Yermolovlar nəslindən hərb adları, alimlər, yüksək sənət adamları (xüsusən məşhur rus aktrisası Yermolova Mariya /1853-1928/ çıxmışdır) lakin bu nəslin Rusiyaya bəxş etdiyi, bu dövləti, habelə nəslin özünü də şöhrətləndirən böyük şəxsiyyətlər sırasında rus generalı Yermolov Aleksandr Petroviç (24 may 1774 - 11 aprel 1861) şübhəsiz ki, oxucuların diqqətini daha çox çəkməkdədir.
Məşhur Rus sərkərdəsi güclü dövlət adamı olan Yermolov böyük hərb səhnələrində öz imzasını qoymuşdu; rusların Qafqazın istilası tarixində onun böyük bir sima olduğu məlumdur. İmperiyanın apardığı 1790-cı 1820-ci illər arası üç böyük müharibələrdə iştirak etmişdi. “Qafqaz müharibəsinin qəhrəmanı” kimi yüksək şöhrət qazanmışdı (Bunu “Qafqazın qənimi, milli-azadlıq hərəkatının düşməni”kimi qəbul etmək lazım gəlir); Əlahiddə Qafqaz korpusunun komandanı (1817-1827) idi.
Yermolov ilk hərbi uğurlarını Polşa vətənpərvərlərinin Kostyuşkonun rəhbərliyi altında üsyanını boğmaqla qazanmışdır; elə buradaca- Varşavanın altındakı Praqanın alınmasındakı qanlı döyüşlərdə Suvorovun diqqətini cəlb etmişdi. Bu əməliyyatlarda Müqəddəs Georgi medalına layiq görülmüşdür. Bunun ardınca 1796-cı ildə dərhal general Zubovun (onlar Polşa müharibəsində də bir yerdə idilər) komandanlığı altında rus ordusunun Azərbaycana səfərində iştirak etmişdir. Dərbəndə hücum zamanı göstərdiyi qəhrəmanlığa görə isə Müqəddəs Vladimir ordeni ilə təltif edilir.
1812-ci ildə Vətən müharibəsi başlarkən Borodino döyüşündə Kutuzov ştabında rəis vəzifəsində idi.
1816-cı ildən Qafqazdadır; yerli müsəlmanlarla döyüşür, İrana səfir göndərilir. Abbas Mirzə onu bəzən Yar Molla, bəzən Çingiz xan, öz dilindəysə “sərdar” adlandırır. Qafqaz onun şücaət və cəsurluqla dolu həyatının şah dövrüdür. Çarizm Qafqazın istilasında ona çox borcludur. Maraqlıdır ki, onun Qış Sarayı qəhrəmanlar qalereyasında asılan portreti də Qafqaz dağları fonunda çəkilmişdir.
2008 ildə Mineralnı Vodıda (keçmiş adı Sultan kəndi) Yermolova heykəl qoyulmuşdur. Əlbəttə, Rus dövlətçiliyinə xidməti baxımından burada qeyri-adi heç nə yoxdur. Bu heykəl onun vətənində, lap elə Rusiyanın paytaxtında belə qoyula bilər. Amma qaniçən, işğalçı generalların hamısını öz qəddarlığı ilə ötüb keçən, Qafqazı ram edilməsi yolunda yerli Qafqaz xalqlarını heç kimə rəhm etmədən qırıb biçən Yermolova elə həmin torpaqda abidə qoymaq həmin xalqın mənliyini ayaqlamaqdır. Tarixi həqiqətlərə sayqı da mədəniyyətdəndir. Bunun bənzəri bizdə də olmuşdur. Gəncəni və Bakiya doğru yolda Azərbaycan diyarlarını məhv edən və ölümünü də burada tapan general Sisyanovun adına da Bakıda küçə var idi (sonra Əli Bayramlı, indi Əhməd Cavad)
Yermolova abidə qoyulması yerli xalqların haqlı hiddətinə səbəb olmuşdur. İlahi! Onun əlində bu torpaqlar od tutub yanırdı; birbaşa əmri ilə bütöv kəndlər, aullar yandırılıb məhv edilirdi. Ondan heç kim, hətta qadınlar, uşaqlar belə aman gözləyə bilməzdi. Həqiqətən bu fakt yerli xalqları təhqir etmə dəyərində qəbul olunmalıdır. Mətbuatdan aydın olur ki, hətta bir yerli hökumət nümayəndəsi öz etirazını çox obrazlı şəkildə, amma sərt və səlis şəkildə ifadə etmişdir. Əgər Napoleon və ya Hitlerin Smolenskdə və ya başqa rus şəhərlərində abidələri qoyulsaydı buna o şəhərin əhalisi necə baxardı? Həm də ibrətamiz olan odur ki, abidənin vəsaitini Şimali Qafqazın kazak icması qoymuşdur.(!)
Yermolovların nəsil başçısı Arslan Murza Ermola sayılır; Qızıl Orda imperiyasinda sayılan bir kişi olan Arslam Murza 1506-cı ildə böyük knyaz Vasiliyə yaxınlaşır. 1611-ci ildə artıq onun övladı boyar kitabında qeyd olunur. Yermolovların daşıdıqları gerbdə beşguşəli üç ulduz təsviri də bu ailənin Qızıl Ordaya mənsub olduğunu aydınca göstərir. Baskakov bu nəslin Arslan murzadan başlayaraq daşıdıqları Ermola soyadı barədə qeyd edir ki, bu söz ya “er+molla” və ya “er mol” (yəni, er bol “ər ol”) sözüylə əlaqədardır.*
XIX əsrin başlarında Rusiya Osmanlılarla apardığı axırıncı müharibələr bitər-bitməz quldur kazakları Şimali Qafqaza yerləşdi və bundan sonra bilavasitə indi bu meydanda özünü göstərməyə başlayır.
Ruslar Qafqaz əraziləriylə irəlilədikcə Yermolov qorxunc hərb qalaları tikdirir, onlara verdiyi ad da onun hökmünü, çarizmin müstəmləkə gücünü əks etdirməkdə idi. Qroznı, Vnezapnaya, Burnaya. Belə ki, 1818-ci ildə Sunca müdafiə qalasını möhkəmləndirib rus hərb qalasına çevirir, Qroznı (qorxunc) adı verir. 11 il Qafqazı görünməmiş qəddarlıq və zülm altında idarə etdi;gahınin ətrafına şəkilən hasarın payalarına yenicə öldürülmüş müsəlmanların kəsilmiş başı sancılmışdı. Təcrübəli strateq kimi Qafqazı hücumla almağın qeyri-mümkünlüyünü görüb mühasirəyə almaqla və təcrid etməklə zəbt etməyə üstümlük verdi. Qafqazın azadlıq sevən xalqları bütöv nəsillərcə, ailəlikcə məhv edilir; kəndər bölük-bölük xəritədən silinirdi. Puçkin: nə etdinsə Rusaya üçün etdin, deyə onu vəsf etdi.
...Oryolda “Rodina” kinoteatrının yerində vaxtilə “Krestodvijenskaya” kilsəsi yerləşirdi. 1861-ci ilin aprelində bu kilsədə Yermolovun tabutu üzərində çox ehtişamlı mərasim keçirilirdi. Baxmayaraq ki, general dəfninin çox sadə yola verilməsini vəsiyyət etmişdi, lakin yerliləri onu sakitcə yola sala bilməzdilər. kilsə xoru oxuyurdu: Bizim Şimal qartalımız, de haralarda uçmadın?! Qalın, keçilməz meşələrdə, dağlarda, uçurumlarda qovub qorxuya saldın vəhşi quşları. əzizimiz, amma axırda döndün öz yuvana; uçub evə döndün, ata-ananın qəbrinə gəldin...**
Özünün çox nəhəng, lakin çox mütənasib bədəninə, iri, dolğun dodaqlarına görə “ağ ərəb” ləqəbi daşıyan gənc Yermolov yaşlanmaqda olan Yekaterinanı bərk məşğul etsə də bu ciddi macəra qısa sürür. O, əslində çariçənin bütün arzularına uyğun gəlirdisə də, Yekaterinani bir neçə gün məşğul etdisə də o, saraya qapanıb qalmağı özü üçün qəbul edə bilməzdi. Buna təbiətindəki azadəlik və müstəqillik ehtirası mane olurdu.
Yeni çarla da onun arasını vururlar; onsuz da gözügötürməyənlər Yermolovun dekabristləri dəstəklədiyinə çarı inandıra bilmişdilər. bu paxıllar hər vasitədən istifadə edirdilər. Bir dəfə isə çara çuğulların yaydıqları xəbəri çatdırdılar ki, Yermolov çarın portretinə elə qəzəblə baxdı ki...xalq bundan vahiməyə düşdü. 1827-ci ildən məcburi təqaüdə göndərildi. Arabir paytaxtdakı dövlət tədbirlərinə çağrılırdı. Bu zaman hamı basabas salıb ona tamaşaya yığılırdı. Daha sonralar əvvəlki hörməti və ehtiramına qaytarıldı. Yaşı ötdüyünə görə xidməti vəzifə verilməsə də çar I Nikolay: qoca generalları köhnəlmiş döyüş bayraqları tək qoruyub saxlamaq lazımdır demiş və hər zaman ona diqqət göstərmişdir.
Hərb meydanlarında olduğu kimi hər yerdə, padişahın qarşısında da ötkəm idi. Çarın xaricilərə etibar etdiyini, onlara yüksək vəzifələr verib əzizlədiyini görüb rusların xarici cəfərlərində ondan nə təltifi arzu etdiyini soruşan I Aleksandrdan məni alman milləti sıralarına keçirin, padişahım, deyə cavab vermişdi.
Onun öz sözünün ağası olması orduda hər kəsə məlum idi. Hər bir sahədə sözünü deyər, gözünü də qırpmazdı. Deyirlər bir dəfə döyüşü seyr edən və məşhur bir generalın lüzum olmadan yerdəyişdirməsilə gözgörəsi onun bacarıqsızlığının şahidi olan çar məiyyətindəki Yermolova dönüb narazılıqla: o, niyə belə edir? Hazırda o məndən üstün mövqedədir. Yermolov da soyuqqanlılıqla adi tövründə: ola bilər ki, o bu vəziyyəti real qəbul edir. (yəni özünü padişah bilməklə istədiyini edir) Yermolovu əsgərləri bərk sevirdi. O da düzdü ki, Qafqazda ağlağan uşaqları onunla qorxudurdular.
Təsadüfi deyil ki. Puşkin təkcə uşaqlar deyil, heç təkcə Qafqaz müsəlmanlarını deyil, möhtəşəm dağları belə itaətə çağırırdı. Həmin məşhur misralar budur:”Qafqaz, əy ağsaçlı başını təslim ol, Yermolov gəlir” Əlbəttə hər şey bir yana, şair bütün Qafqazı xalqları ilə, ölkələri ilə nəzərdə tuturdu; dağlar məğrur Qafqazın simvolu kimi burada çıxış edir.
Puşkin ona hərarətlə ittihafnamə həsr etdi. Xahiş edirəm, mənə sizin tarixçiniz olmağa izn verin. Ərzuruma səfərində yolundan dönüb onu ziyarət etmək üçün bu gözdən düşmüş canavarla (saçlarının ağ yalından bu zaman onu şirə bənzədirdilər)
Oryolda görüşür. Sonra isə Pyotrun və Puqaçovun tarixini yazacaqdı. Şair V. Jukovski də onu “yeni dövrün sfinksi” adlandırırdı. Məhz Yermolov Napoleonun Kaluqaya yönələn yolunu kəsib onu qəsb və talan olunmuş Smolensk yolu ilə geri çəkilməyə məcbur etmişdi.
Yermolovun Moskva altındakı Pestovodakı malikanəsi nə parkının böyüklüyü ilə, nə də möhtəşəm ağalıq evi ilə yadda qalacaqdır. Malikanənin fövqəladə üstünlüyü onda idi ki, xalq içində “Muhammədi məzarliq” adlandırılan həmin böyük parkda müsəlman qəbristanlığı yerləşirdi. Buradakı qəbirüstü sənduqələri, yazılı baş daşları Yermolovun Qafqaz canişini işlədiyi vaxt maraqlı eksponat kimi daşıyıb gətirdiyi həqiqi nümunələr idi.***
* Баскаков Н.А. с.174-175
**Bax: Катанов В. Орловские были, Тула, 1989, с.6
***Bax: Подмосковья…с. 255
PROF.DR. MİNAXANIM TƏKLƏLİ