Cəsarət şarmdır

Cəsarət şarmdır

İnsan çox mürəkkəb varlıqdır. Beynimizdə kainat boyda fikirlər, təlatümlər, ziddiyyətlər var. Bu gün dünyanın 40-dan çox ocağında fəal və qeyri-fəal şəkildə müharibə gedir. Bütün bunlar həm də insanın özünün öz daxilində sülh yaratmaması ilə bağlıdır. Daxili sülh bərqərar olmasa, bu kimi hallar təbii şəkildə çox olacaq. 

Daxildə sülh yaratmaq üçün:
*insan gərək özünü başqaları ilə müqayisə etməsin.
*özü kimi olmaqdan narahat olmamalıdır.
*digərlərinə həsəd aparmamalıdır.
*yalan danışmaqdan uzaq olmalıdır.
*kiçik hadisələrlə özünü xoşbəxt etməyi öyrənməlidir.
*insanlara və əşyalara ehtirasla bağlı olmamalıdır.

Bütün bu nüanslar insanın öz daxilində sülh yaratmasına gətirib çıxaracaq. Belə olan halda da axtardığı hər şeyin içində özündən müsbət bir pay görəcəkdir.

Ətrafa baxdıqda aqressiv insan kütləsini aydın görürük. Bu insanların çoxu xoşbəxt deyil və daimi narahatlıqlarla üz-üzədilər. Narahatlıqlarının kökündə çoxsaylı problem və qayğılardan savayı həm də qorxu yer alır. Bəli, qorxu!

İndi onların ağızlarını arasan, hamısı tutuquşu kimi bir ağızdan deyəcək ki, “mən, Allahdan başqa heç kimdən qorxmuram”. İşlətdikləri bu ifadənin əsl mənasını bilməyən həmin kəslər heç də səmimi olmayacaqlar. Çünki, birinci növbədə, bu, sadəcə insanlar arasında işlədilən klişe ifadədir. Dövriyyədə olan həmin ifadə isə sırf söz xətrinə və kasad danışıq tərzinə az-maz bəzək qatılsın deyə işlədilir.

Əslində bu gün bu cəmiyyət gücdən qorxur. O güc ki, onun əlində adminstrativ və inzibati resurslar cəmlənib. Həmin güc bütün ölkəyə öz dəhşət toxumlarını elə səpib ki, o toxumun cücərməsi hesabına əksər qəlblərdə xof yaranıb. Xəyali olaraq düşünsək, sanki həmin güc ən hündür nöqtəyə çıxaraq, ordan hamının eşidə və hiss biləcəyi yerlərə əlindəki sehrli və zəhərli alətlə üfürərək kütləni hipnozlayıb.

Kimdəsə nevrotik əlamətlər qabarıqdırsa, onun əsəb sistemi yaxşı olmadığı üçün qorxuları da olacaq. Yadıma gəlir ki, aldığım travmadan sonra əsəblərim o qədər tarıma çəkilmişdi ki, primitiv şeylərdən qorxmağa başlamışdım. Misal üçün, yataqda uzanarkən, yerə yıxılmaq qorxusu məndən əl çəkmirdi. Müşahidə edirdim ki, əsəblərim sağlam olarkən bu qorxum aradan qalxırdı. Bir balaca əsəblərim “oynayandan sonra həmin qorxu məni yenə ağuşuna alırdı. Bu proses bir xeyli çəkdi. Əsəb sistemimin pozulması məni aydın dərk etməyə və düzgün təhlil aparmağa da qoymurdu. Daim narahat idim və o qədər həssaslaşmışdım ki, hər şeydən qıcıqlanırdım. Hər şeyə pis və qeyri-adekvat reaksiya verir, özümü və ətrafdakıları da incidirdim.

Çox şükür, o dövrləri çətinliklə də olsa üstələdim. Yaşadığım həmin hallar mənə o şeyi qazandırdı ki, sağlam düşünərkən anladım, əsəb insana çoxlu qorxu yaşadır. İndi ətrafdakı aqressiv insanların cəsarətsizliyinin səbəbini yaxşı anlayıram. Cəmiyyətdə cəsarət yox, əsarət atmosferi var və həmin atmosfer olduqca çirkli hava kütləsi ilə əhatələnib.

Cəsarət insan xüsusiyyətləri içərisində ən vaciblərindəndir. Belə ki, insanın digər müsbət xüsusiyyətlərinin irəliləməsi və inkişafı üçün cəsarətli olması mütləqdir. Əks halda inkişafdan söhbət gedə bilməz.

Hə, bu gün cəsarətli olmaq şarmdır. Güclü xarakter dövrümüzün ən seksual nəsnələrindən biridir. Əsarətin hökm sürdüyü məkanlarda qorxmadan, ürəklə sözlərini deyə bilib mübarizə aparanlar, avtomatik öz ətrafları və başları üzərində cazibə qüvvəsi yaradırlar. Bu enerji intellektə, vicdana və ədalət hissi kimi keyfiyyətlərə dəyər verənləri cəlb edir. Bədbəxtləri, əlbəttə, ancaq maddi və gözlə görünən şeylər özünə çəkir. Onları sadəcə boş vermək lazımdır.

Orxan Adıgözəl
Top