İstənilən fərd məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan bu hüquqları qanunvericilikdə və praktikada təmil etməlidir. Əsas etibarilə, suveren və müstəqil dövlətlər arasında münasibətləri tənzimləmək missiyasını yerinə yetirən beynəlxalq hüquqda fərdlərin əsas hüquq və azadlıqlarını nizamlayan normaların inkişaf etməsi çox böyü əhəmiyyət kəsb edir. Bu normaların məcmusu beynəlxalq insan hüquqları hüququnu (international human riqhts law)təşkil edir.
İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən bir məqamı xüsusilə vurğulamaq lazımdır: heç bir mövcud beynəlxalq müqavilə bilavəsitə fərdlərə hüquq və azadlıqlar vermir. İnsan hüquqları sahəsindəki müqavilələrdə işlədilən “hər kəsin… hüququ vardır” konstruksiyaı birbaşa fərdlərə deyil, dövlətlərə ünvanlanmışdır. Dövlət müqavilənin iştirakçısı olan digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, müəyyən hüquq və azadlıqları yurisdiksiyası çərəivəsində hər bir şəxsə təmin etsin. Belə bir sual ortaya çıxa bilər: əgər hər bir dövlətdə əsas insan hüquları təsbit olunursa, onda beynəlxalq-hüquqi tənzimləməyə nə ehtiyac vardır? Beynəlxalq hüququn bu sahədə rolunu biz aşağıdakılarda görürük:
a) insan hüquqlarının təbii xarakter daşımasını və dövlətin qanunvericiliyindən kənarda və ondan asılı olmayaraq mövcud olmasını bəyan etmək;
b) insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin daxili işi olmadığını bəyan etmək; c
) dövlətlər üçün ümumi standartlar müəyyən etmək (əsas insan hüquq və azadlıqlarının “kataloqunu” müəyyən etmək);
ç) dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmələri üzərində nəzarət mexanizmləri müəyyən etmək.
Beləliklə, insan hüquqlarının müdafiəsi sahəsində ümumi standartlar müəyyənləşdirən və bu standartların dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarət məqsədilə xüsusi mexanizmlər müəyyən edən normaların məcmusuna beynəlxalq insan hüquqları hüququ deyilir.
Beynəlxalq insan hüquqları hüququnun tarixi BMT Nizamnaməsindən başlamışdır.
Bundan əvvəl ayrı-ayrı aktlar mövcud olsa da (məsələn, köləliyin ləğvi, milli azlıqların müdafiəsi və s. ilə bağlı), insan hüquqlarının universal səviyyədə müdafiəsi ideyası ilk dəfə olaraq məhz BMT Nizamnaməsində öz əksini tapmışdır. Burada “irqinə, cinsinə, dilinə, və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsi və həvəsləndirilməsi” BMT-nin əsas məqsədlərindən biri kimi, bəyan edilir (1-ci maddə). “Bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsinə və riayət edilməsinə dəstək verilməsi” (55-ci maddə) və bunun üçün BMT ilə birgə və ya müstəqil tədbirlər görülməsi (56-cı maddə) dövlətlərin üzərinə vəzifə kimi qoyulur. Gördüyümüz kimi, bu öhdəliklər dəqiq və birmənalı ifadə olunmamışdır. Daha doğrusu, söhbət burada insan hüquqlarının təmin edilməsi və ya insan hüquqlarına hörmət edilməsi vəzifəsindən deyil, bu hüquqlara hörmətin “dəstəklənməsi və həvəsləndirilməsi” vəzifəsindən gedir. Bu vəzifənin məzmununu konkret situasiyalara tətbiq etmək olduqca çətindir. Praktik olaraq bu o deməkdir ki, yalnız insan hüquqlarına tam etinasız yanaşan, bu hüquqları kobud və kütləvi şəkildə pozan dövlət yuxarıda göstərilən Nizamnamə öhdəliyini yerinə yetirməmiş olur.
Məsələn, Tehran girovları haqqında işdə (ABŞ/İran – 1980-cı il) BMT Beynəlxalq Məhkəməsi qeyd etmişdi ki, “insanların qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və onların ağır şəraitdə fiziki təzyiqlərə məruz qoylması – Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərinə… tamamilə ziddir”.
Namibiya işində (1971-ci il) Beynəlxalq Məhkəmə Cənubi Afrika Respublikasının bu ərazidə yeritdiyi irqi ayrı-seçkilik siyasətini “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin kobud pozuntusu” kimi səciyyələndirilmişdir.
İkinci bir tərəfdən, BMT Nizamnaməsində konkret insan hüquq və azadlıqları sadalanmır. Hansı hüquqların əsas insan hüquqlarına aid olduğunu və onların “beynəlxalq kataloqunu” müəyyən etmək üçün 10 dekabr 1948-ci il tarixdə BMT Baş Assambleyasının 217 (III) saylı qətnaməsi ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildi. 58 BMT üzvündən 48-i Nizamnamənin lehinə səs vermiş, 8 dövlət, o cümlədən SSRİ bitərəf qalmışdı (iki dövlət isə, ümumiyyətlə, iştirak etmirdi). 30 maddədən ibarət olan bu sənəddə vətəndaş və siyasi hüquqlardan başqa, bir sıra iqtisadi, sosial və mədəni hüquqlar da (məsələn, işləmək hüququ, təhsil hüququ, istirahət hüququ və s.) təsbit olunmuşdur. Bəyannamə beynəlxalq insan hüquqlarıhüququnun, habelə bütövlükdə beynəlxalq hüququn inkişafında misilsiz rol oynamışdır. Onun başlıca müddəaları bir çox konstitusiyalarda və digər qanunvericilik aktlarında öz əksini tapmış, xeyli sayda milli məhkəmə qərarlarının əsasını təşkil etmişdir.Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hüquqi xarakteri barədə müxtəlif fikirlər mövcudur. Hər şeydən öncə, qeyd edək ki, Bəyannamə BMT Baş Assambleyasının qətnaməsidir və onun bilavəsitə hüquqi qüvvəsi yoxdur; müqavilə əvəzinə qətnamə qəbul etməklə, dövlətlər öz üzərlərinə məcburi öhdəliklər götürmək istəməmişlər. Lakin Bəyannamənin əksər müddəaları bu gün adət kimi hamılıqla tanınmışdır. Bilavəsitə olmasa da, dövlətlərin ümumi praktikası (müvafiq müqavilələrdə iştirak, Bəyannamənin milli qanunvericiliyə bu və ya digər şəkildə daxil edilməsi, məhkəmə qərarlarında Bəyannaməyə istinad edilməsi və s.) vasitəsilə bu müddəalar ümumi beynəlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir. Lakin bu deyilənləri bütövlükdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə aid etmək düzgün olmazdı: məsələn, sığınacaq hüququnu (14-cü maddə), işsizlikdən müdafiə hüququnu (23-cü maddəsinin 1-ci hissəsi), asudə vaxt hüququnu (24-cü maddə) və bir sıra digər hüquqları heç də bütün dövlətlər üçün məcburi olan normalar kimi qəbul etmək olmaz.
Əsas insan hüquq və azadlıqlarını hüquqi sənəd çərçivəsində təsbit etmək məqsədilə 1966-cı ildə iki universal müqavilə imzalandı – İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (3 yanvar 1976-cı ildə qüvvəyə minmişdir) və Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (23 mart 1976-cı ildə qüvvəyə minmişdir). Adlarından göründüyü kimi, birinci Paktda iqtisadi, sosial və mədəni hüquqlar, ikinci Paktda isə vətəndaş və siyasi hüquqlar öz əksini tapmışdır. Formal-hüquqi baxımdan Vətəndaş və siyasi hüquqlar haqqında Pakt daha mükəmməldir və o, iştirakçı dövlətlər üçün daha aydın və dəqiq müəyyən olunmuş öhdəliklər nəzərdə tutur. Paktda nəzərdə tutulmuş başlıca öhdəlik ondan ibarətdir ki, dövlət öz ərazi hüdudlarında və yurisdiksiyası çərçivəsində olan hər bir şəxsin bu Paktda təsbit olunmuş hüquqlarına hörmət etməli və onları təmin etməlidir (2-ci maddənin 1-ci hissəsi). Paktdan irəli gələn öhdəliklərini həyata keçirmək üçün dövlət zəruri qanunvericilik, inzibati və digər tədbirlər görməli (2-ci maddənin 2-ci hissəsi) və habelə pozulmuş hüquların müdafiəsi və bərpası məqsədilə şəxsə effektiv dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etməlidir (2-ci maddənin 3-cü hissəsi). Vətəndaş və siyasi hüquqlar haqqında Paktın daha bir üstün cəhəti ondadır ki, o, iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirmələrinə nəzarət etmək məqsədilə xüsusi mexanizm nəzərdə tutur. Bu, 28-ci maddənin əsasında təsis olunmuş İnsan hüquqları komitəsidir (bu barədə aşağıda bəhs ediləcəkdir). Pakta iki protokol əlavə olunmuşdur: İnsan hüquqları komitəsinə fərdi şikayətlərə baxmaq səlahiyyəti verən 1966-cı il Fakultativ Protokolu və Ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokol (1989-cu il).
Beynəlxalq insan hüquqları hüququnun sonrakı inkişafı ayrı-ayrı insan hüquqlarına həsr olunmuş müqavilələrin bağlanması və insan hüquqları sahəsində beynəlxalq mexanizm və prosedurların inkişaf etdirilməsi və təkminləşdirilməsi ilə əlamətdardır. Bu gün beynəlxalq insan hüquqları hüququ beynəlxalq hüququn ən intensiv inkişaf edən və dövlətdaxili hüquq ilə ən sıx “əməkdaşlıq edən”sahəsidir.
1. Beynəlxalq insan hüquqları hüququnun mənbələri
Insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklər, əsas etibarilə, müqavilə mənşəlidır. Müqavilənin üstünlüyüondadır ki, o, dövlətlərin konkret insan hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklərini dəqiq müəyyən edir və ən əsası, bu öhdəliklərin yerinə yetirilməsini təmin etməli olan xüsusi mexanizm və prosedurlar nəzərdə tutur.
Hal-hazırda insan hüquqları sahəsində 70-dən artıq beynəlxalq müqavilə mövcuddur. Bundan əlavə, Beynəlxalq əmək təşkilatı (BƏT) çərçivəsində bəzən sosial ədalətin corpus yuris-i adlandırılan çoxlu sayda konvensiyalar qəbul olunmuşdur.
Insan hüquqları sahəsindəki mövcud beynəlxalq müqavilələri dörd kateqoriyaya bölmək olar:
1) Ümumi müqavilələr. Bu müqavilələrdə, demək olar ki, bütün əsas insan hüquqları və ya onların böyük bir hissəsi təsbit olunur. Ümumi müqavilələr həm universal, həm də regional səviyyədə mövcuddur. Universal müqavilələrə İqtisadi, sosial və mədəni hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı və Vətəndaş və siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı aiddir. Ümumi regional müqavilələr aşağıdakılardır. İnsan hquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası (Avropa İnsan Hüquqları Konvensiyası); Avropa Sosial Xartiyası; Amerika İnsan Hüquqları Konvensiyası; İqtisadi, sosial və mədəni hüquqlar sahəsində Amerika İnsan Hüquqları Konvensiyasına 1988-ci il Əlavə Protokolu; İnsan və xalqların hüquqları haqqında 1981-ci il Afrika Xartiyası.
2) Xüsusi müqavilələr. Bu müqavilələr kokret insan hüquqlarının müdafiəsinə yönəlmişdir. Xüsusi müqavilələr də həmçinin universal və regional səviyyədə bağlanır. Universal müqavilələr, əsasən, bunlardır: Genosid cinayətin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası; 1926-cı il Köləlik Konvensiyası; Köləliyin, qul ticarətinin və köləliyə oxşar institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyası; Zorla işlətməyin ləğv olunması haqqında 1957-ci il 105 saylı BƏT Konvensiyası; İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə 1984-cü il Konvensiyası. Regional səviyyədə bağlanmış xüsusi müqavilələrə bir sıra misallar gətirək: İşgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınmasına dair 1987-ci il Avropa Konvensiyası; İşgəncənin qarşısının alınması və cəzalandırılmasına dair 1985-ci il Amerika Konvensiyası; Sosial təminat haqqında 1972-ci il Avropa Konvensiyası.
3) Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr. Cəmiyyətin ayrı-ayrı təbəqələrinin hüquqlarını qorumaq məqsədi güdən bu müqavilələrə misal olaraq aşağıdakıları göstərmək olar: Qadınların siyasi hüquqları haqqında 1952-ci il Konvensiyası; Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyası; Bütün miqrant-işlərinin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında 1990-cı il Beynəlxalq Konvensiyası; Miqrant işlərinin hüquqi statusu haqqında 1977-ci il Avropa Konvensiyası; Milli azadlıqların müdafiəsinə dair 1995-ci il Çərçivə Konvensiyası; Müstəqil ölkələrdə köklü və tayfa xalqlarına dair 1989-cu il 169 saylı BƏT Konvensiyası və s.
4) Ayrı-seçkilik məsələlərinə aid olan müqavilələr. Bu müqavilələr irqi və ya cinsi əsaslara görə, təhsil, işədüzəlmə və s. sahələrdə ayrı-seçkiliyin qarşısını almaq məqsədi daşıyır. Bu məsələ ilə bağlı bir sıra universal müqavilələr mövcuddur; məsələn: İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq Konvensiyası; Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması haqqında 1973-cü il Beynəlxalq Konvensiyası; Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1979-cu il Konvensiyası; Təhsil sahəsində ayrı-seçkilik əleyhinə 1960-cı il YUNESKO Konvensiyası və s.
Insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi sahəsində adət normalarının da müəyyən rolu vardır. Beynəlxalq hüquqi adətin bu sahədə rolu müvafiq müqavilə müddəalarının qeyri-iştirakçı dövlətlərə şamil edilməsi və həmin müqavilələrdə nəzərdə tutulmamış hüquqi müdafiə vasitələrinin təmin edilməsi ilə məhdudlaşır. Əsas insan hüquqlarının müəyyən hissəsi artıq ümumi beynlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir və hər hansı bir müqavilənin iştirakçısı olub-olmamaqdan asılı olmayaraq bütün dövlətlər üçün məcburidir. Məsələn, indi heç bir dövlət Vətəndaş və siyasi hüquqlar haqqında 1966-cı il Paktında iştirak etmədiyini bəhanə gətirərək (belə dövlətlərin sayı 40-dan artıqdır), işgəncələr tətbiq edə bilməz və ya şəxsi özbaşına və ya qanuni əsas olmadan həyatdan məhrum edə bilməz. Dövlətlərin aşağıdakı hüquqa zidd əməlləri beynəlxalq adət hüququnun pozuntusu kimi tövsif edilə bilər: genosid; aparteid; köləlik; bir sıra insan hüqüqlarınin aşağıdakı sistematik və ya kobud pozuntuları – şəxsin qanunsuz həyatdan məhrum edilməsi; işgəncə; irqi ayrı-seçkilik; uzunmüddətli özbaşına həbs; şəxsin zorla müəyyən ərazidən çıxarılması; minimal məhkəmə təminatlarının pozulması; qanunun geriyə tətbiqi.
İnsan hüquları sahəsində tövsiyə xarakterli sənədlər köməkçi hüquq mənbəyi kimi böyük əhəmiyyətə malikdir. Bu cür sənədlərə misal olaraq aşağıdakıları göstərmək olar:
BMT Baş Assambleyasının qətnamələri; o cümlədən bu qətnamələrlə qəbul olunmuş aktlar (məsələn, “Dözümsüzlüyün və din və ya əqidələr əsasında ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında ”1981-ci il Bəyannaməsi; Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı ədalət mühakiməsinin həyata keçirilməsinə dair BMT-nin Minimal standart qaydaları (1985-ci il); Mill,etnik,dil və dini azdlıqlara mənsub olan şəxslərin hüquqları haqqqında 1992-ci il Bəyannaməsi və s. ); beynəlxalq konfransların aktları (məsələn, 30 sentyabr 1990-cı il tarixdə Uşaqlar naminəyüksək səviyyədə Ümumdünya görüşü zamanı qəbul olunmuş Uşaqların yaşaması, müdafiəsi və inkişafınin təmin edilməsi haqqında Ümumdünya Bəyannaməsi; İnsan hüquqları üzrə Ümumdünya Vyana Konfransında (14-25 iyun 1993-cü il ) qəbul olunmuş Vyana Bəyannaməsi və Hərəkət Proqramı və s.); ATƏM (indiki ATƏT) çrçivəsində qəbul olunmuş və özündə siyasi öhdəliklər ehtiva edən sənədlər və b.
Bu sənədlərdə həm bütövlükdə insan hüquqlarının müdafiəsi, həm də konkret insan hüquqlarının həyata keçirilməsi ilə bağlı tövsiyə xarakterli standartlar müəyyən olunur. Adətən, dövlətlər bu standartlara riayət etməyə çalışır, bəzi hallarda isə onları hətta öz qanunvericiliyinə daxil edirlər.
İnsan hüquqlarının ən sadə təsnifatı onların vətındaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara ayrılmasıdır. Universal və regional səviyyədə bağlanan müqavilələr şox zaman bu bölgüyə uyğunlaşdırlır. Geniş yayılmış daha bir təsnifat isə tarıxı meyara söykənir. Söhbət fransız alimi K.Vasak tərəfindən irəli sürülmüş “insan hüquqlarının üç nəsli ” konsepsiyasından gedir. Bu konsepsiyaya görə, hazırda mövcud olan bütün əsas insan hüquqları öz inkişaf tarixində üç mərhələ keçmişdir və bu mərhələlər əsasında üç nəsil fərqləndirilir.
Birinci nəsil vətəndaş hüquqları və siyasi hüquqlar aiddir; Qərb ölkələrinin məhşur sənədlərində yalnız bu hüquqlar öz əksini tapmışdır. Bu hüquqlar aşağıdakılardır: yaşamaq hüququ; işgəncəyə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmaq hüququ; köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ; azadlıq və toxunulmazlıq hüququ; sərbəst hərəkət etmək hüququ; fikir, vicdan və din azadlığı; sərbəst toplaşmaq hüququ; birləşmək hüququ; dövlət işlərinin aparılmasında iştirak etmək hüququ; və s.
XX əsrin əvvəllərində Meksikanın (1917-ci il) və Rusiyanın (1918-ci il) Konstitusiyalarında insan hüquqlarının ikinci nəsil – sosial-iqtisadi və mədəni hüquqlar ortaya çıxır və ikinci dünya müharibəsindən sonra isə bu hüquqlar bir sıra beynəlxalq müqavilələrdə (1961-ci il Avropa Sosial Xartiyasında; İqtisadi, Sosial və mədəni hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktında və s.) ayrıca təsbit olunur. Söhbət burada aşağıdakı hüquqlardan gedir: işləmək hüququ; həmkarlar ittifaqı yaratmaq hüququ; tətil hüququ; sosial təminat hüququ; minimal həyat səviyyəsi hüququ; istirahət hüququ; sağlamlığın qorunması hüququ; təhsil hüququ; mədəni həyatda iştirak etmək və mədəni sətvətlərdən istifadə etmək hüququ və s.
Üçüncü nəsil yaranması son dövrün inkişaf xüsusiyyətləri ilə izah edilir. Bu izaha görə, indi obyektiv olaraq elə hüquqlar meydana gəlmişdir ki, onlar ayrılıqda fərdə və ya fərdlər qrupuna yox, bütövlükdə məcmuya, xalqa məxsusdur: məsələn, inkişaf hüququ; sülh hüququ; sağlam ətraf mühitdə yaşamaq hüququ və s. Bu hüquqlar “kollektiv hüquqlar” və ya “həmrəylik hüquqları”adlanır. Lakin göstərilən hüquqlar tam formalaşmamışdır və onlar dəqiq normativ məzmuna malik deyldir. Məsələ burasındadır ki, bu hüquqları fərdin dövlətə qarşı subyektiv tələbi şəklində formulə etmək, demək olar ki, qeyri-mümkündür. Məsələn, inkişaf hüququnu və ya sülh hüququnu iddia qaydasında məhkəmədə necə müdafiə etmək olar? Hüquq yalnız o yerdə var ki, orada onun müdafiəsi vasitəsi vardır (ubi jus ibi remedium). İkinci bir tərəfdən, bu hüquqlar, prinsip etibarilə, ayrıca götürülmüş bir dövlətdə tam həyata keçirilə bilməz.
İnsan hüquları içərisində habelə mütləq hüquqlar və dövlətlərin müəyyən hallarda geri çəkilə bildiyi hüquqlar fərqləndirilir. Mütləq hüquqlar o insan hüquqlarıdır ki, dövlət heç bir halda, o cümlədən fövqəlada vəziyyət şəraitində onlardan geri çəkilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasına görə, bu aşağıdakı hüquqlardır: yaşamaq hüququ (maddə 2); işgəncələrə məruz qalmaq hüququ (maddə 3); köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ (maddə 4) və qanunsuz cəzaya yol verilməməsi (maddə 7).
Yuxarıda qeyd etdik ki, beynəlxalq səviyyəyə çıxmaqla, insan hüquqları dövlətlərin beynəlxalq öhdəlikləri şəklində təsbit olunur. Yəni “hər kəsin… hüququ vardır” konstruksiyasında əks tərəf, istənilən halda, müvafiq öhdəlik daşıyan dövlətdir. Beynəlxalq-hüquqi təhlil üçün “medalın bu ikinci tərəfi” daha böyük maraq kəsb edir. Başqa sözlə, həmin konkret insan hüququna, həm də bütövlükdə insan hüquqalrının müdafiəsi ideyasına dövlətlərin beynəlxalq öhdılikləri prizmasından baxmaq daha məqsədəuyğun sayıla bilər. Biz aşağıda görəcəyik ki, dövlətlərin insan hüquqları sahəsindəki beynəlxalq öhdəlikləri ilə fərdin hüquq və azadlıqları, onların hüquqi məzmun baxımından heç də üst-üstə düşmür.
İnsan hüquqları sahəsində dövlətlər öz üzərlərinə müxtəlif xarakterli beynəlxalq öhdəliklər götürürlər. Hər şeydən əvvəl, onların iki qrupunu fərqləndirmək lazımdır: 1) maddi öhdəliklər və 2) implementasiya öhdəlikləri. İkinci qrup öhdəliklər – beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş mexanizmlərin fəaliyyəti ilə bağlı dövlətlərin həyata keçirməli olduqları vəzifələrdir: beynəlxalq orqana (məsələn, Vətəndaş və siyasi hüquqlar haqqında Paktın 40-cı maddəsi əsasında İnsan hüquqları komitəsinə) dövrü məruzələr təqdim edilməsi: beynəlxalq orqanın (məsələn, Avropa insan hüquqları məhkəməsinin) fərdi şikayət üzrə çıxardığı qərarın icra edilməsi və s.
Maddi öhdəliklər, əlbəttə ki, əsas kütləni təşkil edir və çox zaman dövlətlərin insan hüquqları sahəsindəki beynəlxalq öhdəlikləri dedikdə, məhz onlar nəzərdə tutulur. Bu öhdəliklər həm bütövlükdə insan hüquqlarını, həm də ayrı-ayrı hüquq və azadlıqları əhatə edir. Müxtəlif meyarlar tətbiq etməklə, göstərilən öhdəlikləri aşağıdakı növlərə ayırmaq olar:
Ümumi və konkret öhdəliklər. Bu və ya digər müqavilənin iştirakçısı olmaqla, dövlət öz üzərinə konkret insan hüquqları ilə bağlı öhdəliklərlə yanaşı, müqavilədə təsbit olunmuş bütün hüquqlara aid olan ümumi öhdəliklər də götürür; məsələn, insan hüquqlarına hörmət etmək; insan hüquqlarının tədricən həyata keçirilməsinə səy göstərmək; insan hüquqlarını təmin etmək; insan hüquqlarını həyata keçirərkən ayrı-seçkiliyə yol verməmək; qanunvericilik və digər tədbirləri həyata keçirmək; effektiv dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etmək və s. (Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsi; İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsi; Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi və s.).
Ayrı-ayrı insan hüquqlarına uyğun olan konkret öhdəlikləri öz növbəsində əsas və törəmə öhdəliklərlə ayırmaq olar. Əsas öhdəlik insan hüquqnun bilavəsitə məzmununu təşkil edir. İnsan hüquqlarının pozulması – ilk növbədə, əsas öhdəliyin pozulmasıdır. Məsələn, yaşamaq hüququnun pozulması, hər şeydən əvvəl, dövlət tərəfindən şəxsin özbaşına və ya qanunsuz öldürülməsində ifadə olunur. Törəmə öhdəliklər isə birbaşa və ya dolayı yolla əsas öhdəliklərin məzmunundan irəli gəlir və onları tamamlayır. Məsələn, yaşamaq hüququ ilə bağlı olan aşağıdakı törəmə öhdəlikləri göstərmək olar: insan həyatının mühafizəsinə yönəlmiş qanunvericilik aktlarının qəbul edilməsi; qəsdən adamöldürmə aktının təhqiq edilməsi; təqsirli şəxslərin cəzalandırılması və s. Təbii ki, bu öhdəliklər pozulanda da dövlət məsuliyyət daşıyır.
Nəticə öhdəlikləri və davranış öhdəlikləri. Nəticə öhdəlikləri dövlətdən müəyyən nəticənin və ya məqsədin əldə olunmasını tələb edir; dövlət bu nəticəyə nail olmaq üçün özü istədiyi davranış variantını seçə bilər. Əslində insan hüquqları sahəsindəki öhdəliklərin böyük əksəriyyəti nəticə öhdəlikləridir, belə ki, qanunvericilik, inzibati və özünün lazım bildiyi digər tədbirləri görməklə, dövlət son nəticədə fərdin hüququnu təmin etməlidir. Məsələn, əgər polis hər hansı şəxsı özünə yaşayış yeri seçmək azadlığından qanunsuz olaraq məhrum edirsə, yuxarı inzibati orqan və ya məhkəmə vasitəsilə dövlət hələ bu vəziyyəti düzəldə bilər və həmin qadağanı ləğv edə bilər. Ylnız əks halda dövlətin beynəlxalq məsuliyyəti ortaya çıxa bilər. Davranış öhdəlikləri isə dövlətdən müvafiq normada konkret müəyyən olunmuş əməlin həyata keçirilməsini tələb edir. Bunu etməməklə, dövlət öz beynəlxalq öhdəliyini pozmuş olur. Misallara müraciət edək. Vətəndaş və siyasi hüquqlar haqqında Paktın 25-ci maddəsində deyilir ki, “hər cür müharibə təbliğatı qanunla qadağan edilir”. Avropa Sosial Xartiyasının 7-ci maddəsinin 2-ci bəndində dövlətlərin üzərinə belə bir vəzifə qoyulur ki, qanunvericilik qaydasında uşaqların təhlükəli və zərərli işlərə buraxılmasının minumal yaş həddini müəyən etsinlər. Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “hər bir kəsin həyatı qaunla qorunur”. Bütün gətirilən misallarda davranış öhdəliyi müvafiq qanunun qəbul olunmasıdır. Belə bir qanunun qəbul edilməməsi dövlətin beynəlxalq öhdəliyinin pozulması deməkdir.
“Pozitiv” və “Neqativ” öhdəliklər. Mühüm praktik əhəmiyyətə malik olan bu bölgünün əsasıda bu və ya digər insan hüququnun həyata keçirilməsi üçün dövlətdən tələb olunan davranışın xaraqteri dayanır. Əgər fərdin hüququnun təmin olunması üçün dövlətdən yalnız müəyyən hərəkətləri etməkdən (şəxsi özbaşına öldürməkdən, işgəncə tətbiq etməkdən, şəxsi həyata müdaxilə etməkdən və i.a.) çəkinmək tələb olunursa, bu, neqativ öhdəlikdir. Pozitiv öhdəliklər isə, əksinə, dövlətdən “aktiv müdaxilə”, yəni müəyyən qanunvericilik, inzibati, təşkilati və digər tədbirlərin görülməsini tələb edir. Hal-hazırda elə bir insan hüququ yoxdur ki, onun tam təmin edilməsi dövlət tərəfindən hansısa pozitiv hərəkətlər olmadan mümkün olsun. Bu, həm “klassik” hüquqlara həm də ikinci nəsi hüquqlara aiddir. Doğrudur, bu zaman dövlətdən tələb olunan “müdaxilənin” dərəcəsi müxtəlif ola bilər: təbii ki, iqtisadi hüquqların həyata keçirilməsi üçün daha əhatəli və daha intensiv səylər tələb olunur.
Məsələn, belə görünə bilər ki, işgəncəyə məruz qalmamaq hüququ dövlətin üzərinə yalnız neqativ öhdəlik qoyur. Lakin beynəlxalq praktikada dəfələrlə qeyd edilmişdir ki, bu “kiassik” hüquq həm də pozitiv öhdəliklər doğurur; məsələn, dövlət təmin etməlidir ki, türmə gözətçiləri, polis, hərbi və tibbi heyət müvafiq beynəlxalq normalarla, o cümlədən Məhbuslarla təftar haqqında BMT-nin minumal standart qaydaları ilə tanış edilsinlər; baş vermiş bütün işgəncə halları təhqiq olunsun; təqsirli şəxslər cəzalandırılsın və s. Burada habelə yaşamaq hüququ ilə bağlı yuxarıda göstərdiyimiz misalı xatırlamaq olar. Sırf “klassik” hüquq sayılan yaşamaq hüququ dövlətlər üçün bir sıra pozitiv öhdəliklər müəyyən edir: insan həyatının mühafiəsinə yönəlmiş qanunvericilik aktlarının qəbul edilməsi; qəsdən adamöldürmə cinayətinin təhqiq edilməsi; təqsirli şəxslərin cəzalandırılması və s.
“Dərhal” və “tədricən” yerinə yetirilməli olan öhdəliklər. Dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərinin bu təsnifatına İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 2-ci maddəsi “səbəb olmuşdur”. Həmin maddənin 1-ci hissəsində deyilir: “Bu Pakta iştirak edən hər bir dövlət öz üzərinə vəzifə götürür ki, Paktda tanınmış hüquqların tədricən tam həyata keçirilməsini təmin etmək üçün, fərdi qadada və beynəlxalq yardım və əməkdaşlıq çərçivəsində, özündə olan ehtiyatlardan maksimum istifadə etməklə… tədbirlər görsün ”. Bu müddəa, sözü gedən Paktın mərkəzi müddəası olmaqla, müqavilədən irəli gələnbütün digər öhdəliklərin təbiətini müəyyən edir. Verdiyimiz ayırmalardan görünür ki, iqtisadi, sosial və mədəni hüquqlar müəyyən hallardan – dövlətin lazımi ehtiyatlara (maddi ehtiyatlar, insan ehtiyatları və s.) malik olmasından və beynəlxalq yardımın olmasından asılı olaraq tədricən də həyata keçirilə bilər, yəni iştirakçı dövlətlərin Paktda təsbit olunmuş hüquqlara təminat vermək kimi birbaşa hüquqi öhdəliyi yoxdur (bu deyilənlər Paktin 8-ci maddəsinə (həmkarlar ittifaqları yaratmaq və onlara daxil olmaq) və 3-cü maddəsinə (qadın və kişilərin hüquq bərabərliyi) şamil olunmur). Başqa sözlə, fərdə qısa müddətdə, tutaq ki, işləmək hüququnun və ya minimal həyat səviyyəsi hüququnun təmin edilməsi dövlətin öz beynəlxalq öhdəliyini pozması kimi tövsif edilə bilməz. Dövlət əsaslı surətdə göstərə bilər ki, o, ehtiyaylarını maksimum səfərbər etməklə bütün zəruri tədbirləri görür və bu hüquqlar tədricən həyata keçiriləcəkdir.
Yaponiya Ali Məhkəməsinin 1989-cu ildə Şiomi işi üzrə çıxardığı qərar bu baxımdan diqqətəlayiqdir. Məhkəmə birmənalı şəkildə qeyd etmişdi ki, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-cu maddəsi (sosial təminat hüququ) fərdlərə dərhal təmin edilməsi tələb olunan konkret hüquq nəzərdə tutmur. Bu, Paktın 2-ci maddəsinin 1-ci hissəsindən aydın görünür.
Şübhəsiz ki, deyilənlər İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın “zəif” cəhətidir və bu, özü-özlüyündə həmin hüquqların xarakteri ilə bağlıdır. Əgər sözü gedən müddəanı Vətəndaş və siyasi hüquqlar haqqında Paktın ekvivalent müddəası ilə müqayisə etsək, biz əhəmiyyətli fərqi görə bilərik. Həmin Paktın 2-ci maddəsində, yuxarıda göstərdiyimiz kimi, iştirakçı dövlətlərin bütün müvafiq hüquqları təmin etmək vəzifəsi təsbit olunmuşdur. Deməli, Vətəndaş və siyasi hüquqlar haqqında Paktdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini dövlət özü istədiyi kimi, tutaq ki, maliyyə çətinliklərinə və yaxud da ölkədə siyasi və ya iqtisadi sabitliyin olmamasına istinad etməklə, təxirə sala bilməz. Bu öhdəliklər dərhal yerinə yetirilməli olan öhdəliklərdir.
Avropa insan hüquqları məhkəməsinin baxdığı bir işi (Guincho case) misal gətirək. Portuqaliyada birinci məhkəmə instansiyasında avtomabil qəzası ilə bağlı bir işə baxılması təxminən dörd il (1978-ci ilin dekabrından 1982-ci ilin oktyabrına qədər) çəkmişdi. Avropa məhkəməsi qarşısında Portuqaliya hökumətinin nümayəndəsi bu pozuntunu (sobət işin lazımi müddətdə araşdırılması hüququnun pozulmasından gedirdi) ölkədə son illər baş vermiş çətinliklərlə əsaslandırmağa çalışırdı; onun fikrincə, bu çətinliklər 1974-cü ildə demokratiyanın ölkədə bərpa edilməsindən və elə bu dövürdə Portuqaliyanın bir sıra müstəmləkələrinin müstəqillik qazanmasından sonra bir milyona yaxın adamın yenidən Portuqaliyaya qayıtması ilə bağlı ortaya çıxmışdı. Lakin Məhkəmə bu dəlilləri əsassız saydı və qeyd etdi ki, Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etməklə, Portuqaliya öz üzərinə bu Konvensiyada təsbit olunmuş bütün hüquqları, o cümlədən işin məhkəmədə lazımi müddətdə araşdırılması hüququnu təmin etmək vəzifəsini götürmüşdür.
Beynəlxalq insan hüquqları hüququnun yuxarıda verdiyimiz tərifindən aydın görünür ki, bu sahədə mövcud olan normativ massivi iki hissəyə ayırmaq olar: 1) hüquqi mexanizm (dövlətlərin maddi xarakterli öhdəliklərini nəzərdə tutan normalar); 2) implementasiya mexanizmi (insan hüquqlarının həyata keçirilməsi üzərində nəzarət mexanizmlərini (bunlara bəzən institusional mexanizmlər də deyirlər) müəyyən edən normalar). Bu bölgü əksər beynəlxalq müqavilələrin sturukturunda öz əksini tapmışdır. Belə ki, müqavilələrin ilk bölmələlərində, adətən, maddi normalar təsbit olunur, qalan hissədə isə müvafiq nəzarət orqanının təşkili və fəaliyyətinin hüquqi əsasları müəyyən edilir. Məsələn, üç bölmədən ibarət olan Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci bölməsi ayrı-ayrı insan hüquqlarına, ikinci bölməsi isə Avropa insan hüquqları məhkəməsinə həsr olunmuşdur. Burada bir şeyi əlavə edək ki, institusional mexanizmlər digər beynəlxalq sənədlərdə, məsələn, beynəlxalq orqan və ya təşkilatların qətnamələrində də nəzərdə tutula bilər.
İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi sahəsində mövcud olan mexanizmlər müxtəlif xaraqterə malikdir. Bu mexanizmlər həm universal həm də regional səviyyədə mövcuddur. Yaradılması əsasına görə institusional mexanizmlər müqavilə və qeyri-müqavilə mexanizmlərinə bölünür.
Müqavilə mexanizmləri beynəlxalq müqavilələrdə nəzərdə tutulmuşur. Bu mexanizmlər, bir qayda olaraq, aşağıdakı səlahiyyətlərə malik olur: a) dövlətlərin müvafiq müzafiq müqavilələrdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi haqqında məruzələrinin dinlənilməsi; b) yerlərdə ümumi situasiyanın öyrənilməsi və ya konkret problemin həlli ilə bağlı təhqiqatların aparılması; c) insan hüquqlarının pozulması iddia edən fərdi və ya dövlətlərarası şikayətlərə baxılması.
Universal səviyyədə mövcud olan müqavilə mexanizmləri aşağıdakılardır; İnsan hüquqları komitəsi; İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə; İşgəncə əleyhinə komitə; Uşaq hüquqları komitəsi; Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitə; Üçlər qrupu. Buraya habelə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın yerinə yetirilməsinə nəzarət edən, amma əslində Paktın əsasında deyil, EKOSOK-un qətnaməsinə uyğun olaraq 1985-ci ildə təsis olunmuş İqtisadi, sosial və mədəni hüquqlar üzrə komitəni və BƏT və YUNESKO çərçivəsində fəaliyyət göstərən insan hüquqlarının müdafiəsi mexanizmlərini də əlavə etmək olar. Yuxarıda sadalanan orqanlardan yalız ilk üçü həm fərdi, həm də dövlətlərarası şikayətlərə baxmaq səlahiyyətinə malikdir. Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitəyə isə yalız fərdi şikayətlərə baxmaq hüququ verilmişdir.
İnsan hüquqlarının müdafiəsi sahəsində qeyri-müqavilə mexanizmlərinə aşağıdakılar aiddir: BMT sistemində köməkçi təsisatlar; İnsan hüquqları üzrə BMT Ali Komissarı; “1503 proseduru”; tematik mexanizmlər və b.
İqtisadi və sosial sahələrdə dövlətlərin əməkdaşlığının əlaqələndiricisi olan EKOSOK bilavasitə insan hüquqları ilə məşğul olmaq üçün iki xüsusi orqan – İnsan hüquqları komissiyası və Qadınların vəziyyəti üzrə komissuya yaratmışdır. İnsan hüquqları komissiyası EKOSOK tərəfindən seçilən 53 üzv-dövlətdən ibarətdir. Komissiya siyasi orqandır. O, hər ilin əvvəlində altı həftəlik sessiyalarını keçirir. Komissiya insan hüquqlarının müdafiəsinin müxtəlif məsələləri ilə bağlı qətnamələr və qətnamə layihələri hazırlayır və onları EKOSOK-a təqdim edir, ayrı-ayrı problemlərin və konkret öhdəliklərdə insan hüquqları ilə bağlı vəziyyətin öyrənilməsi üçün xüsusi məruzəçilər və ya işçi qrupları təyin edilir. İnsan hüquqları komissiyası 26 müstəqil ekspertdən ibarət orqan – İnsan hüquqlarına dəstək verilməsi və müdafiəsi üzrə Subkomissiya təsis etmişdir. Subkomissiya öz səlahiyyəti çərəivəsində tədqiqatlar aparır, Komissiyaya müəyyən qətnamələrin qəbul edilməsi barədə təkliflər verir.
1993-cü ildə BMT Baş Assambleyasının 20 dekabr 1993-cü il tarixli 48/141 saylı qətnaməsi ilə İnsan hüquqları üzrə BMT-nin Ali Komissarı institutu təsis edilmişdır. Ali Komissar BMT-nin Baş Katibi tərəfindən 4 il müddətinə təyin olunur. İnsan hüquqları sahəsində BMT-nin fəaliyyətinə görə başlıca məsuliyyət onun üzərinə qoyulmuşdur. Ali Komissar insan hüquqları sahəsində təbliğat və təhsil proqramlarını əlaqələndirir, dövlətlərə konsultativ xidmətlər təklif edir, onlara müvafiq problemlərin həlli ilə bağlı maliyyə yardımı göstərir və s.
“1503 proseduru” öz adını EKOSOK-un 27 may 1970-ci il tarixli 1503 saylı qətnaməsindən götürmüşdür. Bu, kifayət qədər geniş istifadə olunan fərdi şikayət prosedurudur. Göstərilən qətnaməyə əsasən, BMT İnsan hüquqları komissiyasına səlahiyyət verir ki, insan hüquqlarının sistematik və kütləvi pozuntuları haqqında şəxslərdən, şəxslər qrupundan və qeyri-hökumət təşkilatlarından şikayətlər (daha doğrusu, məlumatlar – communications) alsın və lazım gəldikdə, onları Komissiyanın sessiyyalarında müzakirəyə çıxarsın. Bu məlumatlar heç də pozuntunun qurbanı tərəfindən deyil, istənilən fərd və ya təşkilat tərəfindən təqdim oluna bilər (Amerikaarası və Afrika komissiyalarında olduğu kimi). İnsan hüquqları komissiyasının illik sesiyalarının gündəliyinə, adətən, konkret öhdəliklərdə olan situasiya (yalnız sistematik və kütləvi pozuntularla bağlı) ayrıca bənd kimi daxil edilir. Komissiya bu pozuntularla bağlı öz qeyd və təkliflərini EKOSOK-a təqdim etdiyi illik məruzəsinə daxil edə bilər.
Tematik mexanizmlər dedikdə, konkret insan hüquqlarının praktik problemlərini və ya ayrı-ayrı öhdəliklərdə insan hüquqalrının vəziyyətini öyrənmək məqsədilə BMT İnsan hüquqları komissiyası (o cümlədən İnsan hüquqlarına dəstək verilməsi və müdafiəsi üzrə Subkomissiya) tərəfindən təyin olunan xüsusi məruzəçilər və yaxud işçi qrupları başa düşülür. Xüsusi məruzəçilər və işçi qrupları öz vəzifələrini yerin yetirərkən, adətən, müxtəlif mənbələrdən məlumat alırlar. Dövlətin razılığı ilə onlar yerlərdə təhqiqat apara bilərlər. Öz təhqiqat və ya təhqiqatlarının nəticələrini onlar müvafiq tövsiyələrlə birgə məruzə şəklində İnsan hüquqları komissiyasına təqdim edirlər.