Tətildə təkcə bədən deyil, beyin də dincəlməlidir. Bunun üçün çoxlu üzmək və qaçmaq faydalıdır. Çünki dəniz və günəş orqanizm üçün ən yaxşı vitamindir. Yorulan beynin dincəlməsi üçün ən yaxşı metod nədir? Bir qayda olaraq səs-küylü, səhhətə ziyan vuran yerlərdən uzaqlaşmaq lazımdır. Tətil müddətində idman etmək, mümkün qədər açıq havada gəzmək, iş barədə düşünməmək məsləhətdir.
Bəzən bu müddətdə görülməsi vacib olan işlərlə məşğul oluruq. Bu da beyni daha çox yorur. İnsan ruhən fəsillərə daha çox bağlıdır. Gərgin və stresli iş saatından sonra tətilə çıxarkən günəşlə dəniz beynin dincəlməsi üçün əsl fürsətdir. Üzmək orqanizm üçün vacib rol oynayır. Dəniz suyunu xüsusilə günəş şüaları ilə birlikdə qəbul etdikdə bədən bir çox xəstəliklərdən qorunmuş olur və bu, bəzi xəstəliklərin müalicəsinə də kömək edir.
İstirahət üçün vaxt ayırmayıb yalnız işi düşünən insanlarda ruh düşkünlüyü, yuxusuzluq, əsəb pozğunluğu və s. çatışmazlıqlar meydana çıxır. Belə adamlar tətillərini səmərəli keçirməlidirlər ki, bütün bu fəsadlar aradan qalxsın. Rejimə əməl etməklə, düzgün qidalanmaqla, idman etməklə, stresdən uzaqlaşmaq mümkündür. Kitab oxumaqla beyin daha fəal olur. İdman beyni sakitləşdirir, qan dövranını nizamlayır, beynin qidalanmasını rejimə salır. Ancaq ağır idman növləri ilə məşğul olmaq düzgün deyil. Bədən üçün ən asan və faydalı olan idman növü qaçışdır. Bədəni ağır idmanla yükləmək və buna səy göstərmək qan təzyiqinin yüksəlməsinə yol açır ki, bu da beyinə qan sızması ilə nəticələnə bilər.
Sonda sizə gözəl bir resept təklif edir və ümid edirik ki, bu resept orqanizminizin dincəlməsi üçün faydalı olacaq:
1 dilim ananas, 1 ədəd banan, bir ovuc kişmiş götürün və 1 stəkan alma suyu ilə mikserdə qarışdırın. Artıq “dərmanınız“ hazırdır.
Müəllif: Yeganə Məmmədova
Mənbə: Zaman qəzeti