Əhali dedikdə, bu və ya digər dövlətin ərazisində yaşayan və həmin dövlətin yurisdiksiyasına tabe olan fərdlərin məcmusubaşa düşülür.
Yuxarıda göstərmişdik ki, daimi əhali dövlətin həlledici meyarlarından biridir. Dövlətin əhalisi həmin dövlətin vətəndaşlarından (o cümlədən,eyni zamanda başqa bir dövlətin vətəndaşlığına da malik olan şəxslər- ikili vətəndaşlar), əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ibarətdir.
Əhalinin hüquqi vəziyyəti, əsas etibarilə, dövlətin milli qanunvericiliyi ilə müəyyən olunur. Müxtəlif ölkələrdə bu, ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən, burada bərqərar olmuş siyasi rejimdən və digər amillərdən asılı olaraq müxtəlif olur. Bundan əlavə, hər bir dövlət qanunvericilik qaydasında öz vətədaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün fərqli hüquqi rejim müəyyən edir. Bununla belə, əhalinin, onun ayrı-ayrı kateqoriyalarının hüquqi vəziyyəyi ilə bağlı bir çox məsələlər artıq dövlətin müstəsna yurisdiksiyasındn k\nara çıxmiş, beynəlxalq hüququn predmetinə çerilişdir. Dövlətin öz vətəndaşları və əcnəbilər üçün hansı hüquqları və hansı həcmdə tanımasına, hansı hüquqi rejim müəyyən etməsinə beynəlxalq hüquq biganə qala bilməz. Məsələn, biz aşağıda görəcəyik ki,vətəndaşlıq dövlətdaxili hüququn (konstitusiya hüququnun)
mühüm bir institutu olmaqla yanaşı, eyni zamanda beynəlxalq-hüquqi institut da sayıla bilər.
Vətəndaşlığın beynəlxalq-hüquqi məsəlləri
Vətəndaşlıq- fiziki şəxslə dövlət arasında, onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan möhkəm hüquqi əlaqədir.
Demək olarki, analoji tərif Azərbaycan Respublikası Konstitusiyasında (52- ci maddə) və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 30 sentyabr 1998-ci il tarixli Qanunda verilmişdir: “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Yeri gəlmişkən, “siyasi bağlılıq” ifadəsi uğurlu sayıla bilməz.Vətəndaşlıq hüquqi əlaqədir.
Mənsub olduğu dövlətin hüdudlarından kənarda olsa da, vətəndaş həmin dövlətlə əlaqəsini saxlayır; o, öz dövlətində ona verilmiş hüquqlara malik olmaqda davam edir və onun qarşısında vətəndaş öhdəliklərini yerinə yetirməyə borcludur. Öz növbəsində, dövlət ona mənsub olan şəxslərin öz hüquqlarını həyata keçirməsinə tam təminat verir, hansı dövlətin ərazisində olmasına baxmayaraq,onları diplomatik və digər qaydada müdafiə edir.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 8-ci maddəsində deyilir: “Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikasının vətəndaşlığının xitamına səbəb olmur”. Digər tərəfdən, Qanunun 9-cu maddəsində bəyan olunur ki, Azərbaycan Respublikasının dövlət orqanları,xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin,xarici dövlətin qanunvericiliyinə, Azərbaycan Respublikası ilə Azərbaycan Respublikası vətəndaşlarının yaşadığı dövlət arasında bağlanmış müqavilələrə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcimdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada onların qanunla qorunan hüquq və mənafelərini müdafiə etməyə, zərurət olduqda isə Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar”.
Yuxarıda qeyd etdik ki, vətəndaşlıq, prinsip etibarilə, dövlətin daxili qanunvericiliyi
ilə tənzim olunur. Vətəndaşlığın əldə edilməsi və itirilməsi şərtlərini hər bir dövlət özü müəyyən edir. Təbii ki, bu halda müxtəlif dövlətlərin vətəndaşlıq haqqında qanunlarda mütləq müxtəliflik (kolliziyalar) ortaya çıxmalıdır. Beynəlxalq münasibətlərdə müəyyən gərginliyə gətirib çıxara bilən bu kolliziyaların qarşısını almaq və ya onları aradan qaldırmaq üçün dövlətlər beynəlxalq müqavilələr bağlayırlar, yəni betnəlxalq-hüquqi tənzimləməyə müraciət edirlər.
b) vətəndaşlığın əldə edilməsi və itirilməsi
Vətəndaşlıq aşağıdakı üsullarla əldə edilə bilər:
- doğulma nəticəsində. Bu, vətəndaşlığın əldə edilməsinin əsas və ən adi üsuludur;
- naturalizasiya yolu ilə (vətəndaşlığa qəbul);
- reinteqrasiya yolu ilə (vətəndaşlığa bərpa);
- vətəndaşlığın bağlanması vasitəsilə;
- beynəlxalq müqavilə əsasında.
Dövlətlərin qanunvericilik təcrübəsinə əsasən, doğulma nəticəsində vətəndaşlığın əldə edilməsi iki başlica
prinsipə söykənir: 1) “qan hüququ”
(“jus sanguins”) və ya 2) “torpaq hüququ”
(“jus soli”).
“Qan hüququ” prinsipinə görə, doğulmuş uşağın vətəndaşlığı onun valideyinlərin (və ya onlardan birinin) vətəndaşlığı ilə müəyyən olunur və uşağın doğulduğu yerdən asılı olmur. Avropa və Asiyanın əksər ölkələrində bu prinsip əsas götürülür.
“Torpaq hüququ” prinsipinə görə, müəyyən dövlətin ərazisində doğulmuş uşaq, onun valideyinlərinin hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, bu dövlətin vətəndaşlığını əldə etmiş olur. Göstərilən prinsip Latın Amerikasının bir çox ölkələrində tətbiq olunur.
Azərbaycan Respublikasının qanunvericiliyi nadir rast gəlinə bilən bir yol seçmişdir: həriki
prinsip bərabər əsasda qanunvericiliyə daxil edilmişdir. Belə ki, bir tərəfdən, valideyinlərinin
vətəndaşlığından asılı olmayaraq, Azərbaycan ərazisində doğulmuş istənilən uşaq,digər tərəfdən,
valideyinləri Azərbaycan dövlətinə mənsub olan və hər hansı bir dövlətin ərazisində doğulmuş
uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş sayılır.
Naturalizasiya – şəxsin öz xahişi ilə hər hansı bir dövlətin vətəndaşlığına fərdi qəbuludur. Tərəfindən görünür ki, şəxsi onun arzu və iradəsinin ziddinə olraq vətəndaşlığa qəbul etmək olmaz. Məcburi naturalizasiya beynəlxalq hüquqa ziddir. Naturalizasiya, bir qayda olaraq, qanunvericilikdə nəzərdə tutulmuş şərtləri (oturaqlıq senzi, əmlak senzi və s.) nəzərə almaqla həyata keçirilir.
Məsələn, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində yaşayan və Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.Bundan əlavə, həmin maddədə göstərilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizlitinə, ictimai asayışın qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyatına zərər vuran fəalliyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti ləğv edilir”.
Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq olaraq, vətəndaşlıq haqqında, o cümlədən vətəndaşlığa qəbul haqqında məsələlərin həlli Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir.
Oğulluğa götürmə, nigaha daxil olma hallarında vətəndaşlığa qəbulun sadələşdirilmiş qaydası tətbiq olunur. Bir çox ölkələrin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyində
Ərli qadının vətəndaşlığı haqqında 1957-ci il Konvensiyasına müvafiq olaraq müəyyən edilmişdir ki, qadının nigaha daxil olması onun öz ərinin vətəndaşlığını avtomatik əldə etməsinə gətirib çıxarmır.
Reinteqrasiya ilkin vətəndaşlığın sadələşdirilmiş qaydada bərpasıdır.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 15-i maddəsində göstərilir ki, “əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o,… Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər”.
Naturalizasiyadan fərqli olaraq,
vətəndaşlığın bağlanılması şəxsin öz xahişi ilə deyil,
dövlətin səlahiyyətli orqanlarının təşəbbüsü ilə həyata keçirilir. Bu yolla vətəndaşlıq şəxsə həmin dövlət qarşısında xüsusi xidmətlərinə görə verilir.
Beynəlxalq müqavilə əsasında vətəndaşlıq aşağıdakı hallarda əldə edilir: iki və ya daha artıq dövlətin bir dövlətdə birləşməsi; dövlətin parçalanması; sülh müqavilələrinin, repatriasiya haqqında sazişlərin, ərazi dəyişiklikləri haqqında xüsusi sazişlərin bağlanması zamanı.
Ərazi dəyişiklikləri zamanı
optasiya və
transfert baş verə bilər.
Optasiya – yaşadığı ərazinin başqa dövlətə verildiyi zaman, şəxsin yaşaaycağı dövlətin vətəndaşlığını könüllü seçməlidir; bu halda şəxs öz əvvəlki vətəndaşlığını da saxlaya bilər.
Transfert – bir ərazinin başqa dövlətə keçdiyi zaman həmin ərazidə yaşamış əhalinin dövlət mənsubiyyətinin avtomatik dəyişdirilir. 1990-cı ildə ADR-in AFR ilə birləşdiyi zaman faktik olaraq transfert baş vermişdi.
Vətəndaşlığın itirilməsi (ekspatriasiya) üç formada mümkündür: 1) vətəndaşlıqdan çıxma; 2) vətındaşlığın avtomatik itirilməsi və 3) vətəndaşlıqdan məhrum etmə.
Vətəndaşlıqdan çıxma şəxsin öz xahişi ilə dövlətin səlahiyyətli orqanlarının qərarı əsasında həyata keçirilir. Bu vətındaşlığa xitam verilməsinin ən geniş yayılmış üsuludur.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qaydası “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 17-i maddəsində müəyyən edilmişdir. Həmin maddədə deyilir. “Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlığından çıxma haqqında vəsatəti rədd edə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikasının vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmlr...”.
Vətındaşlığın avtomatik itirilməsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən halların baş verməsi ilə mümkündür. Məsələn, ABŞ qanunvericiliyinə görə, digər bir dövlətdə naturalizasiya olunmuş və ya seçkilərdə iştirak etmiş ABŞ vətəndaşı amerika vətındaşlığını avtomatik itirmiş sayılır.
Vətəndaşlıqdan çıxmadan fərqli olaraq,
vətəndaşlıqdan məhrum edilmə dövlət orqanlarının təşəbbüsü ilə həyata keçirilir və əsasən, ağır dövləti cinayətlər törəymiş şəxslərə (Türkiyədə — habelə əsgəri xidmətdən qəsdən boyun qaçıran şəxslərə) qarşı tətbiq edilir. Müasir beynəlxalq hüquq
vətəndaşlıqdan məhrum edilməsini qadağan edir. Azərbaycan Respublikasının Konstitusiyasında imperativ qaydada müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz” (53-cü maddəsinin I hissəsi) və “...Azərbaycan Respublikasından qovula bilməz...”( 53-cü maddəsinin II hissəsi).
ikili vətəndaşlıq
İkili vətəndaşliq
(bipatrizm) – şəxsin iki və ya artıq vətəndaşlığının olmasıdır.
İkili vətəndaşliq naturalizasiya zamanı və ya “qan hüququ” prinsipi tətbiq edən dövlətin vətəndaşlarının “torpaq hüququ” tətbiq edən dövlətin ərazisində uşağı doğularkən ortaya çıxa bilər.
İkili vətəndaşliq şəxs üçün əlavə çətinliklər yarada bilər (məsələn, hər iki dövlətdə hərbi xidmət; hər iki dövlətə vergi ödənilməsi və s.). Digər tərəfdən, ikili vətəndaşliq müvafiq iki dövlət üçün də mənfi nəticələr ortaya çıxarır; bu, əsasən, həmin şəxsə diplomatik müdafiəni hansı dövlət tərəfindən təmin edilməsi ilə bağlıdır. Bu səbəbdən, habelə dvlət suverenliyindən çıxış edərək, ikili vətəndaşlığı olan şəxsi, dövlət, bir qayda olaraq, öz vətəndaşı kimi tanıyır. Mübahisəli məsələ olduqda beynəlxalq məhkəmə təcrübəsində
“effektiv və təndaşlıq” prinsipindən istifadə olunur: ikili vətəndaşlığı olan şəxs daimi yaşadığı, işlədiyi, daşınmaz əmlakının yerləşdiyi dövlətin vətəndaşı sayılr.
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin başqa dövlətin vətəndaşlığına mənsubiyyəti prinsip etibarilə tanınmır. Faktiki olaraq bu, yalnız Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda mümkündür (“Azərbaycan Respublikasının vətəndaşığı haqqında” Qaunun 10-cu maddəsi).
İkili vətəndaşlığa həsr olunmuş iki cür beynəlxalq müqavilələr vardır:
- İkili vətəndaşlığın nəticələrinin aradn qaldırılmasına yönəlmiş müqavilələr. Bu müqavilələr ikili vətəndaşlığın özünü aradan qaldırmır. Onlara misal olaraq, Vətəndaşlıq haqqında qanunların kolliziyasına aid olan bəzi məsələlər haqqında 1930-cu il Haqa Konvensiyasını, Çoxqat vətəndaşlıq haqqında 1963-cü il Strasburq Konvensiyasını və xüsusi olaraq bağlanmış ikitərəfli müqavilələri göstərmək olar.
- biavəsitə ikili vətəndaşlığın ləğvinə yönəlmiş müqavilələr. Bu müqavilələrin əsasını, adətən, o prinsip qoyur ki: a) ikili vətəndaşlığı olan şəxsə müəyyən müddət ərzində iki vətəndaşlıqdan birini seçmək imkanı verir; şəxs heç bir qərara gəlmədikdə, o, ərizəsində daimi yaşadığı dövlətin vətəndaşlığını saxlamış olur; b) dövlət, onun vətəndaşı olmaq istəyən şəxsi, yalnız müvafiq dövlətdən icazə təqdim etdiyi halda öz vətəndaşlığına qəbul edir.
vətəndaşsızlıq
Vətəndaşsızlıq (apatrizm) – şəxsin, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması ilə səciyyələnən hüquqi vəziyyətdir. Bu şəxslərin heç bir dövlətlə hüquqi əlaqəsi olmur vəheç bir dövlət tərəfindən onlara diplomatik müdafiə göstərilmir.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikasının 13 mart 1996-cı il Qanununda göstərilir ki, “vətəndaşlığı olmayan şəxslər — Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir” (2-ci maddə).
Vətəndaşsızlıq, əsasən, aşağıdakı hallarda meydana gələ bilər: şəxs öz dövlətinin vətəndaşlığından çıxıb, hələ başqa bir dövlətin vətəndaşlığını əldə etməyibsə; əcnəbi ilə nigaha daxil olan qadın öz dövlətinin qanunvericiliyinə görə vətəndaşlığını avtomatik olraq itirib, lakin ərinin vətəndaşlığını əldə etməyibsə.
Vətəndaşlığı olmayan şəxslərin statusu əksər ölkələrdə, mahiyyət etibarilə, əcnəbilərə bərabər götürülür.
Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin I hissəsində deyilir: “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər”.
Vətəndaşlığı olmayan şəxslərə iki beynəlxalq müqavilə həsr olunmuşdur:
Apatridlərin statusu haqqında 1954-cü il Konvensiya və Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyası. 1954-cü il Konvensiya iştirakçı dövlətlərdən tələb edir ki, öz qanunvericiliyində vətəndaşlığı olmayan şəxslər üçün müəyyən rejim nəzərdə tutsunlar.Konvensiyada apatridlərin şəxsi statuau, əmlak hüquqları qorunur, onlar üçün təhsil alma, işədüzəlmə və s. sahələrdə bir sıra güzəştlər müəyyən olunur. 1961-ci il Konvensiyasına görə, iştirakçı dövlət ərazisində doğulmuş və başqa cür vətəndaşlıq əldə edə bilməyən şəxsə öz vətəndaşlığını verməlidir.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 12-i maddəsinə müvafiq olaraq, “vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır”. Qanunun 13-cü maddəsində isə müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikası ərazisində anadan olan, hər iki valideyini naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır”.
Konvensiyaya əsasən, dövlət heç bir şəxsi və ya şəxslər qrupunu irqi, etnik, din və ya siyasi əsaslara görə öz vətəndaşlığından məhrum edə bilməz. Apatridlər Konvensiyasının iştirakçı dövlətlər tərəfindən pozulmasına dair şikayətlərlə Qaçqınların işi üzrə BMT Ali Komissarına müraciət edə bilərlər.
Əcnəbilərin hüquqi rejimi
Əcnəbilər – müəyyən dövlətin ərazisində yerləşən, lakin həmin dövlətin
vətəndaşları olmayan və başqa bir dövlətin vətəndaşları olan şəxslərdir.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında ”Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, “əcnəbilər- Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir”.
Hər bir dövlət öz ərazisinə əcnəbilərin gəlməsi, onların bu ərazidə müvəqqəti və ya daimi yaşaması və fəaliyyəti ilə bağlı bütün məsələləri müstəqil həll edir. Bununla belə, dövlət bu zaman öz beynəlxalq öhdəliklərini, xüsusilə insan hüquqları sahəsindəki müqavilələri nəzərə almaya bilməz. Dövlətin əcnəbilər üçün müəyyən etdiyi hüquq və vəzifələrin məcmusu “əcnəbilərin rejimi” termini ilə ifadə olunur.
Əcnəbilərin üç cür hüquqi rejimi mövcuddur:
1) milli rejim — əcnəbilərə müəyyən məhdudiyyətlərlə, dövlətin öz vətəndaşları ilə bərabər status verilməsi.
Məsələn, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında ” Azərbaycan Respublikası Qanununa əsasən, əcnəbilər Azərbaycan Respublikasının siyasi partiyalarının üzvü ola bilməzlər (20-ci maddə); dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edə və onlara seçilə və həmçinin ümumxalq səsvermələrində (referendumlarda) iştirak edə bilməzlər(21-ci maddə); hərbi mükəlləfiyyət daşımırlar (22-ci maddə).
2) ən əlverişli rejim – bu halda əcnəbilərə hər hansı bir sahədə istənilən üçüncü dövlətin vətəndaşlarına verilən hüquqlar verilir. Belə rejimdə əcnəbilərin hüquq və vəzifələrinin məcmusu bütün əcnəbi dövlətlər üçün eynidir, lakin əksər hallarda o, milli rejimdə olduğundan azdır.
3) xüsusi rejim — əcnəbilərə hər hansı bir sahədə dövlətin öz vətəndaşları üçün həmin sahədə nəzərdə tutulduğundan fərqli hüquqların verilməsi (habelə vəzifələrin nəzərdə tutulması). Məsələn, müqavilə əsasında bir dövlətin ərazisində yerləşdirilmiş başqa bir dövlətin hərbi qulluqçuları üçün, adətən, xüsusi hüquqi rejim nəzərdə tutulur.
Heç bir dövlətdə əcnəbilərin rejiminin hər hansı bir növü mövcud deyildir. Adətən, bir sahədə milli rejim, digər bir sahədə isə xüsusi rejim və s. nəzərdə tutulur.
Çox hallarda dövlətin ərazisində əcnəbilərin xüsusi kateqoriyaları da olur; bunlar mühacir (miqrant) işçilər, qaçqınlar və sığınacaq almış şəxslərdir.
Mühacir işçilər
Mühacir işçilər – iqtisadi səbəblər üzündən könüllü olaraq başqa dövlətin ərazisinə gəlmiş və orada ödənişli fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar bir sıra ölkələrin iqtisadiyyatında və xidmət sferasında olduqca mühüm rol oynayırlar. Bütün ölkələr üzrə mühacir işçilərin sayı indi 50 milyondan artıqdır.
Mühacir işçilərin və onların ailə üzvlərinin hüquqlarını qorumaq məqsədilə bir sıra beynəlxalq müqavilələr bağlanmışdır. Beynəlxalq əmək təşkilatı çərəivəsində iki konvensiya – 1949-cu ildə qəbul edilmiş 97 saylı
Konvensiya və 1975-ci ildə qəbul edilmiş 143 saylı
Konvensiya mövcuddur. Avropa Şurasının üzvlərı 1977-ci ildə
Mühacir işçilərin hüquqi statusu haqqında Avropa
Konvensiyasını imzalamışlar. Nəhayət, məsələnin aktuallığını nəzərə alaraq, 1990-cı ildə BMT Baş Assambleyasının 45/158 saylı qətnaməsi ilə
Bütün mühacir işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiya qəbul edilmişdir. Konvensiya hələ qüvvəyə minməmişdir, onu bu günə kimi ratifikasiya edənlər isə inkişaf etməkdə olan ölkələrdir (Bosniya – Hersoqovina, Misir, Mərakeş, Uqanda, Şir-Lanka və b.).
Konvensiyanın əsas ideyası ondan ibarətdir ki, müvafiq dövlətlər mühacir işçilərə və onların ailə üzvlərinə beynəlxalq səviyyədə tanınmış əsas insan hüquqlarını təmin etməlidirlər. Onların öz əvvəlki ölkələri ilə mədəni əlaqələr saxlamasına maneə törədilməməlidir. Konvensiya qaçqınlara və vətəndaşlığı olmayan şəxslərə şamil olunmur.
Qaçqınların hüquqi rejimi
Hər şeydən əvvəl qeyd edək ki, məlum səbəblər üzündən gündəlik dilimizə hopmuş və, təəssüf ki, ümumişlək sözə çevrilmiş “qaçqın” ifadəsi universal beynəlxalq hüquqda qəbul olunmuş “qaçqın” termini ilə üst-üstə düşmür. Uyğunsuzluq özünü orada göstərir ki, beynəlxalq hüquqda qaçqın yalnız öz ölkəsinin ərazisindən
başqa bir dövlətin ərazisinə məcburən köçmüş şəxslərə deyilir. Beynəlxalq hüquqda qaçqın kimdir? Bu suala Qaçqınların ststusu haqqında 1951-ci il Konvensiyası və ona cüzi dəyişiklikləretmiş Qaçqınların ststusuna dair 1967-ci il Protokolu cavab verir. Beləliklə:
qaçqın – irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmadan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında 21may 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununda da bu tərif verilmişdir. Qanunun 1-ci maddəsinə görə, “qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyası əqidəsinə görə təqiblərin qurbanı olması barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir”.
Bu iki tərcümədə aydın görünən fərqlərə toxunmadan bir məsələyə diqqət yetirmək istəyirik. Konvensiyadakı “nationality” sözü Qanunda “milliyyət” kimi tərcümə olunmuşdur; əslində isə bu, “vətəndaşlıq”, “dövlət mənsubiyyəti” deməkdir.
Konvensiyada, gördüyümüz kimi, qaçqın statusu almaq üçün cəmi beş əsas
göstərilmişdır. Deməli, qaçqın ərazisinə gəlmək istədiyi və ya artıq ərazisinə keçdiyi dövlətin müvafiq orqanlarına əsaslandırılmış şəkildə sübut etməlidir ki, öz ölkəsində o, məhz: a) müəyyən irqi (etnik, milli) qrupa mənsub olduğuna görə; b) öz dini əqidəsinə görə; c) hansısa konkret dövlətin vətəndaşı olduğuna və yaxud öz dövlətinin vətəndaşı olduğuna görə; ç) müəyyən sosial qrupa mənsub olduğuna görə (tutaq ki, qolçomaq olduğuna görə) və d) siyasi əqidəsinə görə təqiblərə məruz qalır və ya məruz qalmaq qorxusu var, yəni onun əsas hüquq və azadlıqları kobud şəkildə pozulur. Yuxarıda göstərilən tərifdə müharibə və ya döyüş əməliyyatları qaçqın adlanmaq üçün əsas kimi nəzərdə tutulmur. Əlbəttə ki, məntiqi baxımdan bunu normal hal hesab etmək olmaz, çünki tarix göstərir ki, öz yaşayış yerlərini məcburən tərk edənlər, əsasən, müharibədən qaçan adamlardır. Elə qaçqın anlayışının özü beynəlxalq-hüquqi leksikona məhz müharibələrdən (I və II dünya müharibələrindən) sonra daxil olmuşdur. Belə çıxır ki, mövcud beynəlxalq hüquq yalnız fərdi qaçqınlığı qəbul edir, kütləvi qaçqınlığa və ya “qaçqın axınına” mənfi yanaşır.
Bəzi dövlətlər bu məqama istinad etməklə, müharibə zonasından onların ərazisinə qaçıb gəlmiş şəxsləri geri qaytarırlar. Məsələn, AFR və İsveçrə Bosnya qaçqınlarına ilk dövrdə bu cür yanaşmışdı. Diqqətəlayiq haldır ki, analoji regional sənədlərdə —
Afrika qaçqın problemlərinin spesifik aspektlərini nizama salan 1969-cu il ABT (Afrika Birliyi Təşkilatı) Konvensiyasında və Latın Amerikası regionunu əhatə edən 1984-cü il Kartaxena Bəyannaməsində göstərilən bu boşluq doldrulmuşdur.
Beynəlxalq praktikada, xüsusilə
Qaçqınlar üzrə
BMT Ali Komissarının İdarəsi çərçivəsində və bir sıra ölkələrin qanunvericiliyində bu boşluğu doldurmaq üçün, yəni habelə müharibə, daxili ixtişaşlar, təbii və texnogen fəlakət nəticəsində öz daimi yaşayış yerini tərk etməyə məcbur olmuş şəxsləri əhatə etmək üçün “de facto qaçqın” anlayışından istifadə olunur.
Bundan əlavə, yenə də beynəlxalq praktikada və bəzi ölkələrin qanunvericiliyində
“daxili məcburi köçkün” (“internally displased persons”) ifadəsinə rast gəlinir. Qeyd edək ki, bu anlayışın beynəlxalq-hüquqi əsası yoxdur, yəni bununla bağlı universal səviyyədə beynəlxalq müqavilə bağlanmamışdır. Lakin Qaçqınlar üzrə BMT Ali Komissarı öz ilkin mandatını genişləndirmiş və o, hal-hazırda təkcə “konvensiya qaçqınları”nın deyil, habeə “de facto qaçqınlar”ın və daxili məcburi köçkünlərin məsələləri ilə də məşğul olur.
Daxili məcburi köçkünlər- yuxarıda göstərilən və eləcə də digər səbəblər üzündən ölkə ərazisində öz daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslərdir.
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanuna görə, “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir” (1-ci maddə).
Hesab edirik ki,”hərbi təcavüz” ifadəsinin əvəzinə “müharibə” sözü daha məqsədəuyğun olardı. Qanundan belə alınır ki, vətəndaş müharibəsindən qaçan adamlar Azərbaycan Respublikasında daxili məcburi köçkün statusuna iddia edə bilməzlər.
1951-ci il konvensiyasında (33-cü maddə) öz əksini tapmış və sonralar beynəlxalq adət normasına çevrilmiş prinsipə görə, dövlət qaçqını onun həyatına və azadlığına təhlükə olan ölkəyə qaytarmamalıdır
(non-refoulement prinsipi).
Bu prinsip, habelə Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanunda təsbit olunmuşdur. Qanunun 5- ci maddəsinin 2-ci hissəsinə əsasən “qaçqın… onun həyat və ya azadlığını təhlükə gözləyən ölkəyə heç bir halda göndərilmir və ya məcburi qaytarılmır”.
Bundan əlavə, dövlətlər sərhədi qanunsuz keçdiyinə görə qaçqını məsuliyyətə cəlb etməməlidirlər və ya onu məsuliyyətdən azad etməlidirlər (bax habelə: Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanunun 5-ci maddəsinin 1-ci hissəsi). Konvensiyaya və habelə ümumi beynəlxalq hüquqa görə, aşağıdakı şəxslərə
qaçqın statusu verilmir:
- barələrində sülh əleyhinə cinayət, müharibə cinayəti və ya insanlıq əleyhinə cinayət, yaxud Birləçmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətdikləri haqqında kifayət qədər ciddi əsaslar olan şəxslər;
- dövlətin ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır cinayət törətmiş şəxslər.
1951-ci il Konvensiyasında müəyyən olunmuşdur ki, şəxs qaçqın statusunu aşağıdakı hallarda itirir:
- vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;
- öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə;
- indi yaşadığı dövlətin və ya hər hansı başqa bir dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;
- təqiblərdən qorxduğuna görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;
- qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə;
- vətəndaşlığı olmayan şəxs üçün- qaçqin kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə o, öz daimi yaşadığı ölkəsinə qayıda bildikdə.
Bir qayda olaraq, dövlət ərazisində qaçqınların hüquqi rejimi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi rejiminə bərabər tutulur. Onlar eyni hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar. Lakin qaçqınların adətən qarşılaşdıqları spesifik problemləri nəzərə alaraq, bəzi dövlətlər öz qanunvericiliyində onlar üçün sosial sahədə alavə güzəştlər nəzərdə tuturlar. Əlbəttə ki, daxili məcburi köçkünlər üçün (bunlar dövlətin öz vətəndaşlarıdır) xüsusi təminat rejimi müəyyən edir.
Bu deyilənlər Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanunda və xüsusilə,
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Məsələn, ikinci Qanunda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün (“Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər”) aşağıdakı sosial müdafiə tədbirləri nəzərdə tutulmuşdur: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; torpaq sahələri ayrılması,kreditlər verilməsi və texniki yardımlar göstərilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; maddi yardımlar; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal güzəştləri; vergi güzəştləri.
Qaçqınlar probleminin həllinə beynəlxalq səviyyədə dəstək vermək üçün BMT
çərçivəsində xüsusi orqan – yuxarıda adını çəkdiyimiz
Qaçqınlar üzrə
BMT Ali Komissarının İdarəsi yaradılmışdır. İdarənin Nizamnaməsi BMT Baş Assambleyasının 14 dekabr 1950-ci il tarixli 428 (V) saylı qətnaməsi ilə qəbul olunmuşdur. Ali Komissar, əsas etibarilə.nəzarət və təminat funksiyaları həyata keçirir, qaçqın və daxili məcburi köçkünlərin problemlərinin həll edilməsində, — çox zaman yerlərdıki nümayəndəlikləri vasitəsilə, -dövlətlərə maddi, texniki və s. yardım göstərir. İdarənin öz müvafiq beynəlxalq öhdəliklərini pozan dövlətlərə qarşı hər hansı sanksiyalar tətbiq etmək səlahiyyəti yoxdur. Ali Komissar BMT Baş Katibinin təqdimatı əsasında Baş Assambleya tərəfindən üç ilmüddətinə seçilir.
Sığınacaq hüququ
“Sığınacaq hüququ” termini beynəlxalq hüquq çərçivəsində iki mənada başa düşülür.
1) şəxsin subyektiv hüququ mənasında,
yəni vətəndaşı olduğu və ya daimi yaşadığı ölkədə siyasi motivlər əsasındamərnz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün şəxsin başqa bir dövlətdən, onun ərazisinə keçməyə və orada yaşamağa icazə almaq hüququ;
2) beynəlxalq hüququn müstəqil bir institutu –
sığınacaq verilməsini və onun beynəlxal- hüquqi nəticələrini nizama salan normaların məcmusu kimi.
Sığınacaq siyasi əsaslara görə verildiyi üçün beynəlxalq praktikada və milli qanunveicilikdə əksər hallarda “siyasisığınacaq” ifadəsi işlədilir. Lakin “siyasi əsaslar” geniş başa düşülməlidir. Buraya şəxsin təkcə öz siyasi əqidəsinə görə deyil, habelə ictimai fəaliyyətinə, dini əqidəsinə, irqi, etnik, və ya dövlət mənsubiyyətinə görə də təqib olunması daxilair.
Azərbaycan Respublikası Kostitusiyasının 70-ci maddəsinin1-ci hissəsində deyilir ki, “hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasisığınacaq verir”. Demək olar ki, analoji müddəa “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” 13 mart 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində öz əksini tapmışdır.
Burada bir məsələyə diqqəti cəlb etmək istərdik. Kostitusiyada göstərilir ki, sığınacaq “hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq” verilir. Lakin nəzərdə saxlamaq lazımdır ki, — biz bunu aşağıda da qeyd edəcəyik, — sığınacaq hüququ fərdlərə birbaşa beynəlxalq hüquq normaları əsasında verilmir, çünki ümumi beynəlxalq hüquqda belə normalar yoxdur. Beynəlxalq hüquq dövlətin müəyyən şəxslərə siyasisığınacaq vermək hüququnu və başqa dövlətlərin bu hüquqa hörmət etmək vəzifəsini təsbit edir. Beynəlxalq üçün əhəmiyyətli məsələ sığınacaq veriləndən sonra ortaya çıxan hüquqi nəticələrdir. Deməli, sığınacaq beynəlxalq hüquq əsasında deyil, dövlətdaxili qanunvericilik əsasında verilir.
Dövlətlərin praktikasında iki cür sığınacağa rast gəlinir:
ərazi sığınacağı və diplomatik sığınacaq. Diplomatik sığınacaq siyasi təqiblərə məruz qalan şəxsə xarici dövlətin diplomatik və ya konsul nümayəndəliyinin binasında (və yaxud əcnəbi hərbi gəmisində) sığınacaq verilməsidir. Universal səviyyədə diplomatik sığınacaq verilməsi qadağan edilmişdir. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında (41-ci maddənin 3-cü hissəsi) və Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasında (55-ci maddənin 2-ci hissəsi) göstərilir ki, “nümayəndəliklərin binaları onların funksiyaları ilə uyğun olmayan məqsədlər üçün istifadə olunmamalıdır”. Əlavə edək ki, BMT Baş Assambleyasının 14 dekabr 1967-cı il tarixli 2312 (XXII) sayli qətnaməsi ilə qəbul olunmuş Bəyannamə məhz
Ərazi sığınacağı haqqında Bəyannamə adlanır. Lakin Latın Amerikasında diplomatik sığınacaq qəbul olunmuş praktikadır və
Sığınacaq haqqında 1928-ci il Konvensiyasında və xüsusilə, Diplomatik sığınacaq haqqında 1954-cü il Konvensiyasında öz əksini tapmışdır.
Şəxsin sığınacaq hüququ məhdud xarakterli insan hüququ kimi səciyyələnə bilər, çünki o, ancaq əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə mənsubdur. Sığınacaq hüququ
Ümumdünya insan hüquqları Bəyannaməsində (14-cü maddə) və
Ərazi sığınacağı haqqında Bəyannamədə (1-ci maddə) təsbit olunmuşdur. Bu hüququ hamılıqla qəbul olunmuş insan hüquqları sırasına aid etmək düzgün olmazdı. Yəni sığınacaq vermək dövlətin beynəlxalq-hüququ vəzifəsi deyil, onun suveren səlahiyyətidir. Başqa sözlə, dövlət hər hansı şəxsə sığınacaq verə də bilər və həmin xahişi rədd edə də bilər. Bu məqam Ərazi sığınacağı haqqında Bəyannamənin 1-ci maddəsində belə ifadə olunmuşdur: “Hər hansı dövlət tərəfindən
öz suverenliyini həyata keçirməklə verilən sığınacağa bütün digər dövlətlər tərəfindən hörmət edilməlidir”. Diqqətəlayiq haldır ki, sözü gedən hüquq insan hüquqları sahəsində olduqca mühüm beynəlxalq-hüquqi akt olan
Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmamışdır. Bundan əlavə, vaxtilə BMT Beynəlxalq hüquq komissiyasının sığınacaq hüququna aid normaları məcəllələşdirmək cəhdləri uğursuz olmuşdu və nəticədə 1967-ci ildə yalnız yuxarıda adını çəkdiyimiz Bəyannamə qəbul edilmişdi.
Ümumi beynəlxalq hüquqa görə, müəyyən şəxslərə dövlət heç bir haldı sığınacaq verə bilməz. Belə ki, barələrində sülh əleyhinə cinayət, müharibə cinayəti və ya insanlıq əleyhinə cinayət törətdikləri haqqında kifayət qədər ciddi əsaslar olan şəxslər, habelə qeyri-siyasi cinayət törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər. Qeyd edək ki, hansı cinayət əməllərinin siyasi cinayətlər kateqoriyasına aid edilməsini sığınacaq verən dövlət özü müəyyən edir.
Bir qayda olaraq, siyasi sığınacaq almış şəxslərin hüquqi rejimi vətəndaşlığı olmayan şəxslərin statusu ilə bərabər tutulur. Lakin bəzi dövlətlərin qanunvericiliyində, sığınacaq almış şəxslər üçün mənzil, işədüzəlmə və s. ilə bağlı güzəştlər müəyyən edilmişdir.
Dövlətin hər hansı bir şəxsə siyasi sığınacaq verməsi bir sıra beynəlxalq hüquqi nəticələr doğurur:
- dövlət sığınacaq verdiyi şəxsi geri verə bilməz;
- dövlət sığınacaq verdiyi şəxsə, onun hər hansı bir ölkədə hüquqları pozulan zaman diplomatik müdafiə təmin edə bilər (daha doğrusu, kvazidiplomatik müdafiə, çünki diplomatik müdafiə dövlətin yalnız öz vətəndaşlarına göstərilə bilər);
- dövlət sığınacaq verdiyi şəxsin fəaliyyətinə görə məsuliyyət daşıtır, yəni o, həmin şəxsin tərk etdiyi dövlətə qarşı zorakılıq aktları törətməsinə yol verməməlidir.