...Uşaqlıqda oxunan bütün kitablar kəşfdir və onlar kartlarla gələcəyi, suya baxaraq ölümü oxuyan falçı kimi bizə gələcəyimizdən xəbər verir. Görünür, elə buna görə də onlar bizi o cür həyəcanlandırır. Heç gör, bugünkü kitablarda ömrümüzün ilk on dörd ilinin kitablarındakı həqiqətlərə rast gəlirikmi?
...Mən, kitab oxumaq bacarığımı başa düşdüyümü qala qapısının açar dəliyinə salınıb qəfil çevrilən açar kimi dəqiq xatırlayıram — təkcə əlifbadan sonrakı mərhələ olan, vaqonların dəmiryolunda düzülüşü kimi hecalara ayrılmış sözləri yox, əsl kitabı.
Mən öz kəşfimi bütün yay ərzində sirr olaraq saxladım, istəmirdim bunu kimsə bilsin. Görünür, artıq o zaman mən bunun təhlükəli olduğunu anlamışdım. Oxumağı bacarana qədər mənim üçün heç bir təhlükə yox idi- hələ carxlar hərəkətə gəlməmişdi.
İndi isə gələcək həyat məni hər tərəfdən rəflərdəki onu nə zaman seçəcəyimi gözləyən kitablarla dövrəyə almışdı. Məni mühasiblik və ya koloniya məmurluğu, Çində plantasiya sahibliyi və ya bank müdirliyi, xoşbəxtlik, kədər və nəhayət, məhkum olduğum ölüm (çünki onu da peşə kimi biz özümüz seçirik) gözləyirdi. Həyat bizim əməllərimiz və kiçik hiyləgərliklərimizlə, qorxu və cəsarət anları ilə formalaşır.
Çox güman ki, anam mənim kəşfimdən xəbərdar idi, çünki biz yay tətilindən evə qayıdarkən mindiyimiz qatara əyləşəndə o, mənim dizlərim üstünə Ballantaynın (Robert Maykl -1825-1894, Şotland yazıçısı, XIX əsr macəra janrında əsərlər qələmə alan ən məşhur yazıçı nəzərdə tutulur-X.N.) içərisində cəmi bir rəngli şəkil olan «Mərcan adası» kitabını qoydu. Təbii ki, mən özümü ələ vermədim. Bütün yol boyu şəklə baxdım və bircə dəfə də olsun kitabı vərəqləmədim. Evdəki rəflərdə isə (evimizdə rəf çox idi, çünki ailəmiz böyük idi) məni çoxlu kitablar gözləyirdi, əsasən də biri… Amma lap yuxarıdakı o kitabı götürənə kimi əlimə keçən bir neçə kitabı oxumaq qərarında idim. Onlardan hər biri sanki sehrli büllur idi və içərilərində həyatın gedişatını görən uşaq heyran olmaya bilməzdi.
Bax, burda- al-əlvan rənglərlə rənglənmiş üz qabığının altında Kapitan Gilsonun «Pirat aeroplan»ı uçur. Mən bu kitabı ən azı altı dəfə oxumuşam. Bu, Böyük səhradakı itmiş sivilizasiya və hava ilanından fərqlənməyən, tennis topu böyüklüyündə bombası, aeroplanı olan qəddar yanki-pirat haqqında hekayə idi. Yanki böyük həcmdə pul tələb edirdi, amma qızıl şəhər, düşərgəyə daxil olub aeroplanı sındıran gənc hərbiçi qəhrəman tərəfindən xilas oldu. Qəhrəmanı tutdular və o, düşmənlərin ona necə məzar qazmalarına baxdı. Onu sübh vaxtı güllələməli idilər. Vaxt keçirmək və qəhrəmanı ağır düşüncələrdən uzaqlaşdırmaq istəyən xeyirxah yanki-pirat onunla kart oynamağa başlayır. Məzarın yanındakı bu gecə oyunu, mən öz romanlarımdan birinə həmin vəziyyətə oxşar poker oynanılan səhnə əlavə edərək ondan qurtulana kimi məni uzun illər təqib etdi .
Entoni Houpun «Sofya Kravonskaya»sı isə kraliçaya çevrilən qabyuyanın hekayəsi idi… «Sofya»nın ardınca Stenli Veymanın «Frensis Kladın hekayəsi» gəlirdi və ancaq bundan sonra həmin illərin əsas kitabı olan "Çar Süleymanın ehtiyatı" başlayırdı.
Ola bilər ki, mən onu rəfdən götürən zaman qərarlı deyildim, amma şübhəsiz ki, o mənim gələcəyimə öz təsirini göstərdi. Alan Kvotermeyn, ser Henri Kurtis, kapitan Qud və nəhayət, qoca ifritə Qaqula haqqındakı romantik əfsanələr olmasaydı, on doqquz yaşımda koloniyalar Nazirliyinə məni Niger donanmasına hərbi xidmətə götürmələri üçün müraciət edərdimmi? Sonralar mən artıq hər şeyi dərk edəndə də xəyal etdiyim Afrika məni yenidən cəlb etdi və 1935-ci ildə mən qızdırma tutmalarından Liberiyada, səyyar yataqda ayıldım. Qarşımdakı viski şüşəsinin altından işıq yandı-qaranlıqda suçovul peyda olmuşdu. Əgər Qaqula və onun «dərisinin kobranın kapuşonu kimi yığılıb-açıldığı sarı keçəl kəlləsi» qarşısında qurtulmaq mümkün olmayan heyranlıq olmasaydı, mən bütün 1942-ci ili Fritaundakı Syerra Leondakı kiçik boğucu ofisdə keçirməzdim.
Səhranın arxasında yerləşən Kukuanlar ölkəsi ilə Sav Çariçası dağları arasında ortaq cəhət azdır — hər iki məkan eyni qitədə olsa da kor-koranə getdiyim eyni təsəvvürlü yerlər sırasında yerləşirdi. Bir axşam Zigitdə, Fransız Qvineyası ilə Liberiya sərhəddində mən Qaqulaya və onu təqib edənlərə bir az da yaxınlaşdım. Mənim xidmətçilərim gözlərini ovucları ilə bağlayaraq evə qaçdılar və pəncərədən uzaqlaşdılar. Hardasa təbil çalırdı və başı üzərində qəddar ruh dolaşdığı müddətdə bütün şəhər qapıları qıfıllanmış vəziyyətdə idi.
Amma bu kitab da heç bir köməklik göstərə bilmədi. Orda lazımi cavab yox idi — açar qalanın qapısına düşmürdü. Qaqulanı mən aydın təsəvvür edirdim, axı o hər gecə yuxumda, kamodla uşaq otağının qapısı arasında məni gözləyirdi. O, məni indi də — yorgun və ya xəstə olduğum zamanlarda gözləyir.
Hə, Qaqula hələ də mənim xəyallarımda yaşayır, amma Kvotermeyn və Kurtis isə… Hətta on yaşımda da bu qəhrəmanlar məndə olduqca «yaxşı» təəssüratı yaradırdı. Onlar o qədər mükəmməl və dözümlü idilər ki, hətta səhvi də onun öhdəsindən necə gəlməyi göstərmək məqsədi ilə edirdilər. Özünə əmin olmayan uşaq onların əzəmətli çiyinlərinə etibar edərək söykənə bilməzdi.
Nəhayət, uşaq demək olar ki, hər şeyi bilir, onun sadəcə olaraq öz mövqeyi yoxdur. Ona qorxaqlıq da, utanmaq da, yalan da, ümudsizlik də yaddır. Qan içərisində Bozlar ordusunun qalıqlarıyla birgə saysız-hesabsız Tval ordusu ilə mübarizə aparan Ser Henri Kurtis olduqca igid qəhrəman idi. Bu cür adamlar mənə Platonun ideyalarını xatırladır: onlar bizim yaşadığımız həyat üçün yararsızdır.
Amma — xoşbəxtlikdən, yoxsa bədbəxtlikdəndi bilmirəm — on dörd yaşımda kitabxana rəfindən missis Mardjori Bouenin «Milan ifritəsi» ni götürəndə mənim aqibətim həll olundu. Bu zamandan da mən yazmağa başladım, gələcək məmur, müəllim və ya ruhani isə özünə başqa daldanacaq axtarmağa yollandı. Bu möhtəşəm romanın müəllifini təqlid edərək, hadisələrin on altıncı əsrdə İtaliyada və ya on doqquzuncu əsrdə İngiltərədə baş verdiyi olduqca qəddar düşüncələrlə, amma romantik mövzuda xeyli hekayə yazmışdım. Dəftərlərim bu hekayələrlə aşıb-daşırdı. Elə görünə bilər ki, məni birdəfəlik iş üçün nəzərdə tutulmuş düşüncə ilə təmin etmişdilər.
Niyə? İlk baxışda 'Milan ifritəsi" milan hersoqu Can Qaleatso Viskontinin və Veroniya hersoqu Mastino della Skalanın düşmənçilik hekayəsidir. Bu real dünyada özümü ser Henri Kurtis kimi təsəvvür etmək istəmirdim — uşağın mənasız alicənablıqdan imtina edən, dostluğa xəyanət edən, şərəfsiz adla vəfat edən, hətta xəyanətdə də bəxti gətirməyən della Skalanın maskası arxasında gizlənməsi daha asandır. Qəzəbin gözəl və səbrli dahisi Viskontini isə mən hər gün görürdüm. O, mənim yanımdan keçirdi və onun qara kostyumundan naftalin iyi gəlirdi. Onun adı Karter idi. O, ildırımlı bulud kimi dəhşət saçırdı. Xeyirxahlıq bircə dəfə insan bədənində ideal təcəssümünü tapır, bu bir daha təkrarlanmır, qəzəb isə onda hər zaman sığınacaq tapa bilir. İnsan təbiəti ağ-qara yox, boz-qaradır. Mən bunu «Milan ifritəsi»ndə oxumuşdum, sonra ətrafıma baxmış və bunun həqiqət olduğunu görmüşdüm.
...On dörd il mən xəritəsiz şəraitdə, cəngəllikdə yaşamışdım və yolu gördüyüm zaman əlbəttə ki, onun üzəri ilə getməyə başladım. Amma yenə də mənə elə gəlir ki, yazmaq istəyi məndə əsas etibarı ilə miss Ouenin kitabındakı həmin möcüzəli varlığın təsiri ilə yarandı. Onu oxuyarkən siz şübhə etmirsiz ki, yazmaq sevinmək deməkdir, səhv etdiyiniz hadisələr haqqında isə olduqca gec xəbər tutacaqsız. İlk kitab həqiqətən sevindirir. Beləliklə, öz formulamı mən miss Bouendən götürmüşdüm (sonralar dini biliklər bunu mənə başqa cür izah etdi, amma formulanı mən artıq bilirdim): İdeal qəzəb ideal xeyirxahlığın bir də heç zaman ayaq basmayacağı yerdə gəzir və təkcə saatsaz ümid edir ki, ədalət nə vaxtsa, sonunda qalib gələcək. İnsan hər zaman narazıdır, elə mən də "çar Süleymanın ehtiyatı«nı oxumaqla kifayətlənmədiyimə və uşaq otağındakı rəfdən gələcək „koloniya məmurunu götürmədiyimə“ görə tez-tez təəssüflənirəm. Amma arzulamağın nə mənası var ki? Hər bir anı yerində həll edən kitablar həmişə yanındadı və indi uşaqlarım hər biri rəflərdən öz gələcəyini götürərək səhifələri vərəqləyirlər.
1947
Rus dilindən tərcümə etdi: Xatirə Nurgül
edebiyyatqazeti.az