Aksakovlar nəslinin "dərsləri"

Aksakovlar nəslinin "dərsləri"

Aksakov soy adı türk sözü axsaq, aksak (fel əsası axsamak, aksamak) sözündən yaranmışdır. Bu mənada da, əlbəttə Aksakov familiyasının türk mənşəyi heç kimdə şübhə yeri qoymur.
İlk dəfə adı Kiyev Rus dövlətinin tarixində çəkilən Aksakovun 1027-ci ildə böyük knyaz Yaroslav Vladimiroviçin yanında xidmət etdiyi məlumdur. Yaroslav Vladimiroviç Kiyev Rusunda xristianlığı yayan böyük knyaz Vladimirin oğludur. Salnamələr Aksak xanın özünün 3 min adamıyla Kiyev knyazına xidmətdə olduğunu göstərir. İndi bu faktın necə işıqlandırıldığına, tarix səhnəsində necə əks olunduğuna diqqət yetirək.
Məlumdur ki, qədim slavyanlar bugünkü cənubi rus çöllərinin türkcə danışan ən azı üç xalqı ilə - qara klobuklar (qara qalpaqlar, qara papaqlar), poloveslər (yəni qıpçaqlar, rus dilində polovets "çöl adamı, çölçü") və peçeneqlərlə yaxın əlaqədə idilər. Bu xalqlar yəni qara klobuklar, poloveslər, peçeneqlər, torklar, berendeylər tarixdən məlum olduğuna görə hələ monqolaqədərki Rusun taleyində vacib və əhəmiyyətli rol oynamışlar. Hətta müxtəlif din-inancları belə bu dövrün münasibətlərinə təsir edə bilmirdi. Bu xalqların əməli iştirakı qədim Rusda siyasi hadisələrin gedişinin xarakterini müəyyən edirdi. Belə ki, Kiyevin döyüş drujinalarında qara klobuklar (bilindiyi kimi bir çox türk tayfaları öz geyimi ilə adlanırdı: qaradonlu, alabaşlar, bozpapaqlar və s. türk etnonimləri belə yaranmışdı. Qara klobuklar dedikdə qara kalpaklar nəzərdə tutulur; klobuk türk sözüdür; şiş, sivri təpəsi olan şapka deməkdir) mühüm mövqedə idilər. Belə ki, ölkənin hərb vəziyyətində onların sayı 30 min nəfər döyüşçüyə çatırdı.
gerb AksakovOnlar Kiyev knyazlarının ən sadiq müttəfiqi idilər (29, s.68). Qədim türklər lap qədim zamanlardan rus qoşunlarının atlı bölüklərinin təşkilində əsas mənbə idi. XII əsrdə demək olar ki, bütün knyazlar öz qoşunlarına onları cəlb edirdi. Onlar tezliklə xristianlığa iman gətirdilər (49, s.55).
Həqiqətən, tarixə saxta, yapma münasibətlərdən bir qədər yan keçə bilsək görərik ki, qədim türklər şərqi slavyanlarla çox yaxınlaşmış, onlarla sıx təmasda yaşamışlar. Bu əlaqələr sonradan qara boyalarla eybəcərləşdirilmişdir.
Beləliklə, Rusda xidmət edən həmin hərbiyun türklərin dəstəsində Aksakovlar soyu fərqlənirdi. Çünki öz başında üç minlik gücü ilə Kiyev knyazlığının dostuna dost, düşməninə düşmən idi.
Aksak (axsaq) ləqəbi daşıyan bu adlı-sanlı kişinin gələcəkdə qəbul etdiyi Aksakov soy adı onun daşıdığı ləqəbindən doğmuşdu. Bu tayfa o qədər nüfuzlu və qol-budaqlı idi ki, Aksakın xristian oğulları (nəticələri) özləri ayrı-ayrı böyük soyları yaratdılar. Voronets ləqəbli uşağından Vorontsovlar, Veli Amindən Velyaminovlar meydana gəldilər. Həmçinin məşhur zadəgan nəsli İslenyevlər də Aksakovların bir qoludur (3, s. 141-142; 44, s.23).
Bir zadəgan nəsli olmaq etibarı ilə Aksakovlar da ailə gerbinə malik olmuşlar. Onların gerbində gümüşü qalxan üstündə ox sancılmış qıpqırmızı ("odlu") ürək-məhəbbət rəmzi nəqş olmuşdu.
Bu ailədən rus taxt-tacına sədaqətlə xidmət edən adamlar çıxmışdı. Lakin bu familiya içində məşəl kimi yanan özündən əvvəlki sələflərin və sonrakı xələflərin yolunu işıqlandıran Sergey Aksakovdan bəhs etməyi qərarlaşdırmışıq.
Bu qoca "türk" ilk əsərini ömrünün son on illiyində yazmışdı, yaşı 60-ı keçirdi. Bu zamana kimi o varlı mülkədar, bütün Rusiyada "slavyanpərəstlik" cərəyanının atəşin nümayəndələri olan İvan və Konstantin Aksakovların atası idi, həvəsdən həvəsə şeirlər yazırdı. Bu qədər. Anası da Ufalı xristianlaşmış başqırd bəyinin nəvəsi idi, gözəlliyi ilə ad çıxarmışdı. Özü də evlənərkən tale onun yolunun üstünə də türk qızı çıxardı; bu qız general Zaplatinlə əsir türk qızı Gülsümün qızı idi (rus mətnlərində bu qadın elə beləcə - Oqyulsum deyə anılır).
Beləliklə, Sergey Aksakov 1791-ci ildə Ufada qədim zadəgan ailəsində anadan olmuşdu. Bütün yaşadıqları və başı çəkənlər onun əsərlərinin mövzusuna çevrildi. "Ailə xronikası", "Nəvə Baqrovun uşaqlıq illəri" və "Xatirələr" bu mənada trilogiya adlanmağa layiqdi. Çünki bu kitablarda da Baqrovların (Baqrov da türk əsilli rus soy adlarındandır; baqrovıy rus dilində tünd qırmızı, "bağır, ciyər" sözündən yaranmış türkizmdir) əslində müəllifin öz ailəsinin nəsilbənəsil tarixi açılır. Yazıçı bilərəkdən adları dəyişmişdi, çünki hadisələri, əhvalatları dəyişdirmədən elə təfərrüatı ilə təsvir etmişdi ki, həmin adamlar özlərini görüb, tanıyıb inciə bilərdilər. Onsuz da özünü burada tanıyan tapılmışdı; müəllifi qınayırdılar. Ailənin başçısı yazıçının babası özünün bütün qəddarlığı, zalımlığı ilə təsvir olunmuşdu. Ailə sirrini açıb-ağartdığına görə yazıçıdan küsənlər var idi. O isə ata ocağının nağıllarını bədii yaddaşlara köçürürdü, bunu isə hələ gözdə bilib qiymətləndirən yox idi. Körpə Aksakovun danışmaq istədiyi ailə hekayətlərindən görürük ki, bu ailə patriarxal ailədir, öz keçmişi ilə, qədimliyi ilə fəxr edən ailədir. Ailə şəcərəsi göz önündə, evin başçısının əlinin altındadır. Ailədə oğlan uşağının doğuluşuna çox sevinir, dalbadal doğulan qızlara darılırlar. Evdə ilk söz də, son söz də ailə başısının - babanındır. Nə qədər ki, bu baba, atanın atası sağdır, hamı dinməz-söyləməz ona tabedir. Xüsusən qadınlar söz deyib kişi qabağına keçə bilməzdilər. Bu ailədə qız alanda cer-cehizdən qabaq ailənin mötəbərliyinə, əslinə-kökünə baxırdılar. Aksakovlar da hər kəslə qohum olmağı özünə sığışdıran ailə deyildi.
Amma bu avtobioqrafik əsərlər sözün həqiqi mənasında qəbul edilən, memuar, xatirə təcrübəsi deyildi. Kitabın faktları təkcə real hadisə və şəxsiyyətlərin həyatından götürülməklə qalmamış, bütün bunlar reallıq və gerçəkliklə səslənməklə bərabər gözəl, canlı və gizli poetik duyğularla süslənmişdi. Ana obrazı ilahi sevgi ilə yaradılaraq vəsf (buna təsvir yox, məhz vəsf demək la­zım gəlir) edilmişdi. Bu nəhəng əsərdə - geniş, hüdudsuz ölçülərdə verilmiş romanda ana obrazı bircə anlığa olsun gündəlik, adi münasibətlər çərçivəsinə salınmamış, əsərdə ondan sanki müəllifin hava-su kimi bəhs etdiyi varlıq qənaətini yaratmışdı. Bu pəri, daha çox ilahə donunda nəqş olunan ana, dəlicəsinə sevən fədakar ana obrazıdır. Bununla bərabər xaraktercə despotik, möhkəm, qəti, kişidən də qətiyyətli qadın...
Dedik ki, bu xatirələr onun ahıl vaxtında yazılmışdır. Lakin o uzaq uşaqlıq illəri sanki uşağın öz dililə, öz əllərilə yazılmış kimi oxucuya yetişir. Neçə dəfə oxusan da...
Beləliklə, Aksakovun bütün yaradıcılığı avtobioqrafik və ya sənədli-memuar əsaslara malik olmaqla həqiqi faktlara əsaslanmışdı. Bu kitablar yazılanda oradakı personajların prototipləri hələ sağ idilər. Odur ki, Aksakov həm onların adlarını dəyişdi, həm də hadisələrin vaqe olduqları yerlərə uydurma adlar verdi.
Aksakovun şirin duyğular içində və koloritli bir dillə təsvir etdiyi bu nəsil babasının dövrünə qədər Sinbir vilayətində, öz mülk torpaqlarında yaşamışdılar. Sonralar bir neçə dönəmdə bu ailənin yalnız qızları doğulurdu, olsa-olsa bircə oğul əta edirdi tanrı onlara. Torpaqlar kəsilib bölüşdürülürdü, qızlara cehiz verildikcə nəsillər dəyişir, yadlaşma güclənirdi: öz torpağında yad familiyalar ağalıq edirdilər. Vaxt o vaxt oldu ki, Aksakovların torpağı onların özünə darlıq etdi. Baba Aksakov nəhayət yeni torpaqlara köçmək qərarına gəldi. Aksakov Volqanın o biri üzünə köçüb Buquruslan çayı boyunca məhsuldar torpaqlara sahib olur. Simbirə qayıdıb kəndlilərini yeni torpaqlara köçürür. Kəndlilər ağlaşırdılar: "Kilsə olmadığı basurman torpağında" nə edəcəkdilər? Yeni doğulan xaçlana bilməyən uşaqlarıyla nə etməli idilər, yaxud, tövbə etmədən necə öləcəkdilər? Bu qorxunc şaiyələrin xofunda onlar da minlərlə köçürülən ailələrə qoşulur, yenicə zəbt olunan təzə yerlərə axın edirdilər. Hələ bu zaman yerli əhali başqırdlar, çuvaşlar, marilər, çeremislər rus dilində əməlli-başlı danışa bilmirdilər.
Aksakov da atası kimi bu yeni torpaqda, qədim bulqar çaprılığı əhatə etdiyi yerlərdə anadan olmuşdu. Ufaya yerlilər Öfə deyirdilər. Şəhər yerli başqırdların Qara İdil adlandırdığı Ufa çayı üzərində yerləşirdi. Ruslar 1574-cü ildə bu torpaqları istila etmişdilər. Sibirin tamamilə fəthi (1580-1600) nəticəsində yerli əhalinin xristianlaşdırılması güclənir. Elə bu vaxtlardan da bu torpaqları başdan başa bürüyən üsyanlar başlayır. Tarixdə Seitov üsyanı (1662) və Batırşa hərəkatı adı ilə tanınan xalq hərəkatları yerli xalqların müstəmləkəçi çarizmə qarşı müqavimət hərəkatı idi. 1735-ci ildə işğal olunan başqırd ölkəsində rus çarizmi əleyhinə Akayın başçılığı ilə üsyan qalxdı. Çar üsyanı amansızlıqla yatırtdı və bu torpaqlara rusların köçürülməsini sürətləndirdi. Geniş, bərəkətli başqırd torpaqları su qiymətinə paylanırdı. Başqırdlar Puqaçov üsyanında da fəal iştirak etdilər. Üsyan yatızdırıldıqdan sonra kütləvi edamlar başlandı. Qanlı tədbirlərin heç birisi başqırd və tatarların əzmini qıra bilmədi; heç bu xalqları da özlərinin kölə vəziyyəti ilə barışmağa qoymadı. Buna baxmayaraq XVIII əsrin ortalarında artıq çuvaş, mari, mordva, udmurtların və başqırdların böyük əksəriyyəti xristianlığa gətirildi. Başqırd atlıları Rusiyanın ardıcıl apardıqları müharibələrə cəlb edilirdi. Onlar mahir atıcı idilər.
Yazıçı onun yaradıcılığının canını təşkil edən trilogiyasında bu doğma yerlərin adamlarını, onların həyat tərzini, məişətini, etnoqrafik cizgilərini böyük məhəbbətlə çatdırır; hər addımda bu torpağın adlarıyla oxucusunu tanış edir: Çufarov (Çufar-Cəfər), Kara tabın (kara+tabın "ilxı"), Karmala, Kanlı (çayı) Çeremşan, Kandurça, Bir, Menzeli (Mənzil), Baxmetovka, Kakarma, İnza (çayı), Uzu (çayı), eləcə də bu yerlərdəki türk soyları: Bakteev, Kurmışov, Baxmetov, Erlıkin, Tevkelev, Karataev, Çeprunov, Mansurov... keçmiş Bulqar həyatı və mədəniyyətilə nəfəs alan bu torpaqların əsl tarixi ilə maraqlanmağa sövq edir. Or çayının üstündə yerləşən şəhərin adının Orenburq qoyulması və bu addakı yad, uzaq "burq" kəlməsi onu hiddətləndirir. O bilirdi ki, ören "düz, düzənlik, örüş, çöl" (müqayisə et: Örən qala, Keci Ören) kimi saf türk sözünə "burq" alman kəlməsinin bitişdirilməsilə bu ad nə qədər eybəcərləşdirilmişdir.
Aksakovun yaradıcılığında əsrlər boyunca rus ədəbi dilində işlənə-işlənə sabitləşən türk sözlərilə yanaşı, onun özünün çox işlətdiyi sözlər və ifadələr də vardır. Bunlar onun uşaqlıq və həyatının çox hissəsi keçən əzəli türk yurduna bələdliyi və yaxınlığı, bu yerlərə bəslədiyi məhəbbətin nəticəsində baş vermişdi: laqun (ləyən), burak, osot (ot növü), kuliqa (tala), karmazin (al qırmızı parça), emen (çörək, azuqə, taxıl ehtiyatı), şiş (təpə, zirvə), sırt (yüksəklik), sıçuq (kolbasa növü) ... sanki yazıçının dilində türk sözlərinin bolluğu özü dil açıb öz dililə türk mədəniyyətinin gücünü və təsirini göstərməkdədir: kumaş (qumaş), kisa (kisə), taqan (tava, qazan), urema (kol meşəliyi, irəmə), bastılnik (öt-ələf), yurt, kuraxtan, tormoz, kutema, çepaq (balıq adları), çebızqa (tütək), epança...
Doğma təbiətin poetik, şairanə təsviri və bu yöndəki heyrətamiz yaradıcılıq uğurları yazıçının bu təbiətə möhkəm bağlılığından xəbər verirdi. Bu zaman təbiətdəki bizimlə birgə yaşayan, nəfəs alan otlar, ağaclar, quşlar, balıqlar, vəhşi heyvanlar və onların həyatı nə qədər məharət və ustalıqla yaradılmışdır.
Bu əsərlə tanış olan Turgenev heyrətə gəlmişdi: əgər birdən teter quşu dilə gəlib özü haqqında danışa bilsəydi, əminəm ki, Aksakovun onun haqqında dediyinə elə bir şey əlavə edə bilməzdi.
Aksakovun yetişdirdiyi oğulları da rusun etnik köklərini yaxşı dərk etməklə "o başlanğıcı" şərəfləndirməyə, göylərə qaldırmağa, Rusun soykökündə dayanan mədəniyyətin türk xarakterini danmağa cəhd göstərdilər. Sonra onlar "Slavyanofillər" cərəyanının təşkilatçısı, lideri, ilhamçısı adını alacaqdılar. Və dildə rədd etdikləri o böyük mədəniyyəti və onun təsirini əslində diriltməklə təsdiq edəcəkdilər. Zaman keçdikcə rus cəmiyyətində qərbçilərə qarşı olan slavyanpərəstlər cərəyanı bir çox milli dəyərləri bərpa etməklə bir sırada rusun keçmiş türksayağı geyimini də təbliğ edirdilər.
Sarayda əhəmiyyətli mövqe tutan oğlu İvan Aksakov çox çalışırdı ki, saray təntənələri günlərində hamı öz qədimi geyimini - çar Pyotrun "tatar geyimidir", - deyə rədd etdiyi öz geyimini geysin. Və buna da nail olur: kişilər zərxara kaftanlarda, qadınlar da əlvan şərq ipəklərindən - atlas və taftadan tikilmiş sarafan və epançalarda, başlarında cıqqaları Peterburq və Moskvanın çar saraylarını "1001 gecə" nağıllarına çevirəcəkdilər.
Axı bunlar etnoqrafik əhəmiyyət daşıyırdı; çünki geyim özü millətin qədimlik və kamillik keyfiyyətlərinin danılmaz faktlarıdır.
Aksakovun digər oğlu Konstantin Rusun keçmişinə elə vurğun idi ki, paytaxtın küçələrində nümayişkaranə şəkildə qədim geyimdə gəzirdi. Çox vaxt onu küçədə arxalıqda, ayağında quncu naxışlı çəkmə, belində kəmər, başında bəzəkli papaq... görənlər onu türk bəyinə oxşadırdılar.
Slavyanofillərin ideoloqu olan oğlu İvan Aksakov (1823-1886) "Den", "Moskva", "Rus", "Russkaya beseda" qəzetlərinin redaktoru idi. 1877-1878-ci illər Rus-Türk müharibəsində imperiyanı qaplayan və fanatikcəsinə ayağa qaldıran "Slavyan qardaşlarımızı türk əsarətindən xilas etmə" kompaniyasının təşkilatçısı oldu.
İvan Aksakov San-Stefanovoda bağlanan sülh zamanı Rusiya hökumətinin özünün kifayətləndiyi "payın" əslində az olduğuna görə o qədər həyəcanlandı ki, onun çıxışları Osmanlı dövlətinə güzəştə getdiyinə görə birbaşa çar hökumətinə çevrilmişdi. Buna görə də bu "şuluqçu şovinisti" müvəqqəti paytaxtdan uzaqlaşdırdılar.
Balkanların xristian əhalisi ayağa qalxanda onun nüfuzu o qədər böyük idi ki, bir çox bolqar seçki komitələri bolqar taxt-tacına onun namizədliyini irəli sürmüşdülər.
Hələ 1855-ci ildə Bessarabiyada (bu zaman Krım müharibəsi başlamışdı) Moskva könüllülərinə komandanlıq etmişdi. Əslində onun bu müharibədə işi xəzinədarlıq idi. Bu işi elə qənaətlə və dürüstlüklə aparmışdı ki, hətta yoxlamalar ondan yan keçirmiş.
Həqiqətən Aksakovun yetişdirdiyi oğullar rus tarixində alovlu vətənpərvərlər kimi qalacaqlar.

Mənbə Minaxanım Təkləli Türk Əsilli Ruslar kitabı

Top