Ən şirin mütaliə

Ən şirin mütaliə

Mütaliənin çoxlu növləri var: iş üçün, öyrənmək üçün, hava atmaq üçün, əyləncə üçün və s. Bu gün sizə mütaliələrin ən şirinindən bəhs edəcəm — təcrübə üçün mütaliədən…

Yazı prosesində yazıçının ilişdiyi, axsadığı məqamların analogiyasını axtarmaqdan ötrü oxuduğu kitablardan söhbət gedir. Yazar dostlarımdan da soruşmuşam, belə anlarda adətən milli kitablar kara gəlir. Çünki, ədəbiyyat hər şeydən əvvəl dil hadisəsidir və yazıçını öz ana dilinizdə daha yaxşı hiss edirsən. Son yazılarımdan birini yazanda abzasdan abzasa, hadisədən hadisəyə, əhvalatdan əhvalata, situasiyadan situasiyaya keçiddə, axsamaq deməyək, fəndlərimin tükəndiyini və istər-istəməz təkrarlandığını hiss etdim. Təcrübə kimi Əkrəm Əylisinin kitabını götürdüm. Xatırladım ki, mütaliənin ən şirinində əsərin o qədər də önəmi yoxdur. Dili yaxşı bilən, mətni yaxşı yazan yazıçının istənilən əsərinə baxa bilərsiniz.

O, uzağı, üç-dörd səhifədən sonra yeni abzasa, yeni situasiyaya keçid edəcəkdir. Bizi, indilikdə, əsərin məzmunu, ideyası, strukturu, mesajı yox, məhz bu keçidlər maraqlandırır. Bu təcrübəni öz aləmimdə insanın fəqərələrini yoxlamağa bənzədirəm. Çanaq bud sümüyünə necə keçir, çiyindən qol necə başlayır və s. Əkrəm bizim ədəbiyyatda bu məsələlərin masteridir. Onun mətninin yaxşı mənada sümüyü yoxdur. Hər şey harmoniyadadır. Elə mən təcrübə üçün açdığım kitabda qarşıma çıxan “Dağlara çən düşəndə” hekayəsində də belə idi. Keçidlər qəti şəkildə hiss olunmurdu. Özündən asılı olmadan mətnə qoşulub gedirdin. Elə bil sel səni aparırdı. Amma bu aparmaq qorxu və təlaşla deyil, xoş duyğularla müşayiət olunurdu.

Xatırladım ki, gənc yazıçılarda ustalıq dərəcəsini, ustalıq potensialını yoxlamaq üçün məhz həmin keçidlərə baxıram. Adətən bu məqamda “Bir dəfə” və “Sonra” ifadələrindən daha çox istifadə edib, özlərini anındaca ələ verirlər. Ümumiyyətlə, yaxşı alınmayan və bişməyən mətnlərdə “idi” hissəciyi göz deşir. Ara sözləri və köməkçi nitq hissələri – sonra, buna baxmayaraq, amma, ancaq və s. zəif orqanizmə virus daraşan kimi mətnə daraşır. Keçidlərdə ustalıq göstərmək, keçidləri oxucuya “hiss elətdirməmək” həm də faktların, arayış xarakterli informasiyaların bədii estetik səviyyəyə qalxıb mətnin içində əriməsidir.

Buna ən unikal nümunə Nazim Hikmətin Mikayıl Rəfilinin xatirəsinə yazdığı şeirdir. Nazimlə Rəfili, filan vaxtı, filan yerdə tanış olublar, filan söhbəti ediblər, amma bundan şeirə nə material olacaq? Hamı tanıdığı hər kəslə hardasa görüşüb nəsə danışmışdır. Nazim necə bir fənd seçir: mən səndən əvvəl öləcəyimi düşünürdüm, onda qəbrimin üstündə dayanıb çıxış edərdin ki, Nazimlə filan vaxt tanış olduq, filan söhbəti etdik. Və: “Elədir Rəfili!” – deyə sitata sonluq verib ağlagəlməz ecaz yaradır. Arayış xarakterli məlumatı fiksasiyaya çevirir.

Bütün bu yazdığım mətləbləri dünyanın ən böyük üslubçularından olan Vladimir Nabokova gətirmək istəyirəm. Üslub ədəbiyyatının ən möhtəşəm nümunəsi kimi “Lolita” götürülür. Niyəmi? Süjet ekstrovaqantdır. Humbert 12 yaşlı qızlığı ilə münasibətdə olur… Ancaq Nabokov acizanə təvəqqe edir ki, bu romanı dünyanın ən əxlaqlı romanı kimi oxuyaq.

Siz bir gün “Lolita”nı oxuyarkən süjetin əhəmiyyətsizliyini dərk etsəniz, demək, Nabokovu anlamısınız. Və onun zamanların o üzünə qurduğu tələdən xilas olmusunuz. Əsərin möcüzəsi yazı manerasındakı inanlmaz ustalıqdadır. Və bu çoxsaylı, saya-hesaba gəlməyən ecazkarlıqlar içərisində bayaqdan sözünü etdiyimiz keçidlər də möcüzəvi peşəkarlıqla biri-birini əvəz edir. Nabokov qəhrəmanın gedib kofe içməyini belə öz diktator üslubundan kənarda qoymur. Ən maraqlısı: bütün bunlar oxucunu nəinki yormur, əksinə, ona yüksək bədii həzz verir.

Biz “Lolita”nı, “Obskur kamerası”nı, “Lujinin müdafiəsi”ni, yüz səhifəlik balaca “Maşenka” romanını niyə yaza bilmərik? Ona görə ki, istedadımız çatmaz? Sizi əmin edirəm, istedadımız çatsa da yaza bilmərik. Çünki biz, əsərə bu qədər enerji və vaxt sərf eləməyi, hər sözün, hər ifadənin üstündə əsməyi ağlımızın ucundan da keçirməmişik. Bizdə şeirdə bu ənənə olub, amma nəsrdə, xüsusən romançılıqda, demək olar ki, olmayıb. Mütaliələrin ən ləzzətlisinə qurşanmış oxucunu heyrətləndirən daha bir xüsusiyyət, bütün bu xırdalıqların, bütün bu nəqqaş işlərinin yüksək yaradıcı erudisiya ilə reallaşmasındadır. Bu, sahillə yüksək sürətlə qaçan adamın qaçışını dayandırmadan həm də qumda rəsm çəkməsinə bənzəyir.

Təsadüfi deyil ki, Orxan Pamuk bir çox müasir vacib fəndləri Valdimir Nabokovdan öyrəndiyini etiraf etmişdir. Nabokov ən şirin mütaliə üçün də əlinizdən yerə qoymayacağınız müəllifdir. Yəni, yazarkən çətinə düşdüyünüz məqamlarda analoji təcrübəsinə baxa və ondan öyrənə bilərsiniz. Nabokov qəhrəmanına siqaret çəkdirəndə də oxucunu heyrətləndirməyi bacaran nadir yazıçılardandır.

Şərif Ağayar 
Top