Admiral Kolçak

Admiral Kolçak

Kolçak Aleksandr Vasilyeviç (4.11.1874 - 7.2.1920). Admiral, rus əksinqilabının rəhbərlərindən biri, Rus-Yapon və I Dünya müharibəsi iştirakçısı. Sovet hakimiyyətinə qarşı vuruşmuş, 1918-ci ildən Sibir hökumətinə başçılıq etmişdir. 1920-ci ilin yanvarında həbs edilmiş, Sovet hökuməti tərəfindən güllələnmişdi (Böyük Sovet Ensiklopediyası, XII cild, s. 477 (rus dilində)).
"O, məhəbbət və elm üçün doğulmuşdu, lakin tale onun umuzlarına talan olmuş vətən naminə hərbi diktatura hakimiyyətinin ağırlığını və məsuliyyətini yüklədi", - deyə onun vəfalı rəfiqəsi, sədaqətli dost olan Anna Timirova çox sonralar, ixtiyar çağlarında yada salırdı.
Anna Timirova özü 1893-cü ildə əski çərkəz yurdu Kislovodskda anadan olmuşdu. 1975-ci ilin yanvarında öz əcəli ilə ölmüşdü. Məşəqqət və əzabla dolu bir ömür yaşamışdı. Admiral Kolçak həbs olunarkən könüllü olaraq onunla həbsxanaya girmiş, həmin gündən, yəni 1920-ci ilin yanvarından ta 1960-cı ilin mart ayına kimi Sibir həbsxana və düşərgələrində can çürütmüş, amma yaşamış və bu yadigar eşqi yaşatmağa çalışmışdı. Bu məhkum ömürdən yalnız son 15 ilini azadlıqda yaşamışdı.
Timirovanın əsas ittihamı onun "cinayətkar" eşqi idi; Sovet məktəblərində adı ilə 70 il uşaqları xortdan, bir adamyeyən kimi qorxutduqları Admiral Kolçakla olan sevgisi və onu son nəfəsinə kimi tərk etməməsi idi.
...Bu məhəbbət od-alov və qan içində doğulmuşdu, elə beləcə də sabahı olmayacaq bir ümidsiz gecənin şöləsində yaşadı.
Hər ikisi həyatlarInı həsr etdikləri mübarizənin sonunu - aqibətini bilirdi.
Həyat onları qarşılaşdırarkən hər ikisi evli idi. Gənc Anna Timirova təntənəli bir bal gecəsi onu görmüş, aşiq olmuşdu. Qadının cəzbedici şərq gözəlliyi və füsunkarlığı admiralın ciddiyyətini və möhkəm inadını qırmışdı. Sonralar Omskda (qədim tatar şəhəri Ombu) admiralın yanında Timirovanı görüb müşahidə edən, Sibir hökumətinin müttəfiqlərindən olan, fransız emissarı Berjeron xatirələrində ondan vəcdlə bəhs edir: "Ömrümdə heç yerdə gözəllik, cazibə və ləyaqətin belə çulğalaşmasına rast gəlməmişdim. Mən özüm inadkar subaylardanam, amma nə vaxtsa ailə qurmaq fikrinə düşsəm, arzu edərdim ki, yalnız onun kimi bir qadına rast gəlim... İlk dəfə mən onu rəsmi bir görüşdə admiralla bir gördüm, onların zahiri oxşarlığı məni heyrətə gətirdi. Əgər mən onların münasibətlərini və əlaqələrinin xarakterini əvvəlcədən bilməsəydim, onları bacı-qardaş və ya yaxın qohumlar zənn edərdim. Baxışlar, rəftar, yeriş, əhval-ruhiyyə, temperament... hamısı eyni. Eyni Şərq ruhu. Onlara baxır və qeyri-ixtiyari düşünürsən: Onların bir-birindən ayrı həyatı mümkün deyil. Yadımdadır, mən onları ilk dəfə birlikdə gördükdə təəssüflə düşünürdüm: kim bilir, qarşıda onları nə gözləyir - şahlıq, yoxsa şərəfsiz bir ölüm?!"
Həyat... Zərrə-zərrə, damla-damla qəlbə dolan vurğunluq və şəfqət artıb, kükrəyib bu qəlbdə nə tüğyanlar, fırtınalar qopara bilərmiş!... Müharibələrə, aclığa, itkiyə, məhrumiyyətə qalib gələn məhəbbət!... Minlərdən-milyonlardan yalnız birinə nəsib olan şan-şərəfli məhəbbət!
...Admiralın 1919-cu ilin aprelindən öz anası ilə mühacirətdə yaşayan oğlu Rostislavın (1910-1965) yazdığına görə, onların kökü türk İlyas paşa Kolçakdan başlayır. Türk yurdu, Osmanlı Şəhəri Xatın qalasının komendantı şanlı-şöhrətli İlyas paşadan.
"Kolçak, qolçak" türk dillərində tarixən hərbi geyim, hərb paltarlarının biri - qola geyilən, onu qoruyan zirehli geyim mənasını ifadə etmişdir. "Kolçak, qolçaq" get-gedə sonra məişət əşyası şəklinə düşərək iş vaxtı paltarı xarab olmaqdan qoruyan, eyni zamanda qolu qoruyan (məsələn, təndirə çörək yaparkən geyilən qolçaq) əşya mənasını daşımağa başlamışdır. Tarixçi-filoloq Nikolay Baskakov özünün "İqor alayı haqqında dastanın türk leksikası" əsərində rus dilindəki kolçuqa "zirehli döyüşçü geyimi" terminini də "kolçak" sözü ilə bağlayır. Vladimir Radlov məşhur qıpçaq xanı Konçak xanın adının da (tarixi mənbələr göstərməkdədir ki, Rus xalqının ilk tarixi bədii abidəsi olan "İqor alayı haqqında dastan"nın qəhrəmanının oğlu Konçak xanın qızı ilə evlənmişdi) qollara və dizə-baldıra geyilən zireh adından yarandığını göstərir. Beləliklə, kolçaq və konçaq sözünün paralelliyini irəli sürür.
...İlyas paşa sultanın vəziri idi. Sultan İlyas paşaya inanıb basqınçı kazakların hücumuna tez-tez məruz qalan Xatın qalasını ona tapşırmışdı. Sədaqətli İlyas paşa Kolçaka. 1736-cı ilin mayında ruslar feldmarşal Minixin rəhbərliyi altında möhkəm istehkamlara malik olan Or Kapı qalasını (sonradan qoyulmuş adı Perekop) tutdu. Ruslar Krım torpağına ilk dəfə ayaq basdı. Bu müharibəyə bir tərəfdən də Avstriyanın türklərə qarşı cəbhə açaraq qoşulması ilə hərbi əməliyyatlar bir daha qızışıb gücləndi.
Ruslar 1739-cu ilin yayında Xatın (indi Ukraynaya daxil olan Xotin şəhəri) və Yaş şəhərini (Rumıniyanın Yassı şəhəri) tutdular, müharibə sona çatdı, artıq qələbə təmin olunmuşdu. Bu döyüşlərdə Xatın qalasının komendantı İlyas paşa Kolçak oğlu Mehmet bəy və iki min qala əhalisi ilə əsir düşür və Rusiyaya hərbi əsir kimi gətirilir (4, s.147). O, bir daha geri dönə bilmir və xaçlanır, amma şöhrətli soy adını saxlayır. Yaşamaq üçün də uzağa getmirlər, sonra Kolçaklar hələ türkün qoxusunu saxlayan Odessada (bu şəhər 1789-cu ildə istila olan Hacı bəy şəhəridir) yerləşir. Hər halda bura Evə yaxın idi.
Son ana qədər o qazandığı sədaqət adını saxladı. Əsir düşdükdə arvadını və gəlinlərini İstanbula, sultanın himayəsinə göndərdi. Bununla o canını, başını yox, təkcə sədaqətini, vətənə məhəbbətini "sığorta" edirdi. Belə olduqda sultan ondan daha şübhələnməzdi. Onun qalanı ruslara təslim etməsindən xəyanət görməzdi. Odur ki, İlyas paşa sədaqət və ixlasında sona qədər dayandı; ailəsini amana göndərməsi bunu sübut edirdi (4, s.147). Məhz bu dəyanətinə görə əsir düşdükdən sonra düşmən tərəfdə də onunla hörmətlə rəftar edirlər. 1740-cı ilin fevralında paşa özü imperatriçanın qələbə şənliyində iştirak edir. İmperatriça özü onunla fəxri qonaq kimi rəftar edir. Onu bu təntənələrə baxmağa dəvət edir (4, s. 153).
Kolçak paşanın adı rus alimi və şair M.Lomonosovun "Xotinin alınması və türklər üzərində qələbəsinə görə" imperatriça Anna İohannovnaya həsr etdiyi mədhiyyədə çəkilir. “Кто скоро тол тебя, Колчак, Учит российской вдатся власти, Ключи вручит в подданства знак. И большей избежать напасти? Правдивый Аннин гнев велит, что падишах перед ней шадит” (Tərcüməsi: Annanın hiddəti qarşısında padişahlar tir-tir əsərkən, Kolçak, belə tezliklə kim səni Rusiya hökumətinə tabe olmağa, qul olmaq nişanəsi olaraq açarları təhvil verməyə və əjdəhanın cəhəngindən xilas olmağa sövq etdi?!).
...İlyas paşanın nəvəsi ştabs-kapitan Vasili Kolçak Krım müharibəsində iştirak edir. Sevastopolun (keçmiş adı Aktıyar) müdafiəsində dayanır. 1893-cü ildə general-mayor rütbəsində istefaya çıxır. Əslən kazak olan Olqa İlina adlı qızla evlənir. Gələcəyin admiralı Aleksandr Kolçak onların yeganə oğlu idi. Kolçaka bəlkə də hərb işinə sevgi ulu babası olan türk qalasının rəisi İlyas paşadan keçmişdi. Hər kəs onda Şərq qanı qaynadığını xüsusilə göstərirdi. Sonralar isə düşmənləri onun Sibir diktatoru seçilərkən əslən türk olduğunu birdən-birə yada salıb qabardırdılar.
Admiral Kolçak yaxşı təhsil almışdı. Gimnaziyada oxumuş, sonra Dənizçi Kadet Korpusuna köçürülmüşdü. Çox mütailə edirdi və ədəb-ərkanlı idi. Gənc yaşlarından yoldaşları arasında böyük nüfuza malik idi, dostları hər şeyi ondan soruşub öyrənirdilər. "Kolçak hər şeyi bilir", - deyə zərb-məsəl yaranmışdı. Atası xüsusi hərbi əsərlərin müəllifi idi; Peterburqda hərbi zavodun dəniz artilleriya silahları istehsalına rəhbərlik edirdi. Gənc Kolçak bütün boş vaxtlarını burada - Obuxov zavodunda keçirirdi. Ailədə hərb ənənələri hökm sürürdü. Özü sonra bolşevik is­tintaqında Fövqəladə Komissiyaya hərbi mühitdə böyüdüyünü, atasının və əmilərinin də hərbi dənizçi olduqlarını göstərirdi. Kolçak anası ilə möcüzə nəticəsində sağ qalıb mühacirətə gedən 9 yaşlı oğluna da son vəsiyyətvari məktubunda yazırdı ki, qoy o böyük şəxsiyyətlərin həyatını oxusun, bu, insanda güclü keyfiyyətlərin yaranmasına kömək edir.
Kolçak hələ çox gənc ikən donanmada - uzaq Şərqdə "Rürik" gəmisində işləməyə başlayır. Bu yaşdan Şərq silahlarına aid materiallar və maddi əşyalar toplamağa girişir. Müasirləri gələcək admiralın hələ gənclik illərindən ingilis, fransız, alman dillərində sərbəst danışmasından, bütün Avropa dəniz döyüşlərinin tarixini yaxşı bilməsindən və eyni zamanda, gözəl hafizəsindən heyrətə gəlirdilər.
Hələ gəncliyində əzab-əziyyətlə təkbətək qalmalı olmuşdu: Rus şimal ekspedisiyasında Arktika tədqiqatçısı geoloq Tolla birlikdə iştirak edir; E.V.Tollun qrupu itkin düşəndə qırx gün ölümlə üz-üzə dayanaraq onun axtarışını dayandırmır. Geri döndükdə Kolçakın Rusiya Elmlər Akademiyasının Xəbərlərində hesabatları dərc olunur. 1903-cü ildə ekspedisiyanın nəticələrinə görə, müqəddəs Vladimir ordeni ilə təltif olunur və Karsk dənizindəki bir adaya qəhrəman leytenant Kolçakın adı verilir. Qeyd edək ki, 30-cu illərin sonunda sovet elmi idarələri onun adını ekspedisiyasının həlak olan digər üzvü matros Rastorquyevin adı ilə əvəz edir.
Gənc Kolçak uzaq Şimala ilk məhəbbətin hərarətini aparmışdı: sevdiyi qız Sofiyanın adını elə orada kəşf etdiyi bir adaya vermişdilər. Onun qoyduğu ad indi də yaşayır. 1904-cü ildə həmin qızla evlənirsə də qar və buzlar hopmuş bu ailə həyatına ürəkdən bağlana bilmir; tale ona böyük məhəbbət ərməğanı hazırlamaqda idi.
Rus-Yapon müharibəsi onu Yakutskda yaxalayır, müharibədə iştirak edir. Port-Arturda əsir düşür. Əsirlikdən dönərkən, şücaətinə görə üstü yazılı qızıl qılınc və müqəddəs Anna ordeni ilə təltif olunur. Baş Ştabda işə başlayır. Yeni tipli hərb gəmilərinin hazırlanması ilə bağlı dəniz desantı və sualtı gəmilərə aid aktual mövzularda məruzələr edir. Baltik dənizində və Qara dənizdə minalar düzdürür. Kolçak 1916-cı ildə admiral rütbəsi alır. Milyonlarla insanın taleyini bir anda alt-üst edən inqilab başlayır. Fırtına dalğaları onu cəbhədən cəbhəyə atır. Sibirin hərbi diktatoru hakimi seçilir (18 noyabr 1918-ci il).
Admiral özünə yaxın olan intim dairələrdə idarəçilik işinin ona yad olduğunu etiraf edirdi. Lakin vətənini azad görmək arzusu ona ruh verirdi. Çox inandığı generalları Zineviçin və Qaydanın öz korpusları ilə qırmızılar tərəfinə keçməsi onu ruhdan saldı. O bildi ki, qırmızılara qələbə bəxş edən o mükəmməl silah - yalan təbliğat, təşviqat silahı onda yoxdur. Qırmızı Ordunun cəbhə boyu irəliləməsini görüb Omsk şəhərini tərk edir.
Yolda onu ələ keçirən çexlər (Çexoslovak korpusu - I Dünya müharibəsində ruslara əsir düşən çexlərdən təşkil olunmuşdu) bu xilaskar admiralı bir böyük kisə qızıla bolşeviklərə satır. Bolşeviklər Sibirin Qızıl mədənlərindən tonlarla qızıl ələ keçirmişdilər, bu elə də böyük "qiymət" deyildi. İrkutskda həbsxanaya salınan admiralı İnqilab Komitəsinin sədri İ.Smirnov Leninin göstərişi ilə səssiz-səmirsiz güllələdir: fevralın 7-də səhər saat 4-də onu və baş nazir Pepelyayevi Uşakovka çayı sahilində (əsil adı: Uşaq çayı) güllələyib, buz deşiyindən çaya atırlar (33, s.280). O isə kamerada ittihamı dinləyib ardınca belə vaxtsız gələnlərə: "Deməli, məhkəmə olmadı?!" - deyə sormuşdu. Və həmin anda son arzusunu bildirmişdi: Timirova ilə son görüş. Son arzu da dərhal rədd edildi. Qəlbində korun-korun şölələnən daha bir sevgisi var idi: o bu həbsxana divarları arasında oğlunun da nigarançılığını çəkmişdi. Bu həsrət onu bu divarlardan daha artıq sıxırdı. Mühacir rus yazıçısı İvan Bunin gündəliyində Kolçakın həlakının ildönümü münasibətilə kilsədə keçirilən mərasimdə olduğunu və bütün vaxtı ağladığını qeyd edir. Yenə gündəliyində artıq 1924-cü il avqustun 4-nə aid qeyddə yazıçı Kolçakın xanımını və oğlunu gördüyü barədə yazırdı: "Kolçakın oğlu məndə güclü təəssürat yaratdı. Onun necə tünd və qorxunc gözləri vardı".
Timirova sağ qalıb ölümdən addaya bilsə də az qala bütün ömrü boyu çəkən həbsxana həyatı yaşadı və xatirələri hansı yol­lasa kənara çıxdı, 80-ci illərdə çap olundu. Yeganə oğlundan,hələ uşaqkən öz anasına əmanət etdiyi oğlundan bir xəbər bilmədi. Kiçicik bir ümidlə - oğlunun anası ilə bəlkə qaçmağa imkan tapdığına özünü inandırmaqla dözüb dayanırdı. Düşərgələrin birində - Karakandada - 40-cı illərin lap sonunda bir dustaq onun oğlu ilə vaxtilə bir düşərgədə olduğunu çatdıraraq, Timirovanın oğlunun orada döyülərək öldürülüb ümumi həbsxana çalasına elə ayağı "birkalı" atıldığını xəbər verir. Beləliklə, bu bədbəxt qadının zədəli ürəyində 30 ilə qədər hifz etdiyi son ümidi də puça çıxır.
Ömrü boyu daşıdığı həsrət və nisgili yalnız admiralın ona ad günündə - o bəxtiyar günlərdə Finlandiya sahillərindən teleqrafla göndərdiyi bəyaz inci çiçəkləri və onların ətri hopmuş qısa vüsalların sevincli xatirəsi qovub dağıda bilirdi.
O gözəl xatirələri nə bir kimsə ilə bölüşə bilir, nə də o günlərin xoşbəxtliyinə kimi isə şahid çəkə bilirdi. Azadlığa çıxanda rus mühacir yazıçısı Mark Aldanovun onun admiralla olan məktublarını çap etdirdiyini eşidib, özü də həmin məktubları görmək istəyir. Gör aradan nə qədər vaxt keçib... İndi 63 yaşı var. Həbsxana qapılarından ilk dəfə içəri qədəm qoyanda 22 yaşın içindəydi. Məktublar gəlib çıxır, Allah bilir, çətin sovet sərhədlərindən yazıçı onu necə keçə bilib. Məktubları görən kimi o illəri - gəncliyini, sevgiyə, eşqə qərq olduğu çağları yada salır. Yandıqca yanır. Ona yanır ki, admiralı tanıyanlardan heç kim sağ deyil, sağ qalib yaşayanlar isə onu tanımayan, yalançı karikaturasına inanlar idi.
Kolçakın yazdığı gündəliyi (iki dəftərlik) ölümündən sonra çexlər mənimsəmiş, özləri ilə vətənə aparmışdılar. Hətta xanımı Sofiya Kolçak bunu onlardan hüquqi yolla da ala bilməmişdi. Nəhayət, 1945-ci ildə məğlub olmuş Çexoslovakiyadan SSRİ-yə hərbi qənimətlər sırasında gətirilmişdi. Gündəlik maraqlı bir üslubda - Timirovaya ünvanlanmış məktublar şəklində yazılmışdı.
Moskvada məktubları oxuyan çekistlər Timirovanı təkrar həbs edirlər və onun admiral Kolçakdan ötrü necə bir əziz insan olduğunu anlayıb bədbəxt qadını qapalı həbsxanaya keçirirlər. Kolçakın ölümündən 25 ildən artıq keçirdi, lakin hələ də o sovet hökumətində qorxu və xof yaratmaqda idi.
İbrət olsun deyə qeyd edə bilərik ki, admiralın ölümünün və ordunun məhvinin iştirakçıları olan İrkutsk Fövqəladə Komissiyası və İnqilab Komitəsi rəhbərlərinin heç biri 37-ci ilin "sallaqxana"sından can qurtara bilməyiblər - ailələri ilə birlikdə vətən xaini kimi güllələniblər.
Çexlərin də xəyanətinin cəzasını övladları çəkdi. Bir neçə onilliklər sonra çex gənclərini sovet tanklarının altında qoyanda və bu gənclər nümayişkaranə surətdə özlərini meydanda yandıranda öz sadəlövh ata-babalarının bolşeviklərə tarixi xidmətlərini - iblisvari satqınlığını təəssüflə yada salmamışdılarmı?
...Türk adı Kolçak rus dilində soyadı, tarixi hərbi termin, qolçaq, "bazubənd" mənalarını bildirir (3, s.17, 92). Həm də Kolçak rus dilində göbələk növlərindən birinin adıdır. Görünür, "düşmən-düşmən" deyilsə də nə dildən düşməyəcək, nə könüldən silinməyəcək bir tarixçədir bu.

Mənbə Minaxanım Təkləli Türk Əsilli Ruslar kitabı

Top