Hava kütlələri və atmosfer cəbhələri

Hava kütlələri və atmosfer cəbhələri

Troposferin ümumi fiziki xassələrə (temperatura, rütubətliyə, təzyiqə və s.) malik olan və geniş əraziləri əhatə edən axınları hava kütlələri adlanır. Yer səthində hakim küləklərin istiqaməti və yağıntıların paylanması hava kütlələrindən asılıdır.
Ekvatorial hava kütlələrinin təsiri ilə ekvatorial enliklərə bol yağıntılar düşür, burada temperatur yüksəkdir. Yağıntıların çox düşməsi havanın yuxarıya hərəkəti ilə əlaqədardır. Yuxarı qalxan hava axınları tədricən soyuyur, tərkibindəki su buxarı kondensasiya olunur və bulud əmələ gəlir. Tropik hava kütlələri Şimal və Cənub tropikləri ətrafında formalaşır. Burada temperatur yüksək, hava quru və tozludur. Hava axınları aşağı hərəkət etdiyinə görə doyma vəziyyətindən uzaqlaşır və yağıntılar az olur.
 
Mülayim hava kütlələri 50-60° şimal və cənub enlikləri ətrafında formalaşır. Hava mülayim və yağıntılı olur. Arktika hava kütləsi Arktika zonasında yaranır, aşağı temperaturu, az rütubətliyi, yüksək təzyiqi və aydın havası ilə seçilir. Antarktika hava kütləsi Antarktida üzərində formalaşır. Yayda və qışda kəskin şaxtalar, güclü küləklər olur. Qütblər yüksək atmosfer təzyiqi sahəsi olduğuna görə hava quru və şəffafdır.
Hava kütlələri və atmosfer cəbhələrinin yerləşməsi
 
Formalaşdığı əraziyə uyğun olaraq dəniz və kontinental hava kütlələri ayrılır. Dəniz hava kütlələri okeanlar və dənizlərin üzərində formalaşır. Onlar yüksək rütubətliyi, havanın sutkalıq və illik temperatur amplitudunun az olması ilə fərqlənir. Materiklərin daxilində kontinental hava kütlələri yaranır. Burada qış soyuq və quru, yay isti və quru keçir. Tropik, mülayim və arktika hava kütlələri dəniz və kontinental tiplərə ayrılır.
 
Azərbaycanda yayda tropik, qışda mülayim hava kütlələri hakim olur. Ona görə yay isti və quru, qış yağıntılı və mülayim keçir. Hava kütlələrinin yerini dəyişməsi il ərzində Günəşin üfüqdə vəziyyətinin dəyişməsi ilə əlaqədardır.
 
Hava kütlələri arasındakı keçid zonalar atmosfer cəbhələri adlanır. Formalaşdığı əraziyə görə arktika, antarktika, mülayim və tropik atmosfer cəbhələri ayrılır. Onlara planetar atmosfer cəbhələri deyilir. Arktika və mülayim hava kütlələri arasında arktika cəbhəsi (cənubda antarktika) yerləşir. Mülayim və tropik hava kütlələri arasında mülayim cəbhələr, tropik və ekvatorial hava kütlələri arasında tropik cəbhələr yaranır.
 
Planetar cəbhələrin daxilində isti və soyuq cəbhələr yaranır. Əgər isti hava soyuq havanı sıxışdırırsa, onda isti cəbhə yaranır. Bu zaman temperatur artır, atmosfer təzyiqi azalır, yağıntı düşür. Soyuq hava isti havanı sıxışdırırsa, soyuq cəbhə əmələ gəlir. Soyuq cəbhədə hava soyuyur, atmosfer təzyiqi artır, güclü külək əsir, onun sonunda leysan yağışları yağır.

Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün COĞRAFİYA dərsliyi
Müəlliflər: Zakir Eminov, Qabil Səmədov, Aygün Əliyeva
Top