Fotokameranın Çar Rusiyasına gəldiyi vaxtlarda Azərbaycanda ilk fotoları əsasən ruslar və digər millət nümayəndələri çəkiblər. Mircavad Axundzadə isə Azərbaycanı çəkən ilk azərbaycanlı fotoqraf kimi tarixə düşüb. Onun haqqında məlumat çox az olduğuna görə bütün məlumatları bir yerə toplamağı qərara aldıq.
Mircavad Axundazadə 1909-cu ildə Bakının Maştağa kəndində anadan olub. Məşhur Axundzadələr nəslindəndir. Atası Seyidağa Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, bununla yanaşı tarix, coğrafiya və tibb kimi dünyəvi elmlərlə də yaxından maraqlanmışdır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq etmişdir. Oğlu Seyidağa (Mircavadın atası) H.Z.Tağıyevin “Kaspi” mətbəəsində çalışmış, ara-sıra dövri-mətbuatda çap olunmuşdu.
Lap kiçik yaşlarında fotoya həvəs göstərən Mircavad tez-tez atasının işlədiyi mətbəəyə gedir. Orada Lifşits adlı bir alman balaca Mircavadın bu marağını görmüş və ona fotoaparat hədiyyə etmişdi. Mircavad artıq 9 yaşında ikən fotoaparatla şəkillər çəkməyə başlamışdı.
İlk fotoqrafın fotoları və lentlərinin neqativləri hazırda arxivdə saxlanır. Onun haqqında Şamil Nəcəfzadənin rejissorluq etdiyi “Ağ-qara dünya” adlı qısametrajlı sənədli film çəkilib. Film Aşqabadda “Firuzə baharı” festivalında mükafat qazanıb.
Rejissor Ş.Nəcəfzadə müsahibəsində deyib ki, filmin çəkilişinə təşəbbüs 1991-ci ildə “Yaddaş” sənədli filmlər studiyasından irəli sürülüb. “Bu mənim ilk sənədli filmim oldu. Çəkilişlər Maştağada aparıldı. Biz filmi onun yaşadığı evdə çəkdik. Həmin vaxt o, evdə qızı və nəvəsi ilə yaşayırdı. Film sanki yaxın keçmişimizə bir səyahətdir. Filmdə qocaman fotoqrafın çəkdikləri fotolarla yanaşı, digər fotoqrafların da şəkilləri yer alıb. Filmdə həyatın müxtəlif anlarını dondurub saxlayan, yaşadan və nəsillərdən nəsillərə ötürən fotolar göstərilib.”
Rejissorun sözlərinə görə, filmi çəkəndə qocaman fotoqrafın gözləri görmürdü. “Biz filmi çəkəndə çalışırdıq ki, bu məqamlar hiss olunmasın. Mircavad Axundzadə filmin təqdimatına qızı və nəvəsi ilə gəlmişdi. Təqdimatda da nəvəsi kino təsvirlərini onun qulağına pıçıltı ilə danışırdı.”
Mircavad Axundzadə 1996-cı ildə Bakıda vəfat edib. Dünyadan köçəndən sonra fotoqrafın evi satılanda arxivi köhnə evdə qalaraq itib.