Qurunun dağ və düzənlikləri

Qurunun dağ və düzənlikləri

Zirvəsi, ətəyi, yamacı aydın nəzərə çarpan, nisbi hündürlüyü 200 m-dən artıq olan müsbət relyef formasına dağ deyilir. Əgər bu tip relyefin nisbi hündürlüyü 200 m-dən azdırsa, ona təpə deyilir. Təpə nisbətən hamar zirvəyə və az meyilli yamaca malik olur.
Yer səthində dağlara, adətən tək halda rast gəlinmir. Dağlar adətən zəncir şəklində uzanır ki, belə dağlara sıra dağlar deyilir. Dünyanın ən uzun dağ sistemi Cənubi Amerikanın qərbindəki And dağlarıdır. Onun uzunluğu 9 min km-dir.
dağlar və düzənliklərDağlar – onların ən yüksək nöqtələri olan zirvədən, bu zirvələri birləşdirən suayrıcından, iki zirvə arasında qalan nisbətən az meylliyə malik olan aşırımdan, dağları düzənlikdən ayıran ətəkdən ibarətdir. Zirvəni ətəkdən ayıran meylli sahə yamac adlanır. Paralel uzanan sıra dağlar dağarası çökəkliklər vasitəsilə bir-birindən ayrılır. Əgər sıra dağlar kəsişirsə, onlar dağ qovşaqlarını yaradır. Şiş uclu zirvələrə pik deyilir.
Dünyanın ən nəhəng dağlıq qurşaqları Kordilyer-And, Sakit okeanın qərbindəki müasir geosinklinal qurşaq və Alp-Himalay qurşaqlarıdır. Alp-Himalay qurşağının digər qurşaqlardan başlıca fərqi qərbdən-şərqə doğru Avropa və Asiya qitələrini əhatə etməsidir. Bu qurşaq fəal seysmikliyi ilə seçilsə də fəaliyyətdə olan vulkanlar yalnız Aralıq dənizi bölgəsində yerləşir. Bu qurşağa – Pireney, Alp, Karpat, Qafqaz, Pamir, Krım, Pont, Tavr, Kopetdağ, Himalay dağları aiddir. Bu dağların hamısı Kaynozoy erasındakı Alp qırışıqlığı nəticəsində yaranıb. Dünyanın ən uca zirvəsi (8848 m) Çomolunqma (Everest) bu qurşaq daxilindədir. Havay adalarındakı Manua-Kea dağının okean səviyyəsindən mütləq hündürlüyü 4200 m, su altı hissəsi isə 5840 m-dir. Beləliklə bu dağın ümumi hündürlüyü (4200+5840=) 10040 m-dir. Okean səviyyəsini nəzərə almasaq bu dünyanın ən uca zirvəsidir.
dağın quruluşuMənşəyinə görə dağlar qırışıqlı, qırışıqlı-faylı, faylı və vulkanik olur. Dünyanın ən hündür vulkanik dağı Cənubi Amerikadakı Çimborasodur.
Hündürlüyünə görə dağlar 3 yerə ayrılır:
1. Alçaq dağlar – mütləq hündürlüyü 1000 m-ə qədər.
2. Orta dağlar – hündürlüyü 1000 m-dən 2000 m-ə qədər.
3. Hündür dağlar – hündürlüyü 2000 m-dən çox.
Yaşına görə dağlar 3 qrupa ayrılır:
1. Cavan dağlar – mezozoy və kaynozoy yaşlı olub, hündür, şiş uclu, torpaqsız, faydalı qazıntıları dərində, endogen qüvvələrin təsiri böyük olur. Cavan dağlarda seysmik proseslər eyni zamanda qar uçqunları və sürüşmələrlə müşahidə olunur. And, Pamir, Atlas, Qafqaz, Karpat və s. cavan dağlara misal ola bilər.
2. Qoca dağlar – proterozoy və paleozoy yaşlı olub, cavan dağların əksi bu dağlar üçün xasdır. Qoca dağlar çox qədimdən mövcud olduqlarından denudasiya nəticəsində aşınaraq hündür olmurlar. Kap, Əjdaha, Appalaç, Böyük Suayrıcı, Ural qoca dağlara aiddir.
3. Yenidən cavanlaşan dağlar – qədim dağların yaxınlığında yeni seysmik zona yarananda həmin dağlar yüksəlməyə məruz qalır, kəskin qırışır. Metamorfik süxurlar yaranır. Məsələn: Pribaykalye, Sayan, Altay, Tyan-Şan.

Yerin geoloji inkişaf tarixində 5 dağəmələgəlmə mərhələsi baş verib. Bunlardan – Baykal, Kaledon, Hertsin qoca; Mezozoy və Alp qırışıqlığı isə cavandır. Dünyanın sonuncu dağəmələgəlmə mərhələsi olan Alp qırışıqlığı hələ sona yetmədiyindən Yer kürəsində tez-tez vulkan və zəlzələlər baş verir.
Tektonik hərəkət nəticəsində o, zaman dağ və yüksəklik yaranar ki, qalxmanın sürəti denudasiyanın (süxurların aşınaraq alçaq sahələrə aparılması) sürətindən artıq olsun. Yer kürəsindəki bütün dağlar geosinklinal ərazilərdə, litosfer tavalarının sərhəddində yaranır.

 

Düzənliklər

Yer səthinin hamar, nisbi hündürlük fərqi 200 m-dən artıq olmayan hamar sahələrinə düzənlik deyilir. Hündürlüyünə görə düzənliklər 3 yerə ayrılır:
1. Dəniz səviyyəsindən 200 m-ə qədər olan düzənliklərə ovalıq deyilir. Məs. Mesopotamiya, Amazon, Qərbi Sibir ovalığı və s. Bəzi ovalıqlar okean səviyyəsindən aşağıda yerləşir. Belə ovalıqlara çökəklik deyilir. Məs. Xəzəryanı, Turan, Kür-Araz ovalığı və s.
2. Mütləq hündürlüyü 200-500 m arasında olan düzənliklər yüksəklik və ya yüksək düzənliklər adlanır. Məs. Şərqi Sibir və s.
3. Hündürlüyü 500 m-dən çox olan düzənliklərə yayla deyilir. Məs. Orta Sibir, Dekan, Əhəqqar, Qiviana, Braziliya və s. Dünyanın ən böyük və ən hündür dağlıq yaylası Tibet dağlıq yaylasıdır (4500 m) .Yayla daha hamar olarsa- plato adlanır. Məs. Ust-Yurd platosu.
Mənşəyinə görə düzənliklər-akkumlyativ və denudasion olur.
a) Akkumlyativ düzənliklərin səthi az kələ-kötür olub, hündürlüyü 200 m-dən az olur. Axar suların, küləyin və buzlaqların fəaliyyəti ilə yaranan bu düzənliklər platformanın çökdüyü sahələrdə, çökmə süxurların gətirib çökdürülməsi nəticəsində yaranır. Akkumlyativ düzənliklər əsasən ovalıqları (çünki hündür olmurlar) əmələ gətirir. Məs. Amazon, Mesopotamiya, Hind-Qanq, Missipi, Turan və s. Çay çöküntülərinin çökək ərazilərdə toplanması nəticəsində allüvial düzənliklər yaranır. Məs. Kür-Araz ovalığı.
b) Denudasion düzənliklər platformanın qalxmış hissələrinin aşınması və parçalanması nəticəsində yaranır. Bu düzənliklər adətən qədim dağların yerində yarandığından nisbətən hündür olur və əsasən yaylalara çevrilir. Məs. Dekan, Qviana, Orta Sibir yaylaları. Denudasion düzənliklərdə xarici qüvvələrin təsiri ilə aşınma nəticəsində bərk süxurlardan ibarət olan dağlar qəribə formalar alır ki, bu cür relyef formalarına «Şahid dağlar» deyilir.
Bütün düzənliklər litosfer tavalarının mərkəzində, platformalarda yerləşir.
Səth quruluşuna görə düzənliklər-hamar, dalğavari, maili, qabarıq və batıq olur.

Top