Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində ilk belə məcəllələşdirilmiş akt Müqavilələr haqqında Havana Konvensiyası olmuşdur; 1928-ci ildə bağlanmış bu Konvensiyasiya yalnız Latın Amerikası ölkələri arasında qüvvədə olmuşdur.
Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası.
Əslində bu iki Konvensiyadan yalnız birincisi beynəlxalq müqavilələr hüququnun mənbəyi sayıla bilər, çünki ikinci Konvensiya hələ qüvvəyə minməmişdir. Beynəlxalq müqavilələr hüququnun mühüm mənbəyi kimi müvafiq beynəlxalq adət normalarını da qeyd etmək lazımdir: əvvəla, ona gorə ki, bəzi dövlətlər indiyə qədər 1969-cu il Konvensiyasının iştirakçısı deyillər; ikincisi isə bir sıra məsələlər ( müharibələrin beynəlxalq müqavilələrə təsiri və s.) bu Konvensiyada öz əksini tapmamışdır. Yeri gəlmişkən, sözü gedən Konvensiyaların hər ikisində birbaşa qeyd olunur ki, bu konvensiyaların müddəalarında öz həllini tapmayan məsələlər əvvəlki kimi beynəlxalq adət hüququ normaları ilə nizama salınır.
Hər iki Konvensiyanın 2-ci maddəsinə görə:
beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir.
Beləliklə, şifahi sazişlərə(“centlmen sazişləri”) və habelə dövlətdaxili hüquql nizama salınan müqavilələrə ( məsələn, kommersiya razılaşmalarına ) göstərdiyimiz Konvensiyaların müddəaları bilavasitə tətbiq olunmur. Bundan əlavə, daha bir mühüm şərt vardir ki, o da tərəflərin həmin razılaşma vasitəsi ilə hüquqi münasibətlər, daha doğrusu, özləri üçün məcburi öhdəliklər yaratmaq niyyətinin olmasıdır. Belə bir niyyət olmamışsa, razılaşmanın özü və onun bağlanması prossesi bütün müvafiq tələblərə cavab versə belə, beynəlxalq müqavilədən danışmaq olmaz. Məsələn. 1975-ci il Helsinki Yekun akti müqavilə sayılmır.
Hər bir beynəlxalq müqavilənin müəyyən obyekti və məqsədi olur. Müqavilənin obyekti dedikdə, həmin müqavilənin yönəldiyi maddi və ya qeyri-maddi nemət, hərəkət və ya müəyyən hərəkətdən çəkinmə başa düşülür. Bir qayda olaraq, müqavilənin obyekti onun adında öz əksini tapır. Müqavilənin məqsədi isə müqaviləni qəbul edən dövlətlərin ( və ya beynəlxalq təşkilatların ) nəyi həyata keçirmək və ya nəyə nail olmaq istədiklərini göstərir. Müqavilənin məqsədi və ya məqsədləri, bir qayda olaraq, müqavilənin preambulasında və yaxud ilk maddələrdə ifadə olunur. Məsələn, BMT Nizamnaməsinin 1-ci maddəsində Nizamnamənin qəbul olunmasına məqsədləri bəyan olunmuşdur.
1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər.
1969-cu il Konvensiyasına görə, “ hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir” (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır. Dövlət istənilən sahədə müqavilə bağlaya bilər və istənilən digər müqaviləyə qoşula bilər. Düzdür, ikinci halda bu, müqavilə qapalı olmadığı halda mümkündür; belə ki, bəzi beynəlxalq sazişlərə yalnız müəyyən regionda yerləşən dövlətlər (məsələn, bu, Avropa Şurasının Nizamnaməsində nəzərdə tutulmuşdur) və ya sazişin bütün iştirakçılarının razılığı ilə hər hansı dövlət tərəf ola bilər(məsələn, Avropa İqtisadi Birliyinin yaradılması haqqında 1957-ci il Roma müqaviləsi). Beynəlxalq təşkilatlara gəldikdə isə, onlar həm dövlətlərlə, həm də digər beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər. 1986-cı il Konvensiyasında deyilir: “beynəlxalq təşkilatların müqavilələr bağlamaq hüquq qabiliyyəti bu təşkilatın qaydaları ilə tənzimlənir” (6-ci maddə). Göründüyü kimi, beynəlxalq təşkilatın hansı müqaviləyə tərəf ola bilməsi, əsas etibarilə, həmin təşkilatın təsis aktından asılıdır.
Beynəlxalq hüququn digər subyektləri də bu və ya digər dərəcədə beynəlxalq müqavilə bağlaya bilərlər. Məsələn, xarici işğaldan və ya müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizə aparan xalqı rəsmi təmsil edən qurumlar beynəlxalq sazişlərdə iştirak edə bilərlər. Fələstin azadlıq Təşkilatının bir sıra beynəlxalq sazişə tərəf olması bizə yaxşı məlumdur.
1986-cı ildə bağlanmış Nüvə qəzası barəsində operativ xəbırvermə haqqında Konvensiyada nəzərdə tutulur ki, bu Konvensiya bütün dövlətlər, regional təşkilatlar da daxil olmaqla, beynəlxalq təşkilatlar və Namibiya (1990-cı ildə müstəqilliyi elan olunmuş Namibiyanı nəmin Konvensiya ilə danışıqlarda Namibiya üzrə BMT Şurası təmsil edirdi) tərəfindən imzalanmaq üçün açıqdır.
“Müqavilənin tərəfi” anlayşından danışarkən, sözü gedən Vyana Konvensiyalarında işlədilmiş digər uyğun terminləri də bilmək lazımdır. Bu terminlər aşağıdaklardır: “danışıqlarda iştirak edən dövlət” (və ya beynəlxalq təşkilat) – yəni müqavilənin mətninin hazırlanmasında və qəbul edilməsində iştirak etmiş dövlət (və ya beynəlxalq təşkilat); “razılaşan dövlət” – yəni müqavilənin qüvvəyə minib-minməməsindən asılı olmayarq, müqavilənin məcburiliyinə öz razılığını vermiş dövlət; “iştirakçı dövlət” –yəni müqavilənin məcburiliyinə öz razılığını vermiş və müqavilənin onun üçün qüvvəyə mindiyi dövlət; “üçüncü dövlət” – yəni müqavilənin tərəfi olmayan dövlət.
Beynəlxalq müqavilələri aşağıda göstərilmiş əsaslara görə ayrı-ayrı növlərə bölmək olar:
I – iştirakçıların dairəsinə görə:
1) ikitərəfli müqavilələr (iki dövlətin iştirak etdiyi müqavilələr);
2) çoxtərəfli müqavilələr (ikidən artıq dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələr). Çoxtərəfli müqavilələr arasında dünya dövlətlərinin ümumi mənafeyini əks etdirən, ümumi məsələlərin həllinə yönəlmiş universal müqavilələr xüsusi yer tutur.
II – dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə:
III – məzmununa görə:
1. siyasi müqavilələr. Bu müqavilələrə, əsasən aşağıdakılar aiddir:
müttəfiqlik haqqında müqavilələr – bu cür müqavilələrin iştirakçısı olan dövlətlər özlərinin müəyyən mənafelərini qorumaq məqsədilə birgə fəaliyyət göstərməyı öhdəsinə götürürlər;
qarşılıqlı yardım haqqında müqavilələr – iştirakçı dövlətlər bir-birinə bu və ya digər sahədə yardım göstərmyi öz üzərlərinə öhdəlik kimi götürürlər;
neytirallıq haqqında müqavilələr – bu müqavilələr vasitəsilə iştirakçı dövlətlər öz üzərlərinə öhdəlik götürürlər ki, hər hansı hərbi əməliyyatlarda iştirak etməsinlər və müəyyən əraziləri hərbi bazaya çevirməsinlər;
sülh müqavilələri – bu müqavilələr müharibə vəziyyətini hüquqi baxımdan başa çatdırır və müharibədən sonrakı siyasi və digər münasibətləri müəyyən edir.
2. iqtisadi müqavilələr. Buraya daxildir:
a) ticarət müqavilələri;
b) əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər;
c) texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər;
ç) beynəlxalq hesablaşmalar haqqında sazişlər;
d) gömrük məsələləri və s. üzrə sazişlər:
3. xüsusi məsələlər üzrə sazişlər. Bu qrupa aşağıdakı sahələrdə bağlanmış müqavilələri daxil etmək olar:
a) nəqliyyat sahəsində;
b) rabitə sahəsində;
c) kənd təsərrufatı sahəsində;
ç) elmi əməkdaşlıq məsələləri üzrə;
d) hüquqi məsələlər üzrə;
e) ətraf mühitin mühafizəsi sahəsində;
ə) mədəniyyət sahəsində və s.
Hər bir beynəlxalq müqavilənin mətni, bir qayda olaraq, aşağıdakı quruluşda tərtib olunur:
1. Müqavilənin adı.
Beynəlxalq müqavilə təcrübəsində “müqavilə” ümumi anlayışı altında müxtəlif konkret adlardan istifadə olunur; (məsələn, konvensiya, saziş, nizamnamə, pakt, xartiya, bəyannamə, traktat, statut, konkordat və s.).
2. Preambula.
Preambula müqavilənin giriş hissəsinə deyilir. Burada, adətən, müqavilənin məqsədləri əks olunur. Müqavilənin ayrı-ayrı müddəalarının təfsiri zamanı preambula müəyyən rol oynaya bilər.
3. Əsas hissəsi.
Müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyekti ilə bağlı olan hüquq və vəzifələri ifadə olunur. Əsas hissə ardıcıl olaraq bölmə və ya fəsillərdən, maddələrdən, hissələrdən, bəndlərdən və yarımbəndlərdən ibarət olur.
4. yekun hissə.
Bu hissədə müqavilənin qüvvəyə minməsi və xitam olunması şərtləri, müqaviləyə yenidən baxılması qaydası, müqavilənin tərtib olunduğu dil və s. kimi məsələlər öz əksini tapır.
5. Səlahiyyətli şəxslərin imzaları.
6. Bəzi hallarda beynəlxalq müqavilələrin protokollar, əlavə protokollar, texniki şərtlər, standartlar, xəritələr və s. şəklində Əlavələri də olur. Əgər müqavilənin özündə göstərilirsə, Əlavələr həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.
Beynəlxalq müqavilənin bağlanması bir neçə ardıcıl mərhələdən ibarət olan bir prosesdir. Bu mərhələlər aşağıdakılardır:
1. Müqavilənin mətninin tərtib olunmaı və qəbulu.
2. Müqavilənin mətninin autentikliyinin müəyyən olunması.
3. Müqavilənin məcburiliyinə razılığın ifadə olunması.
Dövlətlər arasında müqavilələr onların nümayəndələri tərəfindən bağlanılır. Müqavilənin bağlanmasında, daha doğrusu, yuxarıda göstərilmiş ilk iki mərhələdən birində və ya hər ikisində iştirak etmək üçün həmin nümayəndəyə xüsusi sənəd – vəkalət verilir. Vəkalət milli qanunvericiliyə müvafiq olaraq, dövlətin səlahiyyətli orqanları tərəfində verilir. Dövlətin müəyyən vəzifəli şəxslərinə, onların vəzifə mövqeyinə görə xüsusi vəkalət lazım deyil. 1969-cu il Vyana Konvensiyasına görə, bu şəxslər aşağıdakılardır: 1) dövlətlərin başçıları; 2) hökumətlərin başçıları; 3) xarici işlər nazirləri; 4) diplomatik nümayəndəliklərin başçıları və 5) dövlətlərin beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndələri. Diplomatik nümayəndəliyin başçısı yalnız öz dövləti ilə akkreditə olunduqları dövlət arasındakı müqavilənin, dövlətin beynəlxaq konfranslardakı və beynəlxalq təşkilatlardakı
nümayəndəsi isə yalnız bu konfrans və ya təşkilat çərçivəsində bağlanılan müqavilənin mətninin qəbul olunması ilə bağlı hərəkətləri həyata keçirə bilər.
Beynəlxalq təşkilatın iştirakı ilə müqavilələr bağlanılması üçün həmin təşkilatın qaydalarına əsasən onu təmsil edən şəxsə vəkalət tələb olunmur (1986-cı il Vyana Konvensiyasının 7-ci maddəsi).
Vəkaləti olmayan şəxs tərəfindən və ya vəkalətin pozulması ilə, beynəlxalq müqavilənin bağlanılması ilə əlaqədar hər hansı hərəkətin həyata keçirilməsi, əgər müvafiq dövlət bundan sonra bu hərəkəti təsdiq etmirsə, heç bir hüquqi əhəmiyyətə malik olmur.
Belə bir məsələ1951-ci ildə bir beynəlxalq müqavilə — Pendirlərin adlandırılmasına dair Konvensiya ilə əlaqədar ortaya çıxmışdı. Konvensiya həm İsveç, həm də Norveçin adından bir nümayəndə tərəfindən imzalanmışdı, lakin məlum oldu ki, onun təkcə Norveçdən vəkaləti var idi. Sonralar, buna baxmayaraq, Konvensiya hər iki dövlət tərəfindən ratifikasiya olundu və qüvvəyə mindi.
Beynəlxalq müqavilənin mətninin tərtib olunması və qəbulu aşağıdakı üç formadan biri vasitəsilə həyata keçirilir:
danışıqlar;
beynəlxalq konfranslar; Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin Statutu 1998-ci il iyulun 17-də Roma Beynəlxalq diplomatik konfransında qəbul olunmuşdur.
beynəlxalq təşkilatlar; Əksər universal müqavilələr, məsələn, İnsan hüquqları haqqında 1966-cı il Beynəlxalq Paktları, İşgəncə əleyhinə 1984-cü il Konvensiyası BMT Baş Assambleyasının qətnamələri vasitəsilə, Üzv-dövlətlərin nümayəndələritərəfindən səs verildikdən sonra qəbul olunmuşdur.
Beynəlxalq konfranslarda və beynəlxalq təşkilatlarda son zamanlar müqavilə mətnləri konsensus vasitəsilə, yəni iştirakçılardan heç birinin etirazı olmadıqda, səsvermə keçirilməməklə qəbul olunur.
Müqavilə mətninin autentikliyinin müəyyən olunması və autentifikasiyası (yunanca bu söz “həqiqilik”, “əslinə uyğunluq” deməkdir) o deməkdir ki, beynəlxalq müqavilənin mətni son və qəti variantda razılaşdırılmışdır və ona heç bir dəyişiklik edilə blməz. Bu, üç yolla həyata keçirilir:
1) paraflama (inisial qoyma) – müqavilə mətninin hər səhifəsində vəkalətli şəxsin öz inisiallarını qoyması.
2) ad referendum imza atma (şərti imza atma) – bu qaydada qoyulmuş imza hələ bundan sonra müvafiq dövlət orqanı (və ya müvafiq beynəlxalq təşkilat) tərəfindən təsdiq olmalıdır. Onun inisial qoymadan ilə fərqi ondan ibarətdir ki, təsdiq olunduqdan sonra ad referendum imza atma tam və ya qəti imzalama hesab olunur; inisial qoymadan sonra isə müqavilə hələ qəti imzalanmağa verilməlidir.
3) imzalma. İmzalama o zaman müqavilə mətninin autentifikasiyası rolunu oynayır ki, həmin müqavilə sonradan ratifikasiya olunmalıdır. İmzalama müəyyən hüquqi nəticələr doğurur; belə ki, bundan sonra imzalamış dövlət; 1) həmin müqaviləni təsdiq etmək hüququ əldə edir; 2) müqavilənin qüvvəyə minməsinə qədər, onun obyektini və məqsədini heçə endirə biləcək hərəkətləri etməmək vəzifəsi daşıyır (1969-cu il Konvensiyasının 18-ci maddəsi).
Vyana Konvensiyalarına görə, hansı autentifikasiya usulunun seçilməsini razılaşan tərəflər özləri müəyyən edirlər.
Bildiyimiz kimi, dövlətin razılığı əgər yoxdursa, o, heç bir müqavilə ilə bağlı ola bilməz. Buna görə də müqaviləyə razılığın ifadə olunması həmin müqavilənin qüvvəyə minməsi üçün zəruri mərhələdir. 1969-cu il Vyana Konvensiyasının 11-ci maddəsinə görə, belə bir razılıq aşağıdakı üsullardan biri ilə ifadə oluna bilər:
müqavilənin imzalanması;
müqaviə sənədlərinin dəyişdirilməsi;
ratifikasiya;
təsdiq etmə;
qəbul etmə;
müqaviləyə qoşulma.
Buna əlavə, 11-ci maddədə göstərilir ki, müqavilənin tərəfləri müqavilənin məcburiliyinin tanınmasının digər üsulu barədə razılığa gələ bilərlər.
Belə bir xüsusi razılığa gəlmə məşhur Deyton sazişi bağlanarkən olmuşdu. Bu saziş – Bosnya və Hersoqovinada sülhə dair Ümumi Çərçivə Sazişi (on iki Əlavə ilə birlikdə) 1995-ci il noyabrın 21-də Deytonda (Ohayo ştatı) paraflanmış və 1996-cı il dekabrın 14-də Parisdə imzalanmışdı. “Çərçivə Sazişinin paraflanması haqqında” adlanan xüsusi razılaşma nəzərdə tutulurdu ki, Sazişin paraflanması nəinki tərəflərin üzərinə sonralar Sazişın müvafiq mətnlərini imzalamaq vəzifəsi qoyur, habelə onların bu mətnlərin məcburiliyinə razılığını ifadə edir. Çərçivə Sazişinin IX maddəsi və əlavə olunmuş Sazişlərin hamısı nəzrə tuturdu ki, onlar imzalandığı andan avtomatik qüvvəyə minir.
Müqavilənin məcburiliyinə razılıq o zaman imzalama vasitısi ilə ifadə olunur ki, həmin müqavilə bundan sonra ratifikasiya və ya təsdiq edilməli olmasın. Əgər müqavilənin sonradan ratifikasiya və ya təsdiq olunması nəzərdə tutulubsa, onda bu halda imzalama, yuxarıda qeyd edildiyi kimi, yalnız müqavilə mətninin autentikliyinin müəyyən edilməsi rolunu oynayır. Beynəlxalq müqavilənin məcburiliyinə razılığın məhz imzalama vasitəsilə ifadə olunması, adətən, həmin müqavilənin özündə göstərilir.
Müqavilələr beynəlxalq praktikada qəbul olunmuş müəyyən qaydalara müvafiq olaraq imzalanır. Məslən, ikitərəfli müqavilələrin imzalanması alternat, yəni növbələmə prinsipi əsasında həyata keçirilir. Bu prinsipə görə, müqavilənin həmin nüsxəsi hansı dövlətdə qalırsa, onun nümayəndəsinin imzası hər iki dildəki mətnlərdə birinci yerdə (soldan, əgər imzalar yan-yanadırsa və ya yuxarıdan, əgər imzalar alt-üstdürsə) gəlir. Çoxtərəfli müqavilələrdə isə dövlətlərin nümayəndələrinin imzaları dövlətlərin adlarının əlifba qaydasında qoyulur.
Müqavilə sənədlərinin mübadiləsi, yəni müvafiq dövlətlərin nümayəndələrinin bir-birinə nota və ya məktub göndərməsi müqavilənin məcburiliyinə razılığı bildirməyin sadələşdirilmiş üsuludur. Məhz üsula əl atılması bu barədə xüsusi razılaşma olduqda olur.
Müqavilənin məcburiliyinə razılığın ieadə olunmasının ən geniş yayılmış üsulu ratifikasiyadir. Ratifikasiya ali hakimiyyət orqanı (adətən, parlament, və ya dövlətin başçısı) tərəfindən müqavilənin təsdiq olunmasıdır.Ratifikasiya həm dövlətdaxili aktda (qanunda, fərmanda və s.), həmdə beynəlxalq aktda (ratifikasiya sənədində) öz əksini tapir. Beynəlxalq təşkilatların özünün hər hansı müqaviləsi ilə bağlı rəsmi təsdiq aktı ratifikasiyaya bərabər tutulur.
1969-cu il Vyana Konvensiyasının 14-cü maddəsinə görə, müqavilənin məcburiliyinə razılıq aşağıdakı hallarda ratifikasiya vasitəsilə ifadə olunur:
a) müqavilənin özündə bu birbaşa nəzərdə tuulubsa;
b) başqa cür müəyyən olunbsa ki, danışıqlarda iştirak edən dövlətlər ratifikasiyanın zəruriliyi haqqında razılığa gəlmişlər;
c) dövlətin nümayəndəsi müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamışdırsa;
ç) dövlətin müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamaq niyyəti onun nümayəndəsinin vəkalətindən irəli gəlirsə və yaxud danışıqlar zamanı ifadə olunmuşdursa.
Hər bir dövlət öz qanunvericiliyində, imzalamış olduğu hansı beynəlxalq müqavilələrin və hansı qaydada ratifikasiya olunmasını müəyyən edir.
Burada qeyd edək ki, dövlətin müqaviləni imzalayıb sonra onu ratifikasiya etməməsi beynəlxalq hüquq pozuntusu hesab olunmur.
Dövlət hər hansı müqavilənin ratifikasiya olunması haqqında qərar çıxardıqdan sonra ratifikasiya sənədi tərtib edir.Ratifikasiya sənədində aşağıdakılar göstərilir; a) müqaviləni ratifikasiya etmiş dövlət orqanının adı; b) müqavilənin bütöv mətni (əgər qeyd-şərtlər və ya bəyanatlar edilmişsə, onlar da bu hissəyə əlavə olunur); c) həmin müqavilənin vicdanla yerinə yetiriləcəyi haqqında dövlətin bəyanatı.
Ikitərəfli müqavilə bağlanarkən onun iştirakçısı olan dövlətlər öz ratifikasiya sənədlərini bir-birinə verir. Çoxtərəfli müqavilələrdə isə radifikasiya sənədləri depozitariyə saxlanmağa verilir. Depozitari müqavilənin əslini və onunla bağlı bütün sənədləri saxlamaq üçün tərəflərin razılığı ilə müəyyən olunan dövlət (adətən, müqavilənin imzalandığı dövlət), beynəlxalq təşkilat və ya bu təşkilatın baş vəzifəli şəxsi deməkdir. Məsələn, BMT çərçivəsində qəbul olunmuş müqavilələrin(o cümlədən, sözü gedən 1969-cu il və 1986-ci il Vyana Konvensiyalarının) depozitarisi, bir qayda olaraq, BMT-nin Baş Katibidir.
Vyana Konvensiyalarına görə, depozitari bu funksiyaları yerinə yetirir: a) vəkalətlər, ratifikasiya sənədləri, qoşulma sənədləri kimi sənədlərin saxlanılması; b) müqavilənin əslindən təsdiq olunmuş nüsxələrin hazırlanması və müqavilənin iştirakçısı olan və iştirakçısı olmaq hüququ olan dövlətlərə və beynəlxalq təşkilatlara göndərilməsi; c) hər bir saxlanılmağa verilmiş ratifikasiya sənədi, habelə qeyd-şərtlər və onlara etirazlar və müqavilənin qüvvəyə minməsi haqqında müqavilənin iştirakçılarına məlumat verilməsi və s.
Təsdiq etmə qəbul etmə ratifikasiyaya çox yaxındır, lakin nisbətən sadələşdirilmiş prosedur hesab olunur. Müqavilənin məcburiliyinə bu yollarla razılıq, adətən, dövlət başçısı və parlament tərəfindən deyil, dövlətin digər orqanları tərəfindən verilir.
Nəhayət, beynəlxalq müqavilənin məcburiliyinə razılıq həmin müqaviləyə qoşulmaq vasitəsilə ifadə oluna bilər. Dövlət, adətən, artıq qüvvəyə minmiş müqaviləyə qoşulur. Müqaviləyə həm onun mətninin hazırlanmasında və qəbul edilməsində iştirak etməmiş dövlətlər, həm də müqaviləni artıq imzalamış, lakin həmin müqavilənin qüvvəyə minməsinə qədər, onun məcburiliyinə razılıq verməmiş dövlətlər qoşula bilər. Hər bir müqaviləyə necə qoşulmaq qaydası müqavilənin özündə müəyyən olunur. Qoşulma, bir qayda olaraq, ratifikasiya sənədinin və ya qoşulma haqqında digər sənədin (nota, məktub və s.) saxlanılmağa verilməsi yolu ilə həyata keçirilir.
Beynəlxalq müqavilənin məcburiliyinə hər hansı yolla razılıq verərkən dövlət(və ya beynəlxalq təşkilat) bəyan edə bilər ki, müqavilənin hər hansı müddəasını qəbul etmək istəmir. Belə bir bəyanat vasitəsilə dövlət həmin müddəanı ya, ümumiyyətlə, qəbul etmir, ya da onun məzmununu özü üçün dəyişdirir. Buna beynəlxalq müqavilələr hüququnda qeyd-şərt deyilir.
Müqaviləyə qeyd-şərt irəli sürmək imkanı dövlətin suveren iradəsinin ifadəsidir, belə ki, dövlət müqavilənin bütün mətnini qəbul etdiyi halda, onun hər hansı norması ilə razılaşmaya bilər. Lakin bu sərbəstlik qeyri-məhdud deyil; əgər: 1) qeyd-şərt müqavilənin obyekti və məqsədi ilə bir araya sığmırsa; 2) müqavilə qeyd-şərtlərin edilməsini, ümumiyyətlə, qadağan edirsə (məsələn, Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası; Köləliyin, kölə alverinin və köləliyə oxşar olan institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyası və s.) və 3) məhz belə bir qeyd-şərtin edilməsi konkret müqavilədə yol verilmirsə.
Qeyd-şərt yazılı formada olmalı və müqavilənın iştirakçısı olan bütün digər dövlətlərin diqqətinə çatdırılmalıdır.
Qeyd-şərt ilə razı olmayan dövlət müqavilədə göstərilmiş müddətdən gec olmayaraq buna yazılı formada etiraz edə bilər. Lakin belə bir etirazın edilməsi bu dövlətlə qeyd-şərti etmiş dövlət arasında müqavilənin qüvvəyə minməsinə maneə yaratmır. Bu iki dövlət arasında yalnız qeyd-şərtin aid olduğu müddəa qüvvəyə minmir. Bununla belə, qeyd-şərtə etiraz edən dövlət bəyan edə bilər ki,müqavilə bütövlükdə iki müvafiq dövlətin arasında qüvvəyə minməyəcəkdir.
Qeyd-şərt və etirazlar istənilən vaxt, yazılı formada bildirilməklə,geri götürülə bilər.
Müqaviləni imzalayarkən, ratifikasiya edərkən və s. dövlətlər bəzən bu və ya digər müddəanın necə başa düşülməsi və ya onun əhəmiyyəti ilə bağlı bəyanatlar verirlər; bunlar qeyd-şərtlərdən fərqləndirilməlidir. Belə ki, bu cür bəyanaylar müqavilənin hər hansı müddəasını dəyişdirmir və ya onu aradan götürmür.
BMT Nizamnaməsinin 102-ci maddəsinə görə, BMT üzvləri tərəfindən bağlanmış hər bir beynəlxalq müqavilə BMT-nin Katibliyində qeydə alınmalıdır. Qeydə alınma müqavilənin hüquqi qüvvəsinə təsir etmir; sadəcə olaraq, bu cür qeydə alınmamış müqavilələrə dövlətlər BMT-nin orqanlarında istinad edə bilməzlər.
Qeyd alınmış beynəlxalq müqavilələri Katiblik “Treaty Series” adlı topluda dərc edir
Bəzi dövlətlərdə iştirakçıları olduqları beynəlxalq müqavilələrin dərc olunması qaydası qanunvericilikdə müəyyən olunur.
Yalnız qüvvəyə minmiş beynəlxalq müqavilə tərəflər üçün məcburi sayılır. Müqavilənin qüvvəyə mindiyi an, adətən, müqavilənin özündə göstərilir. Burada bir sıra qaydalar mövcuddur. Belə ki, ratifikasiya və ya təsdiq edilməli olmayan müqavilə aşağıdakı müddətdə qüvvəyə minir: a) imzalandığı andan etibarən; b) imzalandığı andan müəyyən müddət keçdikdən sonra və ya c) müqavilədə dəqiq göstərilmiş andan etibarən.
Ratifikasiya və ya təsdiq edilməli olan müqavilələrin isə qüvvəyə minməsi qaydası aşağıdakı kimidir:
1 – ikitərəfli müqavilələr: a) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən və ya b) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən müəyyən müddət keçdikdən sonra;
2 – çoxtərəfli müqavilələr: a) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən və ya b) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən müəyyən müddət keçdikdən sonra.
Müqavilənin qüvvədə olması müəyyən müddət üçün (məsələn, 5 il, 10 il və s.) və ya
müddətsiz nəzərdə tutula bilər. Müəyyən müddətə bağlanılan müqavilə həmin müddət bitdikdən sonra müqavilənin özündə göstərilən şərtlərlə (məsələn,tərəflərdən biri bu müddət bitən ərəfədə müqavilədən çıxmaq haqqında öz istəyini bildirməyibsə) və ya tərəflrin xüsusi razılığı ilə uzadıla bilər; buna prolonqasiya deyilir.
Müqavilə müəyyən məkanda qüvvədə olur. Əgər müqavilənin özündə başqa hal
nəzərdə tutulmayıbsa, o, müvafiq dövlətin ərazisində qüvvədə olur.
Müqavilənin təvsiri onun müddəalarınin mənasının aydınlaşdırılması və ya izah edilməsi deməkdir.
Beynəlxalq müqavilənin təvsiri bir sıra prinsiplərə söykənir. Müqavilə hər şeydən əvvəl, vicdanla təvsir edilməlidir. Müqavilədə istifadə olunan terminlər adi mənasında və habelə müqaviləninobyekti və məqsədləri kontekstində başa düşülməlidir. Hər hansı terminə yalnız o zaman xüsusi məna verilə bilər ki, müqavilənin tərəflərinin məhz belə niyyəti olsun. Müqavilə, onun preambulası, əlavələri və ona aid olan istənilən sazişlə birgə, həmin müqavilənin tətbiqi praktikası nəzərə alınmaqla,təfsir edilməlidir. Əgər müqavilə hər biri autenik olan iki və ya daha artıq dildə tərtib olunmuşsa, bu halda hər bir dildəki mətn bərabər qüvvəyə malik olur. Lakin onların müqayisəsi zamanı müxtəliflik ortaya çıxırsa, onda bu mətnləri daha çox uzlaşdıran mənaya üstünlük verir.
Təfsirin subyektlərinə görə üç növü vardır:
1) müqavilənin ayrı-ayrı iştirakçıları tərəfindən edilən təfsir. Bu, birtərəfli aktdır və təbii ki, müqavilənin digər iştirakçıları üçün məcburi xarakter daşımır.
2) autentik təfsir – müqavilənin iştirakçıları tərəfindən razilaşdırılmış təfsir. Nota mübadiləsi, protokol və s. formada həyata keçirilən bu təfsir məcburi xarakter daşıyır.
3) beynəlxalq təfsir – beynəlxalq orqanlar tərəfindən həyata keçirilən təfsir. Bəzi müqavilələrdə (məsələn, Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası), onların təfsiri ilə bağlı mübahisələrolarkən, tərəflərin BMT-nin Beynəlxalq Məhkəməsinə və ya digər müvafiq orqana müraciət etməli olması nəzərdə tutulmuşdur. Bu orqanların verdikləri təfsirmübahisənin tərəfləri üçün məcburi xarakter daşıyır.
Təfsirin bir neçə üsulu vardır:
1) qrammatik təfsir;
2) məntiqi təfsir;
3) sistematik təfsir;
4) tarixi təfsir;
5) teleoloji təfsir;
6) dinamik və ya evolyutiv təfsir.
Beynəlxalq müqavilələrin etibarlılığı onun məzmununun və bağlanması qaydasının beynəlxalq hüquq normalarına uyğun olması deməkdir.
Yalnız etibarlı müqavilələr hüquqi nəticələr doğurur və tərəflər üçün qanuni hüquq və öhdəliklər yaradır. Beləliklə, beynəlxalq müqavilənin formal qüvvədə olması hələ onun etibarlı olması demək deyil. Doğrudur, qüvvəyə minmiş hər bir beynəlxalq müqavilənin etibarlı olması güman edilir, yəni müqavilənin hüquqi cəhətdən etibarsız olması hər bir halda müəyyən olunmalıdır. Başqa sözlə, beynəlxalq hüquqda müqavilənin etibarlılığı prezumpsiyası mövcuddur.
Beynəlxalq müqavilənin etibarsızlığı mütləq və nisbi ola bilər.
Mütləq etibarsızlıq müqavilənin, tərəflərin iradəsindən asılı olmayaraq, yəni onlar bu müqaviləni hüquqauyğun hesab edib-etməməsindən asılı olmayaraq, bağlandığı andan (ab initio) tamamilə etibarsız olması deməkdir. Müqavilə aşağıdakı əsaslarla mütləq etibarsızdır: 1) əgər müqavilə jus cogens normasına ziddirsə; 2) müqavilə güclə hədələmə və ya güc tətbiqi vasitəsilə bağlanmışsa; 3) müqavilə dövlət nümayəndəsinə qarşı məcburiyyət tətbiq etməklə bağlanmışsa.
Nisbi etibarsızlıq müqavilənin, yalnız tərəfindən birinin onun hüquqauyğunluğunu şübhə altına alması ilə ortaya çıxır.Nisbi etibarsızlığın əsasları bunlardır: 1) dövlətdaxili qanunvericiliyin, beynəlxalq müqavilə bağlamaq səlahiyyətini müəyyən edən xüsusi əhəmiyyətli normasının açıq şəkildə pozulması; 2) müqavilənin bağlaması mövcud olmuş və müqavilənin məcburiliyinə razılıq verməsinin əsasını təşkil etmiş fakt və ya situasia ilə bağlı səfin olması; 3) dövlət nümayəndəsinin qeyri-qanuni yolla ələ alınması; 4) dövlətin danışıqlarda iştirak edən digər dövlət tərəfindən aldadılması.
Etibarsız müqavilənin əsas nəticələri ondan ibarətdir ki, o, öz hüquqi qüvvəsini itirmiş olur. Bu cür müqaviləyə pacta sunt servanda prinsipi şamil olunmur və o, birtərəfli qaydada ləğv edilə bilər. Belə müqavilənin əsasında artıq hansısa hərəkətlər törədilmişsə, bu zaman hər bir tərəf, bu hərəkətlərin törədilməsindən qabaq mövcud olmuş vəziyyətin (status quo antenin) mümkün olan dərəcədə bərpa edilməsini tələb edə bilər.
Beynəlxalq müqavilənin xitam olunması onun tərəflər üçün öz məcburi qüvvəsini itirməsi deməkdir. Müqvilə aşağıdakı əsaslarla xitam oluna bilər: