Həsrət və məhəbbətin heykəli - İVAN BUNİN

Həsrət və məhəbbətin heykəli - İVAN BUNİN

Lev Qumilyevin "Qədim Rus Böyük Çöl" əsərində göstərildiyi kimi, "Hələ Mərkəzi Rus dövləti yaranandan çox-çox əvvəl xristianlaşıb, ruslara qaynayıb-qarışan Aksakov, Arakçeyev, Axmatov, Bulqakov, Qodunov, Buxarin, Karamzin, Turgenyev, Yusupov, Ermolov, Koçubey, Saltıkov, Raxmaninov, Korsakov, Suvorov, Timaşev, Uşakov, , Miçurin Kurakin... kimi saysız türk ailələri içərisində Buninlər də var idi (Qumilyev L.N. Göstərilən kitab (rus dilində) s.538).
İvan BuninBuninlər bir çox məşhur Qızıl Orda ilələri kimi 1312-ci ildə hakimiyyətə gəlmiş Sultan Məhəmməd Özbək xanla yola getməyib, Rusa pənah gətirmışdilər. Var-dövlət hərisliyinə görə Kalita "pul kisəsi" ləqəbi daşıyan Böyük Moskva knyazı Ivan Kalitadan (kalita türk dillərində "qayışdan, kəmərdən asılı pul kisəsi, çanta, torba" deməkdir. Dilimizdə "xalta" (enli qayış) şəklində yaşayır) inayət görərək Ryazan vilayətində öz mülk torpaqlarında yaşayırdılar.

Bu ailənin törəmələrindən olan məşhur rus yazıçısı Nobel mükafatçısı Ivan Buninin anası da türk əsilli nəsillərdəndir. Anasının qızlıq familiyası Çubarova idi. Radlov lüğətində çubar sözünün "xallı, çopur" mənası daşıdığı qeyd olunur. Müasir tatar dilində də çubar rənginə görə at cinsi adlarındandır. Rus dilindəki qədim türk sözlərindən olan çubarıy sözü də buradan keçmişdir. Gənc Bunin Oryolda ilk müxbirliyi zamanı oçerklərini Çubarov imzalayırdı. Bunin ömrü boyu öz familiyası ilə öyünmüş, hər zaman böyük rus şairi Jukovskinin qohumu olduğunu qürurla qeyd etmiş və heç zaman da onun anasının əsir türk qızı Səlihə olduğunu deməyi unutmamışdı.

Xasiyyətcə darqursaq, öcəşkən Ivan Buninin yaradıcılığında isə qələm sahibinin sərtliyi və qabalığı elə sığallanır, hamarlanırdı ki, nəhayət, əriyib gedirdi. Yerində isə o ecazkar qələmin bəxş etdiyi nəşə qalırdı, sehrli səslərin, rənglərin, günəşin, yağışın, küləklərin, qarın... kədərlə hopduğu elə kədərli də təbiət - eyni qələmlə çəkilmiş, adi gözlərin görüb duya bilmədiyi gözəlliklər, daha doğrusu, məhəbbət üzə çıxırdı və yaddaşlara keçirdi. Bu məhəbbət gün istisi kimi vurub qarsır, yandırıb qovurur, ağlagəlməz dəliliklər, üsyanlar qoparır, dünyanı yerindən oynadan vulkan oduna çevrilə bilirdi. Həmin məhəbbət bu gün də heyrət və təhsinlər oyadır. Damarda qanı coşdurur, artıq yeni təkanla bu qan ürəyə axır, onu yeni sevdalara, görünməmış xariqə meyllərə çəkir. Sağına-soluna boylanırsan. Bu məhəbbəti arayırsan, nigarançılıq səni sarır. Ömür boyu... Özü çəlimsiz, arğaz oğlan idi. Elə beləcə də şümal, yeniyetmə görkəmində ömrünün səkkizinci onilliyinə adlamışdı.

Bu uzun çəkən gənclik, qəlb təravəti onu məhəbbətdən uzaq düşməyə qoymadı. Onu həmışə məhəbbət macəralarının, romanların mərkəzində saxladı. O, 60 yaşını keçhakeçdə dostlarına qadına olan ilahi duyğularının daha da yüksəldiyini etiraf edirdi. Elə bil məhz bu hisslər özü onun qəlbinə gözəllik və mərhəmət axıdırdı.

Ömrün qürubunda Ümmül-Banu ilə tanış olmuşdu. Onları general Loxvitskinin qızı Teffi təxəllüslü mühacir yazıçı tanış etmışdi, tərcüməçi kimi.

Ümmül-Banunu Paris parisli edə bilməzdi. Özü istəsə də. O, Şərqli qızı idi. Bakıdan getmişdi. Gözəl idi, amma daha çox ekzotik, effektli Şərqli görünüşdə. Cazibəsi artıq idi. Model ışləmişdi. Indi isə yazmağa ehtiyac duymuşdu. Yaşı qırxı keçirdi, içində özündən xəbərsiz doğulub böyüyən nisgil ona Bakı xiffətini yedirirdi.

Axı Bunin belə qızı ömrü boyu gəzmışdi də, gözləmişdi də. Əsərlərində təsvir etdiyi türkanə gözəlliklərə aludəliklə gör neçə illərmış bu qızdakı qaşı-gözü çəkirmiş. Bilə-bilə bu gözlərə füsunkarlığı, dodaqlara gül təbəssümü, qəlbə coşğun Şərq ehtirasını doldururmuş. Rus ədəbiyyatında ən gözəl qadın portretləri yaratmişdı. Bütün əsərlərində qəhrəman qadındır; hamısı da bir nəfər kimi şərq qadınıdır, görkəmi ilə də, xarakteri ilə də. Bu qadınlar o qədər möhtəşəm və ali idi ki, nə qədər mükəmməl yaradılsa belə kişi obrazları bu surətlərə fon kimi xidmət edirdi. Fövqəladə gözəllərin - gözəlliklərin təsvirində epitetləri də türkləşirdi - "türk kimi gözəl, türksayağı qəşəng", "Şamaxı şahzadəsi" və s. Bu qadınlardakı məhəbbətə, eşqə, divanə sevgilərə - öz yaratdığına vəcdlə vurulurdu. Bu görüş ərəfəsində yenicə yazdığı "Təmiz bazar ertəsi" əsərindəki qızı - əsərin qəhrəmanı ilə yanaşı, oxucunu da başdan edən o qaragözlü qızı - indi Ümmül- Banu adında tapmışdı. O qızı ki, Bunin Moskvanın qarlı küçələrinə, qapı-pəncərələrini buz örtmüş evlərinə, kirŞələrinə, kəsif qoxulu restoranlarına yaraşdıra bilmir. Gözləri önündə bu qızın Şahanə gözəlliyi dursa da, xəyal isə Astarxan... Iran ...Hindistan... deyə-deyə buralardan uzaqlaşır; baharın-günəşin heç vaxt tərk etmədiyi, gecəsi gündüzündən yaraşıqlı, ətirli, isti şərqə uçurdu. Cazibəsinə qul olduğu bu şərqli qızı nə boz, tutqun göylərə, nə də qarlı səhralara yaraşdıra bilirdi.

Maksim Qorki Buninin şərq sevgisini öz böyüklüyündə yaxşı duya bilmiş, bu sevgini Buninin "irsi sevgisi" adlandırmışdı. Şərqə vurğun idi! Şərqi adətlərə, xarakterlərə aludə idi. Xeyli qabaq vəsiyyətini etmışdi: - Öləndə üzüaçıq yox, üzübağlı, hörmətlə dəfn olunmaq.

Dostluqda möhkəm, etibarlı idi, sözünün də ağası idi. Dostları ilə təpədəndırnağacan bitkin, bütöv, səmimi idi. Odur ki, ayrıca Bunin-Çexov, Bunin-Qorki, Bunin-Kuprin, Bunin-ialyapin... deyə əhdi-vəfadan söz açmaq olar. Qardaşlarını, xüsusən böyük qardaşım lap Şərqli ehtışamı ilə sevirdi. Ona elə bağlı idi ki, bu məhəbbət adamın yadına şərq nağıllarını salır. Bu qardaş aclıq çəkən Rusiyada qalıb acından öləndə bu xəbər Parisdə Buninə çatanda o elə kədərlənmışdi ki, yaxınları onun sağlığı üçün qorxuya düşmüşdü. Qadınlara necə iltifatlı, necə vurğun idi! Təsadüfi yol əyləncəsinin səbəbkarı bir dəfə gördüyü bir qadını da, ömrünü verdiyi qadını da bir tuturdu; xatirələrinə eyni ehtiram, eyni sayqı. Atəşin duyğuların ortağı olan ilk qadın bir ömürlük yrılıqdan sonra yuxusuna girirdi və onda könül təbəddülatları yarada bilirdi. Gündəlikdən xəsis - lakin içindən yanan, döyünən duyğularını köpürən cümlələr xariqüladə hekayələrə keçirdi. Bu qadınların nə əlinin tumarını, nə dəli öpüşlərini unudurdu; paltarlarının lap xəlvəti qırçınlarından tutmuş gün yandırmış boynunun qıdıqlayıcı ləzzəti də yadında qalmışdı. Əsil Şərqli kimi sevirdi. şərqli kimi qısqanırdı. Bu qısqanclıqlar içində neçə dəfə ölümə yaxın gəlmişdi. Bu hisslər, sarsıntılar, zəlzələlər yazıya köçürülür, gözəl, parlaq, zəngin, ilahi qadın portreti doğururdu. Bunin qadını mələk qədər ecazkar nəqş edirdi. Heç dünya özü, həyat belə nə qadın qədər, nə eşq qədər Şirin deyildi. Bunin şərqli kimi də əzab çəkirdi; nəşəsiz, əsəbi, dərdli gəzirdi günlərlə; ürəyində isə məhəbbəti daldaladır, ildən illərə keçirirdi. On üç dəfə Istanbulda olmuşdu! Bu şəhərə də vurulmuşdu, onun tarixinə də -taleyinə də. Hələ ilk gəlişindən ondan qırsaqqız olub yapişan yunan keşişciyəzi onu naqqallığı ilə bezdirsə də yazıçı vəcdlə Istanbul mənzərəsinə baxır, ayağını torpağa basan kimi ağlar səslə onu "Vizantiya yadigarları" deyə naftalinli "tarixlərə" çəkmək istəyən bu həyasız yunandan yaxasını qurtarır. Bunini ölü Vizantiya xatirələri yox, islamın bu torpaqlardakı nailiyyətləri, yaratdığı bərəkətli, köklü mədəniyyəti cəzb edirdi. Hətta məşhur Aya-Sofiyanın sonradan islam abidəsinə çevrilməsindən sevinc duyur; Islam mədəniyyəti, türk incəsənətinə xüsusi aludəlik göstərir, Istanbulu bir islam Şəhəri kimi təqdir edir; ayağını pak suların yuduğu inzibati binadan çox, yazıçıya füsunkar cənnət guşəsi kimi görünən sultanlar sarayını vəsf edir. Nə olsun, ulu babaları Özbək xandan qatı müsəlman qaydaları tətbiq etdiyinə görə qaçıb uzaqlaşmışdılar.

Arvadı, daha doğrusu, keşməkeşli həyatının ortağı, könül dostu Vera Muromtseva bunları sezirdi, bunu təbii hal sayırdı. Bunini türk tarixi maraqlandırır, coşdurur, vəcdə gətirirdi. Gəmi Istanbula yaxınlaşdıqca gözlərindən sevgi, riqqət yaşları axıdırdı. Bu şəhəri on üç dəfə görsə də. Sonradan kef-ışrət oylağına çevrilən Istanbulu dövrələyən bu dənizlər nə qədər davalar görmüş, köksündə Vətəni qoruyan hərb qalalarını qürurla saxlamış, bu sulara nə qədər Şəhid qanı tökülmüş. Bunin bu qanlı tarixə sevgi və hörmətlə baxa bilir. Bu dənizin sularında əks-sədasını saxlayan türk bağrından qopan fəryadları eşidə bilir. Göz yaşları ilə oxuduğum - oxuduğumuz əsərlər var! Buninin "Fəryad" hekayəsi var. Rus anası yüz ildən bir, bəlkə min ildən bir Bunin kimi yazıçı doğa bilər. Hekayəni oxuduqda bu qəlbə, bu ədalətə heyran qalırsan. Bu gün rus ziyalıları arasında Bunin kimi yazıçının olmadığına yana-yana təəssüf edirsən. Bu əsərdə qismətə, taleyə inanıb boyun əyən bədbəxt atanın oğul dərdi, itirdiyi əzizlərinə, dağılmış yuvasına olan məzlum sevgisi bu saf, sadə həyat tərzindən çox-çox uzaq olan rus yazıçısını riqqətə gətirir. Gəmidəki laqeyd, yekəxana, sərxoş rus soldatlarını "it" adlandırır, bu bədbəxt türkə rəğbət və məhəbbətlə yanaşır, onu özünün qəm ortağı zənn edir. Hekayədəki türkün qanlı hərbdə itirdiyi oğlunun adı Yusifdir. Bunin bunu da bilir, oğul dərdi ilə gecə-gündüz iztirab çəkən Yaqubu da, ümumbəşəri etiqadda kök salan əzəli insan faciəsinin ortaqlığını da. Ömründə çox səyahətlər etmış yazıçı bu aciz kişinin öz dərdini rus əsgərlərinə bir Şərq istiqanlılığı və açıqürəkliliyi ilə necə nağıl etdiyini, əsgərlərinsə onu dolayıb ələ saldığını gördükdə iki əxlaq, iki zidd olan (müqayisə bu tərəflərdən birinin xeyrinə olmasa da) qüvvə görür. Gəmi Istanbulun yanından gecə keçirkən onun sirli, nağılvari gözəlliyinin soyuq, biganə fonunda ata dərddən, iztirabdan səsi kəsilə-kəsilə "Yusuf" deyə fəryad etdikcə yazıçı tab gətirmir. Onun oğlu əyalətdən gəlib bu dünyanı çalın-çarpaz bölmüş cəbhələrə Istanbuldan yola düşmüşdü. Balkan hərb meydanları, ya da Azərbaycanın qanlı cəbhələri ola bilərdi. Yazıçı atanın özü qədər mütəəssir olur: Istanbul onun heç kimə gərək olmayan miskin həyatına və Yusifin gözəl cavanlığına necə qıymışdı?

...Bunin Şedevrlərini Rusiyadan uzaqlarda yaratdı. Amma Rusiya bundan nə kiçilməli, nə də ağlamalıdır. Çünki yazıçının təsvir etdiyi adamlar rusiyalı idilər və ya Rusiyadan tanıdığı adamlar idilər. Öz həvəsi və taleyi ilə. Hətta göyün ulduzları da, yazıçının daha çox cəzb olduğu ay da Rusiya səmalarında gördüyü və elə bil gözlərində elə o zamandan şəklini sıxıb saxladığı ayın işıqlı mənzərələri idi. Bunin təbiət lövhəsini də insan qəlbi kimi həssaslıqla nəqş edə bilirdi. Yarpaqları tökülmüş, xəzan qoxusu çökmüş, əslində labüd ayrılığı göz altına almiş iki aşiqin dərdinə ağlayan, nəm və kədərli bağ və ya palıdların vahiməli xışıltısını da saxlayan, ilk baharın nəşəsi dolan, ormanı andıran böyük bağ... Quşların coşqun nidaları, ilıq gecə, heç nədən yuxusunu itirmiş, qəlbinə ilk sevda düşən yeniyetmə, üz-üzə qaldığı sevgi dolu bu təbiət qədər oynaq aşiq, vurğun oğlan... hamısını Vətəndən gətirmişdi.

Özü dediyi kimi oradan ki, çölləri əzəmətli, hökmlü və hörmətkar xan kurqanları, Şəhərləri Batıdan qalma körpülü Rusiyadan. Və Buninin yenidən qazandığı kədər və tərki-dünyalıq, əsəbilik-qısqanclıq hamısı Vətən nemətləri idi. Itirilmiş Vətənin töhvələri - ağrıları idi.

Bunin bir Şərqli kimi yurd-yuva göynərtilərini əsil faciəyə çevirmışdi. Qürbəti bütün ölçülərində dərk edib yaşadırdı. Əslində əhlikef atası son mülklərinədək nələri vardısa satmışdı hələ o uşaqkən. Buninin heç zaman nə evi, nə uşağı olmuşdu. Lakin bilirdi ki, ölməyə Vətən yaxşıdır. Oturub kədərli nağıllarını yazırdı. Qonşuluqdasa bir Fransa inəyi böyürür. O isə açıq və kin qarişıq, canını saran yorğunluğu elə canındakı hikkə atəşi ilə yandırıb yox edə bilirdi - göz yaşları ilə Rusiyanı əyalətləri ilə yadına salırdı.

Dönə-dönə o yeri tapıb oxuyur, bəzən bütöv bir cildi o sözlərin kədərini bir daha anmaq, dərk etmək, bəlkə ovutmaq üçün oxuyub ağlayıram. Bəlkə də həmin an vurğun bülbülün dərdli səsindən də mənə dərdli gəlir öz böyük, qaba dərdini daşıyan elə o qaba inək böyürtüsü. Sənətkar ömrü qürbətdə keçirdi. Odur ki, qəhrəmanlarının da çox vaxt təsviri bu ayrılıqqabağı pərişan, nigaran günlərdən başlayır. Onun "Payız" əsərinin qəhrəmanı da çox kədərlidir. Yayda başlayan müharibə payıza girib. O nışanlısı ilə vidalaşmağa gəlib. Bu kədər adi səfərbərlik kədəri deyil. Hamı kədərlidir, çünki qarşısıalınmaz talanlar, məhrumiyyətlər əvvəlcədən duyulur. Rusiyanın az-çox dinclik gördüyü son günləri idi. 14-ün payızı... qırğın gəlir, qarşıda bu bir çovumuş güllə, aclıq, didərginlik - itkinlik ola bilərdi; qarşıdan açıq cəbhələr, soyuq səngərlər, müharibələr gəlirdi. Bu qəhrəmanların yolu cəbhələrə idi. Həmin cəbhədən sağ çıxanların da yolu qürbətə idi. General Denikin taksi sürəcəkdi, Maxno ayaqqabı yamayacaqdı qürbətdə. Dünən cah-calallı, adlı-sanlı adamlar yetim-yavərsiz qalacaqdılar, qapılara düşəcəkdilər. Ürəklərində həzin Vətən duaları oxusalar da, qəlblərində ətirli, yaşıl Vətən bağı salsalar da, onların üzünə bu qapı qıfıllı qalacaqdı ömürlük. ...Dünya varından Buninin bir güclü radioqəbuledicisi vardı. Vətəndən gələn hər bir səsə, xəbərə qulaq asırdı. Mühacirəti yarıda kəsib dönən A.Tolstoyun da, Şahlıq zirvəsinə yüksələn Qorkinin də qalib səsini bir az nifrətlə, bir az həsədlə, bir az da sevgiylə dinləyəcəkdi. Qədim rus şəhərlərinin yeni sovet adına öyrəşə bilməyəcəkdi, amma ətrini duyacaqdı. Uzun ömür yaşayacaqdı. Onu kədər yaşadırdı. Bu kədər özü ölmək istəmirdi. Acıqdan ölmürdü. Onu - Vətənə ən çox gərək olanı, Vətəni ana deyib - ata deyib sevəni Vətəni qoyub qaçmağa məcbur etmişdilər.

Kədər yaşayırdı, acığından onu da yaşadırdı.

Top