Müəllim olmamaq arzusu

Müəllim olmamaq arzusu

Orta məktəbimizin dəhlizində Həsən bəy Zərdabidən sitat yazılmış iri bir plakat asılmışdı. Uşaq ruhuma hopmuş, qırmızı hərflərlə yazılmış o sözlər indi də gözlərimin qabağındadır: “Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır, mən o zaman fikirləşmədən deyərdim: Müəllimlik!”

Evdə isə tez-tez atam bizə nəsihət verərdi: “Heç biriniz müəllim olmayın!”

Sonralar mən filologiya fakültəsini seçəndə də qarşıma belə bir şərt qoymuşdu: “Söz ver ki, müəllim işləməyəcəksən”.

O vaxt mən atama yox, Həsən bəy Zərdabiyə inandım. Mən atama inanmadım, o da məni bağışlamadı. Çünki mənə təkcə “Müəllim olma” deməmişdi, həm də demişdi ki, müti olma.

O daha heç nə demir, sadəcə, susur. Bütün ömrünü Azərbaycan ədəbiyyatının tədrisinə həsr etmiş o yorğun qocanı anlayıram. İndi bilirəm, bu xalqın ədəbiyyat tarixini beynində gəzdirmək necə ağırdır. Özün dünya ədəbiyyatını oxuyub, başqalarına Azərbaycan ədəbiyyatından dərs keçmək neçə yorucudur.

İndi mən anlayıram, niyə o vaxt bizim evimiz Mikayıl Müşfiqin qara çərçivəli şəkilləriylə dolu idi. Anlayıram, atam hər dəfə sovet hakimiyyətini lənətləyəndə üzündə niyə o cür ifadə olurdu.

İndi yaxşı anlayıram, uşaqkən atam niyə mənim əlimdən elə bərk-bərk yapışardı, bu gün mən öz qızımın əlindən tutduğum kimi… Başa düşürəm, məni bütün mühafizəkar mühitin acığına azad böyütmək üçün niyə o qədər çabaladı. Kitabları, adamları, həyatı anlatmağa çalışdı. Mən bilirəm, atam məni niyə bağışlamadı. İstəmirdi onun məğlubiyyətini təkrarlayım, onun çürüdüyü mühitdə çürüyüm. Mən onun istədiyi kimi azad və xoşbəxt ola bilmədim, ömrünün son çağlarında öz atama arzularının məhvə məhkumluğunu, “Bəzz qalasının xarabalıqlarını” göstərdim.

O haqlıydı, mən indi bu “Danabaş şəhərinin məktəbi”ndə ədəbiyyat müəllimi işləməkdənsə, ucqar bir dağ kəndində çoban olmağı tərcih edərdim. Ən azından orda “Sən də qaqaş, mən də qaqaş, hərəkət edək yavaş-yavaş” mahnısını eşitmərəm. Qoyun otarmağın heç bir yeni üsulu yoxdu, çünki çobanlar heç bir nazirliyə tabe deyil.

Siz yəqin on altı yaşlı yeniyetmələrin oturub mövhumata necə maraqla qulaq asdığını görməmisiz. Bunun necə miskin bir mənzərə olduğunu təsəvvür etmirsiz. Sizin aldığınız qəzeti arxayın oxuya bilmədiyiniz iş yeriniz, oxuduğunuz qəzetə burnunu soxub “nə oxuyursan?” deyən iş yoldaşlarınız da yoxdu. Ona görə mənim çoban olmaq arzum sizə belə gülünc görünür.

Mən bir damla azadlıq arzusu olmayan adamlarla birlikdə ziyalı adını daşımaqdansa, qədim Romada qul olmaq istəyərdim. Heç olmasa ətrafımdakılarla möhtəşəm bir üsyanda birləşmək ümidim olardı.

Mən bu ölkədə ev-eşik sahibi olmağı başqa bir ölkənin səfil həyatına dəyişərdim. Onda yuvasına sığınan heyvan instinkti ilə dörd divar arasında özümü həbs etməzdim. Elə bilərdim, bütün dünya mənim evimdi.

Mən bu şair xalqın şairəsi olmağı da istəməzdim, “şairə” sözündəki “ə” səsinin qulağımda təhqir kimi səslənməsini də. Azərbaycan dilinin qrammatikasında cins kateqoriyası yoxdu, amma Azərbaycanda sözlərin sonuna “ə” səsini əlavə etməyi sevirlər. “Hörmət əlaməti” olaraq, qarşısındakına qadın olduğunu xatırlatmaq məqsədilə. Və ən sonuncusu, əgər məndən soruşsaydılar, bir Şərq ölkəsində qadın olmağı heç vaxt seçməzdim. Uzaq bir monastrda rahibə həyatı yaşamaq varkən...

Səhər Əhməd 
Top