Görkəmli İslam tarixçisi Yəqubi yazır: «Dörd nəfər məşhur ərəb siyasətçisi sayılır: Müaviyə, Əmr-As, Ziyad ibn Übeyh və Müğeyir ibn Şöbə.» Şübhəsiz, bunların arasında Müaviyə hamısından siyasətli və hiyləgər olmuşdur. Müaviyə bu hiyləgərlik nəticəsində hətta Hz.ƏliəIeyhissalam həzrətləri kimi misilsiz bir şəxsiyyətin qarşısında dayana bildi və öz tabeliyində olan camaatı İmamın əleyhinə qiyama qaldırdı. Müaviyə səltənət etdiyi zaman İslam ordusu Şərqi Romaya (indiki Türkiyə) hücum çəkdi. Müharibədə islam əsgərlərindən bir qrupu əsir düşdü. Əsirlər dindirilərkən onlardan biri şahla danışanda etdiyi etirazlarına görə saray keşişi tərəfindən sillələnib təhqir edildi. Bu əsgər Məkkədə yaşayan bir nəcibzadə idi və keşiş ona sillə vurduqda uca səslə demişdi: Vay İslamın halına, ey Müaviyə, harada qalmısan, halımızdan xəbərin yoxdur. İslam ölkəsinin sərhədlərini buraxdın və düşməni bizə qalib etdin, bizim canımızı, qanımızı və abrımızı əcnəbilərin hökmünə və təhlükəsinə məruz qoydun. İgid əsgərin sillələnməsi ağızda gəzib dolaşdı və nəhayət, Müaviyəyə yetişdi. Müaviyə birinci növbədə hərbi əsirlərin mübadiləsi yolu ilə həmin əsgəri azad etdi və onu çağırtdıraraq mehribanlıqla dedi:
— Biz səndən xəbərsiz deyildik, qoymadıq ki, ölkənin sərhədləri əldən getsin və sənin canın, abrın təhlükəyə məruz qalsın.
Müaviyə bununla kifayətlənmədi, fikirləşdi ki, bir çarə tapsın və bir hiylə ilə keşişi tora salaraq ondan intiqam alsın. Çox fikirləşmələrdən sonra öz hüzuruna dəniz döyüşçüləri və hərbi hiylələr sahəsində məşhur olan və rum dilini yaxşı bilən sur əhalisindən bir kişini çağırtdırdı. Müzakirələrdən sonra belə qərara gəldilər ki, çox sürətli xüsusi bir gəmi düzəldilsin və böyük miqdarda pul ilə birgə surlu kişinin sərəncamına verilsin. O, bu pul ilə külli miqdarda nəfis əşyalar, qiymətli cavahirlər və yaxşı ətirlər almalı idi. Bütün hazırlıqlar görüləndən sonra surlu kişi sürətli gəmiyə minərək müəyyən müddətdən sonra Romaya yetişdi. Gətirdiyi nəfis əşya və qiymətli cavahirlərdən bir miqdarını padşah və saray keşişlərinə hədiyyə verdi və qalanını isə onlara satdı. Təkcə ərəb əsgərinin üzünə bərk sillə vurmuş keşişə hədiyyə verilmədi. Bununla o, Müaviyənin planının bir hissəsini həyata keçirərək geri qayıtdı və əhvalatı olduğu kimi Müaviyəyə nəql etdi. Müaviyənin göstərişi ilə Surlu kişi çox məbləğdə pul aldı ki, padşahın və saray keşişlərinin tapşırdıqları nəfis əşyaları və əmtəələri Suriyadan alaraq təzədən Romaya qayıtsın.
Bu dəfə o ərəb əsgərini təhqir edən keşişlə dostlaşmalı idi. Surlu kişi Romaya çatdıqda onu böyük hörmətlə qarşıladılar. O, bütün tapşırılan əşyaları və üstəlik başqa şeylər də alıb gətirmişdi. Hamını razı salan Surlu kişi yenə də yuxarıda qeyd edilmiş keşişə yaxınlaşmadı. Bir gün padşahla görüşmək üçün saraya gələn Surlu kişini həmin keşiş bir yana çəkərək ona qarşı olan diqqətsizliyin səbəbini soruşdu Surlu kişi bildirdi ki, o, müsəlman deyil və bu sirrin üstünün açılmasından qorxaraq keşişə çox yaxınlaşmır. Ancaq bundan sonra dostluqda kimsəni ondan üstün tutmayacaq və əgər o razı olsa keşişi şahla özü arasında bir vasitəçi edəcəkdir. Keşiş onun yaxın dostu olmağa razılıq verdi. Surlu kişi dedi:
— İndi hər istəyin varsa, söylə və müsəlmanlar ölkəsindən nə istəyirsənsə, de gətirim.
Bu minvalla Surlu kişi Suriyadan Romaya, Romadan Suriyaya bir çox səfərlər etdi. Hər səfərdə padşah, saray adamları və keşişlər (xüsusən, sillə vuran keşiş) istədikləri əşyaları sifariş verirdilər. O da bütün bunları Müaviyənin verdiyi pullarla alırdı və onlara satırdı, bəzən də pulsuz olaraq onlara hədiyyə verirdi. İki il beləcə keçdi. Surlu kişi Romaya etdiyi səfərlərin birində keşiş ondan qiymətli xalçalar, rəngbərəng nəfis yastıqlar və başqa şeylər istədi. Surlu kişi də onun istəyini qəbul etdi. O, işləri elə tərtib etmişdi ki, gəmi Qüstəntəniyyəyə çatanda həmin keşişin yaşadığı yerin yaxınlığında dayanırdı. Keşişin mənzili bər-bəzəkli, axar-baxar bir ev idi. O vaxtının çoxunu burada keçirirdi.
Surlu kişi yenidən Şama döndü, gizli olaraq Müaviyə ilə görüşdü. Müaviyə hökm etdi ki, keşiş istəyən hər bir şey alınsın. Müaviyə həm də elə planlaşdırdı ki, Surlu kişi fürsətdən istifadə edərək keşişi yaxalaya bilsin. Surlu kişi geri dönərək Qüstəntəniyyənin sahilinə yetişdi. Öyrəndi ki, keşiş sahilindəki evindədir. Tez xalçaları gəminin ərşəsinə saldı, döşəkləri və balışları onun ətrafına düzdü. Rəngbərəng xalçalarla, göyçək döşək və balışlarla əzəmətli və təntənəli bir məclis təşkil etdi. Sonra dənizçilərin bir hissəsini gəminin içərisində elə gizlətdi ki, onlar sürətli hərəkətlə gəminin yelkənini çəksinlər və ərşənin üstünü örtsünlər. Keşiş qəsrin dənizə baxan eyvanında sərxoş və sevincək bir halda oturmuşdu. Surlu dostunun gəmisini görsək sevindiyindən ixtiyarsız olaraq oxumağa başladı və onun gəlişindən çox sevindi. O qədər sevindi ki, dərhal qəsrdən aşağıya gəlib gəminin yanına yetişdi.
Keşiş gördü ki, dostu onun sifariş verdiyi şeylərdən bir bağça kimi məclis bəzəmişdi. Bu mənzərə keşişi o qədər təsirləndirdi ki, dostu gəmidən enməmişdən qabaq şəxsən gəmiyə daxil oldu. O, təntənəli məclisə yaxınlaşdıqda Surlu kişi aşağıda hazırlaşmış kişilərə işarə etdi. Onlar tez yelkəni qaldırdılar və gəminin bütünlüklə üstünə örtdülər. Hələ gecə çatmamış gəmi körfəzdən çıxdı və dənizin ortalarına yetişdi. Orada keşişin qollarını bərk-bərk bağladılar və yollarına davam etdilər. Yeddi gündən sonra gəmi Şamın sahillərinə yetişdi və hünərli Surlu kişi təcavüzkar keşişi Müaviyənin hüzuruna gətirdi. Müaviyə əmr etdi ki, bu keşişdən sillə yemiş ərəb əsgərini çağırsınlar. Əsgər içəri girdikdə gördü ki, saray əyanları özünəməxsus yerlərdə oturmuşlar və məclis insanlarla doludur.
Müaviyə ona müraciət etdi: Bu adam Rumda Qüstəntəniyyə padşahının yanında heç nədən sənə bir neçə sillə vuran keşişdir. Biz sənin o günki əsirliyini və təkliyini unutmamışıq və abrını hədərə verməmişik. Qalx ondan qisas al, lakin elə et ki, ifrata varmayasan. Ərəb əsgəri məclisdəki camaatın hüzurunda ayağa qalxdı. Ahəstə addımlarla irəli gəldi və keşişin vurduğu qədər möhkəm sillələrlə onun üzünə vurdu.
Müaviyə sonra keşişə nəvaziş elədi və ona təzə paltar geyindirdi. Keşişin Surlu kişiyə sifariş verdiyi bütün xalçaları ona bağışladı və dedi: İndi öz padşahının yanına qayıt, ona da de mən ərəb padşahının yanından gəlirəm ki, öz xalçalarımızın üstündə bizi cəzalandırır və ölkəsini adamlarının intiqamını sənin öz ölkəndə, öz saray adamlarından alır.
Surlu kişi Müaviyənin əmri ilə Suriyanı tərk etdi. On bir gündən sonra körfəzin ağzına yetişdi. Keşişi və yoldaşlarını, eləcə də mallarını başqa bir gəmiyə keçirib özü isə gəmisinə minib Roma sularından sürətlə uzaqlaşdı. Keşiş sahildə düşcək birbaşa saraya yürüdü. Onun harada olduğunu, başına nələr gəldiyini bilməyən şah və saray adamları onun xilas olub gəlməsindən sevindilər, vətənə dönməsi münasibəti ilə onu təbrik etdilər.
Qüstəntəniyyə padşahı keşişin əsirlik macərasından və Müaviyənin xüsusi bir hiylə ilə həyata keçmiş planından xəbərdar olduqda, o da müsəlman əsirləri xilas etdi və çox hörmət və hədiyyələrlə Suriya sahillərinə yola saldı. Roma padşahı daha sonra öz yaxın adamlarına və dövlət xadimlərinə dedi: «Ərəb padşahı bütün dünya şahlarının əl-qolunu bağlamışdır. And olsun allaha ki, o istəsəydi, məni də tora salıb yaxalaya bilərdi».
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? Kitabından