Yaşamaq

Yaşamaq

1990-cı ildə “Gənclik” nəşriyyatının nəşr etdiyi “Bağban” adlı toplu (Toplunu Cəmil Nağıyev tərtib edib və ön söz yazıb-S.B.) bir çox insanların ədəbi zövqünün formalaşmasına təsir etdiyi kimi, mənim də zövqümün formalaşmasına öz təsirini göstərdi. “Bağban” toplusu 90-cı illərin qaranlıq, qarışıq, qatışıq günlərində oxuyan və ədəbiyyata həvəsli insanların sevimli kitabı oldu. Bu toplu bir çox ədəbiyyat həvəskarına mütaliənin doğru, ciddi istiqamətini göstərdi. Həmin topluda yer almış, Folknerin Kamyu haqqında söylədiyi fikirlər isə xüsusi ilə bir məsələdə məni ayıltdı, ciddi düşünməyə vadar etdi.

O esseni oxuyandan sonra cavabsız suallara cavab axtarmağı, buna enerji, vaxt sərf etməyi tərgitməyə çalışdım. Başqa planetlərdə yaşayanlar varmı? Doğurdanmı bizim dünya bir neçə dəfə məhv olaraq təzədən yaranmağa başlayıb? Həqiqətənmi bizdən əvvəl daha güclü sivilizasiyalar olub? Biz bu dünyadan hara gedəcəyik? O dünya varmı? Orda nə olacaq?

Dinə inanan adamlar üçün bu sualların cavabı var, lakin artıq bu cavablar məni qane etmirdi. Daha sonra ümumiyyətlə özümü bu suallardan xilas etməyə çalışdım. Folkner Kamyu haqqında bunu deyirdi: “O, cavabı olmayan suallara cavab axtarırdı.”

Hələ bu mənəvi dünyayla bağlı olan sualları qoyaq bir kənara. İşin maddi, real tərəfləri də var. Burda da çalışıram ki, beynəlxalq siyasətdən danışmayım. İki-üç kitab oxuyan adamlar, beynəlxalq siyasətdən arxayınlıqla danışanlar çox gülməli göründüklərindən onların vəziyyətinə düşmək istəmirəm. Onlar gizli siyasətin sirlərini açır, öz proqnozlarını verirlər. Açığı xəstəlikdi. Adamın onlara yazığı gəlir. Belə söhbətlər adamı yorur. Bundansa həqiqi bir sənət əsəri haqqında danışmaq daha doğru olmazmı?

Məhz bu baxımdan ancaq bildiyim şeylər haqqında danışmaq qərarına gəldim. Bilməyəndə susmağa çalışdım. Çətindi, amma mümkündü. Xeyli rahatlaşdım. Bəli, Folkner Kamyu haqqında deyir: “Hər bir sənətkar kimi, Kamyu da özü hiss etmədən öz daxilini arayıb araşdırır və ən mürəkkəb suallara cavab axtarırdı. Lakin o başa düşmürdü ki, bu sualların cavabını yalnız və yalnız Allah bilir...

Kamyunun maşını ağaca dəydiyi anda o, hələ də axtarır və özü özündən cavab tələb edirdi. Ancaq inanmıram həmən o son məqamda, ölüm anında o, aradakı sualının cavabını tapmış olaydı. İnanmıram ki, ümumiyyətlə bu sualların cavabını tapmaq mümkün olsun. Məsələ bunda deyil, əsas məsələ ondadır ki, həyat qapısı onun arxasınca əbədilik örtüləndə, o, zəifləməkdə olan əliylə bu qapının üzərində “Mən bu dünyada olmuşam” sözlərini həkk etməyə macal tapdı. Hər bir sənətkar kimi o da ömrü boyu buna can atmışdı. Və ola bilsin ki, həmən o ölüm anında Kamyu özünün ən böyük arzusunun çin olduğunu anlamışdı. Sənətkar üçün bundan yaxşı nə arzulamaq olar?"

Hər bir normal insanı narahat etməli olan suallar həqiqi sənətkarı yüz, min dəfə artıq narahat edir. İctimai-siyasi məsələləri hələ bir tərəfə qoya bilsək, mənəvi suallar sənətkarı daha çox narahat edir. İnsan öləcəyini bilən canlıdı. “Bu dünyadan sonra nə olacaq?” sualı daima onu narahat edir. Ola bilsin ki, gələcəkdə bu suallara cavab tapılsın, amma indi bu suallara hələ ki, cavab tapmaq mümkün deyil. Con Apdayk deyirdi: “İnsanlar təbiət etibarı ilə qəhrəmandırlar, onlar öləcəklərini bildikləri halda yaşayırlar." Qəhrəmanlıqları bir tərəfə, insan öləcəyini bildiyi halda, öldürür, torpaq zəbt edir, qarət edir, paylaşmır. Qane olmaq istəmir. Həmçinin mümkün qədər çox yaşmağın, əbədi yaşmağın vasitələrini, yollarını axtarır.

Möcüzələrə inanıblar. Biri idmanla məşğul olub, biri hansısa sirli qüvvələrdən güc almağa çalışıb. Birinə deyiblər ki, əgər min bakirə qızla yatsan ölümsüzlük qazanacaqsan. Dirilik suyu axtaran kim, qızıl alma axtaran kim… Ölüm haqqdı. Neçə-neçə sərkərdə, cahangir bu dünyadan nə qədər iki əllə yapışsalar da burda qala bilmədilər. Hamı ölür. Kasıb, varlı, bilikli, biliksiz, qoca, cavan...

Mən bununla heç də bütün ölümlərə haqq qazandırmıram. Dünyanın ən müxtəlif yerlərində insanlar ən adi xəstəliklərdən milçək kimi qırılırlar. Bunun səbəbi həmin ölkələrin səviyyəsinin aşağı olmasıdı. Bu cür ölümlərə haqq qazandırmaq mümkün deyil. Çünki daha mədəni və sivil xalqlar bu xəstəliklərin əlacını çoxdan tapıblar. Bəşəriyyətin böyük bir hissəsi aclıqdan, savadsızlıqdan, mədəniyyətin olmamasından əziyyət çəkir. Sadəcə söhbət ondan gedir ki, ölümə bir az yaradıcı, sənət nöqteyi-nəzərindən baxsaq hər kəs ölümü bir cür qəbul edir. Ölüm haqqında düşünmək idrak ağacına aparan yolu qısaldan vasitələrdən biridi. Bu yola hərə bir ad verə bilər.

Bu mövzu əlbəttə ki, sənət dünyasını, sənətkarı daha çox narahat etmişdir. Ölüm mövzusu sənətdə ən çox işlənən mövzulardan biridi. Hər kəs bu mövzuda nəsə demək istəyib. Qanan da, qanmayan da, bilən də, bilməyən də. Kimdəsə alınıb, kimdəsə alınmayıb. Ölüm mövzusunda yaradılmış əsərlərin bolluğuna baxmayaraq, iki sənət əsərinin adını qətiyyətlə çəkə bilərəm.

Tolstoyun “İvan İliçin ölümü” povestini və Kurasavanın “Yaşamaq” filmini. Rəssamlıqdan və musiqidən o qədər də məlumatlı olmadığıma görə əsər adı çəkə bilməyəcəm. İstəsəydim soruşardım, tapardım, lakin həqiqətən də hiss etmədiyim, bir az dərindən başa düşmədiyim əsərlərin adını çəkmək istəmirəm.

“İvan İliçin ölümü” əsərini oxuduqda adamı bir sual düşündürür, bu əsəri yazmaq üçün görəsən Tolstoy neçə dəfə ölüb-dirilib? Bu “Hərb və sülh” deyil. Bu “Anna Karenina” deyil, bu “Hacı Murad” filan da deyil. Bu başqa Tolstoydur. “Ölüm köhnə şey olsa da hər kəs üçün yenidir”. Çətin imtahandı. Franko kimi bir adam “Bilməzdim belə çətin olacaq” dedi. Bu imtahan İsa peyğəmbəri “Bu kasanı məndən yan keçir” duası oxumağa vadar etmişdi.

Lakin oxuduqlarımız və müşahidələr göstərir ki, bədənin xəstələnməsi faciə deyil. Faciə ruhun xəstələnməsidir. Bədənin ölməsi faciə deyil. İnsan təbiət qanunlarına tabedi. Ruhun ölməsi faciədir.

Qərəz, cavabı olmayan suallarla beyninizi yormayın. İşinizlə məşğul olun. Yaşayın. Volter “Kandid” əsərində bir çox suallara belə aydınlıq gətirir. Qoca bir kişi ağır suallardan əziyyət çəkən adamlara bunu deyir: “İşləmək lazımdı.”

Qoca ümumən “Sən necə yaşayırsan?” sualına belə cavab verir: “Bağımın meyvəsini yığıb aparıb bazarda satıram.” Bu qədər sadə. Beynəlxalq siyasətdən nağıllar danışmaqdansa hər hansı əsər haqqında konkret söhbət etmək daha doğru olmazmı? Yaxud bir müqəddəs şəxsin həyatından min əhvalat əzbərləyib harda gəldi danışmaqdansa bir balaca işin qulpundan yapışmaq, real iş görmək daha yaxşı olmazmı?

Bəzən insanlar cavabı olmayan suallara cavab axtarmaqla məsuliyyətdən yaxa qurtarmaq istəyirlər. Onsuz da “Hamımız öləcəyik!” onların şüarına çevrilib. Bu təslimçilikdi, oyunun qaydalarını pozmaqdı. Hər bir insanın görə biləcəyi iş var. Deyəsən, Taqor deyirdi: “Yaxşılıq etmək haqqında uzun-uzadı düşünən adamlar yaxşılıq etməyə vaxt tapmazlar.” “Başqa planetlərdə həyat varmı?” kimi suala cavab axtarmaqdansa, bu suala cavab verməyə çalışın. Burax başqa dünyada yaşayışın olub-olmamasını, bu suala cavab ver: Mən bu dünyada yaşayırammı?

Enşteyn “Mən dünyanı necə başa düşürəm?” essesində yazır: “İnsanın öz mövcudluğunun və ya hər hansı digər yaradılışın mənasını və ya məqsədini sorğulaması ümumilikdə, obyektiv baxımdan həmişə absurd görünüb mənə. Bununla yanaşı, hər kəsin səylərini və mühakimələrini yönləndirən müəyyən idealları var. Bu mənada mən heç vaxt rahatlıq və xoşbəxtliyə nəticə olaraq yanaşmamışam. Belə bir əxlaqi zəmin daha çox donuz sürüsünə yaraşır. Yolumu işıqlandıran və mənə zaman-zaman həyatı sevinclə qarşılamaq cəsarəti verən ideallar Həqiqət, Mərhəmət və Gözəllik olmuşdur. Eyni düşüncəni paylaşdığım insanlarla həmrəy olduğumu hiss etməsəm, incəsənətdə və elmi araşdırmalarda əlçatmaz olan məqsədə doğru getməsəm, həyat mənə bomboş görünərdi. İnsani səylərin bəsit məqsədləri – mal-mülk əldəetmə, yalançı uğur qazanma, dəbdəbəli yaşama — həmişə məni diksindirib.

...Hiss edə biləcəyimiz ən gözəl təcrübə həyatın sirli tərəfidir. Bu fundamental emosiyalar əsl incəsənətin və əsl elmin beşiyidir. Bunu bilməyənlər — heyran olmaq və valeh olmaq bacarığını itirmişlər — ölü kimidirlər və onların gözləri görmür. Həyatın sirləri ilə qarşılaşma, qorxu hissi ilə qarışaraq dinləri yaratmışdır. Nüfuz edə bilmədiyimiz nəyinsə mövcud olduğunu bilmək, dərində olan səbəbləri və parlaq gözəlliyi ən ibtidai şəkildə də olsa, qavrama cəhdlərimiz — məhz bu biliklər və bu emosiyalar əsl dini yaradır. Bu mənada və yalnız bu mənada mən dindaram.

Mən öz yaratdıqlarını mükafatlandıran və cəzalandıran və ya bizim malik olduğumuz iradə ilə eyni iradəyə malik bir Tanrını təsəvvür edə bilmirəm. Fiziki ölümdən sonra həyatı da başa düşmürəm və başa düşmək istəmirəm; bu anlayışlar yalnız qorxmuş və zəif insanların absurd eqoizminə xasdır. Mən həyatın sonsuzluğundakı sirr və kainatın möcüzəli strukturunun dərk edilməsi – təbiətdə özünü büruzə verən Səbəbin hətta cüzi bir hissəsinin başa düşülməsinə edilən cəhd ilə kifayətlənirəm.”

Seymur Baycan
Top