Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun «Bir kərə yüksələn bayraq, bir daha enməz!» ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci «Rus-müsəlman» məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə «Müsəlman gənclik təşkilatı»nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Azərbaycan Milli Şurasının sədri:
27 may 1918 — 7 dekabr 1918
~~~~~~~~~~~~~~~~~~~~~~
Partiya: Müsavat Partiyası
Milliyəti: azərbaycanlı
Təvəllüdü: 31 yanvar 1884
Novxanı, Bakı,
Rusiya İmperiyası
Vəfatı: 6 mart 1955 (71 yaşında)
Ankara, Türkiyə
Atası: Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə
Uşaqları: Azər bəy