Meteoroloji hadisələr

Meteoroloji hadisələr

Atmosferdə baş verən proseslər Yer kürəsində təhlükəli və dağıdıcı təbiət hadisələri yarada bilir. Meteoroloji xidmət idarələri leysan yağışları, güclü küləklər və s. hadisələr barədə qabaqcadan xəbər vermək imkanına malikdir. Bu isə dağıntı və tələfatların qarşısını almağa və ya azaltmağa qismən kömək edir.
Şiddətli və quru isti küləklər, burulğan, leysan yağışları, dolu, çovğun, sırsıra, toz (qum) burulğanları, şaxta, duman və s. təhlükəli hallar yarada bilən meteoroloji hadisələrdir.
Atmosferdə baş verən ən təhlükəli hadisələrdən biri tayfundur (“tayfun” — çin dilində “tay” — güclü, “fun” — külək). Tayfunlar, əsasən, tropik enliklərdə (ekvatordan 6-15° şimal və cənub enliklərində) dənizlərin üzərində formalaşdığı üçün yüksək rütubətə malik olur. Bu küləklər günün ikinci yarısında su səthinin maksimum qızmasından sonra yaranır və küləyin sürəti saniyədə 30 m-ə qədər çata bilir. Güclü leysan yağışları ilə müşayiət olunan tropik tayfunlar böyük dağıntılara səbəb olur, iqtisadiyyata ziyan vurur və bəzən insan tələfatı ilə nəticələnir. Tayfunlar Cənub- şərqi Asiya üçün səciyyəvidir. ABŞ (Meksika körfəzi sahillərində), Kuba və Antil adalarında onlar tornado adlanır. Toz burulğanları
Güclü küləklər dünyanın müxtəlif regionlarında fərqli adlarla tanınır: Şimali Amerikada “tornado”, Filippin adalarında “baquyo”, Avstraliyada “vili-vili” və s. Onların hər birinin özünəməxsus xüsisiyyəti vardır. Onların əhatə etdiyi ərazi 200 km2-dək, bəzi hallarda isə minlərlə km2-dək olur.  Meteoroloji iqlim hadisələrindən biri də toz burulğanlarıdır. Toz burulğanı mülayim və tropik iqlim qurşaqlarının səhra və yarımsəhralarında yaranır. Tayfundan fərqli olaraq toz burulğanı zamanı havanın nisbi rütubəti 10%-dən az, temperatur isə +50° C-dən yüksək olur. Burulğan zamanı külək Yer səthindəki qum hissəciklərini havaya “uçurur”. Bu proses deflyasiya adlanır. Deflyasiya nəticəsində əkin sahələri, su mənbələri, nəqliyyat yolları, hətta yaşayış məntəqələri qumla örtülür.
Bu zaman ətrafda görmə məhdudlaşır, insanların nəfəsalması çətinləşir. Yaranan toz dumanı günəş şüalarının qarşısını alır. Sovrulan toz hissəcikləri 1000 km-lərlə kənar yerlərə çökür. Toz burulğanlarına Şimali Afrika, Cənub-Qərbi və Mərkəzi Asiyada daha çox rast gəlinir. Bəzi hallarda Azərbaycanda müşahidə olunan “palçıq yağışları” məhz Türkmənistan, Pakistan və Səudiyyə Ərəbistanının üzərində yaranan toz burulğanları ilə əlaqədardır. Toz burulğanlarının tərkibindəki toksik (zəhərli) maddələr insanların tənəffüs orqanlarında bir sıra xəstəliklər yaradır.Toz burulğanları Şimali Afrikada səmum və xəmsin, Ərəbistan yarımadasında həbib, Cənubi Avropa ölkələrində (Fransa, İtaliya) isə sirokko adlanır.
Meteoroloji hadisələrin qarşısını tamamilə almaq mümkün olmasa da, onların təsirlərini azaltmaq olar. Bu, təsərrüfat sahələrinə dəyə biləcək ziyanın qarşısını almağa qismən imkan verir.


Müəllif: Nərminə Seyfullayeva,Zaur İmrani,Yelena Şabanova
Mənbə:Coğrafiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Coğrafiya fənni üzrə Dərslik
Top