Bir qadının ən böyük haqqı ana olmaq istəməsidi. İstəməməsi də haqqıdı. Təkrar edirəm, bir qadın ana olmaq istəmirsə, bu, onun haqqıdı. Ancaq istəyirsə, mental olmazlarla buna əngəl yaratmaq, mütləq “ərə getməlisən” şərti qoymaq vəhşilikdi. Biz kimik başqa birinə yaşam şərtləri qoyaq. Təsəvvür edirsiz, biz kiminsə necə yaşamalı olduğuna qərar veririk. İnsana deyirik ki, ərə getmədən ana ola bilməzsən. O da ailə qura bilməyəndə düşür problemin içinə. Heç nədən olur bədbəxt. Halbuki dünyada həyatı gözəlləşdirən min bir mətləb var. Adamları əzab içinə salmağa nə haqqımız var? Kimik biz?
Bir qadın evli deyilsə, ana olmalı deyil deyə bir qayda yoxdu təbiətdə. İnsan dünyaya nigah kitabçası ilə gəlməyib. Nigah kitabçası qanuni seçimlərindən biridi. Şərt deyil. Qanun deyil. Seçimdi. Təbiət demir ki, evli olmadan analıq haqqın yoxdu. Bir qadın təkdisə, elə tək də olmalıdı qanunu yoxdu.
Doğmaq haqqı var. Dünya elmi bunun üçün müxtəlif vasitələr tapıb. Süni mayalanma ilə qadına ana olmaq şansı verib elm.
Elmin fərqi də budu. O şans verir. Sonacan şans. Bol-bol şans – təki mutlu olsun, təki yaşaya bilsin insan. Bioloji haqqını da, instinktiv haqqını da istifadə edə bilsin. Yaşamaq, xoşbəxt olmaq üçün şanslar verən elmdi. Həyatımızın komfortunu ona borcluyuq. Əlində böyüdücü başqalarının həyatını güdmək ayıbdı! Nə edir, hara gedir, kimlə yatır, kimlə görüşür. Bu azmış kimi dalıyca danışmaq, beş-üç adamı başına yığıb kimisə qınamaq, hələ cəza metodu da tapmaq tərbiyəsizlikdi. Öz həyatıdı. Özü bilər.
Bizim cəmiyyət olaraq kiminsə həyatında iştirakımız yalnız ona dəstək kimi ola bilər. Qadın ana olmaq haqqını sınayıbsa, qınamaq haqqımız yoxdu.
Bu, qadının kimsəyə ziyanı olmayan seçimidi. O, bunu təkcə özü üçün etmir. Ölkəyə bir insan verir. Cəmiyyət uzağı uşağını böyütməkdə ona kömək edə bilər. Qadının “nigahsız ana” olduğu üçün qınanmasına izah yoxdu. Yox. Qınadığın üçün qınaq obyektidi. Sənin onla işin olmasa qınanmaz. Sənin, mənim, o birinin...
İnsanlar bir nəfəslik həyat yaşayırlar. Burunlarından gətirməyək. Aman verək necə istəyirlər yaşasınlar. Eləcə də bir qadın ana olmaq istəmirsə, ondan mütləq ana düzəltməyə gərək yoxdu. Onu zorla ərə verib doğuzdurmaq lazım deyil. Sənin nəyinə lazım kim ərə gedir, kim yox? Bir qadın analıq məsuliyyəti istəməyə bilər. Əl çəkək rastımıza çıxan hər qızdan “nə vaxt tərpənirsən, nə vaxt doğursan” soruşmaqdan. Bəlkə biri özünü elmə, bəlkə biri yaradıcılığa, bəlkə tam ayrı sahəyə həsr etmək istəyir. Niyə hamını evləndirməyə çalışırıq?
Aysel Əlizadə