( Anna Axmatovaya həsr olunur)
Mənə tatar nənəmin
nadir hədiyyələri
Və xaçlanmama
acı gileyləri vardı
(Anna Axmatova)
...Əsrlərin qovşağında yaşamış rəssam Modilyani 35 yaşın içində öldükdə sevgili qadını Janna Ebütern həmin günün səhəri özünü 6-cı mərtəbədən atıb öldürdü. Ondan sonra yalnız bircə gecə yaşamağa gücü çatmşşdı bu gənc və gözəl qızın. Nə olsun ki, bu böyük rəssam yarımaclıqda yaşayır, üstəlik içir və həşiş çəkirdi. Onların yetim qalan kiçicik qızları böyüdü və atasının - italyan boyakarı və heykəltəraşı Amedeo Modilyaninin bioqrafiyasını yazdı. Anası ilə bir sırada rəssamın həyatında yer tutan qadınları da, onların aşiqanə macəralarını da genış təsvir etdi. Lakin Modilyaninin Anna Axmatova ilə olan sevgisindən yazmağı unutdu. ...Anna toydan sonrakı "ballı ay"ını əri ilə Parisdə keçirməyi hələ qərarlaşdırarkən tale ona öz qəribə, lakin əziz töhfəsini hazırlamışdı. Yox... bu qızıl və cəvahirat dükanından alınan bahalı hədiyyə deyildi. Bu "hədiyyənin" dəyərini heç bir şey ilə ödəmək mümkün deyil. 1910-cu ilin may aymda Parisə gələn Anna Axmatova burada İtaliyadan yenicə gəlmiş bu gənc rəssamla tanış olur və görüşlərin silinməz, pozula bilinməyəcək xatirəsi naminə bir il sonra - 1911-ci ildə təkrar Parisə dönür. Bütün qışı məktublaşmışdılar. Hər ikisi 21 yaşın içindəydi, həyat əllərində dopdolu şərab qədəhləri kimi aşıb-daşırdı. Ən məhsuldar ilində 20 şeir yazacaqdı. Bu əmək qələbəsi idi! Axı bunlar əsil incilər idi. Istər alın təri, istər cəvahirat dənələri olsun. Anna hələ çox gənc ikən şöhrətlənmişdi. Onun şeirlərindən tünd şərab kimi dərhal məst olurdular, bunu özü də bilirdi, həm də bu şeirlərdən az olmayan qadın cazibəsinə malik olduğunu da duyurdu. Bu zamandan öz boy-buxunu, eyni zamanda zərif, çiçəkli yaylıq örtdüyü gözəl biçimli başını məğrurcasına sağa-sola döndərə-döndərə yerişi ilə hamını məftun etməyə başlamişdı (28, 11). "Hər aşiqin bir dövranı var" - aşiqliyi 1915-ci ilə təsadüf edən ilahiyyatçı Boris Anrep Bizans mozaikasına aşina olmaqda idi; bu onun hobbisi idi. Axırda onsuz da mozaikaçı rəssam oldu. Sonralar mühacirətdə yaşayırdı. O da Annanı mozaik əks etmişdi. Bu şəkil London Milli Qalereyasında saxlanılmaqdadır. Annanın siması antik görünüşə malik idi; rəssamların diqqətini əbəs yerə cəlb etmirdi. ...Çılpaq qadın şəkillərini çox dərin, az qala izaholunmaz mübhəmliklə, lakin incə, intim cizgilərlə yaradan rəssam Modilyani bu Şərqli gözəlin daxili ətrini duymuşdu. Eyni zamanda cəlbedici Şərqli görünüş, bağişladığı ekzotik təəssüratlar, şahanə soyuq vüqarı ona əsil Şərq şahzadələri görkəmi verirdi. Anna Axmatova bu şahanəliyi ömrü boyu saxlamağa nail olmuşdu. Hətta oğlu tutulduqda 17 ay sərasər türməyə azuqə daşıyıb saatlarla həbsxana qabağında durarkən də, eləcə də aclıq çəkən mühasirə Leninqradından köçürülüb Daşkənddə - evakuasiya şəraitində yaşadıqda belə. Hətta onu ilk dəfə görənlər qibtə və təəccüblə müharibə məhrumiyyətlərinin bu "xoşbəxt" şahzadəsinə baxır, bu yerış və davranışa alışmış şair dostları da ondakı ruha, amiranəliyə, həyat eşqinə heyrət edirdilər. Axı Anna Axmatova bir vaxt Moskvanı cəzalandırıb onu alovun ağzına verən Qızıl Orda hakimi Əhməd xanın (... - 1481) törəməsi olduğunu hər yerdə qürurla söyləməkdə idi. Tarixlərdə söylənən bu "intiqamın" səbəbi o idi ki, rus qaçaqları 1472-ci ildə Saray şəhərini zəbt edib yandırmişdılar. Əhməd xan da (Axmat) qisas almişdı. Saray Şəhərinin dəbdəbəsi qarşısında Moskva kiçik bir şəhər olsa da intiqam intiqam idi. Odur ki, həddi-büluğa yetişəndə öz könlü ilə rəsmi familiyası olan Qorenko soy adından imtina etdi. Ulu babalarının əsil-nəsil adı olan Axmatova familiyasını götürdü və ömrü boyu xan babasından, onun şöhrətindən ayrılmadı (42. 50). 1946-cı ildə partiyanın ədəbiyyat barədə məşum qərarından sonra adı bədnam olmuş Axmatovadan küçədə tanışları da yan keçirdilər. O buna da mərdliklə dözdü (Ali və orta məktəb dərsliklərində öyrədilən bu qərar yalnız 1988-ci ildə dərsliklərdən çıxarıldı). Sovet hakimiyyəti illərinin başlanğıcından ta ölümünə kimi məhrumiyyətlər çəkə-çəkə təkcə vüqarını saxlaya bildi. Öz familiyasını isə "əzəmətli tatar adı" adlandırırdı (татарское, дремучее…) Pravoslav kilsələrində dinin və Rusun əbədi düşməni kimi əsrlərlə lənətlənən Əhməd xanın adı ilə qürurlanırdı. ...Onların görüşlərində elə bil zahirən nə bir hərarət, nə bir dəlilik, çılğınlıq yox idi; sanki qaynar eşq coşmadan soyumuşdu. Yox... qəlblər öz tüğyanında idi. Anna Axmatovanın heç bir hərəkəti aşiq rəssamın nəzərindən yayınmır, o bu qadının hər kiçicik jestində ilahilik, şairanəlik kəşf edirdi. Bir dəfə onun emalatxanasına gələn, lakin onu bağlı görən Anna gətirdiyi qızılgülləri (O görüşlərə həmişə məhəbbət simvolu qızılgüllə gəlirdi) pəncərədən içəriyə ata bilir. Sonradan öz emalatxanasına gəlib qapını açarkən rəssam döşəmədəki qızılgülləri görmüş və əli ilə cibindəki açarını yoxlaya-yoxlaya "qapı bağlı idi, sən içəri necə girmışdin?" - deyə soruşmuşdu. Axmatova da ona: "mən onları pəncərədən atmişdım" - deyə cavab verəndə rəssam heyrətlə: axı onlar elə gözəl qoyulmuşdu ki... deyə vəcdə gəlmişdi. Lakin ömür adlı bu möhtəşəm ağacda hansı zədə yox idi?! Aşiqlərin qəlb odu ilə tumarlanan, nazlanan, öpüşlərə qərq edilən bu əllər sonra oğluna növbələrdə gözləyə-gözləyə Leninqrad türməsinə məhbus bağlaması daşıyacaqdı. ... Onlar ikilikdə Paris parklarında saatlarla, hətta yağış altında, yağan yağişa əhəmiyyət vermədən oturub qala bilirdilər. Belə havalarda Dedonun (Amadeonun) açıb başları üstündə tutduğu iri, möhkəm kişi çətirinin altında bir-birinə sığınmiş buaşiqlərin çox sakit və qayğılı, lakin vurğun görüşləri onların hər ikisini saran ciddi duyğulardan xəbər verirdi. Modilyani bu şahanə xanımı, yeni-yeni yazmağa başlasa da, Rusiyada artıq şair kimi məşhur olan Anna Axmatovam Misir fironlarının xanımlarının libasında çəkirdi; onların çöhrələrini Annaya baxıb yaradırdı. Axmatovanın boyunbağılarını, sinəbəndlərini, ağır bilərziklərini, qədimi bəzəklərini vəcdlə çəkir, təqdir edirdi. Anna sonralar, çox-çox sonralar bu yəhudi gəncində hər şeyin ilahi olduğunu yazacaqdı. Parisi ən çox gecələr gəzməyə çıxırdılar; laübalı şəkildə, azana, yolu itirənəcən gəzirdilər. Qəlbləri və duyğuları ilə həmahəng olan şəhər qəbristanlığında da dolaşırdılar. Bəlkə qəlbən hər ikisi uşaq idi; yaşlı və dərdli uşaq. Modilyaninin Lüksemburq bağında başları üstündə açıb saxladığı iri çətirin altında Avropa ədəbiyyatından bildikləri Şeirləri birlikdə əzbər deyirdilər və bunları hər ikisinin əzbər bildiyinə sevinirdilər. Məhəbbətin dili açılmışdı. Gecə yarıdan keçəndən sonra da yuxulu küçələrdə təkbaşına gəzən Modilyaninin ayaq səslərindən onu tanıyırdı. Bu ayaq səslərinin gəlib onun pəncərəsi altında yavaşıdığım da duyurdu Axmatova; durub pəncərə jalüzünün arasından onu gizlicə, heyran-heyran seyr edirdi. Modilyani öz sənət manerinə sadiq qalaraq 21 yaşlı Annanı da çılpaq çəkirdi. Ah!... Adi vaxtlarda ciddiyyəti, təkəbbürü ilə şahzadələri də ötüb keçən Axmatova bu anda lütfündə, nəvazişlərində, ülfətində necə səxavətli idi. Bir anda mələkə libaslarını soyunub atan qadının şahanə mükafatı idi bu. Qısa görüşlərdən böyük xatirələr qaldı - rəssam çəkdiyi 16 şəkli Axmatovaya bağişladı və xahış etdi ki, o bunların hamısını Peterburqdakı evində assın. Heç vaxt onları divardan almasın. O rica etsə də həyat başqa sürpriz hazırlamaqda idi; həmin şəkillər Sovet hakimiyyətinin ilk illərində Axmatovanın mənzilindən axtarış zamanı aparılıb yoxa çıxdı. Anna Axmatova həmin hadisəni "böyük itki" adlandırırdı. Yalnız bir şəkil qala bildi. Ölümündən azca əvvəl böyük bir kitabı çapa hazırlanırdı. Üstündə Modilyaninin yaratdığı portret verilən bu sonuncu kitabı görmək şairə müyəssər olmadı. "Zamanın qaç.şı" adlı həmin kitab Axmatovanın ölümündən sonar çıxdı. Amedeo Modilyani sərxoşluq, dilənçilik, ağır vərəm xəstəliyinin içində dəli məhəbbətlə sevə bildi. Həm də yaşada bildi, yarada və çəkə bildi. Odur ki, onun ölümündən sonra haqqında yazılmış monoqrafiyaları, tədqiqatları oxuyan Anna Axmatova Modilyaniyə həsr olunmuş bədii filmi - "Monparnas - 19" filmini də, araşdırmaları da hibrid və bayağılıq adlandırırdı. Onun tanıdığı Modilyani daha böyük, daha güclü və daha gözəl idi. ... Amadeo ciyər vərəminə baxmayaraq çəkir, içir və tək-tənha qalan qəmli çılpaq qadın portretləri yaradır; onların yalqızlığını elə bil ölü lüt-üryanlığı, paltarsızlığı ilə də qabarıqlaşdırırdı. Yox, yox, bu indi görməyə və alışmağa başladığımız iyrənc erotik şəkillərdən deyildi. Rəssam çılpaq Venera heykəllərini özünəməxsus vasvasılıqla qoruyurdu. Onun fikrincə, paltar gözəlliyi örtüb saxlaya, bədəndən duyulan gücü, enerjini, bəlkə də ilahiliyi də azalda bilərdi. Paltar bədəndən - ruhdan süzülən səmimiliyi, ehtirası çox riyakarlıqla gizlədib qapada bilərdi. Elə Axmatova da bütün ömrü boyu heç vaxt səadətdən, xoşbəxt məhəbbətdən yaza bilmədi. Amma həmişə, hər zaman Axmatova söhbətlərində, sözündə - danışığında özünəməxsus zahiri sərtlik və soyuq biganəliklə onu anacaqdı. Lakin için-için, yanayana yazacaqdı: "Aramızda hər nə olmuşdusa da, bu bizim həyatımızın, onun çox qısa, mənimsə uzun ömrümün proloqu olmuşdur". Bu uzun ömrün məşuqları da çoxçox idi. Annanın da əsil "Don Juan" siyahısı vardı. Hə... hə... 1925-ci ildə Lujnitskiyə diqtə etmişdi bu siyahını (28, 114). Anna Axmatova 75 il yaşadı; əri Nikolay Qumilyevi sovet repressiyasının ilk illərində itirmişdi (N.Qumilyev prof. Taqantsevin sui-qəsd qrupunun üzvü kimi təqsirli sayılıb 1921-ci ildə güllələnmişdi). Yeganə oğlu gələcək filoloq-tarixçi Lev Qumilyev ilə həmışə ayrı düşdü - gənc oğlu bitib-tükənməyən Stalin düşərgələrində, özü isə xof qarışıq acı peŞimançılıq içində məşəqqətli ömür yaşadı. Onu həyatdan dördüncü infarkt apardı. Hətta təcrübəli yaşlı həkimlər belə təəccüb qalmışdılar: bir ürək nə qədər yara ala bilər?! Bir neçə ay əvvəl "Amedeo Modilyani" xatirə-məqaləsini bitirmışdi. ...Axmatova-Modilyani münasibətləri təkcə qəlb əyləncəsi deyilmış; o bir epizod kimi qısa və ötəri olsa da, ulduz qədər parlaq və sönməz, tarix qədər etibarlı danılmaz faktlardır. Bu məhəbbət tarixçəsi qısa olsa da, belə "qısa" sevgilər bütöv ömrü məhəbbət nuruna boyayıb, hər zaman bu işığı saxlamağa qadirdir. P.S. Bir neçə il əvvəl Istambulda olarkən orada çalişan çoxlu ruslardan biri - xidmətçi qadın mənə çay gətirdi. Onu söhbətə tutdum. Rus dilində əzbər şeir deməyə meylim və xüsusi səriştəm olmasa da, ayrıca əhəmiyyətli faktlara görə əzbər bildiyim parçalar var: Ona Anna Axmatovadan dedim: И снова осень валит Тамерланом, В Арбатских переулках тишина... Özüm bilmədən və istəmədən o qərib qadını ağlatdım. Anna Axmatova yaşayırdı. Nə söz, nə də məhəbbət ölməyəcəkdir.
Yenicə açılmış qızıl gül ətirli duyğular, nübar dadlı ilk hiss-həyəcanlar sonrakı bütöv ömrün ilk səhifələridir. Sonu kədərlə bitən romanın sevincli ilk səhifələri kimi... Ömür boyu qəlblərə, gözlərə damla-damla süzüləcək bu röya-nağıl şipşirindir, lakin qərib və kədərlidir. Bu qısa və yarımçıq anlar sakit xəyalların ilğımlı uzaq nöqtəsi kimi sehirli və cazibədardır. Cadu tilsimi və ... Və duyğuların körpəliyini, ibtidasını ömür boyu saxlaya bilən kiçicik, oğrunca yazılmiş ilk sevgi məktublarıdır. Çılğın, dəli, az qala xoşbəxt sevgilərdən illərcə ayrılıb uzaqlaşdıqca ondan yazıq xatirələr qalır. Lakin qısa, ani sevgilərin hekayələri, qalan ömrü yandırıb yaxmağa qadir olan qığılcıma da çevrilə bilər.