Dostoyevski (1821-1881)

Dostoyevski (1821-1881)

Dostoyevski (Достоевский)Dostoevski(Достоевский, Фёдор Михайлович) ədəbi mühitə qədəm qoyanda Krılov, Puşkin, Lermontov kimi «bahadırlar» yenicə əbədən susmuşdular. Bununla da rus ədəbiyyatında lal bir boşluq açılmışdı.
Belə bir zamanda hərbi qulluqdan istefaya çıxan Fyodor Mixayloviç Dostoevskinin «Yazıq adamlar» əsəri rus oxucularının qulağına yazıqların, binəsiblərin ah-nalələrini çatdırdı və bu qulağı ağlaşma səsləri ilə doldurdu; bu acıma və mərhəmət xristian mühitində dərhal əks-səda verdi. Elə bu ilk əsəri də Dostoevskinin bütün gələcək yaradıcılığının epiqrafı ola bildi. Bütün yaradıcılığı boyu belə dərdli və yazıq adamlar onun ədəbi qəhrəmanları oldu. Onların fəlakətli həyatı — həbsxanaya bənzər güzəranı və bu hıçqırıqlar, bu fəryadlar qəlbdən kənar keçilə bilməzdi.
Onda uşaqlıqdan ürəkkeçmə xəstəliyi vardı. Yüksək emosiyalar onu özündən çıxarırdı. Bu ən çoxu acımadan, rəhmdillikdən doğulduğu kimi, gözəlliklər qarşısında ağır heyrət nəticəsində də baş verə bilərdi. Fövqəladə gözəl qadın qarşısında, çoxlarının gözləri önündə bir ziyafətdə o qəşş edərək özündən getmişdi (9, s.386).
Bu çılğınlıq onun «bəzəyi» idi. Moskvada Puşkinin abidəsinin açılışında elə həyəcanlı nitq söyləmişdi ki, ondan sonra gözəl; ədəbiyyatşünas sayılan İvan Aksakov öz sözündən imtina etmişdi. Bu çıxışdan sonra elə alqışlar qopur ki, onun əllərini təşəkkür üçün əllərinə alan gənc də çıldırıb bayılır (9, s.581).
Bu ürəkkeçmə onun qəhrəmanlarının da bir çoxunda var idi. Ömrü boyu alçaldılan və təhqir edilən bu insanlar yarımdəli idilər. Yazıçının özünün duyduğu əzabları və iztirabları zavallı qəhrəmanları da təbii bir tərzdə — dəlilik içində daşımaqda idi. Əsil əzabkeş idi; gənclik havasına uyub qoşulduğu gizli təşkilatın fəal üzvü kimi ölümə məhkum olması, son anda əfv olunmaq, həbsxana, sürgün, daha sonra isə sarayda qəbullar, ehtiram-ehtişam, ona büt kimi baxan şahzadələr, yüksək saray əyanları.
Taleyə bax, necə amansız, necə də lütfkar, səxavətli!
Qumarbaz idi: asan, yüngül yolla qazanılan pul ona ağır, müdhiş nəticələr bəxş edirdi.
Arvadının paltarlarına qədər uduzurdu (30, s. 156-167).
Ağlayırdı, tövbə edirdi, təkrar qumar masasına dönürdü, yenidən and-qəsəm. Onu yalnız özündən 24 yaş kiçik olan arvadı — son məhəbbəti Anya başa düşüb bağışlaya bilirdi.
...Dostoevskilər nəslinin gerbi ay-ulduzludur; bu gerbdə çalın-çarpaz qoyulmuş yatağan və ox təsvir olunmuşdu. Bu təsvirin hər iki tərəfində çiynində oxla dolu sadağı olan, kaftanı qurşaqla bağlanmış, şalvarının balağını yumşaq sapoqlara (uzunboğaz çəkmə) salmış iki silahlı türk əks olunmuşdu (9, s.68).
Belə bir gerb özü bu ailənin birbaşa pravoslav nəsillərə mənsub olmadığını aydın göstərməkdədir.
Dostoevskinin kiçik qardaşı hələ yazıçının sağlığından yazmağa başladığı xatirələrində özlərinin Litva zadəganlarından olduqlarını göstərir. Sonradan Ukraynada məskunlaşdıqlarını və ruhani babalarınadək bu şəcərənin tarixini uzada bilir. Əsl mənşələri haqqında bilərəkdən və ya bilməyərəkdən susur (15,s.31).
İnqilabdan hələ çox əvvəldən xaricdə yerləşən yazıçının öz qızı Lyuba da özlərinin mənşəcə ruslara mənsub olmalarını bilmərrə inkar edir. Hər yerdə atasının Norman-Litva əsilli olduğunu israrla qeyd edir. Zira ana nənəsi də İsveçdən gəlmişdi bu qızın.
Dostoevskilər nəsli əvvəllər İrtiş adlanırdı. Bu familiya müxtəlif mənbələrdə müxtəlif şəkillərdə — Rtişeviç, İrtişeviç, Artışeviç yazılır. Sonralar güclü və nüfuzlu rus familiyası kimi tanınan Rtişev belə yaranır (44, s.84). Bu familiya Azərbaycanın taleyində görünür: Rusiya və İran arasında Gülüstan müqaviləsi bağlanarkən rus hökuməti tərəfdən aktı imzalayan həmin soydan olan baş komandan Nikolay Rtişev idi.
Bəs Rtişevlər (əslində Artışevlər: rus danışıq dilinə xas olaraq söz başındakı sait səs düşür) kimdir?
Bilindiyi üzrə Qızıl Orda öz qüdrətini Əmir Teymurun ardıcıl hücumları nəticəsində itirməyə başlamışdı. Qızıl Ordadakı Parçalanmanı daxili çəkişmələr də sürətləndirirdi. Rus zadəganlarının şəcərə kitabında da göstərildiyi kimi 1389-cu ildə Qızıl Ordadan ayrılaraq Arslan Çələbi-Murza başında 30 əyan-əşrəfi və yaxınları ilə öz bayrağının altında böyük knyaz Dmitri Donskoya sığınır. Arslan (rus mənbələrində Orslan) Çələbi Mirzə pravoslavlığı qəbul edərək xaçlanır və Prokopi adını alır. Böyük knyaz özü belə bir türk əyanini xaçlanmasında iştirak edir və mükafat olaraq yeni xristiana dolanmaq üçün Kremenetsk şəhərini bağışlayır. Öz əyanı Zotin Jitovun qızı ilə onu evləndirir (9, s.9, Arslan Mirzə (Prokopi) oğlu doğularkən ona Lev adı verir yəni oğluna öz Arslan adının rus variantını qoyur. Lev artıq İrti­şev yazılır. Sonrakı nəsillər də bu adı unutmurdular; bu ailədə Lev (Arslan) adı tez-tez qoyulurdu.
Nüfuzlu əyan, böyük nəsil başçısı olan Arslan Çelebi Murza həm də Arsenyevlərin, Somovların, Rtişevlərin və daha bir neçə rus ailəsinin nəsil başçısı (sələfi) olmuşdur (27, s.292).
Bəs onda Arslan Çələbinin oğullarının Dostoevski familiyası haradandır? O necə yaranmışdır?
1456-cı ildə Moskva knyazı Vasili Temni ilə yola getməyən İrtişevlər öz tərəfdarları olan knyaz ailələri ilə, başlıcası isə öz nəsillərinin vəlineməti olan Dmitri Donskoyun əmisi uşaqları ilə Litva torpaqlarına köçür. (İndi onların yaşayış məskənləri müasir Belorusiya ərazisindədir). Düz bu tarixdən 50 il sonra Minskdən 282 verst aralı olan, onlara knyazın bağışladığı həmin Dostoev kəndinin adından da yeni familiyalarını götürürlər. Odur ki, bu nəsil hələ bir müddət müxtəlif familiya ilə — bəziləri Artiş, bəziləri isə yeni familiya ilə — Dostoevski çağırılır (9, s.59). Yazıçı özü etiraf edirdi ki, o Artişevlərdəndir və Dostoevski familiyası soy qohumlarının yaşadığı Dostoevo kəndinin adındandır (27, s.292).
Yazıçı özü də, ailəsi də nəsillərindən çıxmış 1577-ci ildən Minskin Rozesensk monastrının yepiskopu olan Stefan Dostoevskini əslində özlərinin pravoslav qolunun əcdadı sanırdı və onun adını fəxr və ehtiramla anırdı. Çünki bu nəsildən ilk dəfə bu kişi rus dilini öyrənməyə və yazmağa başlamışdı. Bu torpaqlar hələ Rusdan çox aralı idi; istila tarixi hələ qabaqda idi. Bəlkə buna görə Dmitri Karamazov (yazıçının «Karamazov qardaşları» əsərinin qəhrəmanı) sabiq sevgilisinin dalınca gələn polyaklarla mehmanxanada Rusiyanın şərəfinə badə qaldıranda onlar inadla bu sağlığı rədd edirdilər?! Onlar 1772-ci ilə qədərki Rusiyanın şərəfinə! Deyə güzəştli tost irəli sürəndə özlərinin köhnə yurd qayğısını çəkirdilər bəlkə?! Axı ortada tarixi həqiqət dururdu: Rusiya Polşanı istila edib — o zaman Ukrayna, Belorusiya da Reç Pospolitaya daxil idi, — bölmüşdü dəfələrlə.
...1620-ci ildə türklər və Krım tatarlarının Polşa ilə müharibəsində Stefan Dostoevski türklərə əsir düşür. 1624-cü ildə əsir­likdən qayıdaraq kilsələrdə minnətdarlıq ziyarətləri keçirir (9, s.58).
Ailə sonralar Ukraynaya köçməli olur. II Yekaterinanın apardığı rus-türk müharibələrinin nəticəsində xeyli Osmanlı torpaqları Rusiyaya ilhaq edilirdi. Yazıçının atası isə 15 yaşında məskunlaşdıqları Kamenetsk Podolsku öz başına, xeyir-duasız tərk edir. Moskvada yerləşir, həkimlik sənətinə yiyələnir. Əsrlərlə Belorusiya, nisbətən sonralar Ukraynada (əvvəl bu torpaqlar Rusiya imperiyasına daxil idi) güzəran keçirən bu Qızıl Ordalı ailəsindən ilk kişi yazıçının atası olur ki, nəhayət paytaxtda — Moskvada yerləşir. Uşaqları doğularkən o, kilsə nəzdindəki Yoxsullar xəstəxanasında həkim işləyirdi. Lakin bu xəstəxana padşah himayəsində idi. Əvvəlcə çar I Aleksandr və I Nikolayın anası buraya qəyyumluq edirdi, onun ölümündən sonra isə çar özü anasının adını daşıyan bu xəstəxananı öhdəsinə götürmüşdü.
Düzdür, əli çörəyə çatandan sonra yazıçının atası nə qədər kəndlərinə məktub yazsa da, hətta qəzetlərdə elan versə də, valideynlərindən bir xəbər çıxmayır. Nəhayət, ata-anasının öldüyünü güman edən gənc həkim axtarışlarını kəsir. Amma valideynlərinin sadəcə naxələf övladlarından inciyə bilmiş olmaları nədənsə onun ağlına gəlmir.
Sonralar Dostoevskinin atası öz kəndliləri tərəfindən öldürülür. Bu barədə uşaqları daim xəcalətlə susurdu.
Amma çoxları belə güman edirdi ki, o öz arvadbazlığının qurbanı olmuşdu. Arada bic doğulan uşaq da var idi. Öz zülmkarlığının bəlasına tuş olduğunu deyənlər də tapıldı. Axır ki, kəndlilərinin onu görməyə gözü yox idi. Deyirdilər ki, yazıçı «Karamazov qardaşları» əsərindəki ata Karamazovda — şərab düşkünü, şəhvətpərəst və xəsis Fyodor Pavloviç Karamazov surətində öz atasının obrazını yaratmışdı. Lakin haqq üçün deməliyik ki, bu ata ağır işdən sonra hər axşam balalarını başına yığıb Karamzinin tarixini onlara oxuyardı. Yazıçı gələcəkdə tez-tez bu səbəbdən rus tarixini əvvəldən axıradək bildiyini qürurla qeyd edəcəkdi (9, s.157)
Varlı və övladsız xalalarının nəzəri hələ çox kiçikkən anasız qalan bu uşaqların üstündə olsa da, eləcə də hələ analarının sağlığından onlarda qalan mehriban dayələrinin nəvazişini hiss etsələr də zalım atanın qəddarlığı onlara öz yetimliklərini daim hiss etdirməkdə idi. Bunlarla bərabər, oğul — gələcəyin yazıçısı isə qəlbində qızılgülləri qönçələndirirdi. Qəlblərə soxulan iblisin boğulmasını, insan ürəyinə daim fərəh bəxş edən gözəlliyin isə var olmasını istəyirdi.
«Dünyanı yalnız gözəllik xilas edəcək!» deyir, özü də buna hər kəsdən artıq inanırdı. Yeganə xilaskar olaraq gözəlliyi qəbul edirdi. Ürəkləri fəth edən, iblisi diz çökdürən gözəlliyi. Axı öz insanlıq simasını itirən, içində gözəlliyi boğan, şər qüvvələrə təslim olan və çirkinləşən yalnız bədbəxtlərdir.
Yazıçı beləliklə əsirlikdə qalan, çarmıxa çəkilən ruhani gözəlliyin azad olmasını bəşəriyyətin xilasını başlıca şərti olaraq qəbul edirdi. Mitya Karamazov da belə düşünür. Bu natural gözəllikdən kənar və uca tutulan mənəvi gözəllik, ürəklərin, düşüncələrin gözəlliyidir.
Bu gözəlliyi — nəfsdən uzaq gözəlliyi o dəhşətlər içində öz ürəyində daşıyırdı.
Əslən fransız olan sevimli arvadının ölümü, ölmüş qardaşının boynuna çəkdiyi ailəsinin xərcləri, boğazadək girdiyi borclar onu bədbəxt edirdi.
Onun katorqa cəzası bitmişdisə də masa arxasında əsil katorqaçı kimi işləyirdi. Yeni arvadı — atası xaxol, anası alman qızı olan Anya daim təşviş içində idi. Xəstə kişiyə güvənə bilmirdi. Onu uşaqlarının gələcəyi dərdə salırdı. Odur ki, o, xəstə yazıçını ciddi rejimli iş şəraitinə salmışdı. «Alman dəqiqliyi» bu qızın öz cəza metodu idi.
Yazıçı isə çəkdiyi qayğının dəhşətindən fantastikaya qapılırdı, xəyallara güc verirdi. Ən qəribəsi o idi ki, İstanbula qaçıb getmək istəyirdi. Hətta bu məqsədlə İstanbuldakı rus konsuluna tövsiyə məktubu da almışdı (14, s.81).
Artıq bu fakt bunun əyləncə, xəyal yox, ciddi məqsəd olduğunu göstərirdi.
Kilsə əsiri idi və imanında, sevgisində ifrata varırdı, dərvişlər kimi vəcdə gəlirdi. Bir dəfə belə olur: arvadı ilə ciddi bir iş dalınca gedirlər. Küçədə yığıncaq olduğunu görüb dayanırlar. Müharibə başlamış, 12 apreldə (1877) rus ordusu türk sərhədlərini aşmış, indi qəzetlərdə çap olunmuş müharibənin elan olunduğu manifest əllərdədir. Manifesti müjdə kimi əlində tutan yazıçı ekstaz içində: kilsəyə! Deyə sürücüyə əmr edir. Düşüb özü kimi ağlını itirmiş kütləyə qarışır və sidq-ürəklə rus silahının şərəfinə duaya başlayır. Həmin gün aldığı həmin manifesti göz bəbəyi kimi qoruyur. İndi arxivində mühüm sənədlər arasında həmin manifest də vardır (14, s.340).
Ölümündən 4-5 ay əvvəl naşir Suvorinin arvadını kilsədə cani-dildən ibadət edərkən görüb dərhal ona yaxınlaşır, andaman edib yalvarır ki, söz ver mən öldükdə məndən ötrü belə dua edəcəksən. Qadın Suvorinin ikinci arvadı idi; çox cavan və təravətli idi. Belə qadınlar dua edərkən mələyə oxşayarlar...
Qəribəlikləri çox idi. Təbiətən həssas olan Dostoevski elə buna görə də tez-tez mənzil dəyişirdi. Bu zaman ona fikir verirdi ki, evin pəncərələrindən dünyanın əbədi mənası olan kilsə qübbələri və xaçları görünsün; bu harmoniya ona dinclik, rahatlıq verirmiş.
Bir vaxt Sibir katorqasında onunla birlikdə cəza çəkən, xüsusən öz mənəvi təmizliyinə və eləcə də öz aralarında bir-birinə mehri-ülfəti ilə nəzərləri cəlb edən Qafqazlı müsəlmanları (Qafqazda milli-azadlıq müharibəsi gedirdi və Sibir həbsxanaları müsəlmanlarla dolu idi) böyük ehtiramla yad edir.
...Ölüm hökmü katorqa ilə əvəz olunduqda qəlbi əfvin riqqəti ilə dolan yazıçı elə o edam kürsüsündən yeni adam kimi düşür. Bu minnətdarlığı ömrü boyu özü ilə gəzdirir. Sonrakı dinc həyatında onu çarpərəstlikdə məzəmməd edənlərə: mən çara qarşı çıxa bilmərəm, o mənə həyat bəxş etdi, — deyir. Həmişə padşahı yerdə allahın kölgəsi sanmağında qalır.
Çox gec ata olmuşdu, daim onların fikrini çəkir, onların sabahını düşünürdü. Anasının çox varlı bacısı övladsız ölərkən var-dövlətini bacısı uşaqlarına vəsiyyət etmişdi. Artıq onuncu il idi ki, vərəsələr arasında miras davası gedirdi; hər kəs öz payının az olduğunu, aldadıldığını düşünürdü.
Belə «ailə» davalarının birində ən çox sevdiyi bacısı ilə aralarında düşən mübahisə yazıçının ölümü ilə nəticələndi. Qədimi türk ailəsinin axırına sevdiyi pul çıxdı.
… Oktyabr çevrilişinin yaratdığı o müdhiş hərc-mərclikdə yazıçının dul arvadı Adler yaxınlığında aldıqları torpaqlarındakı malikanəsində yaşayırdı. Bu malikanəyə o «Otrada» adı vermişdi. İndi gəlini və nəvələri də onunla idi. Amma onun öz dalandarı müharibədən qayıdıb elə baş-gözlə ona hücum çəkdi ki, bu təhdid və qorxudan sonra o evdə qalmaq olmazdı. Yazıq Anna Yaltada «Fransa» otelində xəstə yatırdı. Vətəndaş müharibəsi gedirdi. Oğlu onu itirmiş, qızı isə unutmuşdu. Oğlunun var qüvvəsini sərf etdiyi, sevdiyi və öyündüyü atçılıq idi; indi özünün at zavodunu itirmişdisə də, atlarından ayrılmır, müsadirə edilmiş at zavodunda mehtərbaşı işləyirdi. Görünür ömrü at belində keçən babalarının — Qızıl Orda xanı Arslan Çələbinin ruhu ölüb itməmişdi.
Anna isə özü ilə bir səbət götürə bilmişdi. Bu səbətdə Dostoevskinin ona, onunsa Dostoevskiyə məktubları vardı. Ölümqabağı Anna ərinin məktublarındakı bir çox sözləri, cümlələri bərk-bərk pozdu. Elə pozdu ki, kimsə onu təkrar oxuya bilməsin. Yarımdəli yazıçı Təpəgöz gücündə bir məşuq idi; arvaddan uzaqda bu ehtirası o sözlərə köçürürdü. O yazmağı yaxşı bilən türk idi.


Mənbə Minaxanım Təkləli Türk Əsilli Ruslar kitabı
Top