Hər bir millətin öz mədəniyyəti və dili onu millət olaraq təyin edən əsas xüsusiyyətlərdəndir. Buna mifologiya da daxildir. Sizlərə insanların ortaq atadan gəlməsi ilə bağlı alternativ mülahizələrimi təqdim edirəm.
Bazar ertəsi – hamının ilk iş günü olduğu üçün nifrət etdiyi gün. İngilis dilində “Monday” olaraq tərcümə olunan bu söz germanik dillərdə fərqli səslənir (norveçcə “mandag” kimi və s.). Bu sözün kökü göründüyü kimi “Moon day” yəni “Ay günü” ifadəsindən yaranıb. “Mani” qədim skandinav dinində “Ay”ın insanlaşdırılmış formasıdır. Qədim Romada bu günə “dies Lunae” deyirdilər, elə bu da “Ay günü” deməkdir. Hindlilər də bu günə “Somavar” yəni “Ay günü” deyirlər. Soma hinduizmdə ölümsüzlük simvoludur. Bu yerə qədər hər şey bizə normal gələ bilər, çünki yuxarıda adı çəkilən bütün dillər Hind-Avropa dilləri qrupuna daxildir. Amma Şərqi-Asiya dillərində də buna oxşar hallara rast gəlinməsi düşündürücüdür. Çin dilində də bazar ertəsi ay ilə əlaqələndirilir. Bu sistem Koreya və Yaponiyada da var. Həftənin bütün günləri Hind-Avropa və Şərqi Asiya sistemlərində planetlər və elementlər ilə bağlıdır.
Digər günlər haqda ümumi məlumatlar verəcəyəm:
Çərşənbə axşamı – İngiliscə “Tuesday” adlanır, skandinav müharibə tanrısı “Tyr”dən götürülüb. Romada “dies Martis” (Mars günü), Hind dilli ölkələrdə “qırmızı olan” tanrı Manqalın adı ilə adlanıb. Manqal Mars planetini idarə edən tanrı idi. Şərqi Asiyada çərşənbə axşamı “od” sözü ilə əlaqələndirilir. Hətta Aztek dilində belə çərşənbə axşamı skandinavlardakı kimi müharibə tanrısı Uitsilopostli ilə əlaqədar adlandırılıb.
Çərşənbə — İngiliscə “Wednesday” adlanır, skandinav baş tanrısı “Odin”dən götürülüb (almanca Wotan). Romada “dies Mercurii” (Merkuri günü) adlanır. Hind dilli ölkələrdə “Budvara” adlanır, “Bud” Merkuri planetinin adıdır. Yaponca isə Çərşənbə su günü adlanır və bu gün su planeti sayılan Merkuri ilə əlaqələndirilir.
Cümə axşamı – İngiliscə “Thursday” adlanır, skandinav tanrısı “Thor”dan götürülüb. Romada “Iovis dies” (Yupiter günü) olaraq adlanırdı. Hind dilli xalqlarda isə “Quruvar” adlanırdı, “quru” – dedikdə tanrıların qurusu Braşpati nəzərdə tutulur, “var” isə gün deməkdir. Tapın görək Braşpati hansı planetdə otururdu? Bəli, düz tapdınız, Yupiterdə. Yapon və Koreyalılar bu günə “mokuyobi” deyirlər, yəni ağac günü. Maraqlıdır ki, Yupiter planeti də “mokusei” adlanır, yəni ağac planeti.
Cümə — İngiliscə “Friday” adlanır, skandinav ilahəsi “Frigg”dən götürülüb. Romalılar da cüməni “dies Venus” – ilahə Veneranın günü olaraq tanıyırdılar. Hind dilli xalqlarda bu gün Şukravar adlanır, Şukra Venera planetinə deyilir. Yapon və Koreya dillərində də bu gün “qızıl planeti” adı ilə tanınan Venera ilə bağlıdır. Aztek dilində də tanrı Ketçalkoatla görə adlanmışdı. Ketçalkoatl tüklü, sürüngən bir tanrıdır, Venera planetindən gəlib. Yunanlar da Afrodita ilə əlaqələndirmişdilər.
Şənbə — İngiliscə “Saturday” adlanır. Bu həftənin günlərindən, skandinav tanrıları ilə əlaqəli olmayan tək ingiliscə sözdür, Roma tanrısı Saturn ilə əlaqəlidir. Skandinavlar bu günə Lördag (hamam günü) deyirdilər, çünki vikinqlər bu günlər toplu halda hamama gedirdi. Yaponlar bu günə “torpaq günü” deyirlər və torpaq planeti olan Saturnla əlaqələndirirlər. Hind dillilər Şanivar adlandırır və Saturnla əlaqələndirirlər. Şənbə özü “Şani”dən gəlir. Şani “Sanaye kramati sah” söz birləşməsindən gəlir. Mənası “yavaş hərəkət edən” deməkdir. Çünki Saturn günəşin ətrafında 30 ilə tam dövr vurur.
Bazar günü – İngilis dilində “Sunday” adlanır. Bazar ertəsindən də bilindiyi kimi, bu gün də “günəş” ilə bağlıdır. Antik yunanlar bu günə “Hemera Heliu” (Heliosun günü) deyirdilər. Helios günəş tanrısı idi. Hind dilli xalqlar bu günü günəş tanrısı Sura ilə əlaqələndirmişdilər.
Bəs bizim dildəki adlandırmaların əlaqəsi nədir?
Bazar əslində həftənin birinci günüdür. Günəş başlanğıcdır, lakin beynəlxalq qaydalara əsasən həftəsonu sayılır. Bazar sözü farscadır. “Çərşənbə axşamı” və “Cümə axşamı” sözləri Azərbaycanın Türk-Fars dilləri arasında orta yolu necə tapdığını aydın göstərir. Bu iki söz birləşməsi Türkiyədə istifadə olunmur. Türkiyədə “Salı” və “Perşembe” istifadə olunur ki, bunların birinci ərəbcədəki “Səllasə”dən, ikincisi isə farscadakı “Pəncşənbə”dən gəlir. Cümə günü İslamdan əvvəl “arubə” adlanırdı, “ərəfə” sözünün köküdür, aramicədən gəlir, cümə yəhudilərin “səbt”inin “ərəfə”si idi.
Azərbaycan dilindəki mənalarından sonra gözümüzü qədim türkcə və slavyancaya çevirək. Maraqlıdır ki, həftənin günləri slavyan və türk dillərində tanrı adları ilə, planet adları ilə adlandırılmır. Sıra sayları ilə adlanır: Birinci gün, ikinci gün (vtornik) kimi. Monqolca da belədir.
Bəs niyə türklər və slavyanlar digər dünyadan belə fərqli qaldı? Niyə bütün xalqlarda bu günlər bir-biri ilə çox oxşar mənaya sahibdir?
Çində günlərin planetlərlə əlaqəli adlanmasına ilk dəfə IV əsrdə yaşamış astroloq Fan Ninqin əlyazmalarında rast gəlinir. VIII əsrdə yaşamış Yi Çinq və Bu Konq isə bu simvolikanı Maniheistlərdən aldıqlarını qeyd edirlər. Maniheizm İran köklü bir dindir və güclü Hind-Avropa qaynaqlarından gəlirdi. Skandinav və almanlara bu təqvim sistemi Romadan keçmişdi. Əvəzində Roma tanrıları yerinə öz tanrılarını qoydular. Saturnun isə yerini öz mifologiyalarında dolduran bir tanrı olmadığına görə onu da götürdülər. Romalılar isə bunu özlərindən daha əvvəlki mədəniyyət olan Antik Yunanıstandan götürmüşdülər. Düşünürəm ki, Maniheizm və Antik-Yunan mifoloji-təqvim sistemi birbaşa Hind-Avropa mədəniyyətinin varisidir. Hinduizm bunun sübutudur. Bəs IV əsrdən əvvəl Çində həftənin günləri necə səslənirdi? Elə türklərdəki kimi, sıra sayı ilə.
Deməli slavyanlar, afrikalılar, türklər və çinlilər Hind-Avropa xalqlarından təsirlənməyə elə o zamandan başlamışdılar. Əslində ən primitiv adlandırma bizim hələ də xalq dilində işlətdiyimiz “birinci gün, ikinci gün” kimi ifadələrdir. Bu tanrı-planet-həftə əlaqəsi isə din işə qarışdığı zaman ortaya girmişdir. Bu bağ o qədər güclü olmuşdur ki, hətta Aztek mədəniyyətində belə saxlanmışdır. Bu prosesdə əsas katalizator dindir. O mövcud olmuşdur və olacaqdır. Fərdlərdə yox olsa belə kütlələrin içində həmişə qalacaqdır. Din bizim həyatımızın ən dərin qatlarında belə özünə sarsılmaz yer edinmişdir. Bu həm də bütün bu xalqların ortaq bir əcdada sahib olduğunu, ortaq ibtidai dindən bəhrələndiyini göstərir. Müasir “sivilizasiya”ya isə, ən son türklər və afrikalılar qoşulmuşdur.
Cavid Ağa