Yer qabığının inkişafının müxtəlif mərhələlərində vulkanizm və süxurların metamorfizmi (yüksək təzyiq və temperatur şəraitində dəyişməsi) ilə müşayiət olunan dağəmələgəlmə prosesləri baş vermişdir. Yerin geoloji inkişafında 5 əsas dağəmələgəlmə (qırışıqlıq) mərhələsi ayrılır.
Baykal qırışıqlığı zamanı yaranmış dağlar, demək olar ki, qalmamışdır (Baykalətrafı dağlar istisna olmaqla). Bu dağlar qədim platformaların bünövrəsini təşkil etmiş, hamarlaşaraq düzənliklərə çevrilmişdir.
Kaledon və Hersin dağəmələgəlməsi dövrlərində Tyan-Şan, Altay, Sayan dağları, Qazaxıstan xırda təpəliyi, Skandinaviya, Appalaç, Ural, Böyük Suayırıcı, Böyük Xinqan, Drakon, Kap dağları formalaşmışdır. Bu mərhələdə yaranan dağlar qədim dağlar sayılır.
Mezozoy, yaxud Kimmeri qırışıqlığı — Kordilyer, Verxoyansk, Çerski, Sixote — Alin, Tibet, Kunlun dağ sistemlərinin yaranması ilə davam etmişdir.
Alp qırışıqlığı nəticəsində And, Kordilyerin Sahil sıra dağları, Alp-Himalay qurşağına daxil olan sıra dağlar, Asiyanın Sakit okean qurşağının adaları yaranmışdır. Bu mərhələdə formalaşmış dağlar cavan dağlardır. Cavan dağlarda dağəmələgəlmə prosesləri hələ də davam edir.
Mərkəzi Asiyada yerləşən Tyan-Şan, Altay və Sayan dağları Kaynozoyda yenidən tektonik hərəkətlərə məruz qalmış, hündürlükləri artmışdır. Bu səbəbdən onları yenidən törənmiş (cavanlaşmış) dağlar adlandırırlar.
Müəllif: Yaqub Qəribov, Oktay Alxasov, Şərafət Hüseynli, Məhbubə Babayeva
Mənbə:Coğrafiya — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK