Dopinq

Dopinq

XX əsrin əvvəllərindən fiziki işgörmə qabiliyyətini yuksəltmək, bərpa prosesini sürətləndirmək, idman nəticələrini yaxşılaşdırmaqdan ötrü müxtəlif stimullaşdırıcı maddələrdən geniş istifadə olıınmağa başlamışdır. Bura müxtəlif hormonal, farmakoloji və fizioloji preparatlar - dopinq adlanan maddələr aiddir. Dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir. Dopinqlərin müntəzəm qəbul olunması (xüsusilə də hormonal preparatların) orqanizmin bir sıra fizioloji funksiyalarında pozğunluqlar yaradır:
- ürək-damar;
- daxili sekresiya (xüsusilə də vezilərin atrofiyası) və hipofızin funksiyalarına təsir edir, doğuş funksiyasının pozulması, qadınlarda ikincili kişi cinsiyyətinin (virilizasiya) meydana gəlməsi, kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya) və s. kimi hallar baş verir;
- qara ciyərin serrozuna, sətəlcəm və hepatit (sarılığın) yaranmasına səbəb olur;
- immun sistemin zəiflənməsinə, tez-tez soyuqdəyməyə, viruslarla xəstələnməyə səbəb olur;
- sinir sisteminin psixoloji pozğunluqları (aqressivlik, depressiya, yuxusuzluq);
- borulu sümüklerin böyüməsinin dayanması (inkışafda olan orqanizmlər üçün daha təhlükəlidir) və s;
Dopinqlərin qəbulundan sonra pozğunluq dərhal baş vermir. Pozğunluq 10-20 il ötdükdən sonra, bəzən də oyunçunun nəslində özünü büruzə verə bilər. Ona görə də 1967-ci ildə BOK xüsusi tibbi komissiya yaradaraq, idmanda qəbul oluna biləcək zərərli preparatların adlarını tərtib etmiş, dopinq əleyhinə yoxlamaların aparılmasını təşkil edir və bütün beynəlxalq yarışlarda həyata keçirir. Hər bir idmançı, məşqçi, həkim qəbulu qadağan olunmuş preparatları bilməlidir.

Dopinqlərin təsnifatı

İdmanda işgörmə qabiliyyətinin yüksəldilməsi üçün istifadə olunan vasitələrə aiddir: dopinqlər, dopinq metodları, psixoloji metodlar, mexaniki amillər, istifadə olunması məhdudlaşdırılan farmakoloji vasitələr, qida əlavələri və maddələr. İnsan orqanizminə xüsusi zərər vuran və nəzarətə ehtiyacı olan vasitələrə dopinqlər və dopinq metodları (manipulyasiya) aid edilir.
Farmakoloji təsirinə görə dopinqlər 5 sinfə bölünür:
1. psixostimulyatorlar (amfetamin, efedrin, kofein, kokain və s.);
2. narkotik vasitələr (morfin, alkoloidlər - opiatlar, promedol, fentanil və s.);
3. anabolik steroidlər (testosteron və onun törəmələri, metan-drostenolon, retabolil, androdiol və s.), həmçinin anabolik peptid hormonallar (somatotropin, qonadotropin, eritropoetin);
4. betta-blokatorlar (anaprimin, propranolol, oksprenalol, nadolol, atenolol və s.);
5. diuretiklər (novurit, dixlotiazid, mrosemid (laziks), klopamid, diakarb, veroşpiron və s.).
Dopinqlər bioloji fəal maddələr olub, heyvan və bitki orqanizmlərdən alınır və ya süni surətdə sintez olunur (təbii dopinqlərin analoqu şəklində). Bir çox dopinqlər qrip, soyuqdəymə və s. xəstəliklərin əleyhinə dərmanların tərkibində olur, ona görə də idmançılar dərman qəbul edən zaman komandanın həkimi ilə hökmən məsləhətləşməlidirlər (xüsusilə de beynəlxalq yarışlar ərəfəsində).
Dopinq metodlara müxtəlif manipulyasiyalarda qan dopinqləri aid edilir (qadınlarda ovulyasiyanın sıxışdırılması və s.).
Ayrı-ayrı siniflərə aid dopinqlərin orqanizmdə bioloji təsiri müxtəlifdir. Belə ki, psixostimulyatorlar idman işgüzarlığım MSS-nin, ürək-damar və tənəffüs sisteminin fəaliyyətini aktivləşdirmək yolu ilə yüksəldir. Bu zaman skelet əzələlərinin təqəllüs aktivliyi, energetikası yüksəlir, idmançının öz gücünə inamı artır, yorğunluq aradan götürülür, nəticədə bu orqan və sistemlərin funksiyaları həddən artıq gərginləşir, enerji ehtiyatları tükənir. Narkotik maddələr ağrı hissini sıxışdırır, yorğunluğun baş verməsini uzaqlaşdırır. Anabolik steroidlər zülalların sintez prosesini gücləndirir, parçalanmasını isə azaldır. Ona görə də bu, əzələlərin inkişafına təkan verir, eritrositlərin miqdarının artmasına, fiziki yükə qarşı orqanizmin adaptasiyasının sürətlənməsinə, bərpa proseslərinin yüksəlməsi və bədənin kompozisiya tərkibinin yaxşılaşmasına səbəb olur. Beta - blokiatorlar adrenalin və noradrenalin hormonlarının effektinin əksinə təsir göstərir, idmançını sakitləşdirir, fiziki yükə qarşı orqanizmin adaptasiyasmı yüksəldir. Diuretik hormonlar və ya sidikqovucu vasitələr orqanizmdən suyun, duzların və digər kimyəvi maddələrin qovulmasını gücləndirir, bədən kütləsini azaldır və qadağan olunmuş maddələrin orqanizmdən qovulmasına şərait yaradır.
Qeyd etmək lazımdır ki, sadalanan dopinq sinifləri arasında ən çox anabolik steroidlər qəbul olunur. Ağır atletikada, pauerliftinqdə, bodibildinqdə onları kişilərin 90%-i, qadınların isə 20%-i qəbul edir. Digər idman növlərində bunlar nisbətən az dərəcədə qəbul olunur (futbolçular 78%, sprinterlər 40%). Bu zaman qəbul olunan dozalar dəfələrlə artırılır və 5-10 mqr əvəzinə, 300 mqr, hətta 2 qr çatdırıla bilər.
Mənbə İdman Biokimyası dərsliyi 2-ci cild
Müəllif Q.M.Məmmədyarov,S.A.Əliyev

Top