Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var.
Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.
Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa-başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən?
Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!
Öyrəşmək
Birgəlikdə öyrəşmək amili də var. İnsanlar uzunmüddətli birgəlikdə bir-birinə öyrəşir. Bu da sonradan ilişginin sevgi olub-olmamasını ayırd etməkdə zorluq yaradır. Bu gerçəkdir. İlişgilərdə 3 şeyi bir-birindən ayırd eləmək çətindir. Öyrənmək, ehtiras, sevgi. Əslində hər üçündə sevgi var. Yəni hər üçü də sevgidir. Dediyimiz kimi sevgisiz ilişki olmur. Sadəcə “yalnız bu birləşdirir” məsələsi sual və problem doğura bilər.
İnsanları yalnız bir şey birləşdirməli deyil. Birgəlik üçün bu çox azdır. Hər şey də birləşdirə bilməz. Bu da çox çoxdur. Çox şey birləşdirirsə bu gözəldir. Türk alimi prof. Mehmet Z.Sungurun dediyi kimi, ailə “mən” –i unutmadan “biz” ola bilməkdir. Əgər ailə — birgəlik yalnız “biz” üzərində qurulubsa insanlar cinslərini unudur, ilişki sevgililik donundan çıxır. Şəxs, xarakter, dəyərlər dəyişir. Buddanın fikrincə, pis alışqanlıqlar insanın dəyərlərini, dəyərlər xarakterini, xarakter münasibətlərini korlaya bilər. Birgəlikdə özünü unutmaq, məni unutmaq pis alışqanlıqdır.
Ehtiras
Kişilərimiz arasında aparılan sorğuda qadının seksuallığı demək olar ki, səslənmir. Və ya çox az vurğulanır. “Qadınlarda dəyər verdiyiniz nədir” sualının cavabı təxminən belə sıralanır.
1. Ağıl
2. Əxlaq
3. Şirindillik-pozitivlik
4. Sadiqlik
5. Alicənablıq
6. Gözəllik-çəkicilik.
Bizim ortamda qadın partnyor kimi seçilmir. Kişilər evlilikdən öncə qadının seksual dəyərlərini bilmədikləri üçün “qadın necə olmalıdır” sualına qadınlıq üstünlüklərindən baxaraq deyil, adamlıq üstünlüklərindən baxaraq cavab verirlər. Avropa və Rusiyada kişiləri qadının qadınlığı daha çox maraqlandırır. Bu, ilişgilərin möhkəmliyi üçün önəmli sayılır. Onların fikrincə qadın zərif, mehriban, seksual və zəif olmalıdır. Ağıl xüsusi olaraq vurğulanmır. Çünki bu dəyərləri olan qadın Avropa kişisi üçün artıq ağıllıdır. Digər tərəfdən onlar qadınları ağıllı hesab edirlər.
Qadınlara psixoloqların bir neçə məsləhəti:
1. Narkoman və alkoqoliklərdən uzaq olun. Nəinki ailə qurmaq, telefon nömrənizi belə verməyin.
2. Xəsis kişilərdən qaçın.
3. Öz keçmiş ilişgilərindən sizə həvəslə danışan kişiləri seçməyin.
4. Yaxınları — dostu, valideynləri və s. ilə kobud davranan kişiləri uzaq tutun.
İçkiyə qurşanmış yaşlı bir qadın tanıyırdım. Cavanlığında çox şirin və çəkici olan bu qadın qocalığında da kutsal gözəlliyini itirməmişdi. İçkili halın arxasında gizlənən bir gözəllik idi bu.
Əməlli-başlı araq düşkünü olmuşdu. Durum ağır idi. Küçədə yıxılırdı, yorğan döşəyə qusurdu.
İçki sinir sistemini sıradan çıxarır. Adam dəlilik edir. Ağıl kontroldan çıxır. Adamın daxili problemləri varsa daha pis olur. Danışığını, hərəkətini bilmir. Adamların xətrinə dəyir.
Bir dəfə söhbət etdik. Məlum oldu ki, əri cavanlıqda yaman içən olub. Psixoloqların fikrincə narkomanların və alkoqoliklərin eşləri gec ya tez özlərinə oxşayırlar. Belə adamlar maqnit kimi onları öz pis vərdişlərinə çəkir, ortamın ağır aurası partnyorun bütün enerjisini sorub çıxarır. Nəticədə adam gücsüzləşir. Və tabe olur. Gec olmadan canınızı qurtarın.
Bir neçə ildən sonra həmin qadınla rastlaşdıq. İçmədiyini və tərgitdiyini dedi. Qadınlar bu konuda kişilərdən daha güclüdürlər. Ona görə dünyada kişi narkomanlar və alkoqoliklər qadınlardan qat-qat çoxdur.
Yaradıcı adamların içində içkiyə, narkotikə qurşananlar daha çox olur. Bunun yeganə səbəbi yaradıcı adamların daxilən zəif olmasındadır.
Belə bir inanc var. Əgər kişi 25 yaşında hələ qadın tanımırsa bu uzun sürəcək, 30 yaşında evlənməyibsə evlənməyəcək, əgər 40 yaşında pulu yoxdursa deməli heç vaxt olmayacaq.
Qadınlar təcrübəli erkəklə evlənmək istəyirlər. Kişilərsə əksinə.
Qadınlar özünə güvənən erkəkləri sevirlər. Çox maraqlıdır ki, məşhur seriallar gedərkən statistik göstəricilərə görə qadınlar filmin müsbət kişi obrazını daha çox sevir, nəinki yaraşıqlı cavanı. Deməli əslində qadınlar üçün kişinin gözəlliyi o qədər də önəmli deyil. Onlar boş yerə “kişi meymundan bir az yaraşıqlı olmalıdır” demirlər.
Gözəl bir qadının yanında çirkin bir kişi görsək düşünərik: –Fərasətlidir. Bəli! Qadınlar fərasətli kişiləri sevir. Bir önəmli məsələdə qadınlar heç dəyişməzlər.
Kişiyə güvənmək
İstər maço olsun, istər layt. Güvən yarada bilməyən erkəyi qadınlar sevmir.
Bizim cəmiyyətdə hər şey bir az fərqlidir əslində. Burda qadın kişini öz kurallarına və zövqünə uyğun seçmir. Vaxt çatır və o, sadəcə ailə qurmaq xətrinə ailə qurur. Sonrası artıq şans məsələsidir. Kişilərdə də durum eynidir. Onlar da qadını seçib, götür-qoy edib evlənmirlər. Evlənmək xətrinə evlənirlər. Bizim ailələrdə kişi xəyanətinə sakit münasibətin əsas səbəbi də budur. Ortada əsas faktor yoxdur. Sevgi! Sevdiyin adamın xəyanəti ağır gəlir.
Sevgisiz ailə iş yerinə çevrilir. Sevgililik olmur. Sevgililik olmayan halda seks sadəcə bir görəvdir. Seks qadın kişi arasında olduqca önəmli və ciddi bağdır. Ər-arvad bir yataqda görəv başındadırsa ailə sevgidən başqa hər səbəb üzündən qurulub demək. Belə ailələrdə kişilərin kənar macəralarına qadınlar susurlar, göz yumurlar. Çünki ər anlayışı onlar üçün sevdiyi kişi-sevgili anlayışından tam fərqli bir şeydir. Ər öncə uşaqların atasıdır. Ana- atanın kürəkənidir. Bacı-qardaşın yeznəsidir. Ailə başçısıdır. Bütün bunlar ərin başqa qadının sevgilisi olmasına əsas yarardır. Çünki ər sevgili də olmaq istəyir.
Arvadlarını mətbəx kombaynı, qabyuyan maşın, uşaqların anası hesab edən kişilərin qadınları da sevgili olmaq ehtiyacı duyur. Sadəcə dünyanın bütün ölkələrində qadının xəyanəti daha yolverilməz sayıldığı üçün ərinin sevgilisi olmayan qadın çox vaxt özünə kənarda sevgili axtarmır. Və bu onun özünə diqqətsiz münasibəti ilə nəticələnir. Baxımsızlaşır, qadın olduğunu unudur və tədricən tamamilə formadan çıxıb mexaniki arvada çevrilir. Çox vaxt da belə qadınların sinir sistemi sıradan çıxır; aqressivləşirlər.
Avropa ailəsində xəyanət dəhşətli qarşılanır. Çünki ailə sevgi üzərində qurulur. Ailə qurana qədər onlar bir-birinin keçmiş ilişgilərini axtarıb aramırlar. Burunlarını sevgililərinin keçmişinə soxmurlar. Onlar üçün önəmli olan ailənin gələcəyidir. “Mənə qədər” o qədər də önəmli deyil. “Məndən sonra” isə çox önəmlidir. Bizim kişi evlənməmişdən qadının özünü deyil, bütün nəsil nəcabətini sorğulayacaq. Onun kimliyindən çox, öncələr kiminlə görüşdüyünü, kimi sevdiyini sorğulayacaq. Qızın ailəsi oğlanın genetik kodunu axtaracaq. Ulu babasının həyatını araşdıracaq. Evlilikdən sonra isə kişinin xəyanəti və çeşid-çeşid qadınlar barədə susulacaq.
Kişi ilə qadının anlaşmamasının əsas səbəbi onların bir-biri ilə səmimi olmaqdan qorxmasıdır. Məsələn, kişi bəyəndiyi qadını tutaq ki, restorana dəvət edir. Qadın tez razılıq verməyə utanır, yüngülxasiyyət görünməkdən qorxur. Kişi isə düşünür: “Yəqin məndən xoşlanmır”. Əslində belə deyil. Qadınlara səmimi olmaları üçün şərait yaradın. Axı siz lidersiz.
Bir gənc qadın masa bəzəyib, süstlənib ərinin işdən gəlməsini gözləyir. Ona sürpriz etmək istəyir. Kişinin də həmin gün tərslikdən işi uzanır. Qadın gecə yarısına kimi gözləyib əsəbiləşir və masanı dağıdıb yatır. Qadınlarınıza gec gələcəyiniz zaman xəbər edin. Arabir onlara zəng vurub hal-əhval tutun. Və bunu kontrol üçün deyil, ilgi üçün edin. Qadınların ən böyük çatışmazlığı küsməkdir. Küsməkdənsə kişini arayıb “sevgilim, bu gün evə erkən gəl” demək olar. Durumu öyrənmək olar. Yox, qadın belə deyil. Kişinin onu kosmosdan duymasını istəyir. Qadınların yüzillik davası kişinin onu intuitiv anlamasını istəməsidir. Onlar bircə şeyi unudurlar. Kişilərdə intuisiya çox da inkişaf etməyib. Onlar ağıllarını işlədən, praqmatik varlıqlardır. İntuisiya qadının istedadıdır. Və kişinin səni göydə anlamasını istəmək absurddur. Ona fikrini dolayısı yolla deyil, birbaşa deməlisən. Bu hər şeyi qolaylaşdırar.
İnternetdə kişilərin kuralları haqda oxumuşdum. Özləri tərtib ediblər. Bir bəndində belə yazılıb: “Necə ki, siz bizim kafedə saatlarla pivə içib, maç seyr etməyimizi anlamırsız, eləcə də biz sizin xeyli çanta almanızı anlamırıq”.
Kişilər çox nadir hallarda öz qadınlarında sevmədiklərini üzə vururlar. Ancaq qadın kişisinin çatışmayan cəhətini gündə yüz dəfə təkrar etməkdən bezməz. Əgər kişi qüsurunuzu üzünüzə vurmursa bu qüsursuz olmanız anlamına gəlmir.
Statistik göstəricilərə görə qadınlar pulu olmayan erkəyə üstünlük vermirlər. Ən xırda səbəbə görə. Qadın üçün kişi məqsədyönlü, güclü, uğur qazanmağa meylli bir varlıqdır. Bu cür kişininsə mütləq qazancı olur. Əgər kişinin qazancı yoxdursa, deməli işgüzar deyil, məqsədyönlü deyil. Deməli zəifdir, tənbəldir. Qadınların zəif və tənbəl kişilərdən zəhlələri gedir. Onlar güclü, işgüzar kişiyə çox şeyi bağışlayırlar. Yanlış anlaşılmasın. Pulu olduğu üçün deyil, pul qazana bildiyi üçün.
Məşhur “kişilərə ağıllı qadın lazım deyil” fikri də yanlış qarşılanır. Kişilər ağıllarını gözə soxan qadınları sevmirlər. Kişi naturaca liderdir. Bu təbiətin ona verdiyi üstünlükdür. İlk qəbilələrdə mağarada oturan qadın olub, ova gedən kişi. Qadının fiziki gücü ona ova getməyə imkan verməyib sadəcə. Bu liderliyi kişidən almaq lazım deyil.
Liderliyi əlindən alınan kişi özünü aşağılanmış hiss edir. Ona ironiya ilə baxacaqsan, üzündə sarkazm olacaq, dodaqaltı güləcəksən və tamam. Kişi özünü pis hiss edəcək. Özünü yaxşı hiss etdiyi yerə gedəcək. Özünüzü kişidən ağıllı göstərməyə çalışmayın. Bunu bacaran qadın elə ağıllı qadındır.
Kişinin əlindən qadını qorumaq instinktini, əgər bu instinkt onda təbiətən varsa, almaq günahdır. Bu onun ən həssas yeridir. Kişilər qadınlarını qorumaqdan sadəcə ləzzət alırlar. Əgər o sizə elementar “açıq-saçıq geyinmə, tək başına ora-bura getmə” deyirsə, bu qətiyyən onun sizə güvənmədiyi anlamına gəlmir. Bu onun sizə cavabdeh olma instinktinin formalarından biridir. Kişilər hətta qadının namusunu da öz boyunlarına götürməyə hazırdılar. Götürürlər də. Qadın onlar üçün dəyərdir. Qadınlarla kişilərin dəyər anlayışı fərqlidir. Kişilər öz dəyərlərinə daha məsuliyyətli yanaşırlar. Onların kurallarını kimsə poza bilməz. Bu üzdən sadəcə imkan verin sizi qorusun. O zatən başqa bir şey istəmir…
“Kişilərə qadından çox şey lazım deyil, qadınlarsa hər şey vermək istəyirlər.” — V.P. Şeynov.
Aysel Əlizadə