Barda
Haham Volf təsadüfən bir bara girdi. İçərinin havası yaman ağır idi. Kimi içir, kimi də qumar oynayırdı. Haham heç nə demədən çölə çıxdı.
Gənc biri arxasından gəldi:
“İçəridə gördüklərinizdən heç xoşunuz gəlmədi. Bilirəm.” – dedi. — “Bura günahkarların məkanıdı”.
“Yox, gördüklərim xoşuma gəldi. – Volf cavab verdi. – “Burdakı adamlar hər şeyini itirməyin nə demək olduğunu öyrənir. İtirmək təcrübəsini yaşayandan sonra onlar üçün yalnız bircə variant qalacaq: Tanrıya sığınmaq. Və o andan sonra hər biri Tanrının mükəmməl xidmətçisi olacaq”.
Yüzdə on
“Mənim kimi olmaq çox asandı. – dedi Babilin ən zəngin adamı. – Sadəcə bunu anlamağınız lazımdı: qazandığınızın yalnız yüzdə onu sizindir.”
“Bu çox mənasızdı. – gənc dedi. – “Qazandığımın hamısı özümündür”.
“Dərziyə pul vermirsən? Hər səhər çörəkçiyə pulun çıxmır? Pul xərcləmədən bircə gün belə keçinə bilməzsən. Özündən başqa hamıya pul xərcləyərsən. Bu gündən etibarən qazandığının yüzdə onunu özünə xərclə. Unutma, zənginliyə gedən yol qorxulu və qəribədir. Əgər o yüzdə ona yaxşı baxsan, bir gün bütün çətinliklərinin qarşılığında mükafat alacaqsan”.
Limanın o üzü
Sketa Monastrından bir keşiş baş rahib Teodorun yanına gəlib belə dedi:
— Həyatın məqsədinin nə olduğunu dəqiq bilirəm. Tanrının insandan nə istədiyini və Ona xidmət etməyin ən yaxşı yolunu da. Amma bununla belə, Tanrıya xidmət üçün hər şeyi edə biləcəyimi düşünmürəm.
Baş rahib uzun səssizlikdən sonra dilləndi:
— Okeanın o üzündə bir şəhər olduğunu bilirsən, amma ora gedəcək gəmi tapmaq çətin olub, əşyalarını gəmiyə yükləyib dənizi aşa bilməmisən. O zaman niyə onun haqqında danışasan ki? O şəhərin küçələrində gəzməyindən niyə söz açasan ki? Həyatın məqsədinin nə olduğunu, yaxud Tanrıya xidmətin ən yaxşı yolunu bilmək kifayət deyil. Ağlındakıları reallaşdırmalısan. Ancaq bu zaman yol özü-özlüyündə qarşında açılacaq.
Cənnətin qapısında
Don Enrike öləndə birbaşa cənnətə düşdü. Qapını bərk-bərk döydü və içəridən bir səs gəldiyini eşitdi: “Kimdi?”
“Mən Valdiviesolu Don Enrike Fernandesəm”.
“O zaman başqa yerə get. Burda iki adama yer yoxdu.” – içəridəki səs dedi.
Və beləcə Don Enrike Ərafa göndərildi.
Bir zaman sonra Don Enrike çəkinə-çəkinə yenə cənnətin qapısını döydü.
“Kimdi?” – içəridəki səs soruşdu.
“Mənəm”. – Don Enrike cavab verdi.
“Burda iki adama yer yoxdu”. – yenə eyni cavab eşidildi.
Və Don Enrike yenə Ərafa qayıtdı.
Sonra bir gün yenə gedib cənnətin qapısını döydü.
“Kimdi?”
İçəridəki səs soruşdu.
“Tanrının kiçik parçası” – deyə cavab gəldi.
Və cənnətin qapısı ona açıldı.
Cəfa və şəfqət
Soyuq qış günündə bir samuray Zen ustadının hüzuruna çıxıb deyir:
“Soyuqdan və aclıqdan ölmək üzrəyəm. Belə həyatımı davam etdirməyim mümkün deyil”.
Ustad üzündə kədər ifadəsi Yakuşi-Buddanın heykəlinin yanına getdi. Heykəlin boynundakı altın zənciri çıxarıb samuraya verdi.
“Bu müqəddəs şeyə hörmətsizlikdir”. – şagirdlər donquldandı.
“Niyə hörmətsizlik olsun ki? – dedi ustad. – Davud peyğəmbərin ac vaxtı Tanrının evinə girib ehsan çörəyindən yediyini hamınız eşitmisiniz. İsa peyğəmbər xəstələri sağaltmağın qadağan olduğu ibadət günündə xəstə sağaltmışdı. Mənim də elədiyim Buddanın ruhunu hərəkətə gətirməkdi. Artıq sevgi də, şəfqət də vəzifələrini yerinə yetirə bilərlər”.
Paulo Koelyo