Andrey Tarkovski gündəliyini 1970-1986-cı illər aralığında yazıb. Gündəliklərində Tarkovskinin bədii zövqü, dünya rejissorları, eləcə də Sovet rejissorları ilə olan dostluq və düşmənçilik münasibətləri də əks olunub.
1970-ci il
«Tomas Mannı yenidən oxumağa başladım. O dahidir. Mənasız bir mövzudan bəhs etsə də, „Venetsiyada ölüm” çox gözəldir.” (15 avqust 1970)
“XX əsr duyğusal inflyasiyanın böyüməsinə şahidlik etdi. İndoneziyada iki milyon insanın doğranmağı xəbərini qəzetlərdən oxuduqda, nə hiss ediriksə, hokkey komandamız bir oyun udanda da eyni şeyləri hiss edirik.” (1 sentyabr 1970)
»Çox istərdim ki, «Andrey Rublyov”u Soljenitsinə də göstərim. Bu barədə Şostakoviçə dedim.” (1 sentyabr 1970)
»Bir yazıçı yazmaq istedadına baxmayaraq kitabları çap olunmur deyə yazıçılıq etmirsə, o onsuz da yazıçı deyil” (3 sentyabr 1970)
«Ruhun mükəmməlliyini arzulamayan heç bir insan dəyərli deyil; tarla siçanı ya da bir tülkü qədər dəyərsizdir.”
»Bizim qavraya biləcəyimizdən də o tərəfdə olan sonsuz sayda qanunlara və ya sonsuzluq qanunlarına görə Tanrı var. Arxasında nə olduğunu bilməyən insan üçün bilinməyən şey TANRIdır. Əxlaq baxımından götürdükdə Tanrı sevgidir”
«Herbert Uellsin elm ağacından almanı qoparıb yeməkdən qorxan insanlar haqqında bir hekayəsi var. Adı „Alma”dır. Möhtəşəm hekayədir.” (5 sentyabr 1970)
“Bu gün Bondarçyukun „Vaterloo”suna (film) baxdım. Yazıq, yaşlı Seryoja! Necə də utandırıcıdır. Bu gün bir italyan da gəldi. Adı Roberto Koma idi. Məndən film çəkə bilmək ehtimalının olub-olmadığını soruşdu. Mən də ona Tomas Mannın “Yusif və qardaşları” əsərini oxumağı tövsiyyə elədim. Əgər alınarsa, Kamyunun „Taun”nunu da çəkmək əla olardı. Ssenarini Saşa Mişurinlə yaza bilərik.”
“Bunuelin çox pis bir filminə baxdım. Adı yadımdan çıxdı...Hə! Yadıma düşdü :»Tristana”. "
«Akutaqavanın su pəriləri haqqında olan bir hekayəsini oxudum. Adı „Kappalar”dı. Çox zəif və dayaz idi” (18 sentyabr 1970)
“Muncuq oyunu”unda Hesse Çin musiqisi ilə bağlı gözəl şeylər deyir. Axırda da qeyd edir ki: ”Həqiqət yaşanmalıdır, öyrənilməməlidir. Savaşa hazır olun!”
»Muncuq Oyunu”nu oxuyuram, necə də gözəl yazılıb.” (20 sentyabr 1970)
«Tomas Mannın „Yusif və qardaşları” əsərini çəkmək üçün məni İtaliyaya dəvət edən Roberto Koma təkrar mənə zəng elədi. İtaliya Kommunist Partiyası filmin çəkilməsinə köməklik etməyə hazırmış.” (8 oktyabr 1970)
“Soljentsinin üzərində böyük bir nifrət buludu dolaşır. Nobel mükafatı alması hər kəsi təəccübləndirdi. Yaxşı yazıçıdır və hər şeydən qabaq yaxşı vətəndaşdır. Bir az hirsli və küsülüdür. İnsani tərəfdən baxıldığında başa düşülən bir şeydir, amma yazıçı kimi baxıldığında nifrət duyğusu başa düşülməzdir. Yazdığı ən yaxşı şey „Martyonanın evi” hekayəsidir. Amma şübhəsiz ki, o çox ürəkli bir insandır. İnadkardır. Onun varlığı mənim həyatıma məna qatır.” (17 noyabr 1970)
1971-ci il
“Dostoyevskinin „Cinayət və Cəza”sından çıxarış: “Estetika qorxusu zəifliyin ilk cücərtisidir” (18 fevral 1971)
»Gündəlik yazmağa vaxtım olmur. «Solyaris”i çəkmək cəhənnəm əzabıdır. Çəkiliş proqramının gerisindəyik. Yeni ilə qədər filmi bitirməyə məcburuq. Çəkilişlərdən əlavə səs və montajı da bitirməyə məcburam. Bu vaxtlar Mosfilmdə işləmək çox çətindir, tanrım.” (10 avqust 1971-ci il)
»Yeni filmə başlamaq istəyirəm. «Solyarıs”dən bezdim.” (11 avqust 1971)
»Dostoyevski şam işığında kitab oxuyurmuş. Lampa işığını sevmirmiş. İşləyərkən çox siqaret çəkər, arada bir dəmli çay içərmiş. Karamazovun yaşadığı Staraya Rusiya kəndindən başlayan və monoton davam edən bir həyat. Ən çox sevdiyi rəng dəniz dalğaları rəngidir. Bütün qadın qəhrəmanları bu rəngdə paltar geyinir.” (14 sentyabr 1971)
"«Andrey Rublyov” kinoteatrlarda göstərildikdən sonra film haqqında ilk dəfə „Komsomolskaya pravda” da bir yazı yazıldı. G.Oqnyev adlı biri tərəfindən yazılmış çox zəif bir yazıdır. Amma bu yaxşıdır, çünki tamaşaçıda ən azından maraq oyadacaq.
Qəzetlərdə “Andrey Rublyov”un təqdimatı haqqında heç bir elan yoxdur. Heç şəhərdə afişaları da yoxdur. Biletlərin hamısı qara bazardadır. Hər gün filmdən təsirlənən insanlar mənə zəng edib təbrik edirlər.” (30 dekabr 1971)
1972-ci il
»Barqat İrəvandan zəng elədi. «L’Humanite” jurnalında Lui Araqonun ad günün münasibətiylə bir məqalə dərc olunub. Məqaləyə görə Lui Araqonun baxmaq istədiyi iki film var. Biri Qodarın „Çılğın Pyero”, digəri “Andrey Rublyov” imiş. Bu məqaləni tapıb oxumalıyam” (21 fevral 1972)
»Belə əlim-qolum bağlı oturub, kiminsə mənim filmimin çıxmağına icazə verməyini nə qədər gözləyəcəm? Bu necə fantastik ölkədir, beynəlxalq zəfərimizin olmağını istəmirlər? Yaxşı filmlərimizin, yaxşı kitablarımızın olmağını istəmirlər? Bunlar həqiqi sənətdən qorxurlar. Bu da başa düşüləndir. Sənət insana aid olan bir şeydir, bu da onlar üçün çox pisdir. Çünki onların məqsədi yaşayan hər şeyi, ən balaca insaniyyəti, hər cür azadlıq arzusunu və yuxularımızda yaranan sənəti əzib keçməkdir” (23 fevral 1972)
«Artıq 40 yaşım var. Yaxşı, bu günə qədər nə etdim? Üç dənə film çəkdim. Çox azdır. Gülməli dərəcədə az və əhəmiyyətsizdir.” (6 aprel 1972)
»Larisa ilə İrəvana getdik. Barqat mənən dağılıb. Heç cürə çəkilişlərə başlaya bilmir. Ermənilərlə birlikdə işləmək artıq məni sıxır. Bir işə yaramırlar. Ayın 10-u Parisə uçuruq. Ayın 13-ü Kann film festivalında «Solyaris”in ilk prezentasiyası olacaq. Nəsə mükafat qazanacağımı gözləmirəm. Proqramda çox yaxşı filmlər var. Pollakın, Jancsonun, Petrinin filmləri var ” (7 may 1972)
»Bu dəftərə 3 aydır ki, əlimi də vurmuram. O qədər çox şey oldu ki. İtaliyaya, Brüsselə, Luksemburqa getdim. Sonra da «Solyaris”in fransız versiyasını 12 dəqiqəlik qısaltmaq üçün Parisə getdim. Belçikada Erazmın evinə getdim, Memlinkin, Van Eykin və Brughelin rəsm əsərlərini gördüm. Paris çox gözəldir. Orda insan özünü azad hiss edir. Kiminsə sənə ehtiyacı yoxdur, sənin də kiməsə ehtiyacın yoxdur.” (23 dekabr 1972)
1973-cü il
»Boris Leonidoviç (Pasternyak) mənim daha dörd dənə film çəkəcəyimi söylədi. («Andrey Rublyov”dan sonra) Necə də düz danışır. Birincini çəkdim: „Solyaris”. Üçü qalıb.
(P.S. Pasternyakın dediyi kimi Tarkovski “Andrey Rublyov”dan sonra 4 deyil, 5 film çəkdi)
»İşləmək istəyirəm. İşləmək! İtalyan mətbuatının dahi dediyi bir rejissorun işsiz qalması dəlilik və cinayətdir. Etiraf etmək lazımdır ki, məncə bütün bunlar iqtidar sahibi olan insanların məndən qisas almaq cəhdləridir.” (27 yanvar 1973)
«Bir fikir: Televiziya üçün „İdiot”u yeddi seriya halında çəkmək olar.” (1 fevral 1973)
“Yuqoslaviyadakı beynəlxalq festivalda „Andrey Rublyov” böyük mükafatı qazandı. Bu festivallar festivalıdır və deyəsən proqramda 1971-72-ci illərdə öz ölkəsində mükafat qazanmış filmlər yarışır. “Andrey Rublyov”dan əlavə daha iki sovet filmi festivala qatıldı və təbii ki, onlar mükafat qazanmadılar. Onlar sadəcə ölkə daxilində mükafat qazanmışdılar. Onda da yəqin səlahiyyətli adamların əli olub.” (5 fevral 1973)
»Rostotski zəng elədi. Yuqoslaviyadan təzə gəlib. Festivala tək gedəcəyini əvvəlcədən bilmirmiş. Mən onun dediklərinə inanmadım.
Festival son iki ildə mükafat qazanmış filmlərin festivalı imiş. «Xaç atası”nı da göstəriblər. Deyilənə görə filmə maliyyə yardımını mafiya edib. Festival „Andrey Rublyov” ilə açılıb. Tamaşaçı səsverməsində dördüncü olub. “Xaç atası” və başqa filmlər ilk üçlükdə olub. Amma beynəlxalq kino tənqidçilərin səsverməsində „Andrey Rublyov” birinci olub. Yəni ki, yüz altmış kino tənqidçinin hamısı filmə birinci yeri verib. Rostotski festivalın amerikanpərəst olduğunu dedi. Bunu axı kim bilir ??? Yazıq Rostotski.” (17 fevral 1973)
“Nədənsə „Andrey Rublyov”un ssenarisini necə itirdiyim yadıma düşdü. (Başqa kopyası yox idi) Qorki küçəsinin döngəsində (Nasional otelinin qarşısında) taksidən düşərkən ssenarini oturacaqda unutmuşdum. Taksi də dayanmayıb getmişdi. O qədər kədərləndim ki, gedib içdim. Bir saat sonra Nasionaldan çıxıb, Birlik Teatrına tərəf getməyə başladım. İki saat sonra ssenarini itirdiyim döngəyə gəldim və bütün qanunlara əks bir şəkildə qabağımda bir taksi durdu. Sürücü pəncərədən ssenarini mənə uzatdi. Bu möcüzə idi.” (6 aprel 1973)
“»Andrey Rublyov”u İsveçdə də göstəriblər. Bibi Andersonun söylədiyinə görə Bergman deyib ki, ”Andrey Rublyov” onun indiyədək baxdığı ən yaxşı filmdir” (17 iyun 1973)
«Tomas Mannın yazdığı əsərlərdən hər hansı birini çəkmək istərdim. Bunu Qərbi Almaniya festivalları üçün çəkə bilərəm. Ortaq proje alınmayacaq, pul yoxdu. „Sehrli Dağ” əsərini mütləq təzədən oxumalıyam” (22 iyun 1973)
“Almaniya Federativ Respublikası nümayəndələri „Doktor Faustus” projesinə göz gəzdiriblər. 1975-ci ilin 6 iyununda Tomas Mannın 100 illik yubileyi olacaq. Yaxın günlərdə almanlarla görüşəcəm. Təcili işdir, yubileyə iki ildən də az vaxt var.” (11 iyul 1973)
“Pis fikir: Kiminsə sənə ehtiyacı yoxdur. Öz mədəniyyətinə yadsan. Öz mədəniyyətin üçün heç bir şey eləmədin, sən bir heçsən. Amma Avropada, ya da hər hansı bir başqa yerdə soruşsalar ki, SSRİ-nin ən yaxşı rejissoru kimdir. Cavab: Tarkovski. Ancaq burda heç kəs heç nə demir. Sanki mən yoxam, yaşamıram.” (20 oktyabr 1973)
»Buninlə bağlı xatirələri oxuyuram. Necə də kədərlidir, əsl rus hekayəsidir.” (17 noyabr 1973)
"«Doktor Faustus” projesindən bir xəbər yoxdur. Prodüserlər hələ də gözə dəymirlər. Romanı təzədən oxuyuram. Tomas Mann da Hessenin „Muncuq Oyunu” əsərini çox sevərmiş. Əsər ona romantik, qatma-qarışıq və çox həyəcanlı bir təsir bağışlayıb.” (2 dekabr 1973)
“Çiyinlərimə böyük bir yük götürdüm. Tomas Mannın „Doktor Faustus”u yazıçının keçmiş həyatı, darmadağın olmuş ümidləri, vətəni üçün darıxmağı, çəkdiyi acılar, gördüyü işgəncələr və öz günahlarının yaxşı işlənmiş bir versiyasıdır.
Tomas Mann bir tərəfdən sənətkar, adi bir insandır. Digər tərəfdən heç də adi bir insan deyil, istedadının əvəzini ruhu ilə ödəyən biridir.
İstedad insana Tanrı tərəfindən hədiyyə edilmir. Tanrı insanı istedad deyilən o yükü belində daşımağa məcbur edir. Çünki sənətkar mütləq həqiqətə qalib gəlmək üçün özünü məhv edən bir varlıqdır.” (5 dekabr 1973)
Kurasava ilə studiyada rastlaşdım, birlikdə nahar etdik. Onun istədiyi Kodak neqativlərini gətirməyib, ona Sovet istehsalı olan neqativləri tərifləyirmişlər. Komandası zəifmiş, gicbəsərlərlə doluymuş.
(Böyük ehtimal Kurasava “Dersu Uzala” filminin çəkilişlərinə hazırlaşırmış) 30 dekabr 1973
Məqsədim kinonu digər sənət sahələri içərisində bir yerə yerləşdirmək, onu musiqi, şeir və başqaları ilə eyni müstəviyə çatdırmaqdır. (31 dekabr 1973)
1974-cü il
Anket
1. Ən çox sevdiyimiz təbiət hadisəsi ?
Cavab: Dan yeri söküləndə, yaz, duman.
2. Mövsüm
Cavab: Quru və isti payız.
3. Musiqi əsəri
Cavab: Bax, Johannes Passion
4. Rus romanı
Cavab: „Cinayət və cəza”
5. Xarici roman.
Cavab: “Doktor Faustus”
6. Hekayə (rus)
Cavab: Bunin- „Günəş vurması”
7. Hekayə (xarici)
Cavab: Mopassanın hekayələri ,Tomas Mann.
8. Ən çox sevdiyiniz rəng
Cavab: Yaşıl
9. Şair
Cavab: Puşkin
10. Film rejissoru (rus)
Cavab: yoxdur
11. Xarici film rejissoru
Cavab: Robert Bresson
12. Uşaqları sevirsiz?
Cavab: Hər şeydən çox
13. Qadının mahiyyəti nədir?
Cavab: Eşq uğrunda boyun əymək və özünü alçaltmaq.
14. Kişinin mahiyyəti nədir?
Cavab: Yaratmaq.
15. Qadınlarda hansı saç rəngini sevirsiz?
Cavab: Qızılı.
16. Sevdiyiniz Paltarlar.
Cavab: (yoxdur)
17. Sevdiyiniz zaman dilimi
Cavab: (yoxdur)
3 yanvar 1974
“Bir nəfərin dediyinə görə bir reportajında (Deyəsən „Playboy” jurnalında) Berqman müasir rejissorlar arasında ən yaxşı rejissor olaraq məni qeyd edib. Hətta Fellinidən də yaxşı olduğumu açıqca ifadə edib. Bunun hansı jurnalın, hansı nömrəsi olduğunu araşdırmalıyam. Bu doğru ola bilərmi? “ (7 yanvar 1974)
»Filmin başına gəlməyənlər qalmadı («Ayna” filmi). Cümə axşamı Yermaş fimi yenə rədd etdi. Onu başa düşülməyən bir film kimi qəbul etdi, bəzi hissələrini bəyənmədi.” (29 iyun 1974)
»Krimova (kinotənqidçisi) Saşaya (Aleksandr Sokurov-rejissor) zəng eləyib deyib ki, ”Ayna” dahiyanə filmdir” (27 dekabr 1974)
1975-ci il
«Kann film festivalı ilə bağlı bir şeylər etmək lazımdır. „Ayna” mütləq ora getməlidir. Bessi (Kann film festivalının nümayəndəsi) bu işlə bağlı əsl qalmaqal yaradacağını dedi və bir dənə də olsun Sovet filmi götürməyərək getdi.” (3 mart 1975)
“Qəribə şeylər baş verir. Film (»Ayna” filmi) iki kinoteatrda göstərilir. Dediklərinə görə tamaşaçının filmə nə qədər rəğbət bəslədiyini anlamaq üçün filmin təqdimatını elan edildiyi tarixdən iki gün tez eləyiblər. Yalan danışırlar! Dedikləri bir sözə də inanmıram. Nə bir afişa, nə də bir reklam var. Nə də qala gecəsi. Sanki mənim filmim ikinci plandadır.” (8 aprel 1975)
«Moskva festivalında təkcə Antonioni deyib ki, əgər „Ayna” filminə baxma bilməyəcəksə, festivalı tərk edəcək. Uzun zaman göstərmək istəmədilər, amma axırda boyun əyməyə məcbur oldular. Antonioni filmi çox bəyənib. Mənimlə tanış olmaq istəyib, onlar da məni kənddən tələm-tələsik çağırdılar” (25 iyul 1975)
“Berqman məni dörd dəfə İsveçə dəvət edib. Amma mənim bundan heç xəbərim də yoxdu. Mənə də Olqa Surikova dedi. Festivalda isveçlilərlə danışıb. Deyilənə görə festival çox gülünc təsir bağışlayıb və Kurasavanın filmi çox zəif imiş.” (14 sentyabr 1975)
Tərcümə: Mətləb Muxtarov