Yer kürəsində Günəş istiliyi və işığının miqdarı Günəş şüalarının düşmə bucağından asılıdır. Günəş şüalarının düşmə bucağına isə aşağıdakı amillər təsir edir:
Martın 21-də ekvator xətti boyunca yerləşən məntəqələrdə səhər Günəş şərqdə “çıxır”, günorta baş üzərində zenitdə olur və axşam isə qərbdə “batır”. Ekvator xəttindən şimalda yerləşən məntəqələrdə Günəş səhər üfüqün cənub-şərq tərəfində “çıxır”, günorta cənubda görünür, axşam isə cənub-qərbdə “batır”. Ekvator xəttindən cənubda yerləşən məntəqələrdə isə Günəşin “çıxması” şimalşərqdə, “batması” isə şimal-qərbdə baş verir.
Şimal yarımkürəsində yerləşən Bakı şəhərində, 21 martda, səhər saat 1000-da Günəş üfüqün cənubşərq tərəfində görünür. Bu zaman obyektərin kölgəsi şimal-qərbə düşür. Günorta Günəş cənubda göründüyü vaxt obyektlərin kölgəsi şimala tərəf olur, günortadan sonra isə, məsələn, saat 1600-da Günəş cənub-qərbdə olduğu vaxt kölgələr şimal-şərqə düşür.
• Gündüzün ilk və son saatlarında ən uzun, günorta vaxtı isə ən qısa (Günəşin baş üzərində olduğu enlikdə isə kölgə olmur) kölgə olur. Kölgələrin uzunluğunun gün ərzində dəyişməsi kənd təsərrüfatının, xüsusilə də əkinçiliyin ərazi təşkilində nəzərə alınır: meyvə bağlarında ağacların aralarındakı məsafə, üzüm plantasiyalarında tənəklərin sıralarının istiqaməti və s. Binalarda pəncərə və balkonlara Günəş işığının düşməsi tikililərin layihələrinə qoyulan əsas tələblərdən biridir.
Martın 21-də günorta Günəş ekvator xətti üzərində zenit vəziyyətində olur. Həmin gün yaz gecә-gündüz bәrabәrliyi günü adlanır. Bu gün Yer kürəsinin Şimal və Cənub yarımkürələri bərabər miqdarda işıq və istilik alır.
Yaz gecə-gündüz bərabərliyi günündən sonra Günəş Şimal yarımkürəsinə “keçir”. 90 gündən sonra – iyunun 22-də günorta Günəş 23,5° şm.e dairəsi üzərində zenitdə olur. Bu gün yay gündönümü günü adlanır. Şimal yarımkürəsi daha çox istilik və işıq alır, obyektlərin kölgəsinin uzunluğu minimuma çatır, ən uzun gündüzlər müşahidə olunur. Şimal qütb dairəsindən (66,5° şm.e) Şimal qütbünə (90° şm.e) qədər olan ərazilərdə isə günəş batmır, 24 saat işıqlı olur və qütb gündüzlәri müşahidə olunur. Lakin bu ərazilərdə Günəş şüalarının düşmə bucağı kiçik olduğuna görə havanın temperaturu aşağı olur. Yay fəsli Şimal yarımkürəsində təsərrüfat işlərinin aktivləşməsi ilə səciyyələnir.
Yay gündönümü günündə Cənub yarımkürəsi zəif işıqlanır, daha az istilik alır, obyektlərin kölgəsinin uzunluğu maksimuma çatır. Cənub qütb dairəsindən (66,5° c.e) cənuba doğru (90° c.e) isə qütb gecәlәri müşahidə edilir.
Yay gündönümündən sonra Günəş yenidən ekvatora doğru yönəlir. Payız gecә-gündüz bәrabәrliyi günündə, yəni sentyabrın 23-də, Günəş martın 21-də olduğu kimi, ekvator xətti üzərində zenit vəziyyətində olur.
Sentyabrın 23-dən başlayaraq Yer kürəsi fəzada elə bir vəziyyət alır ki, Günəş şüaları cənub yarımkürəsini daha çox işıqlandırır. Yerin Cənub qütb ucu Günəşə tərəf çevrilir. Dekabrın 22-də bütün gün ərzində Günəş Cənub tropik xətt üzərində zenit vəziyyətində olur. Qış gündönümü adlanan bu gündə Cənub yarımkürəsi daha çox istilik alır, ən uzun gündüzlər müşahidə olunur. Cənub qütb dairəsindən cənubda isə qütb gündüzləri baş verir.
Günəş şüalarının Yer səthinə düşmə bucağı relyefdәn dә asılıdır. Günəşin düşmə bucağı dağlıq ərazilərdə ətraf düzənliklərdən fərqli olur. Hətta eyni dağın müxtəlif yamacları da Günəşdən fərqli miqdarda işıq və istilik alır. Şimal yarımkürəsində dağların cənub yamaclarına düşən Günəş şüalarının bucağı, şimal yamaclarından daha böyük olur. Ona görə də cənub yamaclar daha çox işıq və istilik alır. Dağlıq ərazilərdə təbii komponentlər, əhalinin məskunlaşması və təsərrüfatın ərazi təşkili yamacların istiqamәtindәn asılı olaraq fərqli olur.
Günəş şüalarının düşmə bucağı yamacın meyilliyindәn dә asılıdır. Bunu təyin etmək üçün məntəqənin günəşə görə mövqeyini, Günəş şüalarının düşmə bucağını, yamacın istiqamətini və yamacın meyilliyini bilmək lazımdır. Dağın yamacı cənuba baxırsa, günəş şüalarının düşmə bucağı ilə yamacın meyillik bucağı toplanır. Günəş məntəqədən cənubda olub yamac şimala baxırsa, Günəşin düşmə bucağından yamacın meyillik bucağı çıxılır.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova