Onu hamı tanıyır, dünyanın sonluğuna qədər hara barmağını uzatsan və onun adını çəksən üzlərdə, çöhrələrdə bir təbəssümün oyandığını görəcəksən. Yox, o, nə atom bombasını, nə də avtomobili, nə də hər hansı bir fiziki qanunu kəşf etməmişdi. O, hətta hansısa bir müharibədə nə qalib gələn, nə də döyüşü uduzan məşhur sərkərdə, nə də fateh deyildi. Amma onu bu gün hamı tanıyır, hətta sizin özünüz də. Bu böyük insanı çoxdan tanıyırsınız. Onun adını çəkimmi? Qoy siz deyən olsun! Bernard Şou! Gördünüzmü? Yaxşı, gülümsəməyi bir yana qoyun və adını istər-istəməz eşitdiyiniz bu dahi şəxs haqqında nələr bildiyinizi yadınıza salın. Yəqin ki, çox az şey, düzdürmü? Onda gəlin hər şeyi, hətta ən vacib işləri belə bir kənara tullayaraq tarixin səhifələrini varaqlayaq…
Corc Bernard Şou İrlandiyanın Dublin şəhərində 1856-cı ilin 26 iyulunda dünyaya təşrif buyurub, — doğulub. Protestant bir cütlük olan Corc Kara Şou və Yelizabetin ailəsində dünyaya göz açan Bernard evin üçüncü uşağıydı. Bu günün ifadəsiylə izah etsək onun atası Corc Kara Şou «büdəçiydi» — yəni dövlət qulluğundaydı və günlərin bir günü şəxsi biznesini qurmaq istəyən bu şəxs az sonra möhkəm içməyə başlayır və elə az vaxt içində də xroniki alkoqola çevrilir. Amma Bernardın anası Yelizabeti sorğu-sualsız aktrisalara məxsus xarakter və keyfiyyətli bir qadın adlandırmaq olardı. O, səhnəyə çıxmaq, məharətini göstərmək, oxumaq arzusuyla alışıb-yanırdı. Bernardı bu günün təbirincə desək elə də «ağıllı uşaq» adlandırmaq olmazdı. O, çox sonralar deyəcək ki, məktəblər ona heç nə vermədiyi üçün tez-tez birindən — digərinə keçirmiş. Fakt isə faktlığında qalır: — Bernardı məktəbdə öyrədilən elmlər o qədər də maraqlandırmırdı. Hər şeyə biganəliklə baxan Bernardın xəsis ağlı ancaq fantaziyaları qəbul edir və bu irlandlı uşaq öz rahatlığını C.Sviftin məcaralarında, Şeridanın ölüm nəfəsi gələn pyeslərində və yerlisi-dublinli Oskar Uayldın ziddiyyətli yaradıcılıq nümunələrində tapırdı.
Gündüzlər Bernard İrlandiya Milli qalereyasının zallarını dolaşır, hər şeyə acgözlüklə tamaşa edir, axşamlar isə müxtəlif operalardan ariyalara qulaq asmağa adət etmişdi. Bu ariyaları isə onun üçün anası Yelizabet ifa edirdi, özü də çox ustalıqla… Bernardın anasının onlarla bir yerdə yaşayan bir «dostu» vardı. — bu «dost» dirijor Con Vandler Li idi. Elə «anasının dostu» Con Vandler Yelizabeti inandıra bilir ki, Bernard talantlı uşaqdır və onun hansısa kontorda kassir işləməsi elə də pis deyil. Bu bir növ həyatı öyrənmək deməkdir. Elə Con Vandlerin təhrikiylə Bernard Londonda nəşr edilən bir neçə musiqi jurnalı üçün məqalələr yazır və onun köməyi ilə də həmin məqalələr nəşr edilir. Həmin vaxtdan Bernard Şou anlayır ki, talant təkcə əmək, zəhmət hesabına etiraf edilmir. Onun etiraf edilməsi üçün həm də bir az "üzlü" — yəni sırtıq olmalısan.
Bernardın həmin vaxt yazdığı həmin məqalələri peşəkar qələm məhsulu hesab etmək olmazdı, amma həmin yazılarda tənqid obyektləri dəqiq ifadələrlə sanki bir zərbəylə ikiyə bölünür, adamı mat qoyacaq sərrastlıqla hədəflər vurulurdu. Bu gəncdə bu qədər istehza və hesablaşmağa məcbur olduğun sərt baxış, fikir haradan yaranmışdı — sualına heç kim cavab tapa bilmirdi. Bəlkə də bu məsələ onun kökündən — irlandiyalı olmasından doğan bir məsələydi. Axı irlandlar «seçilən istehzaçılar» — kimi məşhurdular. Bernard həmin vaxtlar yazırdı: "İngiltərə İrlandiyanı işğal edib. Mən nə etməliyəm? Mən də onu «işğal edəcəyəm». Bernard Şounun yaxın dostu, elə Bernard kimi dili «acı və istiotlu» yazıçı Hilbert Çestorton da yazır: «Bernard Şou İngiltərəni bir yadelli kimi kəşf etdi. Onu dərhal bir qalib kimi də fəth etməyi bacardı. Başqa sözlə o, İngiltərəni əsl irlandiyalı kimi kəşf edə bilən bir şəxsdir».
«Hər bir irlandiyalı ruhən bir romançıdır» — bu ifadə daha bir dahi irlandiyalıya — Ceyms Coysa məxsusdur. Tənqidlə məşğul olmağına Bernard Şounun özü müvəqqəti bir iş kimi baxır, necə deyərlər o, bu yazıları «ayaqüstü» qələmə alır, buna az qala bir əyləncə kimi baxır. Bəs uzun gecələr necə olsun? Yox, Bernard bu gecələri tutqun pivə düzülmüş yeməkxana stolları arasında keçirmir. O, axşamlar oturub romanlarını yazır və dörd il ərzində nə az-nə çox qalınlığı heyrət doğuracaq beş roman ərsəyə gətirir. Doğrudur heç bir nəşriyyat onları çap etmir və sonralar Şou da buna görə heyfslənmir, əksinə onlara təşəkkür edir. «Yaxşı ki, onlar məni novella aşiqi olmaqdan xilas etdilər, yoxsa Allah bilir nə olardı...» Şou həmin dövrü belə xatırlayır.
Bernard Şounun dramaturgiyaya gəlişini isə belə qiymətləndirmək olar. Deyək ki, hər hansı bir maqazinin vitrinində nəsə sizin diqqətinizi cəlb edir və siz oraya girib baxırsınız. Elə-belə...təsadüfən, qəfildən. Bernardın da dramaturgiyaya gəlişini belə qiymətləndirmək ən düz variant olardı. Bir dəfə İngiltərənin məşhur teatr tənqidçisi Uilyam Arçer Britaniya muzeyinin kitabxanasında gənc və möcüzəli bir oğlana rast gəlir. Bu oğlan eyni vaxtda həm K.Marksın «Kapital» əsərini oxuyur, həm də bəstəkar Vaqnerin operasının partituralarına baxır. Mızıldana-mızıldana Marksın tezislərini oxuyan bu gənc həm də Vaqnerin ariyaları ucadan oxumağa da çalışırdı. Məşhur Uliam Arçer bu gəncə yaxınlaşır və onlar tanış olurlar. Bundan sonra xeyli çəkən söhbətin sonluğu onunla nəticələnir ki, onların hər ikisi eyni fikirdədilər ki, İngiltərə səhnəsi yaxşı dram əsərləri olmadığı, yazılmadığı ucbatından ölüb gedir. Uilyam Arçer Bernardın dram əsərləri yazması üçün xeyli dil tökür, vədlər verir, hərdən «ona görə razı olmursan ki, yaza bilməyəcəyini bilirsən» kimi ifadələrlə hirsləndirir, özündən çıxarır. Nəhayət Arçer öz istəyinə nail olur və Bernard Şou yaxın günlərdə bu işə başlayacağına söz verir.
Bir neçə həftəyə Bernard Şou verdiyi sözə əməl edir və ilk dram əsərini «Dul qadının evi» pyesini Uilyam Arçerə oxuyur.
Bundan sonra isə Bernard Şou onlarla dram əsəri yazır, amma tamaşaçı kütləsi üçün yox, elə-belə özü üçün. Bu pyeslər əslində Bernardın dünyaya, özünə, insanlara münasibətinin əsl təzahürüdür, desək daha doğru olar. Onun pyesləri tamaşaya qoyular-qoyulmaz böyük bir hay-küy doğurur, hay-həşirdən qulaq tutulur. İngiltərənin mühafizəkar informasiya vasitələri — qəzetlər onu "şarlatan" adlandırır, az qala hökuməti onu asmağa səsləyirlər. «Bu, Bernard Şou adlı əcaib varlıq əsrlər boyu kök salmış İngilis adətlərinə, ailə münasibətlərinə tüpürməkdən deyəsən zövq alır. Hər şeyi öz adı ilə çağırmaq mümkündür, amma bu qədər iyrənc şəkildə yox. Bu ifadələr bizim gənclərin qulağına dəydikcə hər şey uçulmaq təhlükəsiylə üzbəüz qalır». «The Tayms» hər nömrəsində bu cürə mühakimələrlə dolub-boşalır, amma bir kimsə həmin əsərlərin müəllifi ilə, yəni Bernard şou ilə üzbəüzə diskussiyaya — müzakirəyə çıxmağa cürət etmir. Şounun dəqiq atmacaları bir an içində kimi desən tərk-silah etmək gücündəydi və bunu hamı yaxşı bilirdi.
Həmin dövrün tanınmış siyasətçiləri və yüksək, əsilzadə sayılan sinfin nümayəndələri də onunla üz-üzə gəlməkdən belə çəkinir, bu görüş qaçılmaz şəkil alanda isə daha çox susmağa üstünlük verirdilər. Amma unutmayaq ki, 1800-cü illərin sonunda yaşayan məşhur ingilis siyasətçilərinin və yüksək təbəqənin tanınmış simaları bu gün tarixdə gənc Bernard Şouya görə tanınır, xatırlanırlar. Beləliklə, Bernard Şounun tənqid, istehza obyektinə çevirməklə onlar xəbərləri olmadan tarixə düşmək şansını əldə edirlərmiş...
«Mənim pyeslərim naturalist pyesləridir, hə? Ser Vilyam deyin görüm həmin pyeslər uşağın doğulması prosesindən daha çox çılpaq deyillər ki? Uşağın doğulma prosesini çirkin adlandırmaq olarmı?» — Bernard Şounun isə pyeslərinə qarşı şəxsi münasibəti bax bu cür idi...
Əsərlərində Şou həyati ziddiyyətləri bir-biriylə barışdırmağa çalışmır, amma virtuoz şəkildə onları bir-biriylə hesablaşmağa məcbur edir və çox rahatlıqla buna nail olur. Ciddi mübahisələr doğuran dialoqlar, adamın mat-mutunu qurudan hadisələrin çılpaq təsviri, xarakterlərin mübahisə və mübarizəsi onun dram əsərlərinin özəyini, əsasını təşkil edir. A.V.Lunaçarski yazır: «Bernard Şou özünün iti, kəsici ziddiyyətlərini istehzalı təlxək dəsmalına bükərək Londonun begamot dərisini doğradı və bununla da hər yerdə hamını özü haqqında danışmağa vadar etmiş oldu».
Bernard Şounun pyesləri haqqında yetərincə yazılıb, onlar saf-çürük edilib və əlbəttə ki, onun şəxsi həyatı da bu mənada diqqətdən kənarda qalmayıb. Bernard Şounu anası Yelizabetə görə «fahişə uşağı» adlandırılanlar az olmayıb. Yelizabetə gəlincə isə heç onu da qınamaq lazım gəlmir, axı gənc yaşlarından əri xroniki alkoqola çevrilərək hər şeyə tüpürən bir kişinin qadını haçana qədər «sədaqət kəmərini» bərk-bərk sıxmalıydı? Bernard Şou isə sanki onun arxasınca deyilən bu «söz-söhbəti» eşitmir, eşidəndə isə buna ucadan qəh-qəhə çəkməklə cavab verirdi...
Bernard Şounun isə qadınlara münasibətini rahat və yumşaq bir münasibət adlandırmaq olar, amma onun daxilində gizlənən münasibət isə ara-sıra onun aforizmlərində, daha doğrusu anaforizmlərində istehzaya bürünmüş şəkildə üzə çıxır: «Cəncəl xarakterli qadınlara həmişə sakit xarakterli qadınlardan daha çox dözür. Doğrudur, cəncəl xarakterliləri hərdən öldürürlər, amma onları heç vaxt atmırlar». Bütövlükdə isə Şounun qadınlarla bağlı lətifələri saysız-hesabsızdır və bu lətifələri hansısa təxəyyülün məhsulu hesab etmək lazım gəlmir, onlar baş vermişlərin əks-sədasıdır.
Bernard Şou əslən irlandiyadan olan messenat və sosialist bir xanımla — Şarlotta Peyn — Taunzedlə evlənir və onlar sonadək bir-birinə sadiq qalırlar, amma...
Hə, Bernard Şou ingilis aktirisası Stella Patrik Kempelə vurulmuşdu və Bernard onun heç nəyi hesaba almayan pərəstişkarlarından biriydi. Buna əslində sevgi demək düzgün olardı və təbii ki, bu sevgi qarşılıqlı bir məzmun daşıyırdı. Bernard Şou «Piqmalion» pyesindəki Eliz surətini də məhz sevimli Stellası üçün yaratmışdı. Bu pyes 1914-cü ildə Kraliça teatr səhnəsində birbaşa Şounun özünün rəhbərliyi ilə tamaşaya qoyulur və Stella Kempel Eliz rolunu ifa edir: «O, böyük bir cadugərdi və digərləri kimi də məni sehrləyib» — Şounun ən böyük açıq etirafı bu şəkildədir. Stela isə onu «Sevimli yalançı» adlandırmaqla bu sevdaya şərik olduğunu etiraf edir. Onların 40 il sürmüş sevdası bu gün yazmış olduqları ürək titrədən məktublarında yaşamaqdadır...
Stella Kempel az keçmiş İngiltərədən ayrılmalı olur və Fransanın cənubunda yaşamağa başlayır. Bernard onun dönməsi üçün ona yazır, yalvarır, dil tökür, xahiş edir, kömək etmək məqsədilə hər gün təkidlə ona səslənir. Stella isə çox məğrur qadın idi və o heç cürə hər hansı köməyisə qəbul etməyi özünə sığışdırmır. Hamı tərəfitndən undulan Stella elə burada da yoxsul bir evdə vəfat edir. Onun yoxsul otağından çarpayının altından rəfiqəsi şlyapa qutusunun içindən yüzlərlə məktub tapır… Bunlar Bernardın Stellaya yazdıqları məktublar idi...
1943-cü ildə Şou Londandan öz evlərinə Hartfortdşirə qayıdır. Həmin vaxt onun 87 yaşı vardır. Bundan sonra o, 7 il də yaşamağa məqam tapır və 94 yaşında bağda işləyərkən yıxılır və bu yıxılmağın sonu onun ölümü ilə başa çatır. Bernard Şou 1950-ci ildə noyabrın 2-də dünyasını dəyişir.
P.S. Bizim hər birimizi gec-tez haqlayası bir ölüm arxamızca addım-addım gəzməkdədir və ondan qaçıb gizlənmək sadəcə mümkün deyil. Onun əlindən sağ-salamat qurtara biləcəyimiz yeganə şey adımızdır. Adını yaşada bilənlər bu mənada bəxtəvər adamlardır — Bernard Şou kimi...
Nikolay Rodianov «Stupeni» qəzeti Tərcümə və təqdim edəni Alim Məhərrəmli