Beynəlxalq kosmos hüququ haqqında

Beynəlxalq kosmos hüququ haqqında

Beynəlxalq kosmos hüququ səma cisimləri də daxil olmaqla, kosmik məkanın hüquqi rejimini müəyyən edən və kosmik fəaliyyətin iştirakçılarının hüquq və vəzifələrini tənzimləyən beynəlxalq hüququn norma və prinsiplərinin məcmusudur.
Kosmik fəaliyyət prosesində (kosmik obyektlərin buraxılmasında subyektlər arasındakı, praktiki məqsədlər üçün kosmos texnikasından istifadə prosesindəki hüquq münasibətləri) beynəlxalq münasibətlərin tənzimlənməsi beynəlxalq kosmos hüququnun predmetini təşkil edir.
Beynəlxalq kosmos hüququ, əsas etibarilə, beynəlxalq müqavilələrə söykənir. Bu sahədə əsas beynəlxalq müqavilələr Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsidir (kosmos üzrə Müqavilə). Bundan əlavə, aşağıdakı müqavilələri göstərmək olar: Kosmonavtların xilas edilməsi, onların qayıtması və kosmik məkana buraxılmış obyektlərin qayıtması haqqında 1968-ci il Sazişi (Kosmonavtların xilası haqqında Saziş); Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyası; Kosmik fəzaya buraxılan obyektlərin qeydiyyatı haqqında 1975-ci il Konvensiyası; Ayda və digər səma cisimlərində dövlətlərin fəaliyyəti haqqında 1979-cu il Sazişi (Ay haqqında Saziş). Bu və ya digər dərəcədə kosmik fəaliyyətə aid olan müddəaları başqa müqavilələrdə də tapmaq olar: məsələn, Atmosferdə, kosmik fəzada və su altında nüvə sınaqlarının qadağan edilməsi haqqında 1963-cü il Müqaviləsi; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası; “İntersputnik” Beynəlxalq rabitə sisteminin yaradılması və kosmik rabitənin təşkili haqqında  1971-ci il Sazişi; Nüvə qəzası barədə operativ xəbərvermə haqqında 1986-cı il Konvensiyası və s.

Beynəlxalq kosmos hüququnun obyekt və subyektləri


Beynəlxalq kosmos hüququnun obyekti kosmik məkandan istifadə ilə əlaqədar olaraq yaranan hüquq münasibətləri, Günəş sistemi planeti, Ay, süni kosmos obyektləri və onların tərkib hissələri kosmik heyətlərin hüquqi statusu, kosmik fəaliyyətin nəticələrindən istifadənin hüquqi rejimidir.
Beynəlxalq ümumi hüququn subyektləri, yəni başlıca olaraq dövlətlər və hökumətlərarası beynəlxalq təşkilatlar, o cümlədən, kosmik fəaliyyəti bilavasitə özləri həyata keçirməyən, lakin onun həyata keçirilməsində digər subyektlərlə hüquq münasibətlərində çıxış edən təşkilatlar beynəlxalq kosmos hüququnun subyektləridir.

Beynəlxalq kosmos hüququnun əsas prinsipləri


Beynəlxalq kosmos hüququnun prinsipləri Ay və digər səma cisimləri də daxil olmaqla kosmik məkanın tədqiqi və ondan istifadə üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında 1967-ci il Müqaviləsində təsbit edilmişdir. Bu prinsiplər aşağıdakılardır:
  • kosmosun tədqiqindən və ondan istifadədən bəşəriyyətin rifahı naminə istifadə olunması;
  • kosmosun tədqiqində və ondan istifadədə bütün dövlətlərin hüquq bərabərliyi;
  • kosmosun milli cəhətdən mənimsənilməsinin qadağan olunması;
  • kosmik fəaliyyətin beynəlxalq hüquqa uyğunluğu;
  • kosmosun elmi tədqiqatlar üçün azadlığı;
  • Aydan və digər səma cisimlərindən müstəsna dərəcədə dinc məqsədlər üçün istifadə edilməsi;
  • bütün milli kosmik fəaliyyətə dövlətlərin beynəlxalq məsuliyyəti;
  • kosmik obyektlərə vurduqları ziyana görə dövlətlərin beynəlxalq məsuliyyəti;
  • kosmosun tədqiqi və ondan istifadə zamanı dövlətlərin əməkdaşlığı və bir-birinə qarşılıqlı yardımı;
  • dövlətlər tərəfindən onların öz registrlərinə daxil edilmiş kosmik obyektlər üzərində yurisdiksiyanın və nəzarətin saxlanması;
  • dövlətlərin kosmosu zərərli çirkləndirmədən qorumaq sahəsində vəzifəsi.
Müqaviləyə görə dövlətlərin aşağıdakı hüquqları tanınır:
  • bərabərlik əsasında, səma cisimlərinin bütün rayonlarına azad yolla, hər hansı bir ayrı-seçkilik olmadan kosmik məkanın və səma cisimlərinin tədqiqini və ondan istifadəni həyata keçirmək;
  • kosmos məkanında və səma cisimlərindəelmi tədqiqatları azad surətdə həyata keçirmək;
  • səma cisimlərinin elmi tədqiqatları və ya hər hansı sair dinc məqsədlər üçen istənilən avadanlıqdan, vasitələrdən və hərbi heyətdən istifadə etmək;
  • buraxılmış kosmik obyektlər və onların ekipajları üzərində yurisdiksiyanı və nəzarəti, habelə kosmik obyektlərin yerləşməsindən asılı olmayaraq onlara münasibətdə mülkiyyət hüququnu qoruyub saxlamaq;
  • kosmosdan istifadə və onun tədqiqi üzrə digər dövlətlərin fəaliyyəti üçün potensial şəkildə zərərli şərait yaradan dövlətlərin belə fəaliyyəti üçün əsaslar olduqda, kosmosda fəaliyyət göstərməyi və eksperiment aparmağıtələb etmək;
  • öz kosmik obyektlərinin uçuşunu müşahidə etmək üçün digər dövlətlərin ərazisində müşahidə etmə stansiyalarının yerləşdirilməsi haqqında sazişlərin bağlanması məqsədilə imkanlar verilməsi haqqında xahişlə müraciət etmək;
  • səma cisimlərindəki bütün stansiyalara, qurğulara və kosmik gəmilərə qarşılıqlı anlaşma əsasında və qabaqcadan xəbərdarlıq etməklə getmək hüququ.
Müqavilə dövlətlərin üzərinə aşağıdakı bir sıra vəzifələri qoyur:
  • kosmosun elmi tədqiqində beynəlxalq əməkdaşlığa yardım etmək;
  • BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüquqa uyğun olaraq kosmosun tədqiqi və ondan istifadə üzrə fəaliyyəti, beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, beynəlxalq əməkdaşlığı və qarşılıqlı anlaşmanı inkişaf etdirmək naminə həyata keçirmək;
  • bədbəxtlik və məcburi enmə baş verdiyi halda digər dövlətlərin kosmonavtlarına kömək göstərmək və onları təxirə salmadan öz dövlətlərinə qaytarmaq;
  • kosmonavtların həyat və ya sağlamlığı üçün təhlükə yarada bilən müəyyən edilmiş kosmik hadisələr barəsində digər dövlətlərə və ya BMT-nin Baş katibinə dərhal məlumat vermək;
  • öz hökumət orqanlarının və qeyri-hökumət hüquqi şəxslərinin kosmosdakı fəaliyyətinə görə beynəlxalq məsuliyyət daşımaq;
  • kosmik obyektlər tərəfindən vurulmuş ziyana görə beynəlxalq məsuliyyət daşımaq;
  • kosmik obyekt buraxmış dövlətin hüdudlarından kənarda aşkar edilmiş kosmik obyekti həmin dövlətin xahişi ilə ona qaytarmaq;
  • kosmosun tədqiqi zamanı digər dövlətlərin müvafiq maraqlarını nəzərə almaq;
  • kosmosun zərərli çirkləndirilməsindən və yer mühitinin arzu olunmayan dəyişilməsindən qaçmaq üçün tədbirlər görmək;
  • mənfi nəticələrə səbəb olan eksperimentlərin aparılmasından qabaq beynəlxalq məsləhətləşmələr aparmaq;
  • kosmik obyektlərin uçuşunu müşahidə etmək üçün digər dövlətlərin onlara imkan verilməsi haqqında xahışini bərabər əsaslarla nəzərdən keçirmək;
  • özünün kosmik fəaliyyətinin xarakteri, yeri, gedişi və nəticələri haqqında BMT-nin Baş katibinə, ictimaiyyətə və beynəlxalq elmi birliyə maksimum imkan və praktiki həyata keçirilmə dərəcəsində məlumat vermək;
  • qarşılıqlı əsasda digər dövlətlərin kosmonavtları üçün səma cisimlərindəki bütün stansiyaları, qurğuları və kosmik gəmiləri açmaq.

Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimi


Kosmos iki ərazidən – kosmik fəzadan və səma cisimlərindən ibarətdir. “Kosmik fəza” anlayışı hava fəzasının xarici sərhədindən ay orbitinin hüdudlarına qədər uzanan geniş ərazini (yaxın kosmos) və bu hüdudlardan kənarda, yəni 384 km-dən o tərəfə yerləşən ərazini (uzaq kosmos) bildirir. Təbii səma cisimləri öz daimi orbiti üzrə hərəkət edən, istifadə üçün yararlı olan, üzərində insan yaşamayan kosmik cisimlərdir. Ay haqqında sazişə görə, Yer səthinə təbii yolla çatan asteroid, meteorit və s. kimi materiallar bu anlayışa daxil deyildir; təbii səma cisimləri bəşəriyyətin ümumi irsi olduğu halda, bu materiallar, hansı dövlətin ərazisinə düşürsə, həmin dövlətin mülkiyyəti hesab edilir.
Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimi, əsas etibarilə, 1967-ci il Müqaviləsi ilə və Ay haqqında Sazişlə müəyyən olunmuşdur. Bu müqavilələrə görə, kosmik fəza və səma cisimləri bütün dövlətlər tərəfindən bərabər əsasda, ayrı-seçkilik olmadan tədqiq edilə və istifadə oluna bilər. Heç bir dövlət öz suverenliyini bu və ya digər şəkildə bu ərazilərə şamil edə bilməz. Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimində müəyyən fərqlər mövcuddur. Kosmosdan fərqli olaraq, Ay və digər səma cisimləri müstəsna olaraq dinc məqsədlərlə istifadə olunmalıdır; onların üzərində hərbi bazalar və qurğular yaratmaq, istənilən tip silahı sınaqdan çıxarmaq, hərbi manevrlər həyata keçirmək, güclə hədələmək və ya güc tətbiq etmək, istənilən digər düşmən hərəkətləri törətmək və ya belə hərəkətlərin törədilməsi ilə hədələmək qadağan olunmuşdur.
Ay haqqında 1979-cu il Sazişinə görə, Ay və onun təbii ehtiyatları bəşəriyyətin ümumi mirasıdır. Bu sazişin iştirakçıları öz üzərlərinə Ayın təbii ehtiyatlarından istifadənin reallaşdığı vaxt onların istifadəsinin beynəlxalq rejimini çüəyyən etmək vəzifəsini götürmüşdür.
Ayın geostasionar orbit (GSO) kimi məşhur olan hissəsi əhəmiyyətə malikdir. GSO yer ekvatorunun səthində 36 min km-ə yaxın yüksəklikdə məkan dairəsindən ibarətdir. Bu məkana buraxılan peyk bucaq sürəti ilə Yerin öz oxu ətrafında fırlanmasının bucaq sürəti bərabər olduqda peykin Yer ətrafında dövr etməsi başlayır. Bunun nəticəsində peyk sanki müəyyən nöqtədən asılmış kimi, Yerin üzərinə nisbətdə praktiki olaraq hərəkətsiz vəziyyətdə qalır. Bu, peyklərdən praktiki istifadənin bəzi növləri üçün (məsələn, bilavasitə televiziya verilişlərinin həyata keçirilməsi üçün) optimal şərait yaradır. Bir sıra ekvator ölkələri 1976-cı ildə Boqatada (Kolumbiya) keçirilən konfransda GSO-nun onların ərazilərinin müvafiq olan seqmentlərinə etiraz edərək bəyan etmişlər ki, bu, kosmosun mənimsənilməməsi prinsipinə ziddir.

Kosmonavtların və kosmik obyektlərin hüquqi statusu


1967-ci il Müqaviləsinə, habelə Kosmonavtların xilas edilməsi haqqında Sazişə və Ay haqqında Sazişə əsasən, kosmonavtlar “bəşəriyyətin elçiləri” kimi nəzərdən keçirilir. Hüquqşünasların əksəriyyətinin fikrincə, bu müddəa, hər şeydən əvvəl, konkret-hüquqi deyil, təntənəli-deklorativ xarakter daşıyır və o, kosmonavta hansısa “dünya vətəndaşı” milli statusu verən hal kimi təfsir edilə bilməz.
Kosmonavtların və kosmik obyektlərin konkret xarakteristikası beynəlxalq müqavilələrdə nəzərdə tutulmuşdur. Bu müqavilələrlə dövlətlərin üzərinə aşağıdakı hüquq və vəzifələr qoyulmuşdur:
qəza, fəlakət və ya məcburi enmə halında kosmonavtlara istənilən ərazidə hərtərəfli yardım göstərmək;
səma cisimləri üzərində qəzaya uğrayan şəxslərə öz stansiyalarında, qurğularında və aparatlarında sığınacaq vermək;
BMT Baş katibinə və obyektin qeydiyyatdan keçdiyi dövlətə kosmonavtların aşkar edilməsi onların xilas edilməsi üçün görülən tədbirlər barədə məlumat vermək;
kosmonavtları dərhal müvafiq dövlətə qaytarmaq;
kosmonavtların həyat və sağlamlığının qorunması və onların qaytarılması üçün zəruri tədbirlər görülməsində başqa dövlətlərlə, ilk növbədə, obyektin qeydiyyatdan keçdiyi dövlətlə əməkdaşlıq etmək və s.
Kosmonavt və ya kosmik gəminin ekipajı kosmik fəzada, o cümlədən səma cismi üzərində olduğu müddətdə, vətəndaşlığından asılı olmayaraq, gəminin qeydiyyatdan keçdiyi dövlətin yurisdiksiyası və nəzarəti altında olur.
Kosmik obyektlər və onların tərkib hissələri üzərində mülkiyyət hüququ onların Yerə qaytarılmasınadək toxunulmamış qalır. Kosmik obyekti buraxan dövlətin ərazisindən kənarda aşkar edilmiş kosmik obyektlər həmin dövlətə qaytarılmalıdır. Lakin əgər kosmonavtların kosmik gəmini buraxan dövlətə qaytarmağa dair yuxarıda göstərilən öhdəliyi qeyd-şərtsiz öhdəlikdirsə, onda bu dövlət öz kosmonavtlarının axtarışı və xilas edilməsilə bağlı əməliyyatlara sərf edilmiş məsrəfləri ödəməyə məcbur deyildir, ancaq kosmik obyektləri və ya onların tərkib hissələrini həmin obyekti buraxan dövlətə qaytarmaq məcburidir. Kosmik obyektin və ya onun tərkib hissələrinin həmin obyekti buraxan dövlətə qaytarılmasına sərf edilmiş məsrəflər obyektin aşkar edilməsi və qaytarılması üzrə əməliyyatları həyata keçirmiş dövlət tərəfindən ödənilir.
Kosmik məkana buraxılan obyektlərin qeydiyyatı haqqında 1975-ci il Konvensiyasına görə, kosmosa buraxılmış hər bir obyekt milli registrə daxil edilmək yolu ilə qeydiyyatdan keçirilməlidir. BMT-nin Baş katibi kosmik obyektlərin reyestrini aparır. Kosmik obyekti buraxan dövlətlər tərəfindən hər bir kosmik obyekt barəsində verilən məlumatlar həmin reyestrə daxil edilir.
1990-cı ildə Rusiyanın, ABŞ-ın və AFR-in hüquqşünasları pilotlu kosmik uçuşlar haqqında Konvensiyanın layihəsini işləyib hazırlamışdır. Beynəlxalq Kosmos Hüququ İnstitutu bu qeyri-rəsmi layihəni BMT-nin kosmik məkandan dinc məqsədlərlə istifadə üzrə Komitəsinin hüquq yarımkomitəsinə vermişdir. Həmin layihəyə uyğun olaraq, “heyət” termini kosmik uçuş gedişində peşə fəaliyyətini həyata keçirən şəxslərə tətbiq edilir. Dövlətlər kosmik məkanın tədqiqində və ondan istifadədə iştirak edən şəxslərin təhlükəsizliyini maksimum dərəcədə təmin etməyə borcludurlar.
Uçuş zamanı havada və kosmik məkanda yerləşən aerokosmik nəqliyyat sistemlərinin hüquqi statusu problemi doktrinal planda müzakirə olunur.

Kosmik fəaliyyətə və bu zaman vurulan zərərə görə beynəlxalq məsuliyyət


Dövlətin bütün milli kosmik fəaliyyətə görə beynəlxalq məsuliyyət prinsipi beynəlxalq kosmos hüququnun əsas prinsiplərindən biridir; kosmik fəaliyyətin hökumət orqanları və ya xüsusi şəxslər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, məsuliyyəti dövlət daşıyır. Bu fəaliyyətdə beynəlxalq təşkilatın iştirak etdiyi halda isə, təşkilat və onun üzv-dövlətləri birgə məsuliyyət daşıyır.
Hüquqauyğun kosmik fəaliyyət nəticəsində xarici dövlətə və ya onun fiziki və hüquqi şəxslərinə zərər dəymişsə, bu zərərin ödənilməsi vəzifəsi kosmik obyektin buraxılmasını həyata keçirmiş və ya təşkil etmiş dövlətin, habelə ərazisindən və ya qurğusundan həmin obyekt buraxılmış dövlətin üzərinə qoyulur. Dövlətin bu hallarda daşıdığı maddi məsuliyyətin həyata keçirilməsi əsasları və qaydası Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyasında müəyyən olunmuşdur. Konvensiyaya görə, kosmik obyektin vurduğu zərər dedikdə, insan ölümü, bədən xəsarəti, səhhətə dəyən digər zərər, dövlətlərin, fiziki və ya hüquqi şəxslərin, beynəlxalq təşkilatların əmlakına vurulan zərər başa düşülür.
Kosmik fəaliyyətin həyata keçirilməsi nəticəsində Yerdəki və ya hava məkanındakı obyektlərə zərər dəymişsə, ortaya çıxan məsuliyyət mütləq məsuliyyətdir, heç bir beynəlxalq hüquq norması pozulmasa da, dövlət bu zərəri ödəməlidir. Kosmik fəaliyyət bu halda yüksək təhlükə mənbəyi kimi nəzərdən keçirilir. Kosmik obyekt tərəfindən başqa bir dövlətin obyektinə kosmik fəzada və ya səma cismi üzərində vurulan zərərə görə isə məsuliyyət yalnız təqsir olduqda ortaya çıxır.

Beynəlxalq kosmos təşkilatları


1975-ci ildə əvvəllər mövcud olmuş Avropa Kosmik Tədqiqatlar Təşkilatının (GSRO) və Raket Daşıyıcılarının Yaradılması üzrə Avropa Təşkilatının (GLDO) birləşdirilməsi yolu ilə Avropa Kosmos Agentliyi (AKA) yaradılmışdır. Təsis aktına uyğun olaraq, AKA-nın vəzifəsi kosmos elmlərinin və texnikasının tədqiqi və tətbiqindən müstəsna dərəcədə dinc məqsədlər üçün istifadə sahəsində Avropa dövlətlərinin əməkdaşlığını yaratmaqdan və inkişaf etdirməkdən ibarətdir. AKA-nın mənzil-qərargahı Parisdə yerləşir.
1964-cü ildə Peyklər rabitəsinin qlobal kommersiya sisteminin yaradılmasının müvəqqəti şərtləri haqqında Saziş əsasında Yerin Süni Peykləri vasitəsilə Beynəlxalq Rabitə Təşkilatı (İNTELSAT) təsis edildi. RF də daxil olmaqla 130-dan çox dövlət İNTELSAT-ın üzvüdür. Təşkilatın vəzifəsi kommersiya əsasında peyk rabitəsinin qlobal sistemini yaratmaqdan və onun istismarından ibarətdir. İNTELSAT-ın mənzil-qərargahı Vaşinqtonda yerləşir.
1971-ci ildə “İnterpeyk” beynəlxalq kosmik rabitə təşkilatı yaradıldı. Bu təşkilatın məqsədi Yerin süni peykləri vasitəsilə rabitə sisteminin yaradılması və istismarı üzrə üzv-dövlətlərin səylərini əlaqələndirməkdir. Mənzil-qərargahı Moskvada yerləşir.
Beynəlxalq Dəniz Peyk Rabitəsi Təşkilatı (İNMARSAT) 1976-cı ildə yaradılmışdır.60-dan artıq dövlət onun üzvüdür. Təkilatın məqsədi fəlakətlər haqqında xəbərdarlıq etmə sistemini təkmilləşdirmək naminə dəniz rabitəsinin yaxşılaşdırılması üçün zəruri olan kosmik seqmenti və dənizdə insan həyatının mühafizəsini təmin etmək, gəmilərin işini və idarə olunması səmərəliliyini yüksəltmək, dəniz ictimai korrespondensiya xidmətini və radiomüəyyənedicinin imkanlarını təkmilləşdirməkdir. İNMARSAT-ın mənzil-qərargahı Londonda yerləşir.
Bir sıra digər beynəlxalq hökumətlərarası kosmos təşkilatları, o cümlədən Ərəb Peyk Rabitəsi Təşkilatı (ARABSAT), Avropa Peyk Rabitəsi Təşkilatı (EVTELSAT), Meteoroloji peyklərin İstismarı üzrə Avropa təşkilatı və s. də mövcuddur. Kosmik fəaliyyətin müəyyən istiqamətləri BMT-nin bəzi ixtisaslaşdırılmış müəssisələri – MSG, FAO, VMO, YUNESKO və s. sferasına çıxırlar.
Ən nüfuzlu beynəlxalq qeyri-hökumət kosmos təşkilatları Kosmik Məkanın Tədqiqi üzrə Komitə (KOSPAR) və Beynəlxalq Astronavt Federasiyasıdır (BAF).

Kosmosun tədqiqi və istifadəsi sahəsində beynəlxalq əməkdaşlıq


Kosmosun tədqiqi və istifadəsi həm fundamental elmin inkişafı, həm də bir sıra praktik-tətbiqi məsələlərin həlli baxımından prinsipial əhəmiyyət daşıyır. Kosmosun hərtərəfli tədqiqi və onun nadir imkanlarından istifadə nəticəsində yeni elm və fəaliyyət sahələri meydana gəlmişdir: kosmik meteorologiya, astronomiya, kosmik rabitə, naviqasiya və s.
Kosmik meteorologiya sahəsində əməkdaşlıq Kosmos üzrə BMT Komitəsi, Ümumdünya meteorologiya təşkilatı, İNTELSAT və b. vasitəsilə həyata keçirilir. Yerin süni peykləri havanın proqnozlaşdırılmasının, iqlimin inkişafının, dənizin temperaturunun, küləyin sürətinin və s. öyrənilməsi üçün istifadə olunur.
Yerin məsafədən zondla tədqiq edilməsi (YMZT) geologiya, coğrafiya, geodeziya və kənd təsərrüfatı sahələrində uğurla istifadə olunur. YMZT vasitəsilə quru, okean və Yer atmosferinin vəziyyəti təyin olunur, ətraf mühit üzərində nəzarət həyata keçirilir, Yerin təbii ehtiyatları öyrənilir, faydalı qazıntıların yataqları aşkara çıxarılır və s. 1986-cı ildə BMT Baş Asambleyası Yerin kosmik fəzadan məsafə zondlamasına dair Prinsiplər qəbul etmişdir. Bu prinsiplərə görə, xarici dövlətlərin ərazilərinin kosmosdan zondlanması hüquqauyğundur və dövlətlər bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verməlidirlər.
Kosmik  rabitə sahəsində dövlətlərin əməkdaşlığı son illər xeyli genişlənmişdir. Bu, bir tərəfdən, Yerdə kommunikasiya vasitələrinə artan tələbatla, digər tərəfdən isə kosmosda yerüstü stansiyalar, Yerin süni peykləri, orbital stansiyalar və s. arasında əlaqə qurulması zərurəti ilə bağlıdır. Hazırda radio və televiziya peyk xidməti, Yerin süni peykləri vasitəsilə proqramların birbaşa ötürülməsi sistemi intensiv inkişaf edir. Dövlətlər göstərilən sahədə Beynəlxalq Elektron Rabitəsi İttifaqı, İNTELSAT, ARABSAT və s. kimi beynəlxalq hökumətlərarası təşkilatlar vasitəsilə əməkdaşlıq edirlər. Kosmik rabitənin hüquqauyğun və səmərəli istifadəsini təmin etmək üçün BMT Baş Assambleyası 1982-ci ildə “Dövlətlər tərəfindən Yerin süni peyklərinin beynəlxalq birbaşa televiziya verilişləri üçün istifadə olunması Prinsipləri” adlı qətnamə qəbul etmişdir.
Kosmik naviqasiya hər hansı bir yerdə qəzaya uğrayan dəniz və hava gəmilərinə kömək göstərilməsi üçün müstəsna əhəmiyyət daşıyan bir sahədir. Bu sahədə, Beynəlxalq Dəniz Peyk Rabitəsi Təşkilatı – İNMARSAT mühüm rol oynayır.
Top