Litosfer tavalarının toqquşması və bir-birindən aralanması nəticəsində Yer səthində hündürlükləri müxtəlif olan nahamarlıqlar yaranır. Bu nahamarlıqlar cəminə
relyef deyilir. Yer səthinin relyefini
geomorfologiya elmi öyrənir. Geomorfoloji xəritələr də relyef tipləri və formaları təsvir olunur. Relyef 2 böyük qüvvənin-daxili (endogen) və xarici (ekzogen) proseslərinin təsiri ilə yaranır.
Endogen mənşəli relyef formaları —
morfostruktur (daha böyük ölçülü olur. Məs. okean və qurudakı sıra dağlar, dağarası çökəkliklər və s.); ekzogen mənşəli relyef formalarına isə —
morfoskulptur (daha kiçik ölçülü olur. Məs. yarğan, qobu, çay dərəsi, moren tirələri və s.) adlanır. Əgər endogen qüvvələr yer səthində kələ-kötürlük yaradırsa, ekzogen qüvvələr yaranmış bu relyefi hamarlamağa çalışır. Endogen və ekzogen qüvvələrin qarşılıqlı fəaliyyəti relyefin müsbət (qabarıq) və mənfi (çökək) formalarını əmələ gətirir.
Planetimizin ən iri müsbət relyef formaları — materik çıxıntıları, mənfi relyef formaları isə-okean çökəklikləridir. Həm materikdə, həm də okeanlarda relyef dağlıq və düzənlik kimi 2 əsas formaya ayrılır. Ölçülərinə görə relyef formaları 5 qrupa bölünür.
- Relyefin planetar formaları-sahəsinə görə ən iri relyef formalardır.
- Meqaforma (çox böyük deməkdir)-relyefin planetar formalarının tərkib hissəsidir.
- Makroformalar (makro iri deməkdir)-meqaformaların tərkib hissəsidir.
- Mezoformalar (mezo orta deməkdir) makroformaları təşkil edir.
- Mikroformalar (mikro kiçik deməkdir)-ən kiçik relyef formalarıdır.
Okean dibinin relyefi-dağ və düzənliklərdən ibarətdir. Okean dibinin relyefi, quru səthindən fərqli olaraq, əsasən, endogen proseslərin hesabına formalaşıb. Okean dibinin düzənlikləri 3 yerə ayrılır.
- Şelf (və ya materik dayazlığı) — dərinliyi 200m-ə qədər olan dayaz dəniz suları ilə örtülü olan akkumlyativ düzənliklərdən ibarətdir. Okean sahillərini əhatə edən bu sahələrin meylliyi 10-dən azdır. Şelf zonası dünyanın ən mühüm balıqçılıq regionudur. Bu zonadan həm də bir sıra faydalı qazıntılar, məs. neft-qaz çıxarılır. Dünyanın Ən iri şelf düzənlikləri Şimal Buzlu okeanında yerləşir.
- Materik yamacı düzənlikləri 200-2000 m dərinlikdə yerləşmiş əraziləri əhatə edir. Materik yamacı düzənlikləri ilə abissal düzənliklər arasında 2,5-3 km dərinlikdə materik ətəyi düzənlikləri yerləşir.
- Okean yatağı(abissal) düzənliklər — okean dibinin ən iri relyef forması olub, Yer kürəsinin yarısını əhatə edir. Qranit təbəqəsi olmadığından bu düzənliklərin qalınlığı materik yer qabığına nisbətən nazikdir.
Okeanda mövcud olan
dərin okean çökəklikləri (novları) materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində yaranır. Dünyanın ən dərin çökəkliyi dərinliyi 11022 m olan Marian çökəkliyi Sakit okeanda yerləşir.
Orta okean dağ silsilələri-okean tavalarının bir-birindən uzaqlaşması nəticəsində yaranır və okean dibinin 15%-ni əhatə edir. Bu dağlar vulkanik mənşəli olduğundan fəal vulkanizmi və seysmikliyi ilə fərqlənir. Orta okean dağ silsilələri zirvələrinin səthə çıxdığı yerlərdə ada əmələ gəlir (məs. Havay, Islandiya adaları). Orta okean dağ silsilələrinin mərkəzində fəal seysmikliyə malik
rift dərələri yaranır. Burada süxurların yaşı daha cavandır.