Mineral ehtiyatlardan istifadə

Mineral ehtiyatlardan istifadə

Yer kürəsində mövcud olan dəmir, manqan, xromit, kobalt, nikel və uranın 60-90%-dən çoxu Arxey və Proterozoy, yanar şist, fosforit, daş kömür, mis, civə, asbestin yarıdan çoxu Paleozoy, volfram, qalay və almazın xeyli hissəsi Mezozoy, boksit, kükürd, polimetal, kalium duzu, neft və təbii qazın böyük hissəsi isə Kaynozoy erasında yaranmışdır.
Uzun geoloji dövr ərzində formalaşan bu ehtiyatların xeyli hissəsini insanlar qısa zaman kəsiyində mənimsəmişlər. Dünya əhalisinin sayının artması və iqtisadiyyatın yüksək templə inkişafı mineral ehtiyatlara olan tələbatın çoxalmasına səbəb olmuşdur ki, bu da onların tükənməsinə gətirib çıxarmışdır. Mineral ehtiyatların hasilatının artması isə ətraf mühitin çirklənməsi, terrikonların əmələ gəlməsi ilə nəticələnmişdir.
 Qeyri-filiz faydalı qazıntılar da bərpa olunmayan mineral ehtiyatlara aiddir.
Əhəngdaşı, qranit, bazalt, vulkan şüşələri və s. yaşayış evlərinin, sənaye və inzibati binaların tikintisində geniş istifadə edilir. Məişətdə gündəlik istifadə olunan adi duz da tükənən ehtiyatdır. Duzun çatışmazlığı insan orqanizmində ciddi xəstəliklərin yaranması ilə nəticələnə bilər.Mineral ehtiyatların miqdarı sabit deyildir. Son texnologiyaların tətbiqi yeni yataqların aşkar edilməsi ilə nəticələnə bilir. Məsələn, ABŞ, Rusiya və digər ölkələrdə yeni neft yataqları tapılmış və ehtiyatların miqdarı müəyyən edilmişdir. Azərbaycanda isə yeni texnologiHalar əsasında quruda “Qaradağ”, “Gürgan”, “Zirə”, dənizdə isə “Abşeron”, “Bahar”, “Dan ulduzu”, “Ümid” və “Şahdəniz” kimi təbii qaz yataqlarının ehtiyatı hesablanmışdır. Yer qabığı metallurgiya sənayesi üçün xammal əhəmiyyəti olan təbii ehtiyatlarla zəngindir. Lakin onların əksəriyyəti potensial ehtiyatlar (gələcəkdə istifadə oluna biləcək ehtiyat) hesab olunur. Potensial ehtiyatların xeyli hissəsi yerin daha dərin qatlarında yerləşir. Onların tərkibinin “kasıb” olması istehsalın iqtisadi səmərəliliyini azaldır. Ehtiyatların dağlıq ərazilərdə yerləşməsi isə daşınmalar zamanı əlavə nəqliyyat xərcləri tələb edir.
Mineral ehtiyatlardan səmərəli istifadə dövlətin daim diqqət mərkəzində olan strateji məsələ olduğundan onlardan kompleks istifadə edilməsi üçün müxtəlif yollar tətbiq edilir.
Mineral ehtiyatlardan səmərəli istifadə yolları
  • Yataqda olan ehtiyatın tam hasil olunması
  • Tərkibində filiz olan tullantılardan təkrar istifadə
  • Filiz tərkibi «kasıb» olan süxurların emala cəlb olunması
  • Xammaldan kompleks istifadə
Mineral ehtiyatların bərpa olunmayan xüsusiyyəti onların yeni süni əvəzedicilərinin axtarışını və tətbiqini tələb edir.


Müəllif: Nərminə Seyfullayeva,Zaur İmrani,Yelena Şabanova
Mənbə:Coğrafiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Coğrafiya fənni üzrə Dərslik
Top