İnsanın böyüməsi

İnsanın böyüməsi

Orqanizm - üzvi aləmin müstəqil yaşaya bilən vahidi olub, xarici mühitin müxtəlif dəyişikliklərinə bir tam kimi cavab verən özünütənzim sistemindən ibarətdir.
Embrional inkişaf. İnsanın fərdi inkişafı ontogenez adlanır. Bu, insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. Ontogenez iki dövrə bölünür: bətndaxili dövr (ana bətni dövrü) və bətndən xaric dövr (postembrional dövr). Bətndaxili dövr mayalanma anından başlanaraq həmin orqanizm əsl şəklini alıb, doğulana qədər olan dövrə deyilir. Rüşeymin inkişafını öyrənən elm embriologiya adlanır.

Cinsi hüceyrələr. Orqanizm nəsillərinin əmələ gəlməsində iştirak edən hüceyrələrdir. Bunlar kişi cinsiyyət hüceyrəsi spermatozoid və qadın cinsiyyət hüceyrəsi yumurta hüceyrədən ibarətdir. Kişi və qadın cinsiyyət hüceyrələri mənsub olduğu orqanizmin bütün irsi əlamətlərini özündə gəzdirən hüceyrələrdir.
İnsanlarda spermatozoidlər və yumurta hüceyrələr cinsiyyət vəzilərində - müvafiq olaraq xayalarda və yumurtalıqlarda inkişaf edir. Cinsiyyət hüceyrələri meyoz yolla çoxalır. Mayalanmış yumurtaya ziqota deyilir. Ziqota mitoz yolla bölünərək yeni orqanizm əmələ gətirir.
Ana bətni dövrü 280 gün və ya 10 qəməri ay olur. Bu dövrə hamiləlik dövrü deyilir. Hamiləliyin ilk günləri hamilə qadın və rüşeym üçün çox təhlükəlidir. Qadın çox diqqətli və məsuliyyətli olmalıdır. Həyat rejiminə, qidalanmasına, gigiyenasına ciddi fikir verməlidir. Çünki rüşeym immunoloji cəhətdən ana üçün yad cisimdir. Odur ki, onun inkişafı qadında ürəkbulanma, başağrısı, başgicəllənmə, halsızlıq və s. əlamətlər verir. Bu dövrdə qadın spirtli içkilərdən, siqaretdən, narkotik maddələrdən qəti çəkinməli, müxtəlif kimyəvi preparatlardan, dərman və kosmetik maddələrdən istifadə etməməlidir. Çünki o, rüşeymin də səhhətini qorumağa borcludur. Kəskin ehtiyac olmadıqda, hamiləliyin abortla ləğv edilməsi çox zərərlidir.
Rüşeymin inkişaf etdiyi 8 həftə ərzində əsas orqanlar əmələ gəlir. Bu dövrdə yuxarıda qeyd etdiyimiz zərərli amillərin təsiri ilə hamiləlik pozula bilər. 9-cu həftədən sonra inkişafını başa çatdırmamış orqanların inkişafı davam edir. Məhz həmin orqanlarda müxtəlif təsirlərdən qüsurlar əmələ gələ bilər. 5-6 aylığından döldə müxtəlif iltihabi xəstəliklər baş verə bilər. Bu zaman döl tələf olmazsa, vaxtında doğulur. Lakin iltihabi və infeksion xəstəliklər nəticəsində bir sıra orqanların eybəcərliyi müşahidə olunur. Hamiləlik pozularsa, tam yetişməmiş, yaşamaq iqtidarında olmayan uşaq doğulur. 29-cu həftədən sonra hamiləlik pozulmazsa, uşaq yaşamaq iqtidarında olur. Bu dövrdə listerioz, toksoplazmoz, sifilis, malyariya, vərəm, irinli infeksiyalar və s. xəstəliklər baş verə bilər. Doğuş başlanandan uşaq doğulana qədər olan vaxt müddətində bir çox xəstəliklər və ya qüsurlar törənə bilər. Bunlardan asfiksiya, doğuş travmaları, infeksiyanın yoluxması, dölyanı suyun udulması nəticəsində pnevmoniya, qastroenterokolitlər, süzənək konyunktiviti və s. xəstəlikləri göstərə bilərik.
Hamiləliyin normal getməsinə ananın qeyri-normal qidalanması, xəstəlikləri ilə yanaşı, xarici mühitin çirklənməsi, ekoloji amillərin də mənfi təsiri mane olur. Belə ki, xalq təsərrüfatının kimyalaşması, atmosferin çirklənməsi, stress reaksiyalarının baş verməsi, ananın normal qidalanmaması gələcək övladda bir sıra qüsurların yaranmasına səbəb olur. Bu qüsurlara xarici və daxili eybəcərliklər, ürək-damar və sinir sistemində çatışmazlıqlar, ayrı-ayrı ətrafların inkişafdan qalması, bədənin ayrı-ayrı hissələrinin anormal inkişafı, dovşandodaqlıq, qurdağzılıq, lal-karlıq, korluq və s.

Postembrional inkişaf. İnsan doğulduqdan sonrakı dövrdə, yəni postnatal inkişaf mərhələlərində onun orqan və toxumaları böyüyür, mürəkkəbləşir və bədən forması inkişaf edir. İnsanın yaş dövrlərinə uyğun dəyişikliklər müəyyən qanunauyğunluqlara əsaslanır.
Orqanizmin böyüməsi dedikdə, kəmiyyət dəyişiklikləri nəzərdə tutulur, toxuma və orqanlarda hüceyrələrin sayının, yaxud ölçülərinin artması başa düşülür. Orqanizmin inkişafı dedikdə isə kəmiyyətlə birlikdə keyfiyyət dəyişiklikləri də başa düşülür, orqanizmin daha mürəkkəb mərhələyə çatması anlaşılır. Böyümə və inkişaf vahid bir proses olub, geriyəqayıtmaz hadisədir. Bu zaman uşaqlar bir neçə fiziki və zehni inkişaf mərhələlərini keçirlər.
Fizioloqlar insanın postnatal ontogenezinin aşağıdakı yaş dövrlərinə bölünməsini təklif etmişlər: yenidoğulma 3-4 həftə; südəmər - 4 həftə - 1 yaş; məktəbəqədərdən qabaq - 1-3 yaş; məktəbəqədər - 3-6 yaş; kiçik məktəbyaşı - 7 yaş; böyük məktəbyaşı - 12-18 yaş; gənclik - 18-20 yaş; yetkin dövr - 21-55 yaş; ahıl dövr - 56-74 yaş; qocalıq - 75-90 yaş; uzunömürlük - 90 yaşdan sonrakı dövr.
Hər bir yaş mərhələsində insanların üç istiqamətdə inkişafı nəzərdə tutulur: anatomik-fizioloji, psixoloji, intellektual-mənəvi.
Hər bir yaş dövrünün və mərhələsinin özünəməxsus fizioloji-anatomik xüsusiyyətləri vardır. Belə ki, insanın fiziki inkişaf göstəriciləri, bədən proporsiyaları əsas götürülərək, inkişafın normallığı müəyyən edilir.

Böyüməyə və inkişafa xarici mühitin təsiri. Məlumdur ki, hər bir orqanizmin yaşaması, böyüməsi və inkişafı ətraf mühitin çox müxtəlif şəraitindən asılıdır. Orqanizm mühitlə çox mürəkkəb qarşılıqlı əlaqəyə girir. O bu mühitdən özünə lazım olan maddələri alır və eyni zamanda maddələr mübadiləsi məhsullarını həmin mühitə verir. Deməli, hər bir orqanizmin həyatı onu əhatə edən mühitdən çox asılıdır. Orqanizm özü də ətraf mühitə təsir edir və onu dəyişdirir. Mühit amillərinin bəziləri insan üçün çox vacib və əhəmiyyətli, digərləri isə zərərli və məhvedicidir. Ona görə mühit şəraiti və həyat şəraiti anlayışlarını fərqləndirirlər.
Belə ki, mühit şəraiti daha geniş anlayış olub, orqanizm üçün lazımlı olub-olmamasından asılı olmayaraq, onu əhatə edən mühit amillərinin məcmusudur.
Həyat şəraitinə isə yalnız mühitin o amilləri daxildir ki, bunlarsız orqanizm öz həyatını davam etdirə bilməz. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementlərini ekoloji amillər adlandırırlar. Bu amillər iki qrupa ayrılır: abiotik və biotik.
Abiotik amillərə, başqa sözlə, cansız təbiət amillərinə işıq, temperatur, rütubət, su, hava, torpaq, iqlim və s. daxildir. Biotik amillərə orqanizmi əhatə edən mühitdəki bütün canlı varlıqlar (heyvan, bitki və mikroorqanizmlər) aiddir.
Digər canlılar kimi insanlar da təbiət və cəmiyyətlə, yəni xarici mühitlə sıx bağlıdır. Böyük rus fizioloqu İ.M.Seçenov göstərirdi ki, «Orqanizm xarici mühit olmadan yaşaya bilməz». İnsan orqanizmi həyat şəraitinə digər canlılardan müqayisəedilməz dərəcədə çox uyğunlaşa bilir və özünü bunlardan qorumaq qabiliyyətinə malikdir.
Digər canlılardan fərqli olaraq ali varlıq olan insan iki proqramın - bioloji və sosial proqramların nəzarəti altında böyüyüb inkişaf edir.
Bioloji proqram insan orqanizminin quruluşunu, fizioloji xüsusiyyətlərini müəyyən edir. O, uzun təkamül prosesində əmələ gəlmişdir. Bioloji proqramın maddi daşıyıcısı insana valideynlərindən keçən xromosomlardır.
Sosial proqram insanı əhatə edən xarici mühitin və insanların təsiri ilə insan şəxsiyyətinin formalaşmasıdır. İnsanın sosial mahiyyətini əxlaq, vicdan, borc, vətənpərvərlik, təhsil, mədəniyyət və s. keyfiyyətlər təşkil edir.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

Həmçinin bax:

Top