Sözlə əməl arasında

Sözlə əməl arasında

Nitşse deyir: “Xeyirxah kimdir? Xeyirxah hünərli olandır”. (Bu fikri yaddaşınızda əlçatan bir yerə qoyun, bir azdan mənə lazım olacaq).

Bəs hünərli olan kimdir, yəni bununçün konkret nə tələb olunur, bax məsələ budur, ən azından mənim sizə demək istədiyim məsələ. Keçən dəfəki yazıda hisslərin sözlə ifadəsindən danışmışdıq, bu gün daha sonrakı prosesə keçəcəyik, sözlərin əmələ çevrilməsinə.

Duyğular sözlə ifadə olunmaq istədiyi kimi, sözlərin də əməllə isbata ehtiyacı var və hətta bu ehtiyac birincidən daha çox və daha vacibdir, ruhun var olmaq üçün materiyaya ehtiyacı olduğu kimi... 

Bu cəhətdən insanların üç təsnifatı mövcuddur:
1) Sözü ilə əməli bir olanlar — bu, axtardığımız “qızıl orta”dır.
2) Sözləri əməldə təsdiqini tapmayanlar — bunlara el arasında “dil pəhləvanları” deyilir. Əlamətləri müxtəlif ola bilər, səbəbləri fərdə görə dəyişir — tənbəllik, eqoistlik və ya sadəcə yalançılıq.
3) Hisslərini birbaşa əməliylə sübut edənlər — bunlar bir az qapalı, lakin alicənab adamlardı. 

Ən doğru variant birinci olduğu üçün bizim müzakirə konumuz deyil, onu kənara qoyub vaxt itirmədən o biri iki tipi müqayisəyə keçək. Yəni yalnız sözdə var olanlarla, yalnız əməldə var olanlara. 
Məncə, bu müqayisədə ümumi sözlərdən çox, dəqiq nümunəyə ehtiyac var, odur ki, ən yaxşı əyani vəsait kimi “Alyazmalım” filmini götürək. Orda həmin iki tip (İlyas və Cəmşid) arasında qalan Asyanın seçimini və sözlərini xatırlayın: “Sevgi nəydi? Sevgi dostluqdu, iyilikdi. Sevgi əməkdi”. 

Təkcə sevgi yox, bütün insanı münasibətlər əmək istər. Dostluq da, yoldaşlıq da, qardaşlıq da. Yüz şirin söz məqamında edilmiş bir jest qarşısında sabun köpüyüdür. Bütün münasibətlərdə ən çox sevən tərəf ən çox fədakarlıq edəndir. Təkcə nəzəriyyəni bilmək heç nəyi həll eləmir, ən yaxşı nəzəriyyələr həyat laboratoriyasında sınaqdan keçənlərdi.

Qayğıkeşlik, fədakarlıq da səxavət kimidi, xərclədikcə artar, unutmayın. Onları tərəddüdsüz, hətta, mən deyərdim, israfçılıqla xərcləyin. 

“Yaxşılıq et, balığı dəryaya at, balıq bilməsə də, xaliq biləcək” məsəlində olduğu kimi. Bəlkə ömür boyu heç bir balıq bilməyəcək, xaliq də sənə yuxarıdan baxıb “əhsən” deyən deyil, amma nə olsun, yaxşılığın ən yaxşı tərəfi ondan məhz öz müəllifinin zövq almasıdır. 

Hətta həyatla özünüz arasındakı münasibətdə də vuruşmaq (əmək) tələb olunur. Siz təki yorulmayın, ruhdan düşməyin, həyat bir gün təslim olub, döydüyünüz qapıları açacaq. Lap tutaq ki, açmayacaq, amma siz yenə də vuruşun, bir gün qalib gəlməyin xəyalı belə gözəl. 

Və sonda yenə də Nitşenin bayaq xatırlatdığım fikrini qoyduğunuz yerdən götürüb mənə qaytarmağınızı istəyirəm. Fikrimcə, burda o servantın ən uyğun rəfinə qoyulmuş büllur qab kimi daha gözəl parıldayacaq: “Xeyirxah kimdir? Xeyirxah hünərli olandır”.

Səhər Əhməd
Top