Litosfer tavaları və onların hərəkəti

Litosfer tavaları və onların hərəkəti

Güman edilir ki, Yerin geoloji inkişafı dövründə okean və quru sahələrinin formalaşması, yerləşdiyi ərazilər və tutduğu sahələr daim dəyişmişdir. Ona görə ki, Yer qabığı böyük parçalar formasında mantiyanın üzərində daimi olaraq müxtəlif istiqamətlərdə hərəkət edir. Bu hərəkət ildə bir neçə sm-dən 8-10 sm-ə qədər sürətlə davam edir. 
Yer qabığı üst mantiya ilə birlikdə bərk təbəqə olan litosferi əmələ gətirir. Bu təbəqə litosfer tavaları adlanan ayrı-ayrı parçalardan ibarətdir. Onlar litosferin geniş ərazilərini əhatə edən hissələridir. Litosfer tavalarının qalınlığı 50-200 km arasında olur, üst mantiyanın yumşaq plastik təbəqəsi olan astenosfer üzərində üfüqi istiqamətdə “sürüşür”. Mantiyanın üst hissəsində maddələrin yerdəyişməsindən əmələ gələn qüvvə litosfer tavalarının hərəkətinə səbəb olur. Mantiyadan Yer səthinə doğru qalxan güclü maqma axını litosfer tavalarını hərəkət etməyə məcbur edir. Yer səthində relyefin formalaşması, materiklərin yerdəyişməsi və formasının dəyişməsi litosfer tavalarının hərəkəti ilə bağlıdır.
 
Sərhədlərinin keçməsindən asılı olaraq materik və okean tipli litosfer tavaları ayrılır. Əhatə etdiyi əraziyə görə litosfer bir neçə iri tavaya bölünür. Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Hind-Avstraliya, Antarktida və Sakit okean Yer üzərində ayrılan əsas litosfer tavalarıdır. Yerdə bir neçə kiçik litosfer tavaları da ayrılır (Filippin, Karib, Ərəbistan, Kokos və Naska). Sakit okean yalnız okean yer qabığına, digər əsas litosfer tavaları həm materik, həm okean yer qabığına malikdir. 

Litosfer tavalarının hərəkət istiqaməti və sərhədlərin forması
Litosfer tavalarının yaxınlaşma sərhədləri konvergent sərhədlər adlanır. Litosfer tavalarının kənarlaşma sərhədlərinə divergent sərhədlər deyilir. Kiçik tavalardan Ərəbistan materik tipli, qalanları isə okean tipli yer qabığından ibarətdir. 

Litosfer tavalarının hərəkət sxemi

Litosfer tavalarının hərəkətinin nəticələri 

Dünyanın bəzi ölkələrində yaşayan insanları zəlzələlər və ya vulkanların püskürməsi narahat etmir. Yaponiya, İndoneziya, Çili, Peru, İran və s. ölkələrdə isə dəfələrlə minlərlə insan qabaqcadan xəbər verilməsi mümkün olmayan bu təbii fəlakətlərin qurbanı olmuşdur. Bu ərazilərdə vulkanlar və zəlzələlərin baş verməsi təhlükəsi daim yüksəkdir. 

Alman alimi Alfred Vegener 1912-ci ildə materiklərin üfüqi hərəkət etməsi fikrini irəli sürmüşdür. XX əsrin 60-70-ci illərində Yerin quruluşu haqqında fikirlərin inkişaf etməsi və kosmosdan çəkilən şəkillər A.Vegenerin nəzəriyyəsinin doğruluğunu sübut etdi. Litosfer tavaları sərhədlərinin yerləşməsindən asılı olaraq üç hərəkət istiqaməti fərqləndirilir:
 
1) Okean tipli yer qabığına malik olan iki litosfer tavası bir-birindən kənarlaşır. Nəticədə vulkan püskürməsi ilə orta okean silsilələri yaranır (məsələn, Şimali və Cənubi Atlantika silsilələri). Onların zirvələri olan Azor, İslandiya, Müqəddəs Yelena, Pasxa adaları okeanın səthindən yuxarı qalxaraq adalar əmələ gətirir. Litosfer tavalarının uzaqlaşması nəticəsində Atlantik və Hind okeanlarının sahələri artır. Okean tipli litosfer tavalarının sərhədləri boyu yerləşən kənarlaşma zonalarında əmələ gələn dərin tektonik çatlar rift dərələri adlanır.
 
2) Materik tipli yer qabığına malik olan iki litosfer tavası toqquşur. Bu zonalar konvergent sərhədlər adlanır. Nəticədə quruda iri dağ sistemləri yaranır. Avrasiya, Afrika və Hind-Avstraliya tavalarının toqquşması nəticəsində Alp-Himalay qurşağına aid dağlar yaranır.
 
3) Materik və okean tipli yer qabığına malik olan iki litosfer tavası birbirilə toqquşarkən sahil boyu quruda dağlar, okeanda dərin okean çökəklikləri (novlar) yaranır. Məs.: And dağları və Peru çökəkliyi. Bəzən novlara paralel olaraq adalar qövsü əmələ gəlir. Məs.: Aleut adaları və Aleut novu, Marian adaları və Marian novu.
 
Materik və okean tipli yer qabığına malik olan litosfer tavalarının hərəkəti nəticəsində Sakit okeanın sahəsi tədricən azalır.
Materik tavalarının yaxınlaşma sərhədi
Yerin geoloji inkişafının ilkin mərhələsində onun səthi əsasən su ilə örtülmüş, qurunun sahəsi çox kiçik olmuşdur. Litosfer tavalarının bir-birindən kənarlaşması nəticəsində onların səthində dərin çökmələr əmələ gəlmiş, su sahəsi böyümüş, okean və dənizlər geniş ərazi tutmuşdur. Sonrakı mərhələdə isə litosfer tavalarının bir-biri ilə toqquşması nəticəsində dağəmələgəlmə prosesi güclənmiş, Yerin səthində qalxmalar baş vermişdir. Qalxmalar nəticəsində qurunun sahəsi genişlənmiş, okeanın səthi isə kiçilmişdir.
 
Avrasiya və Ərəbistan litosfer tavalarının sərhədində yerləşən Azərbaycanda da tektonik proseslər müşahidə olunur. Burada qırılma zonaları yaranmışdır. Onun əsasında respublika ərazisində 5 tektonik zona ayrılır. 

Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün COĞRAFİYA dərsliyi
Müəlliflər: Zakir Eminov, Qabil Səmədov, Aygün Əliyeva
Top