Yer səthində istilik və buxarlanma

Yer səthində istilik və buxarlanma

Təbiətdə suyun dövranının əsas şərtlərindən biri onun bir aqreqat haldan digərinə keçməsidir. Günəş istiliyinin təsiri ilə suyun maye halından qaz halına keçməsi, yəni buxarlanması su dövranının ən vacib həlqəsidir. Buxarlanma il ərzində 1 sm2 səthdən buxarlanan suyun (mm-lə) miqdarıdır. Onun qiyməti Yerdəki istilik və yağıntılardan asılıdır. Yer səthində temperatur ekvatordan qütblərə doğru dəyişdiyindən Yer kürəsi 7 istilik qurşağına — bir isti, iki mülayim, iki soyuq və iki daimi şaxta qurşaqlarına ayrılır. İstilik qurşaqlarının sərhədləri tropiklərdə orta illik, digər enliklərdə isə ən isti ayın orta temperaturunu göstərən izotermlərdən keçir. Yer səthində istilik və buxarlanma
Quru səthindən buxarlanan suyun miqdarı düşən yağıntının miqdarından artıq ola bilməz. Yer səthinin hər sm2 sahəsinə ildə 1020 mm yağıntı düşür, buxarlanan suyun miqdarı da müvafiq olaraq eynidir. Yağıntıların miqdarı və buxarlanma kəmiyyəti hər yerdə eyni deyildir.
Hər iki göstərici müxtəlif amillərin təsiri ilə ekvatordan qütblərə doğru dəyişir.
Havanın temperaturunun yüksək olmasına baxmayaraq buxarlanmanın miqdarı bəzən az ola bilər. Bu, əsasən, yağıntıların az olduğu ərazilərdə, məsələn, tropik səhralarda müşahidə olunur. Yəni bu səhralarda temperatur şəraiti 2000 mm-ə qədər suyu buxarlandırma qabiliyyətinə malikdir. Lakin bu ərazilərdə yağıntılar az olduğuna görə səthdən buxarlanan suyun faktik miqdarı çox azdır. Müəyyən temperatur şəraitində 1 sm2 səthdən maksimum buxarlana bilən suyun miqdarına mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti deyilir. Temperatur nə qədər yüksək olarsa, mümkün buxarlanma göstəricisi də bir o qədər çox olar.
Buxarlanmanın ən böyük qiyməti okeanların tropik enliklərində, ən kiçik qiyməti isə tropik səhralarda müşahidə edilir. Mümkün buxarlanmanın maksimum göstəricisi tropik səhralarda, minimum qiyməti isə qütbətrafı səhralarda qeyd olunmuşdur.


Müəllif: Yaqub Qəribov, Oktay Alxasov, Şərafət Hüseynli, Məhbubə Babayeva
Mənbə:Coğrafiya — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK
Top