Yaxşı, yoxsa ədalətli insan olmaq?

Yaxşı, yoxsa ədalətli insan olmaq?

“Yaxşı insan olmaq asandır, çətin olan ədalətli insan olmaqdır”
Viktor Hüqo

Ətrafımda bir xeyli yaxşı insan var. Bəli, həqiqətən belədir. Həmin insanların mərhəmətini, sadəliyini, qonaqpərvərliyini, yardımsevərliyini çox görmüşəm. Oxşar isti münasibəti Qərb ölkələrində də görmək mümkündür, ancaq orda ədalətli olmaq yaxşı olmaqdan üstün tutulur və bu, onların davranışından aydın sezilir.

Biz şərqlilər istiqanlı, aşırı ünsiyyətcil, mərhəmətə daha meyilli və qonaqpərvərik. Bu, danılmaz faktdır. Kənardan gələn qonaqlar bu enerjini aşkar görür və tez-tez dilə gətirirlər.

Biz sevəndə belə dəlicəsinə sevir, nifrət edəndə belə qızğın şəkildə nifrət edirik. Təbiətimiz belədir. Bundan əlavə, genetik ötürücülərin də müəyyən təsiri var. Həm də gözümüzü açandan ətrafımızda bu cür davranışların şahidi oluruq. Görüb-götürürük və nəsillərə ötürürük. Bu çox təbii haldır.
Bizdən fərqli olaraq, Qərbdə vəziyyət başqadır. Onu da qeyd edim ki, ümumiləşdirmə aparmıram. Ümumiyyətlə, kim ümumiləşdirmə aparırsa, həmin adam axmaqdır. Ancaq böyük nisbət söhbəti var. Çünki, doğurdan da, fərq ortadadır və bunu çox asan müəyyən etmək və görmək olur.

Hə, ola bilər ki, Qərb ölkələrində qarşılaşdığınız adamların sizə qarşı çox da isti münasibəti və aşırı mərhəməti ilə qarşılaşmayasınız, ancaq onların bir çox hallarda ədalətsiz və haqqtapdayan hərəkətini də görməyəcəksiniz. Ədalətli şəxs başqasına zərər verməyi özünə ar bilər.
Gəlin, sizə ədalətli insanın özəlliklərini sadalayım: ədalətli adam dürüst olur və o, ətrafdakılara zərər verməkdən çəkinir, hər kəsə layiq olanı verər.

Ədalət nədir?
Ədalət-zülm etməmək, hər kəsə haqqını vermək və ən əsası layiq olduğunu verməkdir.
Ədalətli olmaq hamı il eyni şəkildə davranmaq yox, əksinə, hər kəsə haqq etdiyi şəkildə yanaşmaqdır.
Ədalətli adama adil deyirlər. Bir insanın sahib olması vacib olan ən əsas xüsusiyyət onun adil olmasıdır. Ədalətli şəxs haqq və hüquq məsələsində hökm verərkən mütləq və mütləq neytral yanaşar. Hətta öz doğmaları, yaxınları əleyhinə belə olsa, ədalət prinsipindən vaz keçməz. O, öz şahidliyini heç vaxt gizlətməz və insanları aldadıb, onların arasında ayrıseçkilik, diskriminasiya etməz. Nə özünün, nə də yaxınlarının istəklərinə uyğun hərəkət etməz. Hadisə və situasiyalara mənfəət prizması ilə yox, haqq və ədalət prinsiplərini üstün tutaraq yanaşar.

Kimə nə edəcəyini, necə davranacağını və haqqının nə olduğunu bilməyən adam davamlı olaraq haqq yeməyə və zülm verməyə meyilli olur. Niyə? 
Çünki cahil adam ədalətli ola bilməz. Ədalətli olmağı özünə hədəf seçənlər bilmədiyi mövzularda nə danışar, nə də onları müzakirə edər. Ədalətli şəxslər tanımadığı adamlar haqqında hökm vermək, onlar haqqında nəsə yanlış söz söyləməkdən və iftira-şər atmaqdan çəkinər və qorxarlar. Bu məsələyə həssas yanaşarlar.

Ədalətli insan mərd olduğu qədər, həm də mərhəmətlidir. Ancaq onun mərhəməti saxta deyil, tam səmimidir. Belə adamların qəlbində sevgi olar və həmin sevgi onları ədalətli olmağa sövq edər. Qəlbində səmimi sevgi olmayanlar qorxaqlığa, yaltaqlığa meyilli olurlar və onların daimi maddi gözləntiləri olur.* Ona görə də bu gün sizinlə aşırı mərhəmətlə davranan, qonaqpərvərliyinə şübhə etmədiyiniz şəxslər, sabah hər hansı həssas məqamda sizin yanınızda olmurlar.

Mən əminəm ki, öz siyasi fəaliyyətlərinə görə Avropada yaşayan Emin Millidən, Günel Mövluddan və Orduxan Teymurxandan toplu halda imtina edən qohumları bir vaxtlar onlarla eyni məclisdə oturarkən Eminə, Günelə və Orduxana xüsusi qayğı və qonaqpərvər davranışları ilə, bəlağətli tərifləri ilə də yadda qalıblar. Ancaq vacib məqamda onlardan həmin fəallara qarşı amansız və ədalətsiz qınaq gəlib.
Ədalət şəxləri yox, haqqı qorumaqdır. Belə adamlar iş yerində, ailə daxilində və olduğu hər yerdə problemləri ədalət psinsipinə söykənərək həll etməyə çalışırlar.

Montaigne deyirdi ki, ədalətin olmadığı yerdə, əxlaq da yoxdur. İndi başa düşürsünüz ki, günü-gündən ölkədə əxlaqsızlığın miqyası bu qədər genişlənir?!

Təəssüf ki, bizə uşaqlıqdan “ədalətli ol” yerinə, sadəcə, “yaxşı insan ol”- deyilir. Bu isə məhdud tərbiyədir. Yaxşı olmaq kifayət etmir. Cəsarətin simvolu sayılan ədalətli olmaq xüsusiyyəti bir adamda çatışmırsa, o şəxs, ilk aldığı zərbə ilə yaxşı olmağı da buraxacaq. Belə olan halda da qorxu və maddi gözləntilər ilə cəmiyyətin əsarətdə olan fərdlərindən birinə çeviriləcək.

Bax buna görə də bu gün ölkəmizdə birlik, bərabərlik yoxdur. Hər hansı iş yerində bir və ya bir neçə işçinin haqqı yeyiləndə və yaxud da elə ümumi hamıya qarşı ədalətsizlik olanda, işçilər bir araya gəlib ədalətsizliyə qarşı etiraz etməyə cəsarət tapmırlar. Adekvat davranış yoxdur deyə bu kimi hallar bildiyimiz bütün hər yerə sirayət edib.

Yenə deyirəm, bu cür dəhşət halların yaşanması çox normal və təbiidir. Çünki nə ailə, nə məktəb tərbiyəsində bizə ədalətli olmağı başa salmırlar. Heç yerli ədəbiyyatımızda da ədalətli olmağa çağırışlara çox rast gəlinmir. Nəticə də şübhəsiz belə olmalı idi.

Hətta kiminsə yanında “ədalətli ol” deyəndə, “ə, boş-boş danışma” deyib adamı məsxərəyə də qoyanlar olur.

“'Ədalət” Azərbaycanda ancaq kişi adıdır” kimi acı bir ifadə var. Biz buna göz yumub, laqeyd münasibət göstərərək, həyatımızı sürünərək keçirtməməliyik. Uşaqlarımıza, ətrafımıza daim ədalətli olmağı əməllərimizlə göstərməli və aşılamalıyıq. Bu xüsusiyyət insanın baş tacıdır.

İndi, sizcə, yaxşı, yoxsa ədalətli insan olmalıyıq?

Orxan Adıgözəl
Top