Idman oyunlarının təsnifatı haqqında

Idman oyunlarının təsnifatı haqqında

Fransız səyyahı Şardenə görə, orta əsrlərdə Azərbaycanda və Iranda idman oyun növləri aşağıdakılardan ibarət olmuşdur:
1. Oxatma,
2. Qılınc oyunu,
3. Atçapma,
4. Atlı idman,
5. Atüstü oxatma idmanı,
6. Nizə tullamaq,
7. Zorxana,
8. Qılıncoynatma (ikinci növ qılıncoynatma),
9.Kəndirbazlıq,
10. Sirk oyunları,
11. Gözbağlıca,
12. Fırfıra oyunu,
13. Tas oyunu,
14. Tilə oyunu (buna avropalıların pinq-ponq oyunu uyğun gəlir. Müəyyən yerdə çövkənlə topu bir-birinə vurmaq oyununa deyilir),
14. Nərd,
16. Şahmat,
17. Şatırlıq nümayişi.
Şarden həmin idman təsnifatından sonra onların hər biri haqqında ətraflı izahat verir. Əlbəttə, Şardenin təsnifatının özündə müəyyən qüsurlar var. Burada güləş, çevkən, qopuq, rəqqasəlik, su oyunu, qar tökmə oyunu və s. idman növlərinə toxunulmur. Ancaq orası da var ki, indiyə qədər tarixi ədəbiyyatın orta əsr qaynaqlarında idman oyunlarının başqa təsnifatına rast gəlməmişik. Şardenə görə, ilk idman oyunu oxatmadır. Səyyah onun qaydalarını belə izah edir. Yayı əldə yaxşı saxlamalı, yay ipini rahatlıqla çəkib buraxmalı, sol əldə saxlanılan yayda sağ əllə zehi elə çəkmək lazımdır ki, qollar bir zərrə də olsun titrəməsin.
Yay-ox oyununa kəbbadə oyunu və ya qısaca kamanə oyunu da deyilirdi. Odlu silah meydana çıxana qədər istər dəyüşlərdə, istərsə də ov işlərində ox atmaq əsas peşə kimi gənclərə öyrədilirdi. M.Dadaşzadə haqlı olaraq yazır ki, bu peşəyə yiyələnmək qaydaları kiçik yaşlarından gənclərə aşılanırdı. Yayın əl yeri saf dəmirdən, zehi isə ona yapışdırılmış zəncirlərdən ibarət idi.
Ilk növbədə məşqdə işlədilməsi asan olan yaylardan istifadə edilir, sonra get-gedə daha möhkəm yaylarda məşqə keçilirdi.
Məşq müəllimləri şagirdlərinə yayı neçə sürət və asanlıqla irəli, geri, yana, yuxarı və nəhayət, yüz formada yay ipi (girişi) ilə düzəltməyi öyrədirdilər.
Şarden yazır ki, iranlılarda elə yaylar var ki, onları çəkmək çox çətindir və ondan yalnız gücü yoxlamaq üçün istifadə edilir. Onları mismarla divara vurur və zehlə yaya ağır çəkili şeylər asırlar. Adi yayda məşq etmiş şagirdə sonra çox qalın dəmir halqalar bərkidilmiş və zehlə hazırlanmış yay verirdilər. Bəzən məşqçi tullanmaq, hərəkət etmək vəziyyətində, kah da bir ayağı üstündə və ya iki dizi üstündə onu əyməyi öyrədir. Bu yolla yayı düzəltdikdə, dəmir halqaların (zəncirin) narahatedici səsi qulağa dəyir. Bu, daha artıq qüvvə əldə etmək üçündür.
Məharətini sübut etmək istəyən tələbə, yayı sol əlində elə tutmalı idi ki, qolunun dirsəyə qədər hissəsi bükülmüş olsun və qolu titrəmədən yayı möhkəm saxlaya, zehi sağ əlinin baş barmağı ilə qulağına qədər çəkə bilsin. Yayı öyrəndikdən sonra qabaqca havaya ox atmağı öyrədirdilər. Bu ilk idman oyunu qüvvəni yoxlamaq, həm də hərbi əhəmiyyətli oxatma növüdür. Ən yaxşı ox atan o şəxs hesab olunurdu ki, kamanı ən yüksək zirvəyə, yəni 45° aparıcı məsafəyə ox ata biləydi. Ox atmaqla, zehi çəkməklə iş bitmirdi. Sonra işin daha ağırı, yay-oxlardan ox atmaq öyrədilirdi. Bu məqsədlə çərçivəyə doldurulmuş nəm qumu nişan alıb ox atırdılar. Ox atan təkrar-təkrar həmin hədəfə o qədər vurmalı idi ki, oxun ucu görünməyənə qədər quma sancılsın.
Təlim oxları döyüş oxlarından fərqlənirdi. Idman oxlarının ucu girdə, kiçik dəmirdən ibarət olduğu halda, döyüş oxlarının başı nizənin ucu kimi şiş olurdu, neştər ucuna oxşayırdı.
1637-çi ildə Şamaxıda olmuş alman səyyah-alimi Adam Oleari şamaxılıların qar tökmə, qaçış və hədəfə ox vurmaq kimi maraqlı məşğuliyyətləri var. Şamaxı xanı Ərəbxan özünün oxatma qabiliyyətini dərindən yoxlayıb deyirmiş ki, gənclikdə tükü oxla vura bilirmiş. Indi 45 yaşında, yenidən öz  məharətini yoxlamaq istəyir. Buna görə də öz oğullarından birinə buyurur ki, bir at tükünü üzük halqasına bağlayıb barmağı ilə saxlasın. Xan 6 addımlıqdan at tükünü oxla iki yerə bölür. Xanın göstərişi ilə almanı göyə tullayırlar. Alma göydən yerə düşərkən havadan onu oxla vura bilir.
Gənclərin ikinci idman oyunu qılıncoynatmada qolun çiyindən dirsəyə qədər olan hissəsi çox qüvvətli olmalı idi. Qılıncoynatma məşqində cavanlar ilk növbədə ağır çəkili yükü çiyinlərindən dirsəklərinə qədər olan hissəyə bağlayır və qılınc əldə, dirsəklərini sürətlə yuxarı, aşağı, geri və irəliyə fırladırlar. Dirsək yaxşı açılsın deyə, qılınc oynatma vaxtı çiyinləri üzərinə ağır yük də alırdılar. Həmin yük at nalına bənzəyirdi. Bu ona görə idi ki, qalıncoynadanın hərəkət və sıçrayışına maneçilik törənməsin. Şarden yazır ki, idmanın bu növü qılınc oynatmaqda faydalı olduğu kimi, güləş və yumruqlaşma üçün də çox xeyirlidir.
Idmanın üçüncü növü at çapmaq - atı yaxşı minmək, atın üzərində özünü saxlamaq, atın cilovunu buraxaraq atı çapmaq, çaparkən silkələnmədən, tərpənmədən atı yerində saxlamaq və nəhayət, atı çaparkən 20 möhrəni yerə tullayıb, qayıdarkən həmin qayda ilə dayanmadan onları yerdən yığmaqdan ibarət idi. Şarden yazır: Iranda (Şarden Azərbaycanı da Iran yazmışdı) o qədər çevik at çapanlar vardır ki, onlar atın üzərində yəhərdə ayaq üstə durur, atın cilovunu buraxaraq hücum edə bilirlər.
Yay-ox oyunu idmanın ilk növü hesab edilsə də, atlı yay-ox oyunu çövkəndən sonra ikinci yeri tutur. At üstündə yay-ox oyunu belə başlanır: 120 pa (təqribən 3*9 metr) hündürlüyündə olan bir sütunun üzərinə bir fincan qoyulur. Süvari oxu geriyə tullamaqla fincanı vurub salır. O, itibaşlı nizə əlində sürətlə atını çapır. Dəstədən ayrılıb birinci dəstə ilə mütəqabil üz-üzə gəlir. Hər iki tərəf əlindəki nizələri bir-birinin üstünə atır və sonra əsas qüvvələrinə sarı qayıdırlar. Sonra yarışı davam etdirmək üçün meydana yeni süvari dəstəsi daxil olur. Oyun qurtarana qədər vəziyyət bu cür davam edirdi. Bu süvarilər arasında 18-20 yaşlı 15 nəfər həbəş olurdu. Onlar nizə tullmaqda tam mahir idilər və öz atlarını meydanın eni və uzununa yüksək sürətlə çapırdılar. Bu yaxşı təlim görmüş cavanlar yerdən nizələri yığarkən atlarını saxlamır və ayaqlarını yerə qoymurdular. Məharətlə atın böyründən aşağı əyilib nizələri yerdən yığırdılar. Şarden yazır ki, cərid oyunçularının hünər və məharəti tamaşaçıların diqqətini özünə cəlb edirdi. Bütün bu idman oyun növləri həqiqətən iranlıların şənlik nümayişləri hesab olunurdu.
O dövrdə yarış və oyunların getdiyi zaman adamlarda həmin oyun növünə maraq yaranırdı.
Cərid oyunu haqqında 1660-cı ildə Iranda olmuş fransız səyyahı Rafael Düma da məlumat vermişdir. O yazır: "Kübar adamlardan heç biri öz gücünü nümayiş etdirmək üçün cərid atmaqla məşğul olmur. Bu, dairəvi dəmirdən hazırlanmış uzun və ağır bir tirdir. Kim onu nizə və mizraq təki uzağa atsa, o da qalib sayılırdı..."
Çox vaxt cərid oyunu zamanı oyunçu atdan yıxılıb ölürdü. Seyid hüseyn ibn Murtuza Hüseyni Astrabadi 1532-33-cü il hadisələrindən danışarkən yazır ki, Şah Təhmasibin möhrünü saxlayan Mahmudbəy Zülqədər cərid meydanında atdan yıxılıb öldü. Onun vəzifəsini Şahqulu Xəlifəyə verdilər.
Mənbə Azərbaycan Milli İdman Oyunlarının Tarixi
Müəllif Akif Əliyev
Top