Yer qabığı müxtəlif minerallardan əmələ gələn süxurlardan ibarətdir.
Mineral - fiziki və kimyəvi cəhətdən kifayət qədər eyni tərkibə malik olan təbii birləşmədir. Yer qabığında 3000-ə qədər mineral var. Bunlardan 50-yə qədəri süxur əmələ gətirən minerallardır. Süxurlar bir və ya bir neçə mineralın birləşməsindən əmələ gəlir. Mənşəyinə görə süxurlar 3 qrupa bölünür: maqmatik, çökmə və metamorfik.
I. Maqmatik süxurlar - maqmanın yer səthində və ya səthə yaxın soyuması nəticəsində yaranır. Maqmatik süxurlar - çökmə və metamorfik süxurların əmələ gəlməsi üçün ilkin materialdır. Maqmatik süxurlar dünyada ən geniş yayılmış süxurlar olub, yer qabığının 95%-ni təşkil edir. Maqmatik süxurlar adətən bərk, ağır və sıx olur. Bu süxurlar 2 qrupa ayrılır;
1. Dərinlik (intruziv) maqmatik süxurlar - maqmanın dərinlikdə yüksək təzyiq şəraitində tədricən soyuduğu üçün ağır, bərk və məsaməsiz olur. Bu süxurlarda kristallaşma tez gedir. Məs: qranit, müxtəlif metal filizləri.
2. Püskürülmüş (effuziv) maqmatik süxurlar - Yer səthinə yaxın və ya səthdə soyuduğu üçün maqma tez soyuyur, nəticədə kristallaşma və mineral əmələ gəlmə prosesi zəif gedir, süxur məsaməli və yüngül olur. Məs: bazalt, vulkanik şüşə, pemza və s.
II. Çökmə süxurlar - Yer qabığında əvvəllər mövcud olmuş çökmə, maqmatik və metamorfik süxurların parçalanması və sonradan çökməsi nəticəsində yaranır. Çökmə süxurları əmələ gətirən amillər - küləyin və Günəş şüalarının səth örtüyünə təsiri, buzlaq və çayların dağıdıcı və yaradıcı fəaliyyətidir. Çökmə süxurlar adətən lay, təbəqə formasında yatırlar. Çökmə süxurlar mənşəyinə görə iki yerə ayrılırlar:
1. Üzvi çökmə süxurlar - uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranır. Məs: neft, qaz, torf, kömür, yanar şist, əhəngdaşı, təbaşir və s.
2. Qeyri-üzvi çökmə süxurlar - digər süxurların parçalanmasından əmələ gəlir. 2 yarımqrupa ayrılır;
a) qırıntı mənşəli çökmə süxurlar - xarici qüvvələrin təsiri ilə bərk süxurların parçalanması və ətrafa yayılması nəticəsində yaranır. Bu süxurlar əvvəl kobud, sonra hamarlanmış şəkildə olurlar. Bura - qum, gil, qum daşı, çınqıl, çaydaşı və s. daxildir.
b) kimyəvi çökmə süxurlara kalium və xörək duzu, gips, mergel, fosforit aiddir. Bu süxurlar suda həllə olmuş maddələrin çökməsi nəticəsində yaranır.
III. Metamorfik süxurlar - yüksək temperatur və təzyiq altında maqmatik və çökmə süxurların dəyişilməsi ilə yaranır. Nəticədə əhəngdaşı - mərmərə, qranit - qneysə, qumdaşı - kvarsitə, qrafit - almaza, nazik şistlər - fillitə çevrilir. («metamorfos» yunanca «çevrilmə» deməkdir.)
Düzənlikdə çökmə, dağlarda - maqmatik, yenidən cavanlaşan dağlarda isə metamorfik süxurlar üstünlük təşkil edir. Çökmə süxurlar yer qabığının səthini örtür. Maqmatik və metamorfik süxurlar isə daha dərində yerləşir. Bəzən onlar güclü aşınma və yuyulma zonalarında səthə çıxırlar.
Maqmatik süxurlar
|
Çökmə süxurlar
|
Metamorfik süxurlar
|
Dərinlik (intruziv)
|
Püskürülmüş (effuziv)
|
Üzvi çökmə
|
Qeyri-üzvi çökmə
|
Mərmər, qneys, fillit kvarsit, almaz
|
qranit, müxtəlif metal filizləri
|
bazalt, vulkanik şüşə və kül, pemza
|
neft, qaz, torf, kömür, yanar şist, əhəngdaşı, təbaşir
|
qırıntı mənşəli
|
kimyəvi
|
qum, gil, qum daşı, çınqıl, çaydaşı
|
kalium və xörək duzu, gips, mergel, fosforit
|
Yer kürəsində yayılmış süxurların yaşını 2 üsulla təyin etmək olar:
1. Nisbi yaş - çökmə süxurların yatma ardıcıllığına görə təyin olunur. Daşlaşmış üzvi aləm geoloji eraları dövrlərə ayırmağa və o dövrün təbii şəraitini bərpa etməyə imkan verir.
2. Mütləq yaş - süxurların tərkibindəki radioaktiv elementlərin (uran, radium, torium, helium, qurğuşun) parçalanma müddətinə görə təyin edilir.
Süxurların yaşını - tapılmış süxur nümunələri ilə, aerofotoşəkil və süni peyklərlə müəyyənləşdirilir.