Ağlın toxluğundan qəlbin aclığına

Ağlın toxluğundan qəlbin aclığına

Anna Karenina və ovçu
Biz gülə qulluq edirik, su veririk ki, o, tez böyüsün və gəlib bizim arzuladığımız gözəlliyinə çatsın. Gülün ən gözəl vaxtı qönçəliyindədir, çünki qönçəlikdə gözəllikdən daha möhtəşəm olan həm gözəllik, həm də gözəllik ümidi var. Ancaq elə ki, gül böyüyür, pardaqlanıb açılır, ləçəkləri irilənir, nədənsə onun gözəlliyində bir vəhşilik peyda olur. O vaxtdan başlayaraq bizim gülə ümidsizliyimizin əsası qoyulur. Biz o gülün daha pis hala qalacağını, solacağını düşünürük. Beləcə, gül solmamışdan öncə bizim ona olan ümidimiz solur... 

Vronski Annanın arxasınca Moskvadan gələndə daha xoşbəxt idi, nəinki onunla birgə günlər keçirəndə. Çünki Anna öz dərdindən xarab olmuşdu – enlənmişdi, üzündəki qırışlar dərinləşmişdi, əvvəlki gözəlliyini anbaan itirməkdə idi. Məhəbbətin qəribə qanunu var: Sevgidən uzaqlaşmağın ən rahat mərhələsi dəli kimi sevdiyin anlardır, çünki həmin anlarda qəlb qərarsız olur, ancaq elə ki, o, dəli kimi sevən anları adladın, arzuna çatdın, sevginə qovuşdun, o neməti daddın, bax, ondan sonra insanda yeni bir duyğu peyda olur – sahiblənmək duyğusu. 

İnsan sevdiyindən ona görə qopa bilmir ki, içindəki sahiblənmək duyğusunu aşa bilmir. (IV hissə, III) Vronski də eyni halı yaşayır, o, dəli kimi sevəndə qəlbini məğlub edə bilərdi, Annadan uzaqlaşardı, ancaq ona sahib olandan sonra, o sevgi qarşısında ixtiyarını itirmək istəmir, bundan qorxur. 

Vronski gözəl Annanı ata bilərdi, ancaq enlənmiş, qismən çirkinləşmiş Annanı ata bilməz. Ayrılıq sevmək ixtiyarının insanın əlindən alınmasıdır. Sual oluna bilər, bəs, ayrılıb sevənlərinki sevgi deyilmi? Bəli, o da sevgidir. İnsan ayrılanda da sevə bilər, amma bu sevgi ixtiyarsız, səlahiyyətsiz sevgidir. Vronski Annanın onun qarşısında məsuliyyət daşıdığını bilir. Ümumiyyətlə, kişilərin təbiəti belədir. Kişilərin bəşəri duyğuları çox hallarda ovçuluq düşüncəsini aşmır, yəni onlar ram olunanı sevirlər, qadınlar ram olunduqlarını. Vronski dəli kimi sevəndə eşqinin ağası deyildi, amma atəşin eşqinə cavab alandan sonra isə eşqinin sultanıdır. Ona görə də onu tutduğu yoldan çəkindirmək – enlənmiş Annadan uzaqlaşdırmaq mümkün deyil.

Anna Karenina və məntiq
Sadə məntiqlə həyatda bir çox şeylərə cavab tapmaq mümkündür. Həyat axın, davamiyyət deməkdir, bu isə öz-özlüyündə məntiq tələb edən məsələdir. Məsələn, Anna həyat yoldaşından ayrılıb Vronskiylə xoşbəxt yaşaya bilər, onsuz da əri xoşqeyrətdir, arvadını kəsib-doğrayası deyil və deməli, bu halda Annanı ölüm qorxusu gözləmir. Uşaq (Seryoja) məsələsini də hansısa yolla həll etmək, bu müşküldən də xilas olmaq mümkündür. Bəs, onda əsər niyə bu qədər uzanır, niyə hadisələr «islanmış düyün” (M.Yaqub) kimi açılmır, niyə xoşbəxtliyə işıq ucu görünmür? Bu sual, əslində, romanda başqa formada, şəxslərə yönəlik şəkildə Vronskinin dilindən səslənir: „Hər şey yaxşı ola biləcəyi halda, axı, biz hamımız nə üçün əzab çəkirik?” Anna hamısının mübtəla olduğu əzabın səbəbini ərinin onu xəyanətinin biləndən sonra da onu qəbul etməsində görür, o ərinin vicdanının oyanmamağından əsəbiləşir: “O, iztirab çəkən deyil. Məgər mən onu tanımıram, onun canına hopmuş yalanı görmürəm”... 

...Məgər arvadının xəyanətini bilən adam onunla birgə yaşaya bilərmi? ...O kişi deyil, o insan deyil, o kuklalıdır. ...Ah, əgər mən onun yerində olsaydım, mənim kimi bir arvadı çoxdan öldürər, onu tikə-tikə doğrayardım, daha durub ona mənim əzizim, ma chere, Anna, deməzdim” (IV hissə, III). 



Deməli, məsələnin problemli tərəfi bundadır, saplar bu nöqtədə düyünə düşüb: Onlar (Anna, Vronski və Aleksey) hamısı cəmiyyətin qaydalarına nisbətdə məntiqsiz hərəkət edirlər, normal ağılla onları dərk etmək çətindir. Anna ərli ola-ola sevir, Vronski ailə-uşaqlı qadını sevir, Aleksey isə arvadının başqası ilə yaşamasına göz yumur. Onlar hamısı yaşam normalarını aşırlar deyə, həyatlarında məntiq itir. İnsanlar arasındakı məntiqli münasibət yaşayışı asanlaşdırır, elə ki, o münasibətlər pozulur, ondan sonra hər kəs ittiham etməyə başlayır.

Bu üçbucağın (Anna, Vronski və Aleksey) hər bucağı – öz tərəfini dağıdır və məntiqin qaydalarını pozurlar, ona görə də yaşam kələfinin ucu itir. Vronski isə bu məqamda çox məntiqi sual verir: „Hər şey yaxşı ola biləcəyi halda, axı biz hamımız nə üçün əzab çəkirik?” Bu sualın cavabı da olmamış deyil: Çünki onları həyat qanunlarının məntiqini pozurlar, amma nəticələri öz aləmlərində məntiqlə analiz edirlər, ona görə də bir tərəfə çıxa, onları narahat edən suallarına cavab tapa bilmirlər. Biz günahı çox vaxt məntiqsizliklə edirik, cəzanı isə məntiqə uyğun çəkirik. Bu, bəşəriyyətin əbədi paradoksudur…


Anna Karenina və ailə
Sakit keçən hər gecəyə görə, biz ilk növbədə ailəyə, ailə qanunlarına borcluyuq. Əgər ailə olmasa, insanlar bir damın altına toplaşmaz, rifah tapmaz və gecələrimiz bu qədər sakit, dinc olmazdı. Ailə olmasa, hər kəs harada istəsə qalar, bir-birinin qarşısında məsuliyyət daşımaz, nəsil artırmağın mahiyyətini indiki anlamda dərk olunmazdı. Nəticədə dünya biveclərin, əhli-keflərin və tənhaların məskəninə çevrilərdi. Ailə cəmiyyətin ən ideal sistemidir. Hələlik bundan yaxşısı yoxdur və elə bilirəm ki, robot əsri tam reallaşana qədər də olmayacaq. 

Gecə ilə gündüz bir-birindən ayrılandan sonra dünyada dinclik yaranıb, insanlar gündüz işləmək, gecə yatmaq məcburiyyətində qalıb, nəticədə səs-küylə sakitlik, çaxnaşma ilə rahatlıq bir-birindən ayrılıb, eləcə də ailə qanunları insanları bir yerdə rahat yaşamağa sövq edib və dünya nizama, ahəngə qovuşub. Ailə də eynən gecə kimi dünyanı öz rahatlığına qərq edib. Beləcə, ailə təkcə insanlara yox, həm də təbiətə dinclik gətirib. 

Ailə olmasa, dünyada tərbiyəsizlik baş alıb gedər, namus, ismət anlayışları indiki gücündə olmaz, dünyada zorakılıq ayaq tutub yeriyərdi – kim kimlə nə istəsə, onu da edərdi. İnsanlar ailəsiz yaşasaydı, bir-birinin qarşısında öhdəlik daşımaz və nəticədə gec-tez, bütün bəşəriyyət əxlaqsızların planetar toplumuna çevrilərdi. Müasir dünyada sayı artan boşanmalar, gec evlənmələr, ailə qurandan sonra uşaq sahibi olmaqdan kütləvi imtina – bunlar hazırda bütün dünyanı ağır demoqrafik böhrana sürükləyir. Və böyük zəkalar, elm adamları dünyanın sabitliyi üçün ailədən daha ideal birgəyaşayış modeli tapa bilmirlər. Ona görə də, ən müasir ölkələrdə belə vətəndaş nikahı, yaxud uzunmüddətli sevgili münasibətləri deyil, ailə modeli dəstəklənir. Misal kimi Cənubi Koreyanı göstərmək olar. Onlar tərəqqinin pik həddinə çatıblar, amma insanlar arasında doğmalıq azalıb, gənclər ailə qurmaq istəmirlər, yaxud sabit ailələrin sayı getdikcə azalır və o cür inkişaf etmiş ölkə ötən əsrlərdəki ailə institutlarını bərpa etmək üçün xüsusi proqramlar işləyib hazırlayır.

Gələk, “Anna Karenina”dakı ailə fəlsəfəsinə...
Annanın xəyanətindən sonra onun ailəsi ilə bağlı hər kəsin həyatı öz axarından çıxır: əri Aleksey evə gec-gec gəlməyə başlayır; sevgilisi Vronski yaşadığı şəhərdən uzaqlaşır; oğlu Seryoja ortalıqda qalır, əvvəlki vaxtlara nisbətən qayğıdan məhrum olur; xidmətçilər baş verənlərdən narahat olurlar. Kəsəsi, evdə çaxnaşma hökm sürür, hamının yeyib-içdiyi zəhərə dönür. Çünki ailə qanunları tapdanıb, sanki gecə-gündüz bir-birinə qarışıb. 

Düşünün, əgər gün ərzində üç saat gecə, üç saat gündüz olsa və bu hal gün boyunca təkrarlansa – dünyanın indiki ahəngi pozulsa, nələr baş verər? Biz bir neçə dəfə yatar, bir neçə dəfə yuxudan oyanar, bir neçə dəfə işə gedərik, gündə günəşin çıxmasını bir neçə dəfə gözləyərik. Beləcə, öyrəşdiyimiz nizam pozular. Deməli, təbiət öz nizamı ilə gözəldir, ailə isə sədaqəti ilə. Günəşin bir dəfə çıxması, bir dəfə batması milyon illik sədaqət nişanı deyilmi? Ona görə də Tolstoy xoşbəxtliyi nizamda görür, sədaqətdə görür.



Vərdiş olunmuş xoşbəxtlikdən kənarda səadət yoxdur, hansısa düşüncələrə qapılıb, özünü aldatmağa dəyməz. Həyatı aşıb, həyat qazanmaq mümkünsüz işdir, havayı zəhmətdir. Romanın ilk cümləsini xatırlayaq: „Bütün xoşbəxt ailələr eyni cür xoşbəxtdirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”. Hər bədbəxt ailə də dünyanı bir cür korlayır, aləmin ahəngini bir yandan pozur. Hər dağılmış ailə ilə dünyanın gecəsi gündüzünə qarışır, mövcud nizam itir və bütün bunların təpiyi dünyanın əşrəfi sayılan insana dəyir. Ona görə də, ailəni dağıtmaq dünyanı dağıtmağa bərabərdir. Dünyanı məhv etmək isə özünü məhv etməkdir. Məhz buna görə də, Annanın “it quyruğuna düyünlənmiş ömrü” faciə ilə bitir…

Fərid Hüseyn
artkaspi.az
Top