Beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamaın tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
“Beynəlxalq humanitar hüquq” görkəmli alim Jan Pikte tərifindən beynəlxalq- hüquqi leksikona daxil edilmiş nisbətən yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründətətbiq edilən hüquq; müharibə hüququ (jus in bello); silahlı münaqişələr hüququ; müharibə qanun və adələtli və s.
Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, — onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq, — müəyyən normativ çərçivəyə salmağa can atır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
1. Kombatant olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan “Cenevrə hüququ” həyata keçirir. “Cenevrə hüququ” termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür.
2. Seçimsiz zorakılığın artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədin həyata keçirilməsinə yönəlmiş hissəsi “Haaqa hüququ” adlandırılır (1899 və 1907-ci illərdə Haaqa sülh konfranslarında qəbul olunmuş müvafiq sənədlərə istinadən).
Beynəlxalq humanitar hüquq, əsas etibarilə, müqaviləyə söykənir. Bu sahədə aşağıdakı sazişləri göstərmək olar:
Sadalanmış bu beynəlxalq müqavilələr içərisində beynəlxalq humanitar hüquq üçün ən əhəmiyyətlisi, şübhəsiz ki, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları və onlara 1977-ci il Əlavə Protokollarıdır.
Beynəlxalq humanitar hüquqda adət normaları da əhəmiyyətli rol oynayır. Bu normaların əksər hissəsi ümumi beynəlxalq hüququn bir hissəsidir və bütövlükdə beynəlxalq birlik tərəfindən jus cogens normaları kimi tanınmışdır. Bu cür normalar, hər hansı konvensiyanın iştirakçısı olub-olmadığından asılı olmayaraq, dünyanın hər bir dövləti üçün məcburidir.
Məsələn, Yuqoslaviya tribunalı Disko Tadiç işində (1995) qeyd etmişdir ki, daxili silahlı münaqişələr dövründə müharibə qurbanları ilə rəftara aid normalar mövcud beynəlxalq adət hüququnun bir hissəsi kimi hamılıqla tanınmışdır.
Bundan əlavə, bir mühüm məqamı qeyd etmək lazımdır ki, pozitiv hüquq
normalarının əhatə etmədiyi hallarda, “mülki əhali və vuruşan qüvvələr… insanlıq qanunlarının və ictimai şüurun tələblərinin… mühafizəsi altında qalırlar”. Bu prinsip, 1899-cu ildə onu irəli sürmüş alimin soyadına istinadən Martens klauzulası (qeyd-şərti) kimi məşhurdur və IV Haaqa Konvensiyasında və I Əlavə Protokolda öz əksini tapmışdır.
Beynəlxalq humanitar hüquq yalnız silahlı münaqişə zamanı və istənilən silahlı münaqişə zamanı tətbiq olunur. Buna görə də silahlı münaqişəyə nəyin aid edildiyini bilmək olduqca zəruridir.
Beynəlxalq humanitar hüququn əsas tətbiq sahəsi beynəlxalq silahlı münaqişələrdir. Belə ki, 1949-cu il Cenevrə Konvensiyalarının 1977-ci ildə qəbul olunmuş Əlavə Protokollarla bir yerdə cəmisi 20 müddəası əgər daxili silahlı münaqişələrə aiddirsə, 500-ə yaxın maddəsi isə beynəlxalq müharibələrə həsr olunmuşdur. Beynəlxalq silahlı münaqişə, — müharibənin elan olunub-olunmamasından, xarakterindən və tərəflərin müharibə vəziyyətini tanıyıb-tanımamasından asılı olmayaraq, — iki və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişə kimi başa düşülür.
Cenevrə Konvensiyaları üçün ümumi olan 2-ci maddədə deyilir: “Dinc dövrdə qüvvəyə minməli olan müddəalardan başqa, bu konvensiya iki və ya daha artıq Yüksək Razılığa gələn Tərəflər arasında meydana çıxan elan olunmuş müharibə və ya istənilən digər silahlı münaqişə zamanı, həmin Tərəflərdən biri müharibə vəziyyətini tanımadığı halda belə, — tətbiq olunur. Konvensiya habelə Yüksək Razılığa gələn Tərəfin ərazisinin bütövlükdə və ya qismən işğal olunduğu bütün hallarda, — bu işğal heç bir silahlı müqavimətə rast gəlmədikdə belə, — tətbiq olunur”.
Özünümüəyyənetmə hüququnu həyata keçirmək üçün müstəmləkə hökmranlığına və xarici işğala və irqçi rejimlərə qarşı xalqların apardıqları silahlı mübarizə də beynəlxalq silahlı münaqişə hesab edilir (Cenevrə Konvensiyalarına I Əlavə protokolun 1-ci maddəsinin 4-cü bəndi).
Bundan əlavə, beynəlxalq humanitar hüquq qeyri-beynəlxalq xarakterli (daxili) silahlı münaqişələrə şamil edilir. Bu, Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddədə göstərilmişdir. Cenevrə Konvensiyalarına II Əlavə Protokolun 1-ci maddəsinin 1-ci bəndində bu cür silahlı münaqişələrin səciyyəvi cəhətləri dəqiqləşdirilmişdir:
Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddədə dövlətlərin suverenliyi və ərazi bütovlüyü baxımından belə bir mühüm müddəa təsbit olunmuşdur ki, müvafiq beynəlxalq humanitar hüquq normalarının tətbiqi münaqişədə olan tərəflərin hüquqi statusuna heç bir xələl gətirmir.
Beynəlxalq humanitar hüquq habelə son onilliklər üçün səciyyəvi olan qarışıq silahlı münaqişələr – beynəlxalq münaqişələrin əlamətlərini kəsb edən, yəni digər dövlətin birbaşa hərbi müdaxilə etdiyi daxili silahlı münaqişələr – dövründə də tətbiq olunur.
Nikaraqua işində BMT-nin Beynəlxalq Məhkəməsi, Amerika Birləşmiş Ştatlarının Nikaraquadakı “kontras”lara yardımı məsələsini nəzərdən keçirərkən, nəinki müdaxilə edən dövlətin özünün humanitar hüquqa riayət etməli olduğunu qeyd etmişdi, həmçinin göstərmişdi ki, həmin dövlət Cenevrə Konvensiyaları üçün ümumi olan 1-ci maddənin tələblərindən çıxış edərək, yardım etdiyi qüvvələr tərəfindən də humanitar hüquqa riayət olunmasını təmin etməlidir.
Beynəlxalq humanitar hüquq normaları daxili gərginlik hallarına, daxili iğtişaşlara, sporadik zorakılıq aktlarına tətbiq olunmur. Bu cür hallara beynəlxalq insan hüquqları standartları şamil edilir.
Beynəlxalq humanitar hüquq onun məqsəd və vəzifələrini əks etdirən bir sıra prinsiplərə söykənir. Bu prinsiplər aşağıdakılardır:
a) silahlı münaqişələrin humanistləşdirilməsi; bu, əslində beynəlxalq humanitar hüququn başlıca prinsipidir.
b) döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan
tərəflərin üzərinə məhdudiyyətlər qoyulması;
c) müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi;
ç) mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi;
d) hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə uzlaşdırılması;
e) düşmən tərəfə, müharibənin məqsədinə (məsələn, düşmənin hərbi gücünün məhv edilməsi və ya zəiflədilməsi və s.) uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyi;
ə) neytral dövlətlərin mənafelərinin qorunması.
Beynəlxalq humanitar hüququ təşkil edən bütün normativ massivi ən yığcam formada belə ifadə etmək olar:
1. Sıradan çıxmış şəxslər, habelə hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslər, xüsusilə mülki əhali onların həyatına və fiziki toxunulmazlığına hörmət edilməsi hüququna malikdirlər. Bütün hallarda onlarla, heç bir fərq qoyulmadan, insani rəftar edilməlidir.
2. Təslim olan və ya hərbi əməliyyatlarda artıq iştirak etməyən düşməni öldürmək və yaxud ona xəsarət yetirmək qadağandır.
3. Yaralılar və xəstələr yerdən götürülməli və onlara lazımi yardım göstərilməlidir. Tibbi heyət, tibbi müəssisələr və nəqliyyat vasitələri də müdafiə altındadır. Qırmızı xaç və qırmızı aypara nişanına hörmət edilməlidir.
4. Əsir götürülmüş döyüş iştirakçıları (kombatantlar) və düşmən tərəfin əlində olan mülki şəxslər onların həyatına, ləyaqətinə, şəxsi hüquqlarına və əqidələrinə hörmət edilməsi hüququnamalikdirlər. Onlar istənilən zorakılıq aktlarından müdafiə olunmalıdırlar. Onlar öz ailələri ilə məktublaşmaq və kömək almaq hüququna malik olmalıdırlar.
5. Hər kəsin əsas məhkəmə təminatlarına hüququ vardır. Heç kəs törətmədikləri hərəkətlərə görə məsuliyyət daşımır. Heç kəs fiziki və ya psixi işgəncələrə, cismani cəzalara, qəddar və ya alçaldıcı rəftara məruz qalmamalıdır.
6. Münaqişənin tərəflərinin və onların silahlı qüvvələrinin döyüş aparılmasının metod və vasitələrini seçmək hüququ qeyri-məhdud deyildir. Artıq dağıntılar və ya hədsiz əzab-əziyyət törətməyə qabil olan silahların və döyüş aparılması metodlarının tətbiqi qadağandır.
7. Münaqişənin tərəfləri mülki əhalini və mülki obyektləri qorumaq məqsədilə mülki əhali və kombatantlar arasında həmişə fərq qoymalıdırlar. Nə bütövlükdə mülki əhali, nə də ayrı-ayrı mülki şəxslər hücuma məruz qalmamalıdır. Hücum yalnız hərbi obyektlərə qarşı yönəlməlidir.
Müharıbənin başlanmasə ilə, bir qayda olaraq, aşağıdakı hüquqi nəticələr ortaya çıxır:
Beynəlxalq humanitar hüquq üçün ən mühüm məsələlərdən biri mülki şəxslərlə vuruşan şəxslər, yəni kombatantlar arasında fərqin dəqiq müəyyən edilməsidir. Humanitar hüquq normalarına görə, yalız kombatantlar döyüş əməliyyatlarında bilavəsitə iştirak etmək hüququna malikdirlər və onlara qarşı silah işlədilməsi mümkün sayılır.
Kombatanlara və ya kombatant statusuna malik olanlara aşağıdakılar aiddir:
I. Davranış:
1) mülki şəxs döyüş əməliyyatlarında iştirak etmir;
2) kombatant döyüş əməliyyatlarında iştirak edir.
II. Hüquqları:
III. Məsuliyyət:
IV. Hücumlardan müdafiə:
V. Düşmən tərəfindən rəftar necə olmalıdır:
1) beynəlxalq humanitar hüquq ona hörmət etməyi və istənilən şəraitdə onunla humanist rəftar etməyi tələb edir;
2) əsr götürüldükdə, hərbi əsr statusuna malik olur.
Beynəlxalq humanitar hüquq (“Haaqa hüququ”) döyüş aparılmasının aşağıdakı metod və vasitələrini qadağan edir:
qadağan olunmuş metodlar:
a) düşmən qoşunlarına mənsub olan şəxsləri xaincəsinə öldürmək və ya yaralamaq;
b) milli və beynəlxalq emblem,siqnal və bayraqların təyinatı üzrə istifadə edilməməsi;
c) işgəncələr,genosid, aparteid və girov götürmənin tətbiq edilməsi;
ç) parlamentyoru və onu müşayiət edən şəxsləri öldürmək;
d) şəhər və ya digər yerlərin talan edilməsi,yerli əhaliyə münasibətdə terrora əl atılması, əhali arasında aclıqdan istifadə edilməsi;
e) sanitar müəssisələrinin, qospital gəmilərinin və təyyarələrinin,sanitar işçilərinin hücuma məruz qalması,onların bombardman edilməsi və ya məhv edilməsi;
ə) düşmənin silahı yerə qoymuş və ya əsir kimi təslim olmuş şəxslərini öldürmək və ya yaralamaq;
f) düşmən tərəfə mənsub olan şəxsləri, onların öz ölkəsinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştiraka məcbur etmək;
g) sıradan çıxmış, eləcə də fəlakətə düçar olmuş uçuş aparatını tərk etmiş şəxslərə hucum etmək;
ğ) hərbi zərurət hallarından başqa, düşmən mülkiyyətinin tələf və ya zəbt edilməsi;
h) sahil balıqçılıq və ya yerli dənizçilik gəmilərinin, qospital gəmilərinin, elmi və ya dinin funksiyalar yerinə yetirən digər gəmilərin zəbt edilməsi;
x) müdafiəsiz şəhərlərin, limanların, kəndlərin və hərbi məqsədlər üçün istifadə olunmayanmənzillərin, tarixi abidələrin, qospitalların bombardıman edilməsi;
ı) heç kimi sağ qoymamaq haqqında əmr vermək və ya bununla hədələmək və yaxud bu yönümdə əməliyyatlar aparmaq;
i) mədəni mülkiyyətin, tarixi və digər abidələrin, ibadət edilən yerlərin məhv edilməsi və ya onlardan hərbi əməliyyatlarda uğur qazanmaq üçün istifadə edilməsi və s.
qadağan edilmiş vasitələr:
Hərbi işğal rejimi Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasında (IV Konvensiyada) nəzərdə tutulmuşdur. Bu rejimin əsas ünsürləri aşağıdakılardır:
Müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri, əsas etibarilə, xüsusi beynəlxalq sazişlə - Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası ilə nizama salınır. Konvensiyanın 1-ci maddəsi mədəni mülkiyyətə bunları daxil edir:
a) hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyətə malik olan daşınar və daşınmaz mülkiyyət, məsələn, həm dini, həm də dünyavi memarlıq, incəsənət abidələri, tarixi abidələr; arxeoloji sahələr; bütövlükdə tarixi və ya bədii maraq kəsb edən bina qrupları; incəsənət əsərləri; əlyazmalar, kitablar və bədii, tarixi və ya arxeoloji maraq kəsb edən digər obyektlər; habelə elmi məcmuələr və yaxud arxivlər və ya yuxarıda göstərilmiş əmlakın reproduksiyaları;
b) başlıca məqsədi yuxarıda sadalanmış daşınar mülkiyyəti qoruyub saxlamaq və nümayiş etdirmək olan binalar, məsələn, muzeylər, böyük kitabxanalar və arxiv binaları, habelə həmin mülkiyyəti silahlı münaqişə zamanı gizlətmək üçün istifadə olunan sığınacaqlar;
c) yuxarıda sadalanmış külli miqdarda mədəni mülkiyyəti əhatə edən mərkəzlər.
Mədəni mülkiyyəti qorumaq istiqamətində Konvensiya aşağıdakıları nəzərdə tutur:
1) göstərilən mədəni mülkiyyətdən, onları qoruyub saxlamaq üçün nəzərdə tutulmuş binalardan və bitişik sahələrdən bu mülkiyyətin dağıdılmasına və ya zədələnməsinə gətirib çıxara bilən məqsədlərlə istifadə olunması qadağandır;
2) mədəni mülkiyyətin hər hansı bir formada qeyri-qanuni mənimsənilmsi, habelə bu mülkiyyətə qarşı istənilən vandalizm aktları qadağandır və bu cür hərəkətlərin qarşısı alınmalıdır;
3) mədəni mülkiyyətin rekvizisiyası və ona qarşı yönəlmiş istənilən əvəzçıxma tədbirlərinin görülməsi qadağandır.
Ən əhəmiyyətli mədəni mülkiyyət xüsusi mühafizəyə götürülür və YUNESKO-nun Baş direktoru tərəfindən aparılan Beynəlxalq mədəni mülkiyyət reyestrinə daxil edilir. Reyestrin nüsxəsi BMT-nin Baş katibində və münaqişənin tərəfi olan hər bir dövlətdə saxlanılır. Beynəlxalq reyestrə daxil edilmış mülkiyyət hərbi immunitet qazanır.
Xüsusi mühafizəyə götürülmüş mədəni mülkiyyətin üzərində fərqləndirmə nişanı olmalıdır.
Hər şeydən öncə qeyd edək ki, müharibənin sona yetmsi iki mərhələni əhatə edir:
1. Hərbi əməliyyatların bitməsi. Bu mərhələ aşağıdakı beynəlxalq-hüquqi formalarda rəsmiləşdirilir:
a) barışıq (müddətli və ya müddətsiz ola bilər);
b) təslim olma.
2. Müharibə vəziyyətinin bitməsi. Beynəlxalq-hüquqi formalari;
a) sülh müqaviləsi;
Məsələn, 1947-ci ildə bağlanmış sülh müqavilələri əsasında Almaniyanın keçmiş müttəfiqləri – Finlandiya, İtaliya, Macarıstan, Bolqarıstan və Rumıniya ilə müharibə vəziyyətinin bitməsi rəsmləşdirilmişdi.
b) birtərəfli bəyanat;
Məsələn, 1951-ci ildə İngiltərə, Fransa və ABŞ ayrı-ayrılıqda birtərəfli qaydada Almaniya ilə müharibə vəziyyətinin bitməsi haqqında bəyanat vermişdilər.
c) ikitərəfli bəyanat.
Məsələn, 19 oktyabr 1956-cı il tarixdə SSRİ və Yaponiya müharibə vəziyyətinin bitməsi və diplomatik və konsulluq münasibətlərinin bərpa olunması haqqında birgə Bəyanat imzalamışdılar.
Müharibənin sona yetməsi bu cür hüquqi nəticələr doğurur:
Beynəlxalq humanitar hüququn implementasiyası beynəlxalq humanitar hüququn normalarına tam riayət olunmasını təmin etmək məqsədilə dövlətlər tərəfindən görülməli olan bütün tədbirləri əhatə edir. Bu tədbirlərdən bəziləri münaqişə zonasından kənarda və dinc dövrdə həyata keçirilməlidir.
Əsas tədbirlər aşağıdakılardır:
a) Cenevrə Konvensiyalarının və Əlavə Protokolların milli dilə tərcümələrini hazırlamaq;
b) Konvensiyaların və Protokolların mətinlərini mümkün qədər geniş – həm silahlı qüvvələrdə, həm də əhali arasında – yaymaq;
c) Konvensiyaların və Protokolların bütün pozuntuları ilə cinayət-hüquqi qaydada mübarizəni təşkil etmək, o cümlədən müharibə cinayətlərinə görə adekvat cəza nəzərdə tutan qanunvericilik qəbul etmək;
ç) Konvensiyalarla və Protokollarla qorunan şəxslərin və obyektlərin lazımi qaydada tanınmasını, yerləşdirilməsini və müdafiəsini təmin etmək;
d) qırmızı xaç, qırmızı aypara və digər nişan və emblemlərdən sui-istifadənin qarşısını almaq üçün tədbirlər görmək;
e) silahlı münaqişə zamanı əsas məhkəmə təminatlarının həyata keçirilməsinə imkan yaratmaq;
ə) beynəlxalq humanitar hüquq üzrə ixtisaslaşmış şəxslərin, o cümlədən silahlı qüvvələrin tərkibində hüquq məsləhətçilərinin təyin olunmasını və hazırlıq keçirməsini təmin etmək;
f) milli qırmızı xaç və qırmızı aypara cəmiyyətlərini və digər könüllü yardım cəmiyyətlərini, mülki müdafiə təşkilatlarını, milli məlumat bürolarını yaratmaq;
g) hərbi qüvvələri yerləşdirərkən, silahlı və hərbi taktikanı inkişaf etdirərkən beynəlxalq humanitar hüququn tələblərini nəzərə almaq;
ğ) zəruri hallarda qopital zonalarının, neytirallaşdırılmamış zonaların, təhlükəsizlik zonalarının və hərbsizləşdirilmiş zonaların yaradılmasını təmin etmək.