Beynəlxalq diplomatiya hüququ tarixindən

Beynəlxalq diplomatiya hüququ tarixindən

Uzun illər diplomatiya və konsulluq hüququ, əsasən adətlərə əsaslanırdı ki, adətlər də hər xalqda başqa-başqadır. Belə olan halda bir xalqın adətini başqasına və əksinə qəbul etdirmək müəyyən çətinliklər törədirdi. Beynəlxalq münasibətlər tarixində diplomatiya hüququnun məcəllələşdirilməsi üçün xeyli müddət cəhdlər edilsə də, son nəticəyə çatmaq alınmamışdır. Sonralar BMT beynəlxalq hüquq komissiyası tərəfindən bu sahədə ilk layihələr hazırlanmış və Vyanada keçirilmiş diplomatik konfransların müzakirəsinə veriləcək 1961-ci ildə diplomatik münasibətlər haqqında Vyana sazişi və 1963-cü ildə isə konsulluq münasibətləri haqqında saziş qəbul olunmuşdur.
Bu gün diplomatiya və konsulluq hüququnun başlıca hüquqi məbələrini-beynəlxalq müqavilə və sazişləri, beynəlxalq adətləri, dövlətlərin daxili qanunlarını, beynəlxalq təşkilatların qərarlarını, habelə yardımçı mənbələr hesab olunan məhkəmə və diplomatik təcrübəni, elmi müəssisələr və alimlərin irəli sürdükləri nəzəriyyəni göstərmək olar.

Ayrı-ayrı dövlətlərin və xalqların diplomatik və konsulluq münasibətləri sahəsində uzun müddət ərzində qarşılıqlı qaydada tətbiq olunmuş və hüquqi zərurət əhəmiyyəti almış oxşar qaydalar beynəlxalq adət adlanır.
Dövlətlər və xalqlar tərəfindən mahiyyət etibarı ilə dinməzcə sazişə gəlmə yolu ilə qəbul edilən bu adətlər, həmin dövlətlər və xalqlar üçün icbari əxlaq qaydaları əhəmiyyətinə malikdir.
Müasir dövrdə dövlətin daxili qanunları nümayəndəlik və konsulluq hüququnun bir mənbəyi ilə müəyyən əhəmiyyət kəsb edir. Bu sahədə tarixən məlum olan ilk qanunlardan, ingilis parlamenti tərəfindən hələ 1709-cu il 21 apreldə qəbul olunmuş və bunun təsiri altında 1780-cı ildə ABŞ-da qəbul olunmuş xüsusi qanunları göstərmək kifayətdir. Həmin qanunlar diplomatik nümayəndələrin toxunulmazlıq hüquqlarının etiraf və təsdiq edir.
Əsasən XYII əsrdən başlayaraq bir çox başqa ölkələrdə də diplomatiya və konsulluq məsələlərinə dair qanunlar verilmişdir.
Dövrümüzdə demək olar ki, bütün dövlətlərin konstitusiyaları və milli qanunları əsasında xarici diplomatların, konsulların və başqa rəsmi nümayəndələrin diplomatik immunitet və üstünlükləri etiraf olunur. Rusiya imperiyası, xüsusən Sovetlər dövründə xarici dövlətlərin diplomatik və konsulluq nümayyəndələri haqqında 1927-ci il 14 yanvar tarixli əsasnamə, sonralar əlavələr edilmiş 1966-cı il 23 may tarixli yeni əsasnamə, 1926-cı il 8 yanvar tarixli SSRİ Konsulluq Nizamnaməsi, 1929cu il iyul tarixli SSRİ ticarət dəniz üzgüçülüyü məcəlləsi və onu əvəz edən

1968-ci il 17 sentyabr tarixli məcəllə, 1933-cü il tarixli xaricdəki SSRİ ticarət nümayəndəlikləri və ticarət agentlikləri haqqında əsasnamə və s. bu dövlətin xarici siyasət prinsiplərini ifadə etməklə, diplomatik və konsulluq hüququ tarixindəndir. Əslində isə diplomatiya hüququ tarixi şifahi, yaxud məcəllələşdirilmiş halda Çində, Yaxın Şərqdə, Bizansda, Azərbaycanın özündə də çox qədim tarixlidir. Bu günkü Azərbaycanda nədənsə öz adətənənlərimizə söykənən, Şərq qaydalaına söykənən, müasir dövr nəzərə alınmaqla diplomatiya hüququ, konsulluq hüququ işlənməyib, sadəcə olaraq Azərbaycanın mənəvi aləminə yad olan rus qanunçuluğu tərcümə edilməklə azərbaycanlaşdırılıb.
1969-cu il BMT-nin Baş Məclisi xüsusi missiyalar haqqında qərarda beynəlxalq təşkilatlar nəzdindəki dövlət nümayəndəliklərinin müdafiəsi, bu şəxslərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında olub, BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən işlənmişdir. Lakin, bəzən cinayətkar cinayətdən yayınır ki, bu da gələcəkdə yeni cinayətlərin törənməsinə ruh vermiş olur.
Azərbaycan diplomatiya tarixində, Türkiyə diplomatiya tarixində məsələ çox acınacaqlıdır. Erməni terroristlərinin hüquqşunas, ADR-nin baş hökumət Kobinetinin üçündə Nazirlər Şurasının sədri Fətəlixan Xoyskinin  1920-ci il iyulun  19-da Tiflisdə arxadan güllələnməsi, hüquqşunas, Türk Ədəbi-Mərkəziyyət Partiyasının yaradıcısı, ADR-in ilk maarif naziri, beş hökumətin ikisində Nazirlər Şurasının sədri olmuş Nəsib bəy Yusifbəylinin qətli, həkim, Zaqafqaziya Seyminin müavini, 1920-ci il iyulun 19-da Tiflisdə arxadan güllələnmiş Həsən bəy Ağayev və bir çox Azərbaycan diplomatlarının, nümayəndələrinin öldürülməsi və erməni terroristlərinin cəzasız qalması məlumdur. Yaxud, ermənilərin Türkiyə dövlətinin ayrı-ayrı dövlətlərdəki diplomatlarının, səfirlərinin, konsullarının qətilə yetirilməsi çox geniş miqyas almışdır. Bütün bu qətillərdə ermənilər əsasən həmişə cəzasız qalmışlar, görkəmli diplomatlar isə hər an doğulmur, yetişmir.
Diplomatiya və konsulluq hüququ tarixində, xüsusən bugünkü dövrümüzdə müqavilə və sazişlər diplomatiya və konsulluq hüququnun əsəs mənbələridir. Tarixən isə 1815-ci il 19 mart tarixli Vyana reqlamenti diplomatik hüquq sahəsində ilk çox tərəfli müqavilədir. Buna əsasən ilk dəfə olaraq, diplomatik rütbələr və dərəcələrdən olan səfirlər, elçilər və işlər müvəkkilləri kimi diplomatik dərəcələr müəyyənləşdirilib. Vyana protokolu həm də diplomatik korpusda diplomatların başçılıq qaydasını və hər cür dərəcəli diplomatın qəbul qaydalarını müəyyən edib.
70 maddədən ibarət olan 1963-cü il 24 aprel tarixli Vyana sazişinə görə konsulların hüquqları və vəzifələri, onların rütbələri, funksiyaları, üstünlükləri, təyin edilməsi, geri çağırılması və s. məsələlər məcəllələşdirilmişdir.
BMT Baş katibi ilə ABŞ dövlət katibi arasında «ABŞ ərazisində BMT və onun orqanlarının yerləşdiyi zolağın hüququ vəziyyəti haqqında» 1947-ci il sazişi ABŞ ərazisində BMT orqanlarının və əməkdaşlarının toxunulmazlığı hüququ təsdiq edilib. Buna bənzər sazişlər BMT orqanlarının (Beynəlxalq məhkəmənin, YUNESKO-nun və s.-nin) yerləşdiyi müvafiq dövlətlərlə də bağlanmışdır.
Göstərilənlərdən əlavə diplomatiya və konsulluq hüququ tarixi sahəsində bəzi məhəlli xarakterli mənbələr də məlumdur. Bunlardan 1928ci ildə Havanada qəbul olunmuş Panamerikan ölkələrinin YI konfransında diplomatik məmurlar haqqındakı sazişi göstərmək olar ki, saziş Amerika dövlətləri arasında diplomatik məmurların hüquq və vəzifələri ümumiləşdirilib. Buna bənzər sazişləri sonralar bir çox dünya dövlətləri əldə etmişlər və qarşılıqlı diplomatiya, yaxud beynəlxalq hüquqa əsaslanan digər sazişlər bağlanılmışdır.
1928-ci ildə sığınacaq haqqında qəbul olunmuş Sazişə əsasən missiyalarda, hərbi təyyarə və gəmilərdə cinayət törədənlərə sığınacaq verilməməlidir. Siyasi cinayətkarlara sığınacaq isə müəyyən qeydşərtlə onların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan müddət ərzində verilir.
Hesab edilməlidir ki, bu barədə Azərbaycan Respublikası özünün sülhsevər xarici siyasətinin, daxili hüququ qanunlarının əsas prinsiplərinə uyğun olaraq sülh və dinc yanaşı yaşamaq, beynəlxalq qaydaları nəinki qəbul edib vicdanla gözləyir, habelə onlara başqa dövlətlər-xüsusən Ermənistan tərəfindən də riayət edilməsi uğrunda mübarizə aparır.
Müvafiq beynəlxalq konfranslarda qəbul edilmiş qərar, qətnamə, nizamnamə və sair formada olan mütərrəqqi aktlar da diplomatiya hüquqlu tarixi mənbələrindəndir. Məsələn, BMT Nizamnaməsinin 105-ci maddəsinə uyğun olaraq, Beynəlxalq Məhkəmənin və onun vəzifəli şəxslərinin üstünlükləri haqqında sənədlər bu qəbildəndir. Bütün bunlar diplomatik və konsulluq hüququnun müsbət mənbələri qismində etiraf edilir. Adətən, dövlətlərin məhkəmə təcrübəsində diplomatların və onların ailə üzvlərinin hüquqlarının pozulmasında təqsirkar olan şəxslərin cəzalandırılması məsələsi də qoyulur və adi cinayət yox, ağır dövlət cinayəti hesab olunur.
Diplomatiya və konsulluqğ hüququ normalarının formalaşmasında nəzəriyyə və elmi müəssisələrin müddəalarının da müəyyən yardımçı əhəmiyyəti vardır.
Azərbaycan Respublikasında diplomatiya və konsulluq hüququ normaları qanunlarının yenidən işlənib hazırlanmasına, yeni yaranmış dövlətin atributlarına çox böyük yardımçı ola biləçək, milli mənsubiyyətimizi, keçmişimizi və gələcəyimizi özündə əks etdirə biləcək, diplomatiya qanunları yaradılması bu gün vacib məsələlərdəndir.

 

Beynəlxalq hüquqda konsul hüququnun bəzi cəhətləri

Konsul sözü, onun anlayışı və mənşəyi tarixinə müraciət etsək, latınca bu söz «məlahət adamları» mənasını verir. Lakin konsul sözü müxtəlif dövrlərdə müxtəlif əhəmiyyətə malik olmaqla bir-birindən fərqlənən mənaları əks etdirib. Qədim Romada ölkənin iki seçilmiş ilk vəzifəli şəxsi konsul adlanırdı. Sonralar isə bu söz, yalnız fəxri ad mənasında işlədilirdi. Fransada burjua inqilabından sonra imperiya yaradılmasına qədər rəsmən icra hakimiyyətinə malik olan üç yüksək şəxsə də konsul deyilirdi. Həqiqətdə isə bütün hakimiyyət 1804-cü ildən özünü imperator elan etmiş birinci konsul Napoleonun əlində cəmlənmişdi.
Günümüzdə isə konsul öz dövlətinin, habelə onun hüquq və fiziki şəxslərinin  iqtisadi,  inzibati-hüquqi  mənafeyini  müdafiə  etmək və qorumaq məqsədilə müvafiq hökumət tərəfindən başqa dövlətin razılığı ilə onun mühüm şəhərlərinə, ticarət mərkəzlərinə, limanlarına göndərilən vəzifəli  şəxslərə  deyilir.  Konsulluqlar əsasən feodalizim  dövründə meydana gəlmiş, kapitalizmdə dünya ticarətinin inkişafı ilə əlaqədar xüsusi inkişaf tapmışdır.
Vaxtı ilə Avropa dövlətlərinin konsulları Şərqdə xüsusi imtiyaz, güzəştlər və üstünlüklərə malik idilər. Onlar yerləşdiyi ölkədə öz ölkələrinin qanunları əsasında məhkəmə və inzibati hakimiyyəti həyata keçirmək hüququna malik olmuşlar. Karl Marks göstərirdi ki, 18-19-cu əsrlərdə kapitulyasiyalar və onlarla əlaqədar olan konsul yurisdiksiyası Türkiyədən   bütün    Şərqə   yayılmış,    yarımmüstəmləkə    ölkələrin təsərrüfatının xariclər tərəfindən tutulmasının ən güclü silahlarından biri olmuşdur. Təəssüfləndirici olsa da bu gün Azərbaycanda da Karl Marksın dediyi vəziyyət höküm sürməkdədir. Hazırda müasir konsul hüququna belə tərif verirlər: — Konsulların hüquqi vəziyyəti və fəaliyyətini nizama salan qayda və hüquqi normaların məcmusuna konsul hüququ deyilir. Son dövrlərə kimi konsul hüququnun mühüm mənbələri dövlətin daxili qanunlarından, konsul nizamnamələrindən, təlimatlarından və beynəlxalq adətlərindən ibarət idi. Amma, 1963-cü il 24 apreldə konsul hüququnun məcəllələşdirilməsi sahəsində yeni bir addım atılaraq Vyana sazişi qəbul edildi. Sənəddə konsul münasibətlərinin yaradılması, konsulların rütbələri, hüquq və vəzifələri, başqa məsələlər haqqında mövcud qaydalar rəsmən məcəllələşdirilmişdir.
Konsulluq münasibətləri, adətən, dövlətlərin sazişi əsasında yaradılır. Diplomatik əlaqənin kəsilməsi konsulluq münasibətlərinə avtomatik surətdə təsir göstərmir. Müasir dövrdə əsasən bütün dövlətlərdə xüsusi konsul idarələri, baş konsullar, vitse-konsullar və konsul agentlikləri təsis edilir. Göstərilən idarələrdə müvafiq rütbənin konsulları, yəni baş konsullar, konsul müavinləri və konsul agentləri başçılıq edirlər. Rütbələrdəki fərqlənmə yalnız konsulların xidmət vəziyyətini müəyyən edir. Bir qayda olaraq, baş konsul yerləşdiyi dövlətdə öz ölkəsinin bütün konsulluqlarının rəhbəri hesab olunur. O, yerləşdiyi ölkənin mühüm iqtisadi və siyasi mərkəzlərinə təyin olunur. Yüksək rütbəli konsulların müavini-vitse konsulu da olur.
Konsul agentləri daha mühüm olan ticarət-iqtisadi məntəqələrə və limanlara təyin edilirlər. Onlar daha yaxınlıqda olan konsul dairəsinin tərkibinə daxil olmaqla, öz dövlətinin həmin dairədəki konsuluna tabe olurlar. Konsulları diplomatik nümayəndələrdən fərqləndirən əsas cəhətlər onların siyasi nümayəndəlik xarakterinə malik olmasından, yerləşdiyi ölkənin hökuməti ilə bilavasitə deyil, yerli orqanların vasitəsilə əlaqə saxlamasından ibarətdir. Hər bir konsulun fəaliyyət göstərdiyi bölgəyə konsul dairəsi deyilir. Konsul dairələri konsulları göndərən və qəbul edən dövlətlərin arasındakı sazişlərlə müəyyən edilir. Konsul təyin edilən şəxslər öz ölkəsinin Xarici İşlər Nazirliyindən və ya digər səlahiyyətli orqanlardan konsul patenti alırlar. Aidiyyatı sənəddə konsulluq təyinatı, konsul dairəsi, onun rütbəsi və ad göstərilir. Konsul, təyin olunduğu ölkəyə gələrək ona verilmiş konsul patentini öz dövlətinin diplomatik nümayəndəliyi vasitəsilə həmin ölkənin müvafiq səlahiyyətli orqanına təqdim edir və ondan xüsusi sənəd-ekzekvatura alır.
Təyin olunduğu dövlətin müvafiq orqanı, hökuməti və bəzən dövlət başçısı adından konsula verilən xüsusi sənədə ekzekvatura deyilir. Sənəddə öz vəzifələrini icra etmək üçün konsullara rəsmən icazə verilir və onun fəaliyyətinin başlanması təsdiq edilir. Bəzən dövlətlərarası razılaşma yolu ilə konsul şəxsiyyəti barədə qabaqcadan razılaşma aparılır.
Konsulların hüquq və üstünlükləri bir qayda olaraq yalnız bərabərlik və qarşılıqlılığı əsasən məhdud şəkildə verilir. Verilmiş hüquqi üstünlüklərindən sui-istifadə edilməsi və onların pozulmasına yol verilmir.
Bir çox dövlətlərdə konsul hüququ, bəzən konsulların diplomatik nümayəndələrdən asılı olmasını etiraf edir.
Müstəqil Azərbaycan Respublikası da bu gün müvafiq ölkələrə konsul və konsul korpusu göndərərkən beynəlxalq hüququn söylənilən müddəalarına söykənərək öz konsullarını təyin edir.

 

Hüquq məsləhətçisi kimlər ola bilər

Dövlət quruluşunun formasından asılı olmayaraq, onların hər birində həmişə hüquqi aktlar, onların icraçıları, məsləhətçiləri mövcud olmuşdur. Əsrimizin müəyyən dövrünü yaşamış olduğumuz sosialist sisteminin müəssisə, idarə və təşkilatlarında da hüquq məsləhətçiləri olmuş və onlar bu təşkilatların fəaliyyətində əsasən rəhbərliyə xidmət göstərmişlər. Bu günümüzdə Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu illərini yaşadığı və onun əhalisinin əmək fəaliyyətinin, çoxsahəli olduğundan hüquq məsləhətçisinə daha çox müraciət etməli olurlar. Qanunlar tez-tez dəyişdiyindən, köhnə qanunlar işləmədiyindən ayrı-ayrı şəxslər deyil, müəssisə, idarə, təşkilat və s. müdirləri də bu problemlərlə hər gün üzləşməli olurlar.
Bütün deyilənləri nəzərə alaraq müəssisə, idarə, təşkilatlarda çalışan hüquq mühafizəçilərinin borcu nədir, o, nəyi bilməlidir, bu vəzifəni kimlər tutmalıdır və bu vəzifəni tutanların ödəniş dərəcələrinə ixtisas tələbləri necə olmalıdır suallarına qısa cavab verməklə nəzərə çarpdırmaq istəyirik.
Hüquq məsləhətçisinin vəzifə borcu qanun mahiyyətli sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir. Müəssisə, idarə və təşkilatlarda qanuni işlərə rəhbərlik edir, struktur bölmələrə, ictimai təşkilatlara qanuni yardım edir, iddiaların qəbul edilməsində əsaslandırılmış cavabın hazırlanmasında iştirak edir. Müəssisə, idarə və təşkilatların bölmələrinin iştirakı ilə oğurlanma, israfçılıq, çatışmamazlıq, keyfiyyətsiz, standartdan kənar, komplektlənməmiş məhsul buraxılması və başqa qanun pozuntuları haqqında arbitraj, istintaq və məhkəmə orqanlarına verilməsi üçün istehsalatda olan sənədləri hazırlayır, icrası qurtarmış məhkəmə arbitraj işlərinin hesabını və mübahizəsini aparır. Təsərrüfat   hesabının   müqavilə,   maliyyə   və   əmək   intizamının möhkəmlənməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və oğurlanma ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir.
Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir, idarə və təşkilatların təsərrüfat maliyyə fəaliyyətinin yaxşılaşdırılması, üzə çıxmış çatışmamazlıqların aradan qaldırılması haqqında müvafiq təkliflərin işlənib hazırlanması məqsədi ilə, müqavilələrin bağlanması və yerinə yetirilməsi təcrübəsini öyrənir. Qurulmuş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir. Təsərrüfat müqavilələrinin bağlanması işində onların hüquqi əsaslandırılması rəyinin hazırlığında, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də, debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak edir. İddialara cavab hazırlamaq üçün, arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir. Başqa bölmələr ilə birgə, müəssisə, idarə və təşkilatlrda nəşr olunmuş əmr və digər normativ aktların qüvvədə olanlarına dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır.
Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işi, eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara əlavələri, dəyişikliklər və ya onların ləğv edilməsi haqqında qeydiyyatlar aparır. Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxan hüquqi məsləhətlərə, rəy sorğularına gələn normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də müəssisə, idarə və təşkilatların fəaliyyətinin təkmilləşməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Qanunun tətbiq olunma işini aparır, müəssisə, idarə və təşkilatların fəaliyyətinə aid olan normativ aktlarda qüvvədə olan qanunvericiliklə, dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir. Cari qanunvericilik haqqında, müəssisə, idarə və təşkilatların işçilərinə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquq və başqa məsələlərə rəylər verir.
Hüquq məsləhətçisi yuxarı orqanların qərar, sərəncam, əmrlərini müəssisə, idarə və təşkilatların hüquqi fəaliyyətinə aid olan metodik, normativ və başqa materialları rəhbər tutaraq materialları, qüvvədə olan qanunvericiliyi, vətəndaş, əmək və inzibati hüququ qanunvericilik və normativ aktlar üzrə, sorğu-məlumat işini, müəssisə, idarə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyəti haqqında hesablama və hesabatın tərtib qaydasını, təsərrüfat işlərinin rəsmiləşdirmə və bağlama qaydasını, iqtisadiyyatın, istehsalatın, əməyin idarəetmənin təşkilinin əsaslarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını və s. mükəmməl bilməlidir.
Hüquq məsləhətçisinin ödəniş dərəcələrinə ixtisaı tələblərinə gəldikdə isə 6-cı dərəcə, orta ixtisas (hüquq) təhsili və başqa əvəzedici vəzifələrdə işləmiş olduqda bu vəzifəyə təyin edilə bilər.
7-ci dərəcəyə iş stajına tələb qoyulmamaqla ali hüquq təhsili, 8-ci dərəcəyə ali hüquq təhsili, 8-ci dərəcəyə ali hüquq təhsili və üç ildən az olmayaraq 7-ci dərəcəl hüquq məsləhətçisi vəzifəsinində iş stajı olduqda götürülür.
9-cu dərəcəyə ali hüquq təhsilli, 8-ci dərəcəli hüquq məsləhətçisi vəzifəsində 3 ildən az olmayaraq iş stajı. 10-11-ci dərəcəyə (aparıcı hüquq) ali hüquq təhsilli, 9-cu dərəcəli hüquq məsləhətçi vəzifəsində 2-3 ildən az olmayaraq iş stajı olduqda bu vəzifəyə qəbul olunmalıdır.
Əgər müəssisə, idarə və təşkilatlarda hüquq şöbəsi yoxdursa, hüquq məsləhətçisinə şöbə müdirinin funksiyaları həvalə edilir (tabeçilikdə olan icraçılara rəhbərlikdən başqa) və müvafiq dərəcə də əmrdə göstərilir.

Top