin mənafeyinə toxunan cinayət əməllərinə qarşı mübarizə məqsədi daşıyır: məsələn, beynəlxalq dəniz hüququnda (dəniz quldurluğu), beynəlxalq hava hüququnda (hava gəmilərinin qaçırılması, mülki aviasiyanın təhlükəsizliyinə qarşı digər cinayətlər), diplomatiya hüququnda (diplomatik müdafiəsi olan şəxslər əleyhinə cinayətlər), beynəlxalq iqtisadi və maliyyə hüququnda (pul nişanələrinin saxtalaşdırılması) və s.
Beynəlxalq cinayət hüququ beynəlxalq hüququn yeni sahəsidir. Lakin ayrı-ayrı normalar artıq XIX əsrdə yaranmağa başlamışdır. Beynəlxalq cinayət məcəlləsinin ilk layihəsi hələ 1832-ci ildə ortaya çıxmışdı, lakin o zaman söhbət, əsas etibarilə, narkotik maddələrlə alver, qul alveri və s. kimi cinayətlərdən gedirdi. Sözü gedən hüququ sahəsinin inkişafına birinci dünya müharibəsi müəyyn təkan verdi. Belçika, İngiltərə, Rusiya və Fransa hökumətlərinin yaratdıqları xüsusi istintaq komissiyaları Almaniya tərəfindən müharibədə adət və qanunların kütləvi şəkildə və kobud pozulması faktlarını aşkara çıxardı. 1919-cu ildə bağlanmış Versal sülh müqaviləsi özünün 227-ci maddəsində alman imperatoru II Vilhelmi beynəlxalq əxlaq normalarını və beynəlxalq müqavilələri pozmaqla günahlandırır və onun üzərində xüsusi məhkəmə təsis edilməsini nəzərdə tutur. Müqavilənin 228-ci maddəsində müttəfiq dövlətlərin müharibə adət və qaunlarının pozulmasında təqsirli olan digər Almaniya dövlət numayəndələrini məhkəməyə vermək hüququ təsbit olunurdu. Lakin, məlum olduğu kimi, Versal sülh müqaviləsinin bu müddəaları həyata keçirilməmiş qaldı. Niderland hökuməti onun ərazisində qaçıb gəlmiş imperatoru müttəfiq dövlətlərə verməkdən imtina etdi. Digər cinayətkarlara gəldikdə isə, Almaniya hökuməti, Versal müqaviləsinin şərtlərinə zidd olaraq, həmin şəxsləri beynəlxalq məhkməyə və ya xarici dövlətin məhkəməsinə vermədi və bu işlərə baxan Leypis məhkəməsi müharibə cinayətlərində ittiham olunan 896 şəxsdən yalnız 6-nı, özü də yüngül cəzalara məhkum etdi.
1937-ci ildə bağlanmış Terrorizmin qaşısının alınması və cəzalandırılması haqqında Konvensiya “həmin Konvensiyanın müddəalarını pozmuş fiziki şəxslərin üzərində yurisdiksiyaya malik olan” beynəlxalq cinayət məhkəməsinin yaradılmasını nəzərdə tuturdu. Lakin tarixi səbələr üzündən bu məhkəmə yaradılmadı və Konvensiyanın özünü ancaq bir dövlət ratifikasiya etmişdi.
Beynəlxalq cinayət yurisdiksiyası ilk dəfə olaraq yalnız ikinci dünya müharibəsindən sonra, sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirli olan alman və yapon militaristlərini cəzalandırmaq üçün təsis olunmuş Nürnberq və Tokio tribunallarının nümunəsində həyata keçirilə bildi. Əslində “qalib dövlətlərin məhkəməsi” kimi çıxış etdiyinə və yalız bir tərəfin törətdiyi cinayətləri araşdırdığına baxmayaraq, Nürnberq və Tokio tribunalları beynəlxalq cinayət hüququnun inkişafında əhəmiyyətli rol oynadı və beynəlxalq fərdi cinayət məsuliyyətinin əsasını qoydu; ilk dəfə olaraq fiziki şəxslər beynəlxalq məhkəmə orqanı tərəfindən beynəlxalq hüquq normaları əsasında mühakimə olundular.
Soyuq müharibənin başa çatması və beynəlxalq gərginliyin azalması bütövlükdə beynəlxalq hüquqa, o cümlədən beynəlxalq cinayət məsuliyyəti institutuna pozitiv dəyişikliklər gətirdi. BMT Beynəlxalq hüquq komissiyasının uzun dövr ərzində müzakirə etdiyi Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsinin Layihəsi üzərində iş xeyli surətləndi və 1994-cü ildə ilk oxunuşda qəbul olundu. 1993 və 1994-cü illərdə müvafiq olarq Yuqoslaviya və Ruanda ad hoc beynəlxalq cinayət tribunalları təsis olundu. Bu tribunalların nizamnamələri və hökümləri elmi-praktik baxımdan olduqca diqqətəlaiqdir və beynəlxalq cinayət məsuliyyəti sahəsində presedent hüququnun inkişafına əhəmiyyətli töhfə sayıla bilər. 1998-ci ilin iyul ayında Beynəlxalq cinayət məhkəməsinin yaradılmasl haqqında Müqavilə və onun Nızmnaməsi qəbul olundu və 2002-ci il iyulun 1-də 60 ratifikasiyadan sonra Nizamnamə qüvvəyə mindi.
Beynəlxalq cinayət hüququnun bir sıra xüsusiyyətləri vardır:
a) beynəlxalq cinayət hüququ özündə nəinki cinayət hüququna, habelə cinayət-prosesual hüququna və məhkəmə quruluşuna aid normaları ehtiva edir. Məsələn, Yuqoslaviya və Ruanda tribunallarının və Beynəlxalq cinayət məhkəməsinin Nizamnamələrində maddi normalarla yanaşı, məhkəmə quruluşu və proseslə bağlı müddəalar təsbit olunmuşdur. Beynəlxalq cinayət hüququnun göstəriln xüsusiyyəti onunla izah olunur ki, o, hələ tam təşəkkül tapmamışdır və onun sistem ünsürləri lazımi inkişaf səviyyəsinə çatmamışdır;
b) beynəlxalq cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyəti həm beynəlxalq tribunallar, həm də milli məhkəmələr tərəfindən həyata keçirilə bilər. Həmin şəxslərə həm biavısitə beynəlxalq hüquq normaları (əsasən, birinci halda), həm də onların implementasiyası üçün qəbul olunmuş dövlətdaxili hüquq normaları tətbiq oluna bilər;
c) beynəlxalq cinayət hüququ, bir qayda olaraq, cəza müəyyən etmir. Doğrudur, Nürnberq və Tokio tribunalların Nizamnamələrində müəyyən cəzalar nəzərdə tutulmuşdu. Yuqoslaviya və Ruanda tribunalların və Beynəlxalq cinayət məhkəməsinin nizamnamələrində də bir sıra cəzalar təsbit olunmuşdur. Milli cinayət hüququnda, məlum olduğu kimi, hər hansı bir əməlin nəinki cinayət olması, habelə onun cəzalandırılması eyni bir norma çərçivəsində qanunverici tərəfindən müəyyən olunur. Beynəlxalq cinayət hüququnda isə, dövlətlərarası sazişlər, bir qayda olaraq, bu və ya digər əməlin cinayət xaraqterini müəyyən etsə də, konkret sanksiyalar haqqında məsələni açıq qoyur. Beynəlxalq müqavilələrdə cəzanın növü və ölçüsü haqqında göstərişin olmaması ona əsas verir ki, konkret cəza tədbiri ya milli məhkəmələr, ya da beynəlxalq tribunal tərəfindən cinayət törədildikdən sonra müəyyən oluna bilər.
Burada qeyd etmək yerinə düşərdi ki, Yuqoslaviya və Ruanda tribunalların nizamnamələrində cəza tədbirləri haqqında məsələni nizama salan ayrıca maddə (müvafiq olaraq, 24-cü maddə və 23-cü maddə) ehtiva olunmuşdur. Bu maddələrin mətni tam üst-üstə düşdüyünə görə, biz aşağıda yalniz Yuqoslaviya tribunalının Nizamnaməsinin 24-cü maddəsinin mətnini veririk: “1. Birinci instansiya palatası tərəfindən təyin olunan cəza azadlıqdan məhrumetmə ilə məhdudlaşdırılır. Palatalar keçmiş Yuqoslaviya məhkəmələrində azadlıqdan məhrumetmə haqqında hökümlərin çıxarılması təcrübəsinə müraciət edəcəklər. 2. Hökümləri çıxarılması zamanı Palatalar cinayətin xaraqteri və məhkum olunmuş şəxsin fərdi xaraqteristikası kimi amilləri nəzərə alınmalıdır. 3. Azadlıqdan məhrumetməyə əlavə olaraq, Palatalar, cinayətkar davranışla əldə edilmiş istənilən əmlakın qanuni sahibkara qaytarılması haqqında sərəncam verə bilər”. Yeri gəlmişkən, Tribunala ölüm cəzası təyin etmək səlahiyyəti verilməmişdir. Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində isə iki əsas cəza növü müəyyən edilmişdir: azadlıqdan məhrumetmə və cərimə. Məhkəmə ölüm cəzası təyin edə bilməz.
Beynəlxalq cinayət hüququnun əsas mənbəyi beynəlxalq müqavilələrdir. Qeyd etmək lazımdır ki, bu günə qədər müxtəlif səviyyələrdə xeyli sayda layihələr işlənib hazırlansa da, vahid məcəllələşdirilmiş akt – beynəlxalq cinayət məcəlləsi yoxdur. Beynəlxalq cinayət hüququ ilə bu və ya digər şəkildə bağlı olan çoxsaylı müqavilələri bir neçə kateqoriyaya ayırmaq olar:
a) bilavəsitə beynəlxalq cinayət hüququna həsr olunmuş, beynəlxalq cinayətlərin kokret tərkiblərini müəyyən edən müqavilələr (məsələn, Genasid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası; Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması haqqında 1973-cü il Konvensiyası; Beynəlxalq səviyyədə müdafiə olunan şəxslər, o cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında 1973-cü il Konvensiyası; Girov götürülməsi ilə mübarizə haqqında 1979-cu il Beynəlxalq Konvensiyası; Nüvə materialının fiziki müdafiəsi haqqında 1980-cı il Konvensiyası; İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə 1984-cü il Konvensiyası; Hava gəmilərinin qeyri-qanuni ələ keçirilməsi ilə mübarizə haqqında 1970-ci il Haaqa Konvensiyası; Mülki aviasiyanın təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında 1971-ci il Monreal Konvensiyası və bu Konvensiyaya müəyyən əlavələr etmiş Beynəlxalq mülki aviasiyaya xidmət edən aeroportlarda qeyri-qanuni zorakılıq aktları ilə mübarizə haqqında 1988-ci il Protokolu; Dəniz gəmiçiliyinin təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında 1988-ci il Konvensiyası və həmin Konvensiyaya əlavələr etmiş Kontinental şelf üzərində yerləşən stasionar platformaların təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında 1988-ci il Protokolu; Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası; Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası; Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il BMT Konvensiyası; Birləşmiş Millətlər Təşkilatı heyətinin təhlükəsizliyi haqqında 1994-cü il Konvensiyası; və s.);
b) tərkibində beynəlxalq cinayət hüququna aid olan müddəalar olan müqavilələr (məsələn, Ümumdünya Poçt Konvensiyası; Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları; Dəniz hüququ haqqında 1958-ci il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası və s.);
c) beynəlxalq tribunalların və beynəlxalq təşkilatların nizamnamələri (Nürnberq, Tokio, Yuqoslaviya və Ruanda rtibunallarının Nizamnamələri; Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsi; Beynəlxalq cinayət polisi təşkilatının (İnterpolun) Nizamnaməsi);
ç) cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq və ya hüquqi yardım haqqında ikitərəfli müqavilələr.
Beynəlxalq cinayət hüququ sahəsində beynəlxalq adət normalarının mühüm rolu vardır. Bir çox cinayətlərin (genosid, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və s.) “beynəlxalq cinayət” statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. Nürnberq beynəlxalq hərbi tribunalı, Yuqoslaviya tribunalı öz hökümlərində dəfələrlə beynəlxalq adətlərə bilavasitə istinad etmişlər.
Köməkçi hüquq mənbələri kimi beynəlxalq cinayət hüququnda milli qanunvericilik aktlarından, məhkəmə qərarlarından (həmin milli məhkəmələrin, həm də beynəlxalq məhkəmə orqanlarının çıxardıqları hökümlərdən), beynəlxalq təşkilatların qətnamələrindən geniş istifadə olunur.
Beynəlxalq cinayət – ayrı-ayrı dövlətlərin hüquqlarını və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və ya kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əmələ deyilir.
Beynəlxalq hüquq elmində “beynəlxalq cinayət” və “beynəlxalq xaraqterli cinayət” kateqoriyaları fərqləndirilir. Bütövlükdə beynəlxalq hüquq üçün, beynəlxalq məsuliyyət rejimi baxımından və habelə siyasi nöqteyi-nəzərdən müəyyən əhəmiyyət daşısa da, fiziki şəxslərin beynəlxalq məsuliyyətinin nəzərdə tutan beynəlxalq cinayət hüququ çərçivəsində bu fərqləndirmə prinsipial əhəmiyyət kəsb etmir. Beynəlxalq hüquqa zidd olan, cinayət hesab olunan və beynəlxalq fərdi cinayət məsuliyyəti doğuran hər bir əməl beynəlxalq cinayətdir (yuxarıda verdiyimiz beynəlxalq cinayət hüququnun və beynəlxalq cinayətin tərəflərində biz məsələyə məhz bu cür yanaşmışıq). Belə ki, həm genosid, həm də saxta pul hazırlanması “beynəlxalq cinayət” kimi ifadə olunmalıdır; doğrudur, milli sinayət hüququnda nəzərdə tutulan cinayətlər kimi (məsələn, adamöldürmə və tutuq ki, yüngül bədən xəsarəti yetirilməsi) onların da vurduğu zərər və təhlükəliliyi müxtəlif ola bilər. Lakin bu, göstərilən hər iki cinayətin bir terminlə ifadə edilməsinə, yəni “beynəlxalq cinayət” adlandırılmasına heç bir maneə törətmir. Digər tərəfdən, müxtəlif terminlərin işlədilməsi sırf praktik baxımdan və habelə tədris məqsədləri üçün də məqsədəuyğun deyildir.
Beynəlxalq cinayətləri qəsd obyektinə görə bir neçə qrupa ayırmaq olar:
a) sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər (təcavüz, genosid, insanlıq əleyhinə cinayətlər, müharibə cinayıtləri, BMT heyətinə qarşı cinayətlər, aparteid, beynəlxalq terrorizm). Xüsusilə geniş miqyasda narkotik vasitələrlə qeyri-qanuni alver də bu qrupa aid edilə bilər.
b) insan ləyaqətinə qarşı yönəlmiş cinayətlər (köləlik, qul ticarəti, pornoqrafiya yayılması, işgəncə, girov götürülməsi və s.).
c)dövlətlərin iqtisadi və sosial inkişafına zərər yetirən cinayətlər (saxta pul və qiymətli kağızların hazırlanması, qaçqınçılıq və s.)
ç) açıq dəniz və kontinental şelf rejiminə qarşı yönəlmiş cinayətlər (dıniz gəmiçiliyinin təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni aktlar, dənizdə kömək göstərməmək, kontinental şelf üzərində yerləşən stasionar platformaların təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni aktlar, dənizin zərərli maddələrlə çirkləndirilməsi və s.).
d) hava nəqliyyatının təhlükəsizliyinə qarşı yönəlmiş cinayətlər və s.
Aşağıda bir sıra xüsusilə təhlükəli beynəlxalq cinayətlərin anlayışı və tərkib ünsürləri ətraflı şərh olunmuşdur.
Təcavüz ən ağır beynəlxalq cinayət hesab olunur. Təcavüzün beynəlxalq cinayət “statusu” və beynəlxalq fərdi cinayət məsuliyyəti doğurması, hər şeydən əvvəl, beynəlxalq adət hüququndan irəli gəlir. Başlıca maddi-hüquqi əsas kimi 1928-ci il Brian-Kelloq Paktını, Nürnberq Tribunalının Nizamnaməsi və Hökmünü və müəyyən mənada, habelə hüquqi xarakterə malik olmayan, lakin çox böyük əhəmiyyət daşıyan “Təcavüzün tərifi” haqqında BMT Baş Assambleyasının 14 dekabr 1974-cü il tarixli qətnaməsini göstərmək olar. Təcavüz haqqında müvaviq müddəalar, həmçinin Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsi Layihəsində (16-cı maddə) öz əksini tapmışdır. Hal-hazırda Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə uyğun olaraq, təcavüz cinayətinin tərifi və ünsürləri xüsusi komissiya çərçivəsində işlənib hazırlanır və iştirakçı dövlətlər tərəfindən qəbul olunduqdan sonra Nizamnaməyə daxil ediləcəkdir.
Ümumi beynəlxalq hüquqa görə, dövlət tərəfindən törədilən təcavüzün planlaşdırılmasında, hazırlanmasında, başlanmasında və ya həyata keçirilməsində rəhbər və yaxud təşkilatçı kimi fəal iştirak edən və ya bu barədə əmr verən şəxs təcavüz cinayətinə görə məsuliyyət daşıyır. Qeyd edək ki, təcavüz aktını yalnız müvafiq hakimiyyət səlahiyyətlərinə malik olan şəxslər törədə bilərlər. Başqa sözlə, bu halda söhbət “rəhbərlərdən” və ya “təşkilatçılardan” getməlidir; bu terminlər nəinki hökumət üzvlərini, habelə hərbi ierarxiyada, diplomatik korpusda, siyasi partiyalarda və ya işgüzar dairələrdə yüksək vəzifələr tutan şəxsləri də əhatə edir. Təcavüz aktının törədilməsində iştirak qəsdən olmalıdır və təcavüzkar plan və ya siyasət çərçivəsində bütün işin dərk edilməsilə həyata keçirilməlidir.
Fiziki şəxsin təcavüz cinayətinə görə məsuliyyəti təcavüzün dövlət tərəfindən törədilməsi ilə sıx və üzvi surətdə bağlıdır. Əslində dövlətin törətdiyi təcavüz cinayəti şəxsin (şəxslərin) cinayət məsuliyyətinin yaranması üçün zəruri şərtdir. Bu həm də o deməkdir ki, dövlətin təcavüz törətməsi faktı müəyyən olunması, bu və ya digər fiziki şəxs təcavüz cinayətinə görə məsuliyyətə cəlb oluna bilməz. Digər bir tərəfdən, məlum olduğu kimi, BMT Nizamnaməsinin 39-cu maddəsinə görə, təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətinə aiddir.
Təcavüz cinayəti özündə bir neçə mərhələni ehtiva edir:
Praktikada bu mərhələlər bir-birindən aydın fərqlənmir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, yalnız bir mərhələdə iştirak cinayət məsuliyyətinin yaranması üçün kifayətdir.
“Genosid” termini ilk dəfə, əslən polyak olan Rafael Lemkin tərəfindən işlədilmişdir. Genosid cinayətinin beynəlxalq fərdi cinayət məsuliyyəti doğurması ilk dəfə olaraq BMT Baş Assambleyasının 1946-cı ildə qəbul etdiyi 97 saylı qətnaməsində təsbit olunmuşdur. Bu cinayətin hüquqi əsasını 1951-ci ildə qüvvəyə minmiş Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya təşkil edir.
Konvensiyanın 2-ci maddəsində genosidin tərifi verilmişdir; bu tərif, demək olar ki, hamılıqla qəbul edilmiş və bir neçə mühüm büynəlxalq sənəddə (məsələn, Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının Nizamnamələrində (müvafiq olaraq 4-cü və 3-cü maddələr), Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsinin Layihəsində (17-ci maddə), Beynəlxalq Cinayət Məcəlləsinin Nizamnaməsində (6-cı maddə) və bəzi dövlətlərin cinayət qanunvericiliyində olduğu kimi əks olunmuşdur (bax: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 və 104-cü maddələri). Həmin maddədə deyilir: “Genosid cinayət hər hansı bir milli, etnik, irqi və ya dini qrupu bir qrup kimi tamamılə və ya qismən məhv etmək niyyətilə törədilən aşağıdakı əməllərdən biridir;
Gördüyümüz kimi, genosidin anlayışı iki mühüm ünsürdən ibarətdir: 1) zəruri niyyət və 2) qadağan olunmuş əməl.
Genosid üçün ən əhəmiyyətli ünsür spesifik niyyətin olmasıdır. Bu, genosidi, obyektiv cəhətinə görə oxşar olan digər beynəlxalq cinayətlərdən, xüsusilə insanlıq əleyhinə cinayətlərdən və habelə müharibə cinayətlərindən (silahlı münaqişə şəraitində) fərqləndirən başlıca xüsusiyyətdir. Genosid cinayətinin tövsifedici əlaməti kimi, niyyət özündə bir neçə mühüm aspekti ehtiva edir:
1) niyyət, təsadüfən bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə şəxsin deyil, qrupun məhv edilməsındən ibarət olmalıdır; Fərdin şəxsiyyəti, yox məhz müəyyən qrupa mənsubiyyəti genosidin bilavasitə qruplarını təyin etmək üçün həlledici meyardır.
2) niyyət, qrupun bir qrup kimi, özü-özlüyündə, başqalarından fərqlənən bir ayrıca qrup kimi məhv edilməsindən ibarət olmalıdır; Bu baxımından, genosidlə adamöldürmə (homosid) cinayəti arasında fərq ondadır ki, genosid bütöv insan qruplarının mövcudluq hüququnu tanımaqdan imtina, adamöldürmə isə ayrı-ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan imtina kimi səciyyələnir.
3) niyyət, qrupun “tamamilə və qismən” məhv edilməsindən ibarət olmalıdır;
4) niyyət yuxarıda göstərilən qruplardan birinin, məhz milli, etnik, irqi və ya dini qrupun məhv edilməsindən ibarət olmalıdır. Göründüyü kimi, digər qruplar, xüsusilə siyasi və ya sosial qruplar bu siyahıya daxil edilməmişdir. Qeyd etmək yerinə düşərdi ki, bir sıra ölkələrin (Efiopiya, Sloveniya və b.) cinayət qanunvericiliyində siyasi qruplar da genosid cinayətinin obyekti kimi nəzərdə tutulmuşdur.
Genosid haqqında Konvensiyanın IV maddəsində göstərilir ki, bu cinayət Konstitusiya əsasında məhsul olan məhsul şəxs, vəzifəli şəxslər və ya adi şəxslər tərəfindən törədilə bilər.
Genosidin obyektiv cəhətinə aid olan “məhvetmə” anlayışı qrupun fiziki və ya bioloji vasitələrlə fiziki məhv olunmasını bildirir; burada söhbət qrupun milli, dil, dini, mədəni və ya digər özünəməxsusluğunun məhv olunmasından getmir. Başqa sözlə, genosid cinayətinin obyektiv cəhətinə “mədəni genosid” (yəni bu və ya digər qrupun dilini, dinini və mədəniyyətini məhv etmək məqsədilə qəsdən törədilən istənilən əməl, məsələn, qrupun dilinin gündəlik həyatda və ya məktəblərdə istifadəsinin və ya bu dildə nəştin qadağan olunması; kitabxanaların, muzeylərin, məktəblərin tarixi abidələrin, dini sitayiş yerlərinin və digər mədəni obyektlərin məhv edilməsi və ya istifadəsinin qadağan olunması və s.) aid edilmir.
Xüsusilə vurğulanmalıdır ki, genosid cinayətinə görə məhsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun məhv edilməsindən ibarət son nəticənin əldə olunması tələb olunmur. Kifayətdir ki, yuxarıda haqqənda bəhs etdiyimiz hər hansı əməldən biri müəyyən qrupun özü-özlüyündə tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilsin.
Genosiddən və ya müharibə cinayətlərindən fərqli olaraq, insanlıq əleyhinə cinayətlərin universal müqavilə əsası yoxdur və onlar, əsas etibarilə, beynəlxalq adət hüququna və ya büynəlxalq tribunalların nizamnamə və hökümlərinə söykənir. İlk dəfə olaraq insanlıq əleyhinə cinayətlər Nürünberq Tribunalının Nızamnaməsinin 6-cı maddəsində aşağıdakı kimi təsbit olunmuşdur: “İstənilən mülki əhaliyə qarşı müharibədən qabaq və ya müharibə dövtündə, Tribunalın yurisdiksiyasında olan hər hansı cinayətlə bağlı törədilən adamöldürmə, kütləvi qırğın, kölə vəziyyətinə salma, deportasiya və digər qeyri-insani aktlar və yaxud… siyasi, irqi və ya dini əsasda təqiblər”.
Beynəlxalq praktikanın və beynəlxalq hüquq elminin sonrakı inkişaf nəticəsində insanlıq əleyhinə cinayıtlərin tərkibi bir qədər genişlənmişdir. İnsanlıq əleyhinə cinayıtlərin anlayışı mövcud beynəlxalq hüquq normalarına görə müəyyən etmək üçün mötəbər beynəlxalq sənəd olan Beynəlxalq Cinayət Məhkəməsinin Nızamnaməsinə müraciət etmək olar.
Nızamnamənin 6-ci maddəsində deyilir: “İnsanlıq əleyhinə cinayıt hər hansı mülki əhaliyə qarşı sistematik və ya geniş miqyaslı hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllərdən hər hansı biri deməkdir:
Gördüyümüz kimi, insanlıq əleyhinə cinayətlərin obyektiv cəhəti olduqca genişdir və buraya müxtəlif xaraqterli əməllər daxildir.
Diqqətəlayiq haldır ki, Azərbaycanın Cinayət Məcəlləsində (105 – 113-cü maddələr) sözü gedən cinayətlər, Beynəlxalq Cinayət Məhkəməsinin Nızamnaməsində olduğu kimi öz əksini tapmışdır.
Nürünberq Tribunalının Nızamnaməsindən fərqli olaraq, insanlıq əleyhinə cinayətlərin müasir tərəfi belə bir şərti nəzərdə tutmur ki, əməl müharibə zamanı və ya sülh əleyhinə cinayətlərlə, yaxud müharibə cinayətləri ilə bağlı törədilməlidir. Qüvvədə olan beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlərin “avtonom” statusu qəbul olunmuşdur.
Belə ki, Yuqoslaviya və Ruanda tribunallarının Nizamnamələri (müvafiq olaraq 5-ci və 3-cü maddə) digər bir beynəlxalq cinayətlə əlaqənin olması tələbini nəzərdə tutmur. Bundan əlavə, Ruanda tribunallarının Nizamnaməsində birbaşa göstərilir ki. Insanlıq əleyhinə cinayətlər müharibə zamanı və ya dinc vaxtı törədilə bilər. Beynəlxalq silahlı münaqişənin insanlıq əleyhinə cinayətlər üçün zəruri şərt olmaması Yuqoslaviya tribunalı tərəfindən Duşko Tadiçin işində bir daha təsdiq olunmuşdur: “Hazırda belə bir beynəlxalq hüquq adət norması təşəkkül tapmışdır — insanlıq əleyhinə cinayətlər beynəlxalq silahlı münaqişə ilə əlaqə tələb etmir”.
“Müharibə cinayətləri” termini ümumi anlayış olub, silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Bəzən belə hesab edirlər ki, müharibə cinayətlərinə yalnız Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarında təsbit olunmuş əməllər aiddir (Cenevrə Konvensiyalarında bu əməllər “ağır pozuntular” (“grave breaches”) adlandırılmışdır). Əlbəttə, bu, yalnış fikirdir, belə ki, həmin əməllər müharibə cinayətlərinin yalız bir hissəsini və özü də ən təhlükəli və ciddi əməlləri əhatə edir. Beynəlxalq normativ və presedent təcrübəsində də vahid termindən istifadə olunmur. Məsələn, Nürünberq Tribunalı Nızamnaməsinin 6-ci maddəsində “müharibə qanun və ya adətlərin pozuntuları” ifadəsi işlədilmişdi. Bu pozuntulara aşağıdakılar daxil edilmiş edilmişdi: “işğal olunmuş ərazinin mülki əhalisinin öldürülməsi, əzab verilməsi, köləlik və ya digər məqsədlər üçün aparılması; hərbi əsirlərin və yaxud dənizdə olan şəxslərin öldürülməsi və ya onlara əzab verilməsi; girovların öldürülməsi; ictimai və ya xüsusi mülkiyyətin qarət edilməsi; şəhər və kəndlərin mənasız dağıdılması; hərbi zərurətdən doğmayan talançılıq və digər cinayətlər”.
Yuqoslaviya Tribunalının Nizamnaməsində müharibə cinayətləri ilə bağıl iki müxtəlif maddə nəzərdə tutulmuşdur (2-ci və 3-cü maddələr). 2-ci maddədə 1949-cu il Cenevrə Konvensiyalarının “ağır pozuntuları”, 3-cü maddədə isə “Müharibə qanun və adələtlərinin pozuntuları” adıaltında konkret əməllər sadalanmışdır. Ruanda Beynəlxalq cinayət tribunalının Nizamnaməsində, Ruandada baş vermiş silahlı münaqişənin qeyri-beynəlxalq xaraqterindən çıxış edərək, yalnız Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddənin və həmin Konvensiyalara 1977-ci il II Əlavə Protokolun pozuntuları öz əksini tapmışdır (4-cü maddə). Nəhayət, Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsinin Layihəsində və Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsində sadəcə olaraq “müharibə cinayətləri” ifadəsi işlədilmişdir. Qeyd edək ki, müharibə cinayətlərinə pozitiv beynəlxalq hüquq tərəfindən aid edilən bütün cinayət əməllərini axırıncı iki sənəd daha dolğun və dəqiq əks etdirir.
Beləliklə, müharibə cinayətlərinə aşağıdakı əmələr aiddir:
Yuxarıda sadalanmış pozuntulardan hər biri özü-özlüyündə konkret cinayət əməlidir və beynəlxalq cinayət məsuliyyəti doğurur.
1994-cü ildə qəbul olunmuş Birləşmiş Millətlər Təşkilatı heyətinin təhlükəsizliyi haqqında Konvensiyaya görə, “BMT orqanları və ya ixtisaslaşdırılmış təşkilatları tərəfindən ezam olunmuş və BMT əməliyyatının keçirildiyi ərazidə rəsmi sifətdə fəaliyyət göstərən hərbi, polis və ya mülki heyət əleyhinə, BMT mandatının həyata keçirilməsinə mane olmaq məqsədilə, qəsdən və ya sistematik və ya geniş miqyasda törədilən zorakı cinayətlər” (yəni adamöldürmə, bədən xəsarəti yetirilməsi və s.) sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yeni cinayət tərkibi elan olunmuşdur (bax, habelə: Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsi Layihəsinin 19-cu maddəsi).
Anlayışı və normativ məzmunu. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti prinsipi müasir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarından biridir. Ümumi beynəlxalq adət hüququnda, universal konvensiyalarda və beynəlxalq məhkəmə qərarlarında öz əksini tapmış bu prinsipin məzmunu ondan ibarətdir ki, hər hansı beynəlxalq cinayəti törətmiş və yaxud törədilməsində bu və ya digər şəkildə iştirak etmiş fiziki şəxs, cəmiyyətdə və dövlət aparatında tutduğu mövqeyindən asılı olmayaraq, həmin cinayət əməlinə görə məsuluyyət daşıyır.
Beynəlxalq cinayətlərə görə fiziki şəxslrin cinayət məsuliyyəti birbaşa beynəlxalq hüquqla müəyyən olunur. Beynəlxalq fərdi cinayət məsuliyyəti, bu və ya digər əməlin milli qanunvericilikdə kriminallaşdırmaması faktından asılı olmayaraq yaranır.
Beynəlxalq cinayətlərə görə dövlətin beynəlxalq məsuliyyəti və təqsirkar fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti arasında qarşılıqlı əlaqə belə bir ümumi prinsipə əsaslanır ki, fiziki şəxslərin məsuliytə cəlb olunması və cəzalandırılması həmin dövlətin beynəlxalq hüquq əsasında daşımalı olduğu məsuliyyətini istisna etmir.
Beynəlxalq cinayət məsuliyyəti doğuran davranış növləri. Beynəlxalq cinayət məsuliyyəti təkcə hər hansı bir beynəlxalq cinayətin fiziki şəxs tərəfindən bilavasitə törədilməsinə görə ortaya çıxmır. Şəxs, beynəlxalq cinayətin bu və ya digər şəkildə iştirak etdiyinə görə və yaxud beynəlxalq cinayətin törədilməsinə cəhd göstərdiyinə görə də məsuliyyətə cəlb oluna bilər. Bundan asılı olaraq, fərdi cinayət məsuliyyəti doğuran beynəlxalq hüquqa zidd davranışın aşağıdakı növlərinin göstərmək olar: a) beynəlxalq cinayətin qəsdən törədilməsi; b) beynəlxalq cinayətin törədilməsinə əmr verilməsi; c) beynəlxalq cinayətin törədilməsinin qarşısını almaq üçün vəzifəli şəxsin öz səlahiyyətləri daxilində zəruri tdbirlər görməməsi; ç) beynəlxalq cinayətin törədilməsinə birbaşa və əsaslı surətdə bilərəkdən köməklik göstərilməsi və ya başqa cür vasitəçilik edilməsi; d) beynəlxalq cinayətin planlaşdırılmasında və ya birgə razılaşdırılmasında birbaşa iştirak edilməsi; e) beynəlxalq cinayətin törədilməsinə başqa şəxsin (və ya şəxslərin) birbaşa və açıq surətdə təhrik edilməsi; ə) beynəlxalq cinayətin törədilməsinə cəhd edilməsi (beynəlxalq cinayətə sui-qəsd).
Gördüyünüz kimi, hər hansı bir beynəlxalq cinayətin törədilməsində fiziki şəxslərin rolu müxtəlif ola bilər. Tutaq ki, bir ərazidə silahlı münaqişə zamanı hərbi cinayətin bir növü kimi mülki şəxslərin öldürülməsi aktı baş vermişdir. Bu cinayət əməlinə görə təkcə bu əməli bilavasitə törətmiş, yəni həmin mülki əhalini qırmış hərbi qulluqçular məsuliyyət daşımayacaqlar. Müxtəlif mövqe və müxtəlif vəzifə tutan şəxslər bu cinayət aktına görə, həmin hərbi qulluqçularla yanaşı, təqsirli elan oluna bilərlər. Məsələn, göstərilən cinayətin törədilməsinə əmr vermiş hərbi komandirlər, bu cinayəti əvvəlcədən planlaşdırmış kökumət və ya ali hərbi komandanlıq üzvləri, düşmən tərəfin mülki əhalisini öldürməyə təhrik etmiş, amma həmin əməliyyatın bilavasitə icrasından kənarda qalmış şəxslər, hərbi əməliyyatın keçirilməsinə maddi yardım göstərmiş, məsələn, əsgərin silahla və ya digər hərbi sursatla təchiz edilməsinə pul ayırmış şəxslər tam əsaslı olaraq beynəlxalq cinayət məsuliyyətinə cəlb edilə blərlər. Digər misal. Genosid planını işləyib hazırlamış hökumət numayəndəsi, bu planın həyata keçirilməsi üçün tabeçiliyində olan şəxslərə genosid aktı törətmək əmri vermiş hərbi zabit və genosid aktını tötərmək əmrini yerinə yetirmiş siravi fərd genosid cinayətinin törədilməsinə, — döğrudur, müxtəlif dərəcədə, — “töhfə” verirlər və ədalət mühakiməsi tələb edir ki, bütün bu fiziki şəxslər məhsuliyyətə cəlb olunmalıdırlar. Beləliklə, əgər 1990-cı il yanvarın 20-də və sonrakı günlərdə Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı törədilmiş cinayətləri insanlıq əleyhinə cinayət kimi tövsif etsək, bu zaman, nəinki bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların törədilməsinə əmr vermiş diviziya və ya alay komandirlərinin, ən əsası, həmin mənfur cinayətkar planı işləyib hazırlamış Siyasi Büro üzvlərinin və Baş Qərərgah komandanlığının cinayət məsuliyyətinə cəlb olunması məsələsi qoyulmalıdır.
Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti doğuran əməlləri həm hərəkət, həm
də hərəkətsizliklə ifadə oluna bilər. Cinayətkar hərəkətsizliyə beynəlxalq hüquqda az rast gəlinir və buna başlıca misal kimi hərbi komandirin və ya yuxarı vəzifəli mülki şəxsin, tabeçiliyində olan adamlar tərəfindən beynəlxalq cinayətin törədilməsinə yol verməsini göstərmək olar. Yuxarı vəzifəli şəxsin beynəlxalq cinayət məsuliyyəti haqqında müasir beynəlxalq hüquq normasının məzmunu belədir: “Beynəlxalq cinayətin öz tabeçiliyində olan şəxs tərəfindən törədilməsi faktı yuxarı vəzifəli şəxsi cinayət məsuliyyətindən o halda azad etmir ki, əgər, o, tabeçiliyində olan şəxsin belə bir cinayət törətdiyini və ya törətməyə hazırlaşdığını həmin şəraitdə bilirdi və ya bilməyə əsası vardı və o, həmin cinayətin qarşısını almaq üçün öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri görməmişdi”.
Beynəlxalq hüquqda belə bir noma hamılıqla qəbul edilmişdir ki, beynəlxalq cinayət törətməkdə ittiham olunan fiziki şəxsin hökumətin göstərişinə və ya yuxarı vəzifəli şəxsinəmrinə əsasən hərəkət etməsi onu cinayət məsuliyyətindən azad etmir, lakin ədalət mühakiməsinin maraqları nəzərə alınmaqla, cəzanı yüngülləşdirən hal kimi nəzərdən keçirilə bilər.
Müasir beynəlxalq hüquq “dövlət aktı doktrinası”nı qəti surətdə rədd edir. Bu doktrinaya görə, dövlət orqanları tərəfindən əməllər yalnız dövlətə aid edilir və bu, həmin əməllərin icraçılarının fərdi təqsirini istisna edir. Şəxsi cinayət məsuliyyəti hazırda ümumi beynəlxalq hüquq norması kimi qəbul edilə bilər.
Beynəlxalq cinayət məsuliyyətinin əsas prinsipləri. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti bir sıra mühüm prinsiplərə söykənir.
1) Həmin milli hüquq sistemində, həm də beynəlxalq hüquqda cinayət məsuliyyətinin başlıca prinsiplərindən biri ondan ibarətdir ki, əməlin cinayət olması və cəzalandırılması həmin əməlin törədildiyi vaxt qüvvədə olan qanunla müəyyən olunur: cinayət qanununun retroaktiv tətbiqinin yolverilməzliyi nullum crimen nulla poena sine lege prinsipində öz əksinin tapmışdır. Beynəlxalq hüquqda bu prinsip bir sıra mühüm xüsusiyyətlərə malikdir. Birincisi, bu və ya digər əməlin beynəlxalq cinayət kimi kriminallaşdırılması heç də mütləq beynəlxalq konvensiya ilə həyata keçirilmir. Bəzi beynəlxalq cinayətlər yazılmayan mənbələrə — beynəlxalq-hüquqi adət normalarına və ya hüququn ümumi prinsiplərinə söykənir. İkincisi, kütləvi və xüsusi təhlükəli hər hansı bir əməlin cinayət xaraqteri beynəlxalq hüquqla əgər müəyyən olunmuşsa, cinayətin obyektiv cəhətinin sonradan dəqiqləşdirilməsi mümkün haldır. Üçüncüsü, yuxarıda göstərildiyi kimi, beynəlxalq hüquq normaları, bir qayda olaraq, bu və ya digər əməlin cinayət xaraqterini müəyyən edir, lakin konkret sanksiyalar haqqında məsələni açıq qoyur. Bu hal ona əsas verir ki, konkret cəza tədbiri ya milli məhkəmələr, ya da beynəlxalq tribunal tərəfindən müvafiq əməllər törədildikdən sonra müəyyən olunsun.
2) Bütün öhdəliklərin cinayət qanunvericiliyinə habelə bir prinsip məlumdur ki, cinayətin törədildiyi andan müəyyən müddət keçdiyi təqdirdə həmin əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bunun əksinə olaraq, müasir ümumi beynəlxalq hüquqda belə bir norma mövcuddur ki, beynəlxalq cinayətlərə onların törətdiyi vaxtdan asılı olmayaraq heç bir müddət tətbiq olunmur. İkinci dünya müharibəsindən sonra bir çox dövlətlər tərəfindən beynəlxalq-hüquqi adət kimi tətbiq olunmuş bu norma müqavilə qaydasında Müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə məsuliyyətə cəlb etmə müddətinin tətbiq olunması haqında 1968-ci il Konvensiyasında təsbit olunmuşdur. Konvensiyanın 1-ci maddəsində birbaşa müəyyən olunmuşdur ki, “heç bir müddət” bu cinayətlərə tətbiq olunmur. Konvensiyanın iştirakçısı olan dövlətlərin üzərlərinə götürdükləri başlıca öhdəlik ondan ibarətdir ki, “qanunla və ya digər yolla müəyyən edilmiş məsuliyyətinə cəlbetmə müddətinin… Konvensiyada göstərilmiş cinayətlərə görə məsuliyyətinə cəlb etməklə və cəzalandırmaqla bağlı tətbiq olunmamasını təmin etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri görsünlər” (Konvensiyanın 4-cü maddəsi). Azərbaycan Respublikası bu mühüm müqavilənin iştirakçısıdır: Konvensiyaya qoşulmaq haqqında aktı parlament 31 may 1996-cı il tarixdə qəbul etmişdir.
3) Ümumtanınmış norma tələb edir ki, hər hansı bir cinayət əməlini törətmiş şəxs yalnız bir dəfə cəzalandırıla bilər. Bu, non bis inidem prinsipidir. Belə bir sual ortaya çıxır: bir dövlətin məhkəməsi tərəfindən məhkum edilmiş şəxs sonralar eyni əmələ görə beynəlxalq məhkəmə tərəfindən cəzalandərəla bilərmi? Beynəlxalq hüquq bu suala müsbət cavab verir; müasir beynəlxalq hüquqda, göstərilən prinsipdən iki istisna mövcuddur. Belə ki, hər hansı beynəlxalqcinayətə görə milli məhkəmə tərəfindən məhkum olunmuş şəxsin işinə beynəlxalq tribunal sonralar o halda baxa bilər ki, 1) onun törətdiyi əməl adi cinayət kimi tövsif edilmişdir və ya 2) milli məhkəmə prosesi qərəzsiz və müstəqil olmamış, müttəhimi beynəlxalq cinayət məsuliyyətindən qorumaq məqsədi daşımış və yaxud işin istintaqı lazımi səylə aparılmamışdır (Yuqoslaviya tribunalı Nizamnaməsinin 10-cu maddəsi və Beynəlxalq cinayət məhkəməsi Nizamnaməsinin 20-ci maddəsi). Gördüyünüz kimi, istisnalar non in idem prinsipinə mahiyyət etibarilə xələl gətirmir və beynəlxalq cinayət məsuliyyətinin səmərəli həyata keçirilməsinə xidmət edir. Əgər doğrudan da milli məhkəmə, məsələn, genosid əməlini adamöldürmə kimi tövsif edibsə və ya bu cinayəti törətmiş öz vətəndaşını beynəlxalq məsuliyyətindən gizlətməyə çalışıbsa, onda beynəlxalq tribunalın işi öz icraatına götürməsi beynəlxalq ədalət mühakiməsinin mahiyyəti və təyinatı baxımından məntiqi görünür və əslində təqsirli şəxsin ikinci dəfə cəzalandırılması demək deyildir.
4) Beynəlxalq fərdin cinayət məsuliyyəti rejimin əsasında universal yurisdiksiya prinsipi dayanır. Bu prinsipin əsas məzmunu ondan ibarətdir ki, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə, yəni bütün dünya birliyinin mənafeyinə toxunan ağır beynəlxalq cinayətlər törətmiş şəxslər dünyanın istənilən dövləti tərəfindən məsuliyyətə cəlb oluna və məhkum oluna bilərlər.
Universal yurisdiksiya prinsipi öz ifadsini həm də ondə tapır ki, beynəlxalq cinayətlərdə təqsirli olan şəxslər siyasi sığınacaq və ya qaçqın statusu almağa iddia edə bilməzlər. 1967-ci il dekabrın 14-də qəbul edilmiş Ərazi sığınacağı haqqında Bəyannamənin 1-ci maddəsinin 2-ci bəndində deyilir: “Barəsində sülh əleyhinə cinayət və yaxud insnlıq əleyhinə cinayət törətdiyi haqda ciddi əsasların mövcud olduğu şəxs sığınacaq axtarmaq və sığınacaqdan istifadə etmək hüququna istinad edə bilməz”. Analoji müddəa Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında təsbit olunmuşdur: 1-ci maddənin “e” bəndinin a) yarımbəndinə görə, həmin konvensiyanın müddəaları yuxarıda göstərilən cinayəti törətmiş şəxslərə şamil edilmir.
Universal yurisdiksiya prinsipi ilə bağlı mühüm bir cəhəti də qeyd etmək lazəmdər: bu prinsip beynəlxalq cinayətlərin bir növünə — təcəvüzə şamil edilmir. Yalnız təcəvüz etmiş dövlət öz vətəndaşlarını bu əmələ görə cinayət məsuliyyətinə cəlb edə bilər. Biz yuxarıda qeyd etmişdik ki, dövlətin təcəvüz cinayət törətməsi faktının müəyyən olunması bu cinayətdə iştirak etmiş şəxslərin beynəlxalq cinayət məsuliyyəti üçün zəruri şərtdir. Başqa sözlə, məhkəmə, dövlətin təcavüz etməsi kimi ilkin məsələni nəzərdən keçirməmiş bu cinayətə görə fərdi cinayət məsuliyyəti məsələsini həll edə bilməz. Bir dövlətin milli məhkəməsi tərəfindən başqa bir dövlətin təcavüz aktı törədib-törətməməsi məsələsinin həll edilməsi beynəlxalq hüququn əsas prinsiplərindən biri olan par in parem imperium non habet prinsipi pozmuş olardı. Bundan əlavə, bir dövlətin milli məhkəməsi tərəfindən başqa bir dövlətin təcavüz aktı ilə bağlı yurisdiksiyasının həyata keçirilməsi beynəlxalq münasibətlər və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi nəticələr doğurardı.
Universal yurisdiksiya prinsipi ilə üzvi surətdə bağlı olan, hamılıqla tanınmış və bir çox beynəlxalq sazişlərdə təsbit olunmuş aut dedere aut yudikare prinsipinə əsasən, istənilən dövlət müəyyən beynəlxalq cinayət əməli törətməkdə, şübhəli sayılan və onun ərazisində yerləşən fiziki şəxslə bağlı aşağıdakı suveren hüquqa və vəzifəyə malikdir: həmin şəxsi ya müvafiq dövlətə vermək, ya da özü məsuliyyətə cəlb etmək və cəzalandırmaq. Beynəlxalq cinayət törətmiş şəxsi cinayət hüququ qaydasında təqib etmək və ya müvafiq dövlətə vermək həmin şəxsin tutulub saxlandığı dövlətin üzərinə qoyulur. “Saxlayan dövlət” (“the custodial state”) bütün tədbirləri görməlidir ki, şəxs ya həmin dövlətin öz müvafiq orqanları tərəfindən, ya da işi araşdırmağa hazır olduğunu bildirən və ekstradisiya xahişi ilə müraciət edən digər dövlətin orqanları tərəfindən mühakimə olunsun.
Bundan əlavə, beynəlxalq fərdi cinayət məsuliyyəti sahəsində məlum prosessual prinsiplər də mövcuddur: qanunçuluq, ədalət, məsuliyyətin fərdiliyi, məsuliyyətin labüdlüyü və s.
Beynəlxalq cinayət törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəl olunmasında və mühakimə olunmasında milli məhkəmələr əhəmiyyətli rol oynaya bilər və əslində oynamalıdır. Bir sıra ölkələrin (Almaniya, ABŞ, Fransa, İsrail və b.) məhkəmə orqanları xüsusilə İkinci dünya müharibəsi dövründə rörədilmiş beynəlxalq cinayətlərlə bağlı xeyli sayda əhəmiyyətli hökümlər çıxarılmışdır. Göstərilən hüquq və vəzifəni adekvat həyata keçirmək üçün hər bir dövlət öz milli qanunvericiliyinə maddi və prosessual hüquqi mexanizmlər nəzərdə tutulmalıdır. Hər şeydən əvvəl, bu o deməkdir ki, dövlət müvafiq beynəlxalq sazişlərin tələblərindən çıxış edərək, beynəlxalq cinayət tərkiblərini öz cinayət qanunvericiliyinə daxil etməlidir. Diqqətəlayiq haldır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ayrıca bölmə (Bölmə VII) sülh və bəşəriyyət əleyhinə cinayətlərə həsr olunmuşdur. Digər beynəlxalq cinayətlər də Məcəllənin müvafiq maddələrində öz adekvat əksini tapmışdı.
Lakin beynəlxalq cinayət yurisdiksiyasının həyata keçirilməsi üçün ən optimal mexanizm daimi fəaliyyət göstərən beynəlxalq cinayət məhkəməsidir. Lakin belə bir məhkəmə bu günə qədər hələ fəaliyyətə başlamamışdır. Bununla yanaşı, konkret tarixi şəraitdə və konkret məkanda baş vermiş hadisələri araşdırmaq və ağır cinayətlər törətmiş şəxsləri mühakimə etmək məqsədilə ad hoc əsasda beynəlxalq tribunallar təsis olunmuşdur. Bunlar ikinci dünya müharibəsindən sonra yaradılmış Nürnberq və Tokio tribunalları və müvafiq olaraq 1993-cü və 1994-cü illərdə yaradılmış Yuqoslaviya və Ruanda tribunallarıdır. Son iki tribunal, “qalib dövlətlər” tərəfindən yaradılan Nürnberq və Tokio tribunallarıdan fərqli olaraq, ilk dəfə idi ki, beynəlxalq təşkilatın qərarı, daha doğrusu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında yaradılmışdır.
Nürnberq və Tokio tribunalları. Bu iki tribunal beynəlxalq cinayətlər törətmiş şəxsləri mühakimə etmək üçün təsis olunmuş ilk beynəlxalq məhkəmə orqanları idi. Onlar ikinci dünya müharibəsi illərində törədilmiş misilsiz vəhşiliklərə cavab olaraq qalib dövlətlər tərəfindən yaradılmışdı. Nürnberq tribunalı ABŞ, Böyük Britaniya, SSRİ və Fransa arasında 1945-ci ildə bağlanmış Sazişdə nəzərdə tutulmuşdu. Sonralar daha 19 dövlətin qoşulduğu bu Sazişə Beynəlxalq hərbi tribunalın Nizamnaməsi əlavə olunmuşdu. Uzaq Şərq üçün Beynəlxalq hərbi tribunal 11 dövlət (ABŞ, Böyük Britaniya, SSRİ, Fransa, Çin, Avstraliya, Yeni Zelandiya, Kanada, Niderland, Filippin və Hindistan) arasında 1946-cı ildə imzalanmış Sazişə müvafiq olaraq təsis olunmuşdu. Yaponiya militaris siyasətinin aparıcı fiqurlarını cəzalandırmaq məqsədi daşıyan bu Tribunal Nürnberq tribunalının, prinsip etibarilə, eyni idi.
Nürnberq tribunalının yurisdiksiyasına sülh əleyhinə cinayətlər, müharıbə cinayətləri, və insanlıq əleyhinə cinayətlər aid edilmişdi. Bu Tribunalın Nizamnaməsi və çıxardığı hökümlər beynəlxalq cinayət hüququnun inkişafına əhəmiyyətli təkan vermişdir. Bir sıra Nürnberq prinsiplri sonralar beynəlxalq adət hüququna daxil olmuşdur; məsəln, müttəhim dövlət başçısı və ya digər məsul vəzifəli şəxs olması onu göstərilən cinayətlərə görə məsuliyyətdən azad etmir; cinayətin yuxarı vəzifəli şəxsin və ya hərbi komandirin əmrinə əsasən törədilməsi tabeçilikdə olan şəxsi məsuliyyətdən azad etmir; lakin yüngülləşdirici hal kimi çıxış edə bilər və s. Nürnberq tribunalı nəinki fiziki şəxslərin, habelə təşkilatların da cinayət məsuliyyəti barədə məsələ qaldırmışdı. Tribunal 12 nəfəri ölüm cəzasına, 7 nəfəri azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş, 3 nəfərə isə bəraət vermişdi.
Yuqoslaviya tribunalı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 23 fevral 1993-cü il tarixli 808 saylı və 25 may 1993-cü il tarixli 827 saylı qətnamələri əsasında yaradılmışdır. Tribunalın öz Nizamnaməsi əsasında fəaliyyət göstərir. Nizamnamədə aşağıdakı cinayət tərkibi göstərilmişdir: Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının ciddi pozuntuları; müharibə qanun və adətlərinin pozulması (bu, əsasən, beynəlxalq humanitar hüququn “Haaqa hüququ” adlanan hissəsinin ciddi pozuntularını əhatə edir); genosid və insanlıq əleyhinə cinayətlər. 6-cı maddəyə əsasən, Tribunal yalız fiziki şəxslər üzərində yurisdiksiyaya malikdir (hüquqi şəxsıər buraya daxil edilmir). Tribunal aşağıdakı orqanlardan ibarətdir: 1) iki birinci instansiya palatası və Apellyasiya palatası; 2) Prokuror; 3) Dəftərxana (o, həm palatalara, həm də Prokurora xidmət edir). Nizamnamədə, bunlardan əlavə, aşağıdakı məsələlər öz əksini tapmışdır: ibtidai istintaq və ittihamnamənin təsdiqi; məhkəmə baxışı; müttəhimlərin hüquqları, zərərçəkənlərin və şahidlərin müdafiəsi; höküm və cəza məsələləri; apellyasiya və yeni faktların aşkara çıxarılması ilə hökmə yenidən baxılması; hökmün icrası; əfv və hökümlərin əvəz olunması; əməkdaşlıq və hüquqi yardım; Tribunalın imtiyaz və immunitetləri; Tribunalın xərcləri və s.
Yuqoslaviya tribunalının olduğu yer Niderlandın Haaqa şəhəridir.
Tribunal artıq yüzdən artıq şəxs barəsində ittiham irəli sürmüş və onlarla şəxs barəsində hökm çıxarmışdır.
Ruanda tribunalı 1994-cü il noyabrın 8-də Təhlükəsizlik Şurasının 955 saylı qətnamsi əsasında təsis olunmuşdur. Bu tribunal Ruandada və ona qonşu ölkələrdə qısa müddət ərzində törədilmiş görülməmiş vəhşiliklərə cavab tədbiri kimi yaradılmışdır: 1994-cü ildə üç ay ərzində, əsasən, tutsi etnik qrupundan olan 500000 adam kütləvi qırğına məruz qalmışdır. Buna görə də Ruanda tribunalının yurisdiksiyasına birinci növbədə genosid cinayəti daxil edilmişdir. Ruanda tribunalının Nizamnaməsi Yuqoslaviya tribunalının Nizamnaməsini əsasən təkrarlayır.
Tribunal 1998-ci il sentyabrın 2-də beynəlxalq cinayət hüququ tarixində ilk dəfə olaraq genosidlə bağlı hökm (Taba rayonunun meri Jan Pol Akayesuya qarşı) çıarmışdır. Ruanda tribunalının bu günə kimi çıxdığı 10-na qədər hökm genosid cinayətinin düzgün tövsifi baxımından olduqca əhəmiyyətlidir. Tribunal olduğu yer Aruşa şəhəridir (Tanzaliya).
Beynəlxalq cinayət məhkəməsi. BMT Beynəlxalq hüquq komissiyası tərəfindən işlənib hazırlanmış müvafiq Nizamnamə layihəsi 1994-cü ildə BMT Baş Assambleyasının xüsusi Hazırlıq Komitəsi tərəfindən bəyənilmiş və 1998-ci ilin iyul ayında Romada keçirilmiş diplomatik konfransda böyük səs çoxluğu ilə qəbul olunmuşdur. Nizamnaməyə görə, Beynəlxalq cinayət məhkəməsi fakultativ yurisdiksiyaya malik olacaq, milli məhkəmələr cinayət yurisdiksiyasını tamamlayacaq daimi beynəlxalq təsisat kimi nəzərdə tutulmuşdur.
Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası dövlətlərə deyil, yalınz fiziki şəxslərə şamil ediləcəkdir.
Məhkəmənin yurisdiksiyasına aşağıdakı cinayətlər aid edilmişdir: a) genosid; b) təcavüz; c) beynəlxalq humanitar hüququn ciddi pozuntuları və c) insanlıq əleyhinə cinayətlər.
Nizamnaməyə görə, Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası Nizamnamənin qüvvəyə mindiyi andan sonra baş vermiş cinayətlərə şamil olunmur.
Məhkəmə öz yurisdiksiyasını o halda həyata keçirə bilər ki, ərazisində cinayət baş vermiş dövlət və yaxud müttəhimin vətəndaşı olduğu dövlət ya Nizamnamənin iştirakçısıdır, ya da xüsusi bəyanat vasitəsilə Məhkəmənin yurisdiksiyasını qəbul edir. Məhkəmənin yurisdiksiyasının həyata keçirilməsi üçün təşəbbüskar iştirakçı dövlət, Təhlükəsizlik Şurası və ya Prokuror olabilər. Diqqətəlayiq haldır ki, Prokuror özü istintaqa başlaya bilər. O, hətta müvafiq dövlətin razılığı olmadan onun ərazisində bir sıra məhdud xaraqterli istintaq həyata keçirmək səlahiyyətinə malikdir.
Beynəlxalq cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin əməkdaşlığının müxtəlif təşkilati formaları mövcuddur. Əsas etibarilə bu əməkdaşlıq BMT sistemində həyata keçirilir.
Birinci növbədə Cinayətkarlığın qarşısının alinması və cinayət ədalət mühakiməsi üzrə Komissiyanı (1991-ci ilə qədər – Cinayətkatlığın qarşısının alinması və onunla mübarizə üzrə Komissiya) göstərmək lazımdır. Cinayətkarlıqla mübarızə üzrə əməkdaşlıq məsəsləri ilə məşğul olan BMT orqanları sistemində bu Komissiya mərkəzi yer tutur. Komissiya EKOSOK tərəfindən üç il müddətinə seçilən 40 dövlətin nümayəndələrindən ibarətdir. Onun başlıca funksiyaları aşağıdakılardır: göstərilən sahədə BMT-nin önəmli prinsiplərinin işlənib hazırlanması; Cinayətkatlığın qarşısınınalinması sahəsində BMT Proqramının (BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul olunmuşdur) həyata keçirilməsi gedişinə nəzarət; regional və regionlararası təsisatların fəaliyyətinin əlaqələndirilməsi.
BMT Baş Assambleyasının 1950-ci ildə qəbul etdiyi qərara əsasən, hər beş ildən bir Cinayətkarlığın qarşısının alinması və cinayətkarlıqla rəftar üzrə BMT-nin Konqresləri keçirilir. Bu Konqreslərdə son beş il ərzində sözü gedən sahədə dövlətlərin əməkdaşlığının nəticələri təhlil edilir, sonrakı dövr üçün fəaliyyət istiqamətləri və konkret tədbirlər müəyyən edilir. Aşağıdakı məsələlər son dövürdə keçirilmiş Konqreslərin diqqət mərkəzində olmuşdur: inkişaf kontekstində cinayətkarlığın qarşısının alınması və cinayət ədalət mühakiməsi; terrorizm, mütəşəkkil cinayətkarlıq və çirkli pulların yuyulması kimi cinayətlərlə birgə mübarizə; yetkinlik yaşına çatmamış şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması və bu şəxslərə qarşı ədalət mühakiməsinin həyata keçirilməsi və s.
Bunlardan əlavə, BMT Katibliyi çərçivəsində yaradılmış osial inkişaf və humanitar məsələlər üzrə Mərkəzi, bu Mərkəz yanında fəaliyyət göstərən Cinayətkarlığın qarşısının alinması və cinayət ədalət mühakiməsi üzrə Şöbəni göstərmək olar.
BMT sistemindən kəharda da cinayətkarlıqla mübarızə üzrə təşkilat və orqan mövcuddur. Onların sırasında ən əsası və ən səmərəlisi Beynəlxalq Cinayət Polisi Təşkilatıdır (İnterpol). İnterpolun əsası 1923-cü ildə qoyulmuşdur. O, milli polis idarələrinin nümayəndələrindən ibarətdir. İnterpolun əsas məqsədi cinayətkarlıqla mübarızədə müxtəlif dövlətlərin polis orqanlarının səylərini birləşdirməyə yardım etməkdir. İnterpol minlərlə təhlükəli cinayətkarların kartotekasını aparır. O, aşağıdakı strukrura malikdir: Baş Assambleya, İcraiyyə komitəsi (ona Prezident rəhbərlik edir), Baş katiblik, ayrı-ayrı şöbələr (inzibati, elmi-tədqiqat, polis, texniki təminat), yarım şöbələr (ümumi cinayətlər, narkomaniya ilə mübarızə, iqtisadi cinayətkarlıq və s.), milli mərkəzi bürolar. Mənzil-qərargahı Fransanın Lion şəhərində yerləşir.
Cinayətkarların verilməsi (ekstradisiya) institutu beynəlxalq cinayətlərin ayrı-ayrı növləri ilə mübarızəyə həsr olunmuş beynəlxalq sazişlərə, dövlətlər arasında xüsusi olaraq bağlanmış regional müqavilələrlə və ekstradisiya və ya cinayət işləri üzrə hüquqi yardım göstərilməsi haqqında ikitərəfli müqavilələrlə əsaslanır.
Regional müqavilələrə misal olaraq, Avropa Şurasının üzv-dövlətləri arasında 1957-ci ildə bağlanmış Cinayətkarların verilməsi haqqında Avropa Konvensiyasını (1975-ci və 1978-ci illrdə Konvensiyaya iki Əlavə Protokol qəbul edilmişdir); Britaniya Millətlər Birliyi üzvləri tərəfindən 1966-cı ildə bağlanmış Cinayətkarların verilməsi haqqında Müqaviləni; dörd Afrika ölkəsi (Benin, Qana, Nigeriya və Toqo) arasında 1984-cü ildə bağlanmış Cinayətkarların verilməsi haqqında sazişi; on keçmiş sovet respublikası tərəfindən 1003-cü ildə imzalanmış Hüquqi yardım və mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında Konvensiyanı göstərmək olar.
Müasir beynəlxalq hüquqda ekstradisiya yalız artıq məhkum olnmuş və ya cinayətkar olduğu güman edilən, yeni cinatət törədilməsində ittiham edilən şəxslərə tətbiq olunur. Bir qayda olaraq, cinayətkarın verilməsini aşağıdakı dövlətlərdən hər hansı biri tələb edir; güman edilən cinayətkarın vətəndaşı olduğu dövlət; ərazisində cinayət törətmiş dövlət və yaxud cinayətdən zərər çəkmiş dövlət.
Mövcud müqavilələrə əsasən, cinayətkarlar bu şərtlərlə verilə bilər; törədilmiş əməl ekstradisiya haqqında müqavilə ilə nəzərdə tutulmuşdur; əməl hər iki dövlətin cinayət qanunvericiliyi ilə bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır; verilən şəxs yalız həmi cinayətə görə mühakimə edilə bilər; əgər cinayətkarı verən dövlətin qanunvericiliyində ölüm cəzası nəzərdə tutulmursa, onda verilən şəxsə ölüm cəzası tətbiq edilə bilməz.
Müəyyən hallarda şəxs başqa dövlətə verilmir: a) dövlətin öz vətəndaşları; b) siyasi cinayətlər haqqında işlər üzrə; c) cinayət, şəxsi vermək xahişi ünvanlanmış dövlətdə törədildikdə; ç) şəxs sığınacaq hüququ aldıqda və ya artıq həmin cinayətə görə cəza çəkmişsə və yaxud məhkəmə tərəfindən bəraət almışsa; d) qanunla müəyyən olunmuş müddət keçdikdə; e) cinayət işi xitam edildikdə; ə) verilən şəxsə işgəncə veriləcəyi təhlükəsi olduqda və s.
Müvafiq dövlətlərarası sazişlərdə, bir qayda olaraq, cinayətkarların verilməsi proseduru müfəssəl təfsir olunur.
Cinayət işləri üzrə hüquqi yardım,o cümlədən, cinayətkarların verilməsi sahəsində Azərbaycan Respublikası indiyə qədər 14 ikitərəfli saziş imzalamışdır (Rusiya, Gürcüstan, İran,Türkiyə, Bolqarıstan, Litva, Ukrayna və başqa dövlətlərlə). Göstərilən sahədə ölkəmizdə qəbul olunmuş iki – qanunun “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” 15 may 2001-ci il tarixli Qanunun və “Cinayət işlərinə dair hüquqi yardım haqqında” 29 iyul 2001-ci il tarixli Qanunun böyük əhəmiyyəti vardır. Hər iki Qanunun müddəaları Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda tətbiq edilir.